Elin gücü dilindədir,
dilin gücü dövlətində
Toplum dili, dil dövləti yaradır. Dövlət
dili qoruyur, gəlişdirir. Elin
gücü dilindədir, dilin gücü dövlətindədir,
desək, yanılmarıq. XXI yüzillikdən
tarixin dolanbac dönəmlərinə baxış saldıqda
dünyada geniş yayılmış və güclü
sayılan dillərin arxasında güclü dövlətlərin
durduğunu görürük. Çox da
uzaqlara getməyib, Orta yüzilliklərdən bizim dönəmlərə
qədər zaman kəsiyinə baxmaq yetər. Ərəb, ingilis, beşyüzillik tarixi olan rus dillərini
götürək. Bu dillərin
arxasında Ərəb Xilafəti, Böyük Britaniya və
rus imperiyaları dururdu. Bu imperiyalar öz
rəsmi dillərinin gəlişib yayılmasına, dil
qayda-qanunlarının işlənib möhkəmlənməsinə,
başqa dillərdə olan Antik ədəbiyyatın, folklor
nümunələrinin öz dillərinə çevrilməsinə,
yeni-yeni kitabların yazılmasına davamlı
çalışırdılar. Azərbaycan
dövlətinin rəhbərliyi, Azərbaycan Parlamenti dövlət
dili barəsində gərəkən qanunlar qəbul
etmişdir. Ulu öndərimiz Heydər Əliyev,
Prezident İlham Əliyev rəsmi dövlət dili olan Azərbaycan-türk
dilinin təmizliyinin qorunması, gəlişməsi
haqqında çoxsaylı tövsiyələr vermiş, fərmanlar
imzalamışlar: bu məqsədlə dövlət tərəfindən
davamlı olaraq gərəkən maliyyə ayrılır.
Onu da vurğulamaq istərdim ki, Azərbaycan dilini
müstəqilliyimizə və onun bərpasına qədər
qoruyan xalqımız, onun qələm sahibləri olmuşlar. Yoxsa bu dil əcnəbi
söz və ifadələrlə korlanaraq əldən gedib, məhdud
anlaşma vasitəsinə çevrilərdi.
Müstəqilliyimizin 28 ilində çox quruculuq işləri
görülmüş, uğurlar qazanılmışdır. Ancaq ölkəmizin,
dövlətimizin bu illərdə gördüyü
böyük işləri, başqa-başqa alanlarda
qazandığı uğurları dilçiliyimizin
inkişafına aid etmək olmur.
Mən rus və ərəb dilləri timsalında
dövlət və dil əlaqələri haqqında fikrimi əsaslandırmaq
istəyirəm. Hamıya məlumdur ki, XVI yüzilliyə
qədər, I Pyotr dönəminədək indiki güclü
rus dili yox idi və bu dövlət möhkəmləndikcə
slavyan və türk-tatar dilləri əsasında rus dili
formalaşdırılıb yaradılmağa başladı.
Rus ədəbiyyatında XVIII yüzildə
Fonvizindən qabaq heç bir ədəbi simaya rast gəlinmir.
Firdovsi müasir fars dilini
formalaşdırdığı kimi, rus dilini ədəbi dil səviyyəsinə
qaldırmaqda Puşkinin və digər qələm sahiblərinin
böyük rolu oldu. Amma indi gəlişmiş,
Avrasiya məkanında aparıcı dilə çevrilmiş
rus dilini Rus İmperiyası yaratdı.
İndiki çağda 20-dən çox dövlətin
rəsmi dili olan, bütün İslam aləmində
yayılmış ərəb dilini isə tək "Qurani-Kərim"
deyil, Ərəb Xilafəti də yaradıb qorudu, inkişaf
etdirdi. Cahil,
bədəvi ərəblərin dili inkişaf etmiş arami,
siryani, finikiya, qəhtani və digər sami
dilləri hesabına zənginləşdirildi, yüksək səviyyəyə
qaldırıldı. Bunu dövlət edirdi.
VIII yüzillikdə hakimiyyətə gəlmiş
Abbasilər sülaləsi dönəmində, özəlliklə
IX yüzillikdə Harun ər-Rəşidin xəlifəliyi
zamanında çeşidli dil və tərcümə
qurumları, ədəbi dərnəklər
yaradılmışdı. Bu qurumlar ərəb dilinin sərf
və nəhvini - klassik qrammatikasını,
qayda-qanunlarını yaradırdı, hind, yunan, əski
türk, fars dillərindəki kitablar,
folklor nümunələri ərəbcəyə tərcümə
edilirdi, ərəb şifahi ədəbiyyatı nümunələri
yazıya köçürülürdü. "Min
bir gecə" nağılları, "Kəlilə və
Dimnə" alleqorik hekayətləri o dönəmlərdə
ərəbcəyə çevrilmişdi. Bunların
sırasında "Dədə Qorqud"dan "Dəli Domrul" boyu da
vardı. (Təəssüf ki, mənbələrdə
adıçəkilən bu boyun tərcüməsi
dövrümüzə çatmamışdır...). Bütün bu həşəmətli işlərə
görə IX əsri Xilafətin "qızıl
dövrü" adlandırırlar. Beləliklə, bədəvi
- köçəri ərəblərin dili "Qurani-Kərim"dən
sonra ikinci nəfəs aldı, bütün islam
ellərində oxuma-yazmanı, bilim adamlarını öz təsiri
altına saldı.
