"İki kəlmə"
– Ayrılıq
və yaxud Sabir Rüstəmxanlı
yaradıcılığında sevgi şeirləri...
İlahi, nəyin var, al apar məndən,
Təkcə sevgimə toxunma!
S.R.
Altmışıncı illərdən bu yana Azərbaycan ədəbiyyatını
yaradan və yaşadanlardan biri olan Sabir Rüstəmxanlı
poeziyasındakı sevgi
işığı son günlər
bir kitabda - "İki kəlmə"də
(Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə "Şərq-Qərb" nəşriyyatında
çap olunub. Bakı-2016. 520 səh.)
toplandı. Və Rüstəmxanlı
sevgisinin aliliyi, ucalığı bu kitabdan yola çıxdı,
İlahi,
nəyin var, al apar məndən,
Təkcə sevgimə toxunma!
- deyərək, dünyanı məhz sevginin xilas edəcəyinə inandı,
özünə - özü
boyda sevgisinə tapındı,
Mənə elə gəlir
hayana getsəm,
Məni
xoş dil ilə dindirəcəklər!
- arxayınlığıyla
elinə qarışdı,
həm də içindəki böyük
sevgisini əzizləyərək,
ovunduraraq...
Məhəbbət ərköyün uşaq
kimidir,
Doymaz göz yaşından - ovundurmasan.
Bəzən sevgidə uduzdu:
Sevgidə uduzmuş oğlan
da elə,
Döyüşdə basılmış əsgərə
bənzər.
Və oxucularına məğlubiyyətin
qələbəyə gedən
yol, sevginin qaranlığa işıq
olduğunu, bütün
çətinlikləri bu
güclə ram etməyin
mümkünlüyünü öyrətdi,
Mənim
sevincimə doğulubdur
Ay,
Mənim sevincimə səpilir işıq.
- dedi:
Çətinlik
gözümdə adi oyuncaq,
Yoxuşları yoran qanadım vardı.
Mənim
istəklərim boyumdan
uca,
İmkana sığmayan inadım vardı.
Bu qanad, bu inad sevginin gücüylə yaranmış,
sevgidən doğulmuşdu. İnsan ruhunu cilalayan, böyük
zirvələri fəth edən sevgiylə - həm də əzizlənən,
sığallanan dərdi də şirin edən sevgiylə...
Sevgidən
ayrıldım, qəm yolum itdi,
Sən dərdimi
aldın, gör nəyim
qaldı.
Ürəyim dərdlərə qoşuldu
getdi,
Sinəmdə soyumaz göynəyim
qaldı...
***
Sabir
Rüstəmxanlı yaradıcılığı həm də
ona görə bulaq suyu kimi içilir ki, onun dilində
alınma (yad dillərdən gələn), parazit (heca qafiyə
xatirinə misraya yamanan təkhecalı) sözlərə, həllini
tapmayan, bitkin olmayan cümləyə, bədiyyətə və
məntiqə söykənməyən misraya, altyapısız
və səssiz (ritmsiz) bəndə rast gəlmək olmur.
Gecə
günəş yatır, gözlərim yatmır,
Köksümə sancılan ağlıma
batmır,
Daha çaylarımız dənizə
çatmır,
Dünyanın dərdini axıdır
mənə!..
Diqqət edin, dəniz ona görə böyük, əngindir
ki, o, bütün kiçik çaylara qucaq açır. Buradan belə
nəticəyə gəlirsən, insan o zaman böyük olur
ki, özündən kiçiklərə (rütbə, təbəqə,
vəzifə və s.) qucaq aça bilsin, qayğısına
qala bilsin. Bax budur, yazarın qələbəsi; oxucuya əxz
etdirdiyi tərbiyə, təlim, bilgi...
Sabir Rüstəmxanlının
sevgi şeirləri
janrına, növünə, metafora, epitetlərinə görə
çoxşaxəlidir.
Sevgim o
illərdən gələn qatardır,
Bircə
kupesi var sənin adına.
- deyən şairin ömrün bahar
çağı yazdığı şeirlərində tarix
qeyd olunsa da, payız şeirlərində yoxdur. Payız - şairin müdriklik
çağının, əməyinin bəhrəsindən
zövq aldığı, gələcək nəsillərə
örnək olduğu bir dövrüdür ki, əzəli
olduğu qədər əbədidir, zamansızdır. Və bu payız şeirlərində rəngli bahar
çiçəklərindən sıyrılan, bütövləşən
şairin də, yalnız bir tərəfi, bir rəngi var. Həyatında,
əqidəsində, yaşamında bütöv olduğu qədər
sevgisində də bütövdür. Onun sevgi şeirlərinə
ümumilikdə nəzər salanda sənə elə gəlir
ki, illərin o tayında da, bu tayında da yazılan şeirlərin
hamısının ünvanı yalnız bir qadındır:
İkinci,
üçüncü sevgilər aman,
Solğun kölgəsiymiş ilk məhəbbətin.
Və
yaxud:
Mənə
elə gəlir bu həyatda da,
Sənin görüşünə gəlmişəm
ancaq.
Bu "Sən" ömrünü onunla qoşa
addımlayan, ona sevgi, sevinc, övlad bəxş edən
qadındır. O qadın ki, boyunu boyuna, soyunu soyuna, huyunu huyuna, hətta
simasını simasına bənzədə-bənzədə
"çiçək yaşında", "istək
yaşında", "kövrək yaşında",
"mələk yaşında", "ürək
yaşında" şairin sirdaşı, həmdəmidir:
Sevgi
yaşayırsa, ilin fərqi yox,
Könlüm sənindirsə dilin
fərqi yox,
Sinəmdə, sinəndə, gəlin,
fərqi yox,
Ürək yaşındasan, yaşını
demə!
Yaxud:
Yüzünə
əl tutdum Sənin eşqinlə,
Eşqimiz bitəndə günahım
da Sən!
- dedi.
...həm
məni önündə qula çevirən,
Həm başı göylərdə
gəzən qürurum!
Xanımına, sevdiyinə, məhrəminə
"qürurum", - deyə xitab etmək ədəbiyyat
tarixində yenilikdir. Qədim türk dastanlarında xaqanların qadına
verdiyi ali dəyəri, Tanrıya dünyanı və
insanları yaratması üçün fikir və ilham verən
"Ağ Ana" adının zirvəsini, qadının
göyün yeddinci qatında yeri olduğunu,
qaranlığı yararaq göydən enən mavi bir
işıqdan yarandığının inam məbədini
Rüstəmxanlı yaradıcılığında
görürük:
...Torpaq
üzü göylərə yaşayır,
Üzü göyə, Allaha...
Mən də adi torpağam,
Üzü sənəyəm hər
an.
Yaxud:
Sən
demə dünyanın hər səadəti,
Sevgidən başlanar, sevgidə bitər.
...Sirdaşım, yoldaşım
olan bu qadın,
Axırda
başdaşım olan
bu qadın...
Və bu
şeirlərdə sevgidə pay, ömürdə yay həyat
yoldaşını görürük...
Sənə
qovuşdum
Və
Həyatımda ilk dəfə əsl
xoşbəxtliyi -
İnsan,
dost, ər, sevgili
xoşbəxtliyini gördüm!
Bundan
böyük sevgi, bundan səmimi ər etirafı
olardımı?...
***
Sabir Rüstəmxanlı
yaradıcılığı nə qədər fatalizmdən
uzaq olsa, reallığa söykənsə də, onun romantik
hissləri özündə ehtiva edən, insan təfəkkürünü
aşan introspeksiya qabiliyyəti o qədər qabarıqdır
ki, istər-istəməz ondakı impressionizmə inanır,
heyran qalırıq:
Ayrılığın
küləkləri
Soyudacaq
könlümüzü
Biz istəsək-istəməsək.
Və yaxud:
Qızıl
boyunbağın qızıl qanındı,
Soyuq göz yaşındı qolbağın
üstə.
Yaxud:
Yaşadıq
xoşbəxtlik sorağı ilə,
Bilmədik, o bizim yanımızdadır.
Bu gün özü qaynağa, örnəyə
çevrilən Rüstəmxanlı poeziyası da şifahi ədəbiyyatımızdan
köz götürüb. Onun gəncliyində
yazdığı şeirlərə diqqət edək:
Günəş
işığını əndərər yerə,
Cücərən otların üzünə
vurmaz.
Göllər güzgüsünü tutar göylərə,
Qızıl buludların üzünə
vurmaz.
Burada sevgilisindən əfv diləyən şair iltifata
bədii peyzajla başlayır. Deməli, bu məqamda
da Vətən, torpaq yetir dadına.
Sənintək
gözəllər belə günahı,
Məntək günahkarın üzünə
vurmaz.
Klassik qoşma bölgülü bu nümunənin
özündə də bir Rüstəmxanlı izi,
möhürü var.
Çətindir
bir ömür qurban eləmək,
Sən bu etibarla fəryadsan,
ahsan!
Öz yatmış bəxtini oyadammadın,
Məni
məzardan da oyadacaqsan!
Bu örnək məni özümdən alsa da, heç
bir şərh verə bilmədim. Və bu bənd barədə
düşündüklərimi ürəyimdə gizlədərək,
oxucu ixtiyarına verirəm...
