Eşqin Kərbəlası
Şəhriyar del Geraninin bir şeiri haqqında düşüncələr
Şəhriyar
del Gerani "Unutma ki, eşqin qabaqda Kərbəlası
var" misrası ilə bitən şeirini Kərbəla
öncəsi günəşin
"söndürüldüyü" məqamda İmam
Hüseynin "Quran"ın Bəqərə surəsindən
söylədiyi ayə ilə başlayır: "İnnə
lillahi və innə ileyhi raciun". Yəni
"Biz Allaha aidik və qayıdışımız da
onadır".
İnnə
lilləhi və innə ileyhi raciun,
Ey həmd ola,
çatdım məqamına hüzurunun,
Vay, sən
demə, ömrün
belənçi əlifbası var.
Qalmış yarı yolda neçə rolda kəm adamdan,
asi düşüba
arzulara düşkün
adamdan
Billahi, sədaqət
umanın gül xətası
var.
Söndür günəşi, ol
böyüyən səhranı adla,
çıx get bu qaranlıqla, görünməz üzün,
amma
unutma ki, eşqin qabaqda Kərbəlası
var.
Şəhriyarın bu şeiri ən yeni poeziyamızda
yeni Kərbəla arxetipini yaradan ilk şeirdir. "Sonuncu Yeni - Şəhriyar
del Gerani" məqaləmdə
"Şeirlərini daha çox İkinci Yeni havasında
yazsa da, Şəhriyar del Geraninin poetikası modern Türkiyə
poeziyası ilə Azərbaycan şeiri arasında ortaq nəfəsdir",
- deyə bildirmişdim. Amma Fatihə, Əsr və Nas surələrinə,
Lukanın və Mattanın "İncil"inə referenslər
edərək yazdığı "Setara"dan və
"İxlasım"dan sonra bu şeir
xatırlatdığım istiqamətlərin ikisindən də
ayrılır və özü ayrılıqda yeni bir təmayül
yaradır. Yaradıcılıqlarının müəyyən
bir mərhələsində Kərbəla mütərənnimi
olmuş Füzulidən, Seyid Əzimdən, Namik Kamaldan və
Məhəmməd Hadidən birbaşa Şəhriyar del
Geraniyə keçid edən intonasiya, assosiativ doğmalıq,
poetik struktur oxşarlığı, ritm sintezi Azərbaycan
şeirinin modern "Hədiqətüs süəda" mərhələsindən
soraq verir... Qabaqda eşqin Kərbəlası olduğunu fəhm
etməyənlərə xoşbəxtlər
bağçasında Füzuli İmam Hüseynin dilindən
belə səslənmişdi:
Bən bəla
dəryasinə qərq olmağa basdım qədəm,
Gəzməsün girdabvəş çevrəmdə
hər canın sevən.
Bən fəna deyrində mənzil dutmağa əzm eylədim,
Durmasun yanımda
mülkü-qəsrü eyvanın
sevən.
Füzuli adamları gecənin sirr örtüyü ilə
baş-başa buraxmışdı. Gecə hamiləydi.
"Əl-leylətü hublə" və Gecə
Kərbəlaya hamilə idi. "Ələssəbah ki,
tiği-şə'şəeyi xosrovi-xavər rabiteyi nurdan
zülmət silsiləsin qət' qıldı və sipahi
Rumü Həbəş bir-birindən ayrıldı, ol mənzildən
orduyi-humayun irtihal qılub və əhbabi-həqiqi və məcazi
bir-birindən ayrılub ol ki, rişteyi-irtibatı təəllüqati-dünyaya
möhkəm idi, vida' edib Məkkəyə müraciət
qıldı və ol ki, təriqi-vəfada rasixdəm və
sabitqədəm idi, mürafiqətdə yekcəhət
oldu". (Yəni elə ki, günəş
çıxdı, səhər açıldı. Nurla zülmət ayrıldı. Kimin ki,
dünyaya bağlılığı daha güclü idi
çıxıb getmiş, kim ki, Kərbəla
yolunda sabitqədəm idi burda qalmışdı).
Şəhriyar da elə bunu deyir: "Qalmış yarı yolda neçə
rolda kəm adamdan,/ asi düşüba
arzulara düşkün adamdan/ Billahi, sədaqət umanın
gül xətası var".
Burdakı Kərbəla Cemal Süreyadakı nirvanaya gedən yol - Səlimiyənin
minarəsi kimi olan gözəl qadın bədəni deyil, elə
birbaşa ilahi eşqin və həzzin ötəsində var
olan bir Kərbəladır, yaxud nirvanadır. Bir az da "Kərbəlayi-qəmdə
qurban olduğum həngami-eşq" - deyən Namik Kamalın, yaxud
bəlkə də Seyid Əzimin dediyi kimi, "Kərbəla
Tura dönüb, / nuri-təcəlla görünür".
Şəhriyar del Geraninin Kərbəlası adlarını çəkdiyim
şairlərin - Füzulinin, Seyid Əzimin, Namik Kamalın və
Məhəmməd Hadinin Kərbəla düşüncəsi
ilə semantik əlaqə yaratmaq gücündədir.
Şəhriyarın bu yeni şeirində
sürreal müstəvidə qovuşan, eyniləşən Rəblə Setara yoxdur. Burda, "eşqin metafizikası" (Şopenhauer)
eşqin Kərbəlasında yaşanıb, yaxud yaşanacaq.
Və "Ey həmd ola, çatdım məqamına
hüzurunun".
Şəhriyar ən yeni Azərbaycan
poeziyasını çox həssas bir məqama gətirib
çıxarıb. Yəni bundan sonra Kərbəla modern Azərbaycan
şeirinə çağdaş türk poeziyasında olduğu
kimi, tutaq ki, Cahid Zarifoğlunun yazdığı "Demək
ki, bitmədi Kərbəla" şəklində gələcəksə,
bunun yenilik adına heç bir estetik tərəfi
olmayacaq. Çünki həmin Kərbəlanı,
"Gökdən endikdə bəla bulmazdı mənzil
qonmağa, / Olmasaydı ərseyi-aləmdə xaki-Kərbəla"
- deyə Füzuli daha üstün şəkildə beş yüz il öncə vəsf etmişdi.
Yaxud Məhəmməd Hadinin timsalında Azərbaycan
şairi "ərzi-dilinin Kərbəla" olduğu
çağları da yaşamışdı:
Könlüm
Hüseyn, ərzi-dilim Kərbəlamıdır?
Səncə, cəfa, yoxsa ki, eyni-vəfamıdır?
Şəhriyar
del Gerani isə kifayət qədər bəlli olan klassik dini mətnə
və hətta bir zamanlar buludsuz mavi göyün aşiqi
Nitsşenin "Zərdüşt belə deyir" əsərindəki
səhra qızları üçün yazılmış
süfrə şərqisində -
"Səhra qızları arasında" deyilən
"Səhra böyüyür, vay halına səhranı gizlədənlərin"
xəbərdarlığına da referens edərək yeni Kərbəla
arxetipini yaradır: "Söndür günəşi, ol
böyüyən səhranı adla, çıx get bu
qaranlıqla, görünməz üzün, amma / unutma ki,
eşqin qabaqda Kərbəlası var"...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2019.-
21 dekabr.- S.16.