Sovet dönəmində mərkəz türk
xalqlarının, onların dillərinin bir-birindən
ayrılıb başqa-başqa yollarla getməsinə
çalışırdı. Əski türk
sözlərini, digər türk xalqlarının dillərindən
sözlərin gətirilməsi pantürkizm
sayılırdı. Azərbaycan
xalqının milli kimliyi hər vəchlə gizlədilirdi.
Burada bir haşiyəyə çıxım ki,
pantürkizm qılıncı tək bizim, yəni Sovetlər
Birliyindəki türk xalqlarının deyil, Bolqarıstan,
Yunanıstan və İraqda oftoxon (aborigen) türklərin də
başı üstündən asılmışdı. O
dönəmlərdə bunun şahidi olmuşam. Məni
çox etkiləndirmiş, ərəbcə desək, təsirləndirmiş
bir olayı oxuculara danışmaq istəyirəm...
1968-70-ci
illərdə hərbi dilmanc olduğum Almatıdakı hərbi
təyyarəçilər məktəbində İraq
kursantları arasındakı türkmanlarla tanış
olduqda sevinclə dedim: "Nə yaxşı dilinizi qoruyub
saxlamısınız". Məhəmmədli
Bayat adlı kərküklü isə bildirdi ki, ərəb
millətçilərinin Bəəs partiyası onları
sıxışdırıb, milli kimliklərini yox etmək istəyir.
"Ancaq bacara bilməzlər. Biz qədim və böyük xalqa mənsubuq.
Bizim qədim və güclü dilimiz var" deyən Məhəmmədəli
İraq türkmanlarının yaratdığı bir
bayatını söylədi:
Qanaraya,
Qan axar qanaraya.
Mən bu
dildən vaz keçməm,
Asılsam da qanaraya.
Mən 1970-73-cü illərdə Suriyada, 1977-78-ci illərdə
İraqda Səddam dövründə eynən bizim dildə
danışan türkmanlarla gizli-açıq çox
danışmışam, dostluq etmişəm. Onlar
bütün basqılara rəğmən öz dillərini
qoruyub saxlamışlar. Ərəblərin
yanında belə, mənimlə öz dilimizdə danışan
bu fədakar adamlar haqqında kiçik yazıda geniş
danışmaq mümkünsüzdür. Üzərində
işlədiyim "Dilmanc" adlı memuarımda bu məsələyə
çox toxunmuşam.
Sovet
dönəmində yaşamış, türk xalqlarına
basqıları görmüş bir qələm sahibi kimi
özümdən də, oxuculardan da soruşuram: bəs indi
necə? Dilimizin təmizlənməsində,
bunun üçün digər türk dillərindən
faydalanmaqda qarşımızı kəsən, bizə mane
olan varmı? Vardır! O maneçiliyi törədənlər
öz içimizdədir, biriləri bilməyərəkdən,
biriləri bilərəkdən, qəsdən... Bəziləri
Anadolu türkcəsindən aldığımız sözlərə
qarşı çıxır, bunu Türkiyə türkcəsinin
dilimizə basqısı adlandırırlar. Əksinə, bu, qarşılıqlı
faydalanmadır. Düşünürəm ki, bizim
"bildiriş", "açar" kimi sözlərimiz
onların "ilan", "anahdar" sözlərini
sıxışdırıb çıxaracaqdır. Bizim dildəki
"təyyarə", "müəllim" kimi sözləri
"uçaq", "öyrətmən" əvəz edəcəkdir.
Təyyarə ərəbcə
"uçmaq" feilindən yaranmışdır. Əgər dilimizdə bu feil varsa, niyə ərəbcəni
işlətməliyik? "Müəllim"
sözü üzərində dayanmaq istəyirəm. Ərəbcə bu söz "ələm, dərd,
kədər verən" anlamını verir. Muallim isə "elm", "bilik verən" deməkdir.
Əgər dilimizdə bilmək, öyrətmək feilləri
varsa, biz niyə bunlardan düzəldilmiş adları, yəni
"bilgi", "bilim adamı", "öyrətmən"
sözlərini işlətməməliyik?! Əgər
dilimizdə "cızıq", "çevrə"
varsa, niyə ərəbcə "xətt", "dövrə",
"dairə" sözlərini işlədirik? Biz "mədəni
insan" dedikdə ərəbcə danışanlar bunu
"şəhərli adam" kimi
anlayırlar. Çünki ərəbcə bu
anlam "insan musaqqaf" deyə işlədilir.