"Gəl" yeddihecalı şeiri beş
bənddən ibarətdir. Şeir klassik (aaab)
qafiyəyə riayət etsə də, özəlliyi var; hər
bir bənd sanki bayatı üstünə biçilib - bitkin,
altyapılı, məna kəsb edən. Və
aşağıdakı bəndə diqqət edək:
Ha
uzaqlaş, ha gizlən,
Düşmərəm bu həvəsdən.
Mən ki atəşpərəstəm,
Oduna qalanım, gəl!
Şair qaynar, sevgi dolu illərində yazdığı
şeirlərin çoxunda (həm də
çağırış, inam dolu şeirlərinin) "atəşpərəstəm"
deyir.
Biz iki atəşpərəst
diz çökdük üzü oda,
"Alış, ocağım,
alış!"
Dodaqaltı yalvardın.
Və
yaxud:
Bütün sevgililər atəşpərəstdi.
Zərdüştilik ilk vəhy dini olduğu kimi, sanki
şairin də ilk sevdasının vəhyidir. Burada sirli bir məqam var;
sanki şər Allahı Əhrimən bütün sevənlərin
arasına girməyə çalışır, Hörmüz
isə sevgi adına mübarizə
aparır. Şair gənclik şeirlərində
xeyirin şər üzərində qələbəsinə o
qədər inanır ki, hətta müdrik
çağlarında da Hörmüzün - sevginin qalib gələcəyinə
ümid edir. Sevgi xəstəni sağaldır,
gücsüzü gücləndirir, qocanı gəncləşdirir:
Titrək
barmaqların ağ saçlarımı,
Bəlkə də yenidən qaraldacaqdır.
Və
yaxud:
Odlu
öpüşlərin üzümə düşən
Vaxtsız qırışları ütüləyəcək.
***
Ən böyük dərd ayrılıqdır Rüstəmxanlı
üçün. O, vüsal saatlarında da, ayrılıq qorxusuyla
yaşayır. Bu qorxu Sabir Rüstəmxanlı
şeirlərinin şah damarıdır, sanki. Hər tərəfə şaxələnən, sevinən,
sevilən, sevən, gözəlliyi vəsf edən... misralar o
şah damardan keçir. Bəlkə də
başlananın sonunu görmək, o sona köklənmək
özü də bir fərqlilikdir. Və
bu eksplikasiya - mahiyyətə varmaq Sabir Rüstəmxanlı
yaradıcılığının özüdür.
Gəldin
-
Bu gəlişin məni
ağrıdır.
Səfər başlanmamış elə bilirəm,
Öndə güman yoxdur, yol başa çatır.
Və
yaxud:
Bir sevinc
tapmışdı ürəklərimiz,
Alar əlimizdən
onu ayrılıq.
Yaxud:
İldırım
buludun dilini öyrənir,
Gəmilər dənizin.
Ayrılığın dilini
Öyrənirəm, əzizim.
"Gecə
vaxtı ayrılıq" şeirində Gecənin fəlsəfəsi
və yenə də ayrılıq qorxusu ön plandadır:
Hər
şeyin rəngini dəyişib gecə,
Ancaq dəyişməzdi
düşüncələrim.
Ayrılıq adlanan artıq yük kimi
Ürəyə zor ilə dolan
kədərim.
Və
"Ayrılıq" adlı şeirdə biz Sabir Rüstəmxanlı
poeziyasında - Sabir Rüstəmxanlı ürəyində,
hisslərində ayrılığın nədən
qaynaqlanıb bu qədər qorxulu olduğunun kodlarını
görürük: "Bir acı söz - ayrılıq",
"gecə-gündüz - ayrılıq", "dağ ilə
düz - ayrılıq", "Bakı-Təbriz -
ayrılıq"...
Şair
ayrılıq qorxusuyla
yaşayır, lakin bu qorxunu əlində ağ bayraq edib şeirlərinin önünə
sərmir, ona da qalib gələcəyinə (bütün
uğurları kimi) inanır:
Gücüm
çatır ayrılığa,
Ölümə də gücüm
çatar!
***
Bu gün çoxlarının modern, postmodern adı
altında çılpaq şeirlər
yazdığının şahidiyik. Əslində, poeziyada
belə nümunələr qədim zamandan yer alıb. Bu qəbildən şeirlər Sabir Rüstəmxanlı
yaradıcılığından da geridə qalmayıb.
Gəncliyinin qaynar, odlu-alovlu, bir yerə
sığışmayan çağlarında, hiss etdiklərini
varaqdan gizlədə bilmədiyi, sevginin ilahi qatında cilvələndiyi,
sevgililərin iki can bir qəlb olduğu məqamları elə
ustalıqla, pərdəli şəkildə misralara
çevirir ki, oxucu orada baş verənləri eşitsə,
hiss etsə də görmür (oxucu, "Kozettanın
otağına girmək məhrəm deyil").
