Sabir MƏMMƏDOV: "Aktyor
mütləq şəkildə müasir
olmalıdı"
«Harmoniya» layihəsinin qonağı
Xalq artisti Sabir Məmmədovla
müsahibə
Əziz oxucular, "Ədəbiyyat
qəzeti"nin "Harmoniya" layihəsində
növbəti qonağımla
söhbətimizi sizə
təqdim etmək istəyirəm. O, səsi,
siması ilə sizə çox yaxşı tanışdı.
Akademik Milli Dram Teatrının aktyoru, respublikanın Xalq artisti Sabir Məmmədov.
Deyim ki, növbəti qəhrəmanım
özünün dediyi
kimi, sevimli peşəsinin - aktyorluğun
digər bir qolu sayılan film dublyajında idi. Qızıl qədər qiymətli vaxtından bir neçə dəqiqə
sevimli "Ədəbiyyat
qəzeti"nə ayırmağa
canla-başla razı oldu.
- Sabir müəllim, bildiyimiz kimi, siz tək
aktyorluq fəaliyyəti
ilə deyil, eyni zamanda filmlərin
dublyaj olunmasında, televiziya kanallarında sənədli filmlərin səsləndirilməsində iştirak
etməklə bərabər,
seriallara da çəkilirsiniz. Bu gərgin
iş rejimində vaxtı necə bölüşdürürsünüz?
- Vaxt məsələsi çətin olsa da, çalışırıq
ki, tənzimləyək.
Yəni hər birinin öz vaxtı, saatı var. Bəzən də olur, tutaq
ki, hansısa işdən imtina etmək məcburiyyətində
qalırsan. Tamaşa ilə,
ya da çəkilişlə
üst-üstə düşən
məqamlar da olur.
- Yazıçılar
Birliyinin bu günlərdə keçirilən
85 illik yubiley tədbirində iştirak
etdiniz. İstərdim bu haqda özünüzdən
eşidək.
- Qeyd edim ki,
tədbir çox maraqlı keçdi. Yazıçılar Birliyinin sədri
Anar müəllimin çıxışından sonra
ssenariyə uyğun olaraq tamaşaçılara
ədəbi-musiqili kompozisiya
təqdim olundu. Təbii ki, əvvəlcə klassik şairlərin, ardından isə müasir şairlərin şeirlərini qