Cəlil Məmmədquluzadə:
Əlyazma magiyası
Universitetdə Y.M.Lotman mühazirələrinin birində
(konseptlərimə istinad edirəm, təəssüf ki, dar
macalda həmin fikirləri kitablarından axtarıb dəqiqləşdirə
bilmədim) magiyanı müəyyən işarə əməliyyatı
ilə gerçəkliyi transformasiya etmək gücünə
malik semiotik mexanizm kimi səciyyələndirmişdi. Mətnin
yarandığı gerçəklik ilə mətnin təsvir
etdiyi gerçəklik arasında münasibətlər magiya
proseduru ilə tənzimlənir. Magiyanın mətnin məqsədi
mövcud reallığı dəyişdirmək, yaxud yenidən
yaratmaqdır. Magik mətn dildənkənar
gerçəkliyin dəyişməsinə və ya
yaranmasına bir vəsilədir. (Dilin poetik və magik
funksiyaları arasında oxşarlığı demək olar
ki, bütün görkəmli filoloqlar təsdiq edirlər).
Bu
yazımızda bizi Mirzə Cəlil
yaradıcılığında magik sferanın elementləri (mərasimlər, falabaxma və
s.), yaxud yazıçının məişət inancları
deyil, fərqli modallı dünyaları, xəyali
dünyanı olmuş-gerçək dünya kimi yaratması, bir sözlə,
dünyayaradıcı mexanizmləri "işlətməsi"
maraqlandırır.
Belə magik mexanizmlərdən biri də əlyazmalardır. Yuxarıda qeyd etdiyim kimi, əgər
poeziya (Mirzə Cəlil nəsri əsl poeziyadır!) xəyali
dünyanın mövcudluğunu təmin edə bilirsə və
onu aktual dünyanın bir hissəsi edirsə, deməli, burada
"ənənəvi" magik vasitələrin köməyi
və rolu olub...
Bir də ünlü alim onu qeyd edirdi ki, mətnin
semantikası və predmeti ən azından iki dünya
(burdakı dünya - ordakı dünya, keçmişdəki
dünya - gələcəkdəki dünya) ilə
bağlı olur.
"Danabaş
kəndinin əhvalatları"nda yalnız müəllif,
personaj və oxucu deyil,
eyni zamanda əlyazma iki dünyada mövcud olur.
Bədii mətn ilə aktual dünya bir-birinin içində
olan məna məkanlarıdır. "Danabaş kəndinin
əhvalatları"nda həm aktual dünya (real
danışan, nağıl edən müəllifin tarixi
dünyası), həm də bədii dünya (personajlar
dünyası) iç-içədir. Əlyazmanın
aktual dünyada varlığı həm də onu yazan müəlliflərin
mövcudluğundan asılıdır.
"Danabaş kəndinin əhvalatları"nda
Lağlağı Sadiq və Qəzetçi Xəlilin
"müəllif olması" mətnin özünü
"avtonomlaşdırır". Povestin əlyazması
bizi hər ikisinin müəllif kimi varlığına
inandırır. "Sonra hər nə
Sadığın fikrinə gələrdi, hər bir
yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya
qeyri bir mətləb yadına düşərdi, əlüstü
gəlib məni tapırdı. Mən
çıxardardım dəftəri, götürərdim qələmi
və yazardım. Çünki bu dəftər
həmişə mənim qoltuq cibimdə olardı və
çünki mənim peşəm həməvəqt kəndləri
dolanmaqda, mən hər bir xoş vaxtda dəftəri
çıxardıb başlardım yazmağa".
Bu məqamı
akademik İsa Həbibbəyli də vurğulayır: "Qəzetçi
Xəlillə povestin müəllifinin adları (Cəlil-Xəlil)
arasındakı oxşarlıq da təsadüfi fonetik səsləşmə
olmayıb, prototiplə əlaqəni mənalandıran
arqumentlərdən birinə çevrilir" (İ.Həbibbəyli.
"Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri").
Hətta onlar mətndə adları keçən
personajları yaxından tanıdıqlarını bildirirlər. Əslində,
Lağlağı Sadıq və Qəzetçi Xəlil
özləri də əsərin personajlarıdır.