Məni
qınamayın, hər kərə müəllim, təhsil, təxliyə,
lüğət, səhhət, həşdad və bu qəbildən
olan digər
sözləri eşidəndə, əsəbiləşirəm.
Ərəb sözləri olan təxliyə - boşaltmaq,
köçürtmək; təhsil - əldə etmək;
lüğət - sözlük, səhhət -
sağlamlıq, fars sözü "həşdad" - səksən
deməkdir. "Təhsil Nazirliyi" adını kim icad etmişdir? Ərəb
özü bu sözləri bu mənalarda işlətmir.
Niyə biz "sözlük" deyil,
"lüğət" sözünü işlədirik?
"Səhiyyə Nazirliyi" adını
dilimizə çevirəndə "Sağlamlıq
Bakanlığı" alınır. Lüğət ərəbcə
"dil" deməkdir. Onlar bu anlamı
"qamus" adlandırırlar. Qazaxlar
"mərkəzi univermaq" yox, "aralıq
univermağı" deyirlər. "Stansiya"
sözünün yerinə "duracaq" işlətmək
olmazmı? Biz, adətən, "peç" deyirik,
Suriya ərəbləri isə onu "soba"
adlandırırlar... Yüzlərlə belə
misallar çəkmək olar.
Hələ
Sovet dönəmində dilçilərimizlə, qələm
sahibləri ilə dilimizdəki ərəb və fars sözləri yerinə öz sözlərimizi
işlətmək barəsində söhbətləşəndə
deyərdilər: bu sözlər artıq vətəndaşlıq
hüququ qazanmışdır... (indi də
çoxları o fikirdədir). Bəs onda niyə XX əsrin
başlanğıc illərinədək dilimizdə olan
mürəkkəb izafət tərkiblərini tulladıq, bir
sıra ərəb və fars sözlərini
özümüzünkülərlə dəyişdirdik? Bu söz və ifadələr əsrlər boyu
dilimizdə "vətəndaşlıq hüququ"
qazanmamışdımı? Söhbət, əlbəttə,
dilimizdə olmayan sözlərdən, dini terminlərdən
getmir. Bizim dillə tanış olub
öyrənən əcnəbi alınma sözləri
görüb, istər-istəməz onun yoxsul dil
olmasını düşünə bilər. Əslində
bu, mənim özümün başına gəlmişdir.
Ölkəmizdən
kənarda dilmanc işləyərkən Bakıdan gəlmiş
" Kommunist" qəzetinə ötəri
baxış salan rus həmkarım gülə-gülə
dedi: "İndi bildim ki, niyə sizin tərcüməçilər
ərəbcə yaxşı bilirlər".
O, bizim
dili bilmədiyi halda on bir sözdən ibarət cümləni
oxuyub, ruscaya çevirdi. Həmin cümlədəki sözlərdən
yeddisi ərəb, ikisi rus, yalnız feillər bizimki idi... Həmin
sözlərdən yadımda qalanları bunlardır: siqlət,
müvəffəqiyyət, əhəmiyyət, mütəşəlliklə,
beynəlxalq... Siqlət - ağırlıq deməkdir, Allaha
şükür, müvəffəqiyyət və əhəmiyyəti
uğur və önəmlə dəyişdirmişik... Ərəbcə sözönü olan "beynə"
"arasında" anlamını verir, "Xalq"
sözü isə "yaranmış" deməkdir. Bizim işlətdiyimiz "xalq"a ərəblər
"şaab" deyirlər. Biz "beynəlxalq"
yerinə "uluslararası" deyə bilmərikmi?
Yazıqlar
olsun ki, bizim bir sıra ədəbiyyatşünaslarımız
"ağırlıq" əvəzinə "siqlət"
işlətməklə yazılarının daha ağır,
savadlı olacağını düşünürlər.
Zira Dil - əkilmiş
bir ağaca bənzəyir və davamlı qulluq istəyir. Ağaca davamlı olaraq su, gübrə verdikdə,
dibini qazdıqda, qurumuş budaqlarını arıtladıqda şaxələnir,
qol-budaq atır. Dildə elədir...
Bizim
dilimiz dünyanın ən əski dilidir, ən azı 8-9 min il öncələrdən yaranıb çox
tarixi mərhələlər keçmişdir. Onun izlərinə
Avropada da, Asiyada da, uzaq Amerikada da, elmi dillə desək toponimlərdə,
hidronimlərdə, oykonimlərdə - yəni yer, çay,
göl, dağ, dərə və adam
adlarında rast gəlinir.
Gəlin
ulu dədə-babalarımızdan bizə miras qalmış bu
zəngin, gözəl dilimizin dəyərini bilək, onu
qurumuş, əyri bitmiş budaqlardan,
çör-çöplərdən təmizləyək...
Fazil Güney
Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.21.