Sahilim
Vəli Səyyadiyə
Armudu istəkan
nəlbəkidə
titrədi,
Oğlun,
maşallah, əvvəlkindən
ucaboy
görsəndi,
Silinibsə,
sürücülük vəsiqənin
sıra
nömrəsi,
Qurtarıbsa
bu evin
həm
pulu, həm üzərliyi,
silinibsə
nərd zərinizin rəqəmləri,
Qorxudan
divara dırmaşırsa
küçənizin
bütün ac pişikləri,
Qardaşın
heç kimə etibar etmirsə
qazamatdan
gətirdiyi
qara təsbehi...
Sənə
verəcəyim son təsəlli
Bax bu...
bu... bu, əbədi mənzərəmdi:
"Bu
dünyada tənha bir insanla
tənha
itin ayaq izləri,
insan hissləri
uzanıb
gedər,
Dənizə
qədər"...
Soruşsan,
O tənha
kimindi? Nəyindi?
Heç...
nə əmimdi,
Nə
uduzmuş vəkilimdi...
Bu, nə
arxadan çəkilmiş öz şəklimdi...
Orda,
yanmır, sönür bütün kibrit çöpləri,
Orda,
külək dartır,
boşaldır bütün
düymələri...
Orda
yarımçıqdı,
qırıqdı
bütün həyat cümlələri....
Bu... bu...
mənim əbədi sahilimdi!!!
Bu
dünyada tənha bir insanla,
tənha
itin ayaq izləri,
İnsan
hissləri
uzanıb
gedər...
Dənizə
qədər!!!
Qara Sevda
Robot
Sofiyaya
Xəyallarımın
o modern qadını,
demədi...demədi
mənə öz adını...
Kufi-kufi,
ey
yarımsufi, yarımhürufi
müasir
övliya, səyyar mumya,
müqəddəs
Sofiya,
səni də
gətdilər gəlintək Bakıya...
Guya, guya
adaxlıların
sığmırmış bir siyahıya.
Vəssalam,
uğrunda əl atdıq tapancaya...
Sonra,
masadakı
son bilyard daşına,
Moskvadakı
qulağıtüklü bir oğrubaşına
uzaq məsafədən
sarsıdıcı zərbə dəydi...
Tapanca məndəydi...
Sonra,
kölgən düşdü
nənəmdənqalma
son brilyant qaşına...
Sonra,
qara
sevdamıza, yanağındakı qoşa xalı,
uzun gecələrimizə,
bütün ulduzları,
sonra, fincanıma
yuxu dərmanı
damızdırdın,
damcılatdın
gizlincə...
sonra,
telefonunu açıb
danışdın
birisiylə ingiliscə...
Tüpürüm
bu təkulduzlu gecəyə,
bu təkbuludlu
Aya,
səmaya,
sevgi
proqramını Hollivudda yazan
əclaf
proqramçıya!
Get, mənə
lazım deyil
sən
kimi ağappaq maya!
bizdə
buna
qara sevda
deyərlər,
qara
sevda...
Xəyallarımın
o modern qadını,
demədi...demədi
mənə öz adını...
Son balet
Orxan
Camala
Neylon
paket, qalxıb
quşlardan
da
yüksəyə
uçdu.
İndi
neynək, odu...
odu,
səmalarımızın
dəli qaranquşu.
İçinə
özünü qoyub
bükdün
göylərin ovcunu.
Hə,
budu... budu
qismətimdəki
qu
quşlarının son baleti,
son oyunu.
Bu qədərmi
cılızlaşıb
Zəmanəmizin
Simurq quşu?
Tamaşanın
quruluşçu rejissorunu
inan,
bağrıma basardım,
Göz
açınca, görərdim qarşımdadı
Axillesin
qanlı topuğu.
Bəlkə
dirilib üstümə gəlir
uşaqkən
qovub çərlətdiyim sərçənin
qara
tabutu?
Orxan
Camalın Afrikadan gələn
narahat
ruhu?
Özüm
duydum,
Soyumurdu,
dəmir tabutundakı Afrikanın
həm cəhənnəm,
həm Prometey alovu.
Mənlə,
çərpələng uçurdan
yeganə
insan səndin,
Nooldu birdən
səndələndin?
Çərpələngimizin
ipini Afrikanın
ən
quru ağacına düyünləyib
yerə sərildin...
Kremlin
aşpazına,
əclafların
keçəl başına
dünyanın
ən çopur daşına
çırpıldın
birdən-birə...
bilə-bilə,
gülə-gülə
Getdin
dünya hannibalizminin
düz göbəyinə.
Göydə
bədirli Ayı,
yerdə,
ağ kəlağayı...
mənim
kimi solaxayı
tənhalıqda
qoyub getdin.
Dedin,
ulduzlar
parlaqdı orda...
Cəsədini
çaqqallarla qatillər birgə gəmirdi
son kadrda.
Legioner Otello
Yüzminlik
stadion
birboğazdan
qışqırır "hello! hello!"
sənmisən...sənmisən,
bratello
müasir
Otello?