Yeri gəlmişkən,
"Don Kixot"da da personajı müəllifə, müəllifi
isə personaja çevirmək mexanizmindən istifadə
olunur: "Oxşar dəyişmələr bizə təlqin
edir ki, əgər xəyali personajlar oxucu və ya
tamaşaçı ola bilirsə, onda biz də
onlara münasibətdə mümkün xəyali oxucu və ya
tamaşaçıyıq". (Borxesin "Don Kixot"da gizli magiya"
adlı essesi).
Əlbəttə,
mətnin mövcudluğu ilə və onun müəllifinin
mövcudluğu fərqli metafizik məsələlərdir: mətnin
(əlyazmanın) mövcudluğu zamandankənar xarakter
daşıyır. Əlyazmanın xəyali
müəllifdən real müəllifə keçməsi, yəni
maddi obyektin poetik dünyadan aktual dünyaya yerdəyişməsi,
əslində, "dünyalararası səyahət"dir.
Povestin əlyazması
vaxtında çap olunsaydı, Qəzetçi Xəlilin qoltuğundakı dəftəri
aktual dünyanın bir hissəsi olmaq statusunu itirərdi. Əlyazmanın varlığı həm də real
müəllifin varlığı deməkdir. Nəhayət,
M.T.Sidqiyə ünvanladığı 22 mart 1902-ci tarixli məktubda
Mirzə Cəlil mətni yaradan müəllif kimi öz
mövcudluğunu bildirir: "Dəxi nə yazım? Məmmədhəsən əminin eşşəyini
istəyirəm yazıb göndərəm, senzor izn versin,
İrəvanda çap elətdirim". Əlyazmanın
"izi-tozu" itibsə, bu zaman müəllifin də
mövcudluğu sual altında qalır. Amma bizə məlum
olmayan səbəblərdən real müəllif (Mirzə Cəlil)
onu öz sağlığında çap etdirmir və əlyazma
uzun müddət xəyali "müəlliflərdə"
- Lağlağı Sadıq və Qəzetçi Xəlildə
"qalır".
Maraqlıdır
ki, real müəllif (Mirzə Cəlil) personajların, məsələn,
"Poçt qutusu"nda Vəli xanın, "İranda
hürriyyət" hekayəsində Kərbəlayi Məmmədəlinin
və Məşədi Molla Həsənin məktublarını tam məzmunu
ilə oxucuları tanış edir ki, bu da, sanki mətndənkənar
bir müəllifin varlığını hiss etdirir.
C.Frezerin "Qızıl budaq" əsərindəki
terminologiyadan (məsələn, yamsılayıcı magiya)
istifadə edib, "İranda hürriyyət" hekayəsinə
tətbiq etsək, görərik ki, qutsal yuxular çin olan
kimi, məktubların layihələndirdiyi və
yaratdığı dünya da gerçək olur. Aktual dünyanın
absurdluğu Mirzə Cəlilə bu əlyazmanı
yaratmağa imkan veribsə, əlyazma da, öz növbəsində,
bu aktual dünyanın "real" və sabit tərkib hissəsinə
çevrilir, yəni Məşədi Molla Həsən
üçün yazılan məktub tərs düşüb.
Kərbəlayi Məmmədəlinin "tale süjetini"
yönləndirir...
Əlyazma təhlükəli nəsnədir. Əlyazma ilə
təmas personajlara xeyir gətirmir. "Poçt
qutusu"nda Novruzəlini məktub məsələsinə
görə üç aylığa həbsə atırlar, Kərbəlayi
Məmmədəlinin ("İranda hürriyyət")
başına nə gəlir - məlumdur.... Mərhum ərinin
vəsiyyəti ("Anamın kitabı") oxunandan sonra Zəhrabəyim
huşunu itirir...
Həyatını və
yaradıcılığını dərindən izləyəndə
görürsən ki, Mirzə Cəlil həmişə, sanki
imzasını, adını əlyazmalardan təcrid etmək
istəyir. Yazı real obrazı qorumaq imkanıdır.