Bu
qılınc, bu da ki əbədi qını,
Bu döyüş - bəşərin
qansız qırğını,
Bu yara öldürməz, saxla sarğını,
Yaranı çiçəktək qoxlar
bu gecə.
Və
yaxud:
Buludtək
yayılıb qara saçları,
Yeni rəng çəkəndə
balışlarıma,
Tək
Allah şahiddir, həyəcanımdan...
Gizlincə süzülən göz yaşlarıma.
***
Yardımlıdan bir dostum var - Rövşən Həbiboğlu,
onunla söhbətimdə soruşdum ki, Yardımlı səninçün
nə deməkdir? "Yardımlı mənimçün
sevgidir, halallıqdır, düzlükdür, cəsarətdir,
inamdır, sadəlikdir, saflıqdır Sabir Rüstəmxanlıdır!"
- dedi. Cavab nə qədər qısa olsa da,
bütün müsbət keyfiyyətləri, insani dəyərləri
özündə ehtiva etdirirdi. Bu epitetlərin fonunda
Sabir Rüstəmxanlı şəxsiyyətinə yol alan sevgi işığı məhz öz
kölgəsindən rişələnirdi, "çıraq
dibinə işıq salmaz" stereotiplərini
darmadağın edərək...
Doğulub-böyüdüyü Yardımlıya
- onun gözəlliyinə, kökü
sevgi, köməci torpaq, Vətən olan diyara öz qələmində
- Sabir Rüstəmxanlı misralarında baxaq:
Qolların
ağappaq
Yardımlı yollarıdı -
Belimə
dolansa uçaram!
...Balaca bir Vətənsən
Burda mənimlə
qoşa.
Ayağım büdrəyəndə
Gərək səndən yapışam.
Sevgi Vətən
olur, Vətən sevgiləşir! Sevgiyə və
Vətənə verilən dəyər bundan böyük
olardımı?
Şəhərə
atdığın birinci addım,
Sevgidən qaçdığın ilk qədəm
oldu.
Bir həqiqətdən
də uzaqlaşmayaq, bu saf sevgi, insanlara, bəşəriyyətə
inam, entuziazm məhz ucqar rayonun, ucqar bir kəndində boy
vermişdi...
Əvvəllər bir şeir yazmışdım, belə bir misrası
vardı: "Səni elə sevirəm, qürbətdə vətən
kimi!". Mənə elə gəlmişdi
ki, yeni fikir demişəm, Vətən boyda
qürurlanmışdım da... Və böyük
şairimizin illər öncə yazdığı, ürək
çırpıntılarının vətən-vətən
misralara düzüldüyü şeirlərini görəndə
(yanıldığımı hiss etsəm də) qürurum da
qabardi:
Səni Vətənə
bənzədirəm,
Hara getsəm döndüyüm!
Və
yaxud:
Tərimlə
sulanan torpağım kimi,
Qanımla boyanan bayrağım
kimi,
Günəşdən pay gələn çırağım kimi,
Sənə tapınmaqdan yorulmadım
heç!
O, Vətənin
torpağında addımlamaq, qar kimi təmiz havasında qar
çəməninə hamıdan öncə cığır
salmaq (çağdaş ədəbiyyata saldığı ən
qalıcı cığır kimi) da poetik idi:
Səhər
addımımla çıxıb birinci,
Qışın qar donunu qayçılayıram.
Və bu poetika həm o qədər sadə, həm də
o qədər ezoterik idi ki, siyasi fəaliyyətində ictimai
təbəqələri bir araya gətirmək
bacarığı kimi, ədəbiyyatda da oxucu fərqliliyini
ortaq məxrəcdə birləşdirmək
ustalığı idi.
Dağ
mavi qartaldı, duman qanadı,
Laləni
köksümə sıxdım,
qanadı!
Bu ədəbi
və fəlsəfi priyomlarda ustalıq aforizm-aforizm vərəqlərə,
vərəqlərdən kitablara və oxucu
şüurlarına səpələndi:
"Günüm
ağarmamış, ağardı saçlar",
Yaxud:
"Qəlbində
bir bəndə sevgisi yoxsa,
İlahi sevgisi bir uydurmadır".
Və
yaxud:
Özün
bilirsən ki, sevincə dözmək,
Kədərə dözməkdən asan deyildir.
"İki kəlmə" bircə udum bulaq suyu kimi
içildi. Sevdik, sevildik, ayrılığı daddıq,
vüsala çatdıq ikicə kəlmədə və ən
sadiq sevgilimizin elə söz olacağına inandıq. Həm
də Sabir Rüstəmxanlı sözü...
Harda
olsan, mənə çatmasa əlin,
Bir misramı pıçıldarsan,
Dünya
durduqca,
Sözüm olacaq ən sadiq sevgilin.
İradə Aytel
Ədəbiyyat qəzeti.- 2019.-
21 dekabr.- S.14-15.