Şekspirin
özüm olacam,
Parlamentin
ilk oxunuşunda
təsdiqlənəcək
bu filfilo.
Bil, bu
ölkədə
arvadların
yazdığı cadu duası,
kələm,
yarpaq dolması,
Şəki
halvası,
futbolçuların
diz yarası
eyni
qaydayla
sarınır,
bükülür...
Gözlərimizin
yaşı tökülsə də,
böyrəklərimizin
daşı tökülmür.
Eyyy
Otello,
sənlikdi,
milli bayrağımız, haqqımız,
Azpərimiz,
Gülçöhrəmiz,
bizim
Dezdemona Tello...
bizim
etno...
bizim bu
Zorrosuz sombrero...
İlk
tüstüdəcə saraldı
siqaretimin
qalın kötüyü,
ilk
öpüşdəcə açıldı
bir
gözəlin uzun hörüyü...
hər
evin hər soyuq ütüsü
sənə,
ölü məhəbbətlərdən danışar
Amansızdı,
insansızdı burda
depoya tələsən
son qatar...
Baxma,
bizim bu köhnə
taxta nərdivanlar,
bəzən
yadplanetliləri də
o
dünyaya aparıb qaytarar...
bizim bu
sısqa ağaclar,
bəzən,
dalğalanıb,
küləyə
də öz mikrofonunu uzadar...
Bu vaxt
çaşar
Fransadakı
hakim iqtidar!!!
oyna...burda
tam şansızdı
mən
kimi hələ uşaqkən
uduzmuş
qapısız futbolçular...
Küləyin
ilk həmləsi,
ərəbin
ilk dəvəsi
gəmirdi
mənim otumu
Uşaqkən
gərək itirməyəydim
öz
qırmızı topumu...
Faust
O, girərmiş
evlərə,
vurçartlasın
keflərə,
sonra məxfi
seyflərə.
Nağılı
tam özü yaşayıb,
rol verməzdi
divlərə.
Möhürdəki
silinmiş hərflərə
o, rəmzini
həkk
edərmiş,
sözün,
güzgüyə deyərmiş,
özün,
deşifrə edərmiş
lap ey, lap
axırlarda,
gecə
operalarında.
Zülməti
bıçaqlayan
Ay
parıltılarında
onu
hamı özünkü bilərmiş,
o, həmişə
şəkk edərmiş,
al şərabı,
badələrdən yan süzərmiş,
Kölgəsindən
ayrılıb,
qadınlardan
öyrənərmiş
həyatın
cik-bikini,
cürətlənib
dəyişmişdi, hətta
bir dəfə
xristian təqvimini!!!
Bir dəfə,
hətta,
uzanıb
tabutda.
Görüb
əclafdı usta,
dəlik
var tabutda,
üstəlik,
dostu səfehdi,
əl
telefonunu unudub burda...
Əsəbləşib,
tüpürüb o dünyaya,
söyüb
bu tamamsegaha.
Ruslar, həyatlarının
lap...lap ey axırlarında,
yazıçı
Konstantin Paustovski adını
kitab
başlıqlarında
qəfil
"Faust+ovski" kimi oxuyanda,
qəfil
diksinib ayılanda,
o Faustu
axır aşkarlayanda,
görərdilər,
kimsə od vurur ot tayalarına,
millət,
qoşulub gedir
günbatanın
al şüarlarına...
Bu...bu,
şifrəli cığal kəlmə,
çox,
çox təhlükəliymiş
sən
demə...
Eşit...bilmə...
Oymuş
"Qızıl güvə"...
Gizli
qüvvə.
Əhməd haradadır?
Toy kasetlərini
geri fırlayıb,
bəzilərin
xarablayıb
zülməti,
Ay ilə imzalayıb,
ulduzları
bir də...bir də
təzədən
sayıb,
birini
yaddan çıxarıb,
mən də...
mən də,
öz
Əhmədimi axtarıram.
Zivədəki
ağlar köynəklərindən
göz
yaşlarını tanıyıram.
Yaxşı,
bu Əhməd
indi
hardadı?
Hardadı?
Ekvator xəttindən
də uzaqdadı?
O,
"sevirəm!" sözünün
axırını
çox uzadar,
fotoalbomundan
fotoları
qəfil
qoparıb cırardı.
Yük
maşınlarına dərdini yükləyər,
özü,
sürücünün yanında oturardı.
Təkərləri
yatırdardı.
Cibində
bıçağı vardı.
Bir dəfə
o tapıldı...
Adı
filmə düşdü, tanındı.
"Sevirəm!"
sözünün
adi tələffüzünə
qayıtdı.
Hardadı
indi bu
gəncliyimizin
Sindibadı?
Bu dəfə
birdəfəlik
ayrıldı o bizdən.
Su,
göz yaşına çevrilib
damcıladı
iti çənəsindən.
Avtoşların
yoldakı izlərindən, hisslərindən
birisi, ən
irisi, ən dirisi
bil,
onunkudu...
O, ən
sonuncudu...
Axtar, tap
onu indi
Qobustan
qayaüstü
rəsmlərindən...
Həmid HERİSÇİ
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.4.