İş otağının koridorunda divara vurulmuş yazı
da: "xahiş edirəm əl verməyəsiniz və uzun
danışıqla vaxt almayasanız" aktual dünyada
olmamasına işarədir...
Əlyazma ilə müəllif arasında magik əlaqə
mövcud olur.
Mirzə Cəlil inanırdı ki, əlyazma hər
bir şəxsin əvəzedicisidir. Əlyazma, yazıya
alma "o dünya"dan bəzi məlumatları
qoruyub saxlamaq imkanıdır. Əlyazma "o dünya"nın atributudur. Bəlkə ona
görə də əlyazmalarını oxumağı sevmirdi?
"Və Allah şahiddir ki, mətnin
üçün ondan ağır bir təklif yoxdur ki,
özün yazdığın bir yazını öz əlinlə
çıxardasan və onun-bunun qabağına tutub nişan
verəsən. Məni tanıyanların
heç birisinin yadına gəlməz ki, mən asanlıqla
öz əsərimi çıxardam bir kəsə göstərəm,
ya bir kəsə oxuyam" ("Xatiratım").
"Poçt
qutusu"nun əlyazmasını Məhəmmədağa
Şahtaxtlıya oxumağa verməsini də bu cür yozmaq
olar: "Xəstə övrətimi Tiflisə gətirib burada
"Şərqi-Rus" sahibi Məhəmməd ağa
Şahtaxtlıya rast gəldim. Məhəmməd
ağa küçədə mənə rast gəldi və
apardı "Anunna" yeməkxanasına. Orada məni qonaq elədi və soruşdu ki,
yazıdan-pozudan nəyin var? Mən cibimdən
Novruzəlinin poçt qutusuna kağız salmaq hekayəsini
çıxartdım verdim Məhəmməd ağaya. Ədibi möhtərəmimiz hekayəni oxuya-oxuya elə
şiddətli gülürdü ki, qonşular bizə tərəf
təəccüblə baxmağa başladılar" ("Tərcümeyi-halım").
"Molla Nəsrəddin" təxəllüsü bəlkə
böyük yazıçının əlyazmalardan
ayrılıb xəyali bir müəllifə çevrilmək
cəhdiydi?!
Qulam Məmmədlinin yazıya aldığı bir hadisə
bu baxımdan yerinə düşür: "Mirzə Cəlil
kəndlilərin həyat və məişəti ilə
tanış olur, Molla Nəsrəddin olduğunu deyir. Kəndlilər
"Molla Nəsrəddin"in jurnal olduğunu bilmədiklərindən
onu əsl Molla Nəsrəddin hesab edirlər. Bir
qoca kürd onun yanına gəlib xəstə
qızını müalicə etməyi və dua
yazmağı xahiş edir" (Q.Məmmədli.
"Molla Nəsrəddin (salnamə)".
Əlyazmaya imza qoymaq təhlükəli aktdır. Əlyazma
altında real imzanı qoymaqla "başqa dünya"ya
qatılmış olursan. "Dekabrın
axır günləri idi. Mirzə Cəlil
və mən oturub çay içirdik. Mən
ona mərhum atam haqqında bəzi söhbətlər etdim,
onun sətəlcəm olub çox əziyyətlə ölməsini
danışdım. Sonra atam haqqında
yazdığım xatirənin bir dəftərini ona oxudum.
Xatirəni maraqla dinlədi və yazıb davam
etdirməyi məsləhət gördü".
Mirzə Cəlilə görə, Həmidə xanım əlyazmada
atasının ölümünü xatırlayarkən onun
ölümünü xəbər verir. Ona görə də
soruşur: "Nə üçün dəftərin
axırında imza qoymursan?". Bu sözləri
deyib dərin nəfəs aldı və dedi: "Mən qəfildən
öləcəyəm. Heç kəsi narahat
etməyəcəyəm" ("Cəlil Məmmədquluzadə
haqqında xatirələrim").
Həmidə
xanım bir də xatırlayır ki, soyuq qış günlərinin
birində, evi isitməyə heç nə tapmayan Mirzə Cəlil
əlyazmalarını sobaya atıb yandırdı...
Əlyazmalar
yanır və real Mirzə Cəlil də yox olur...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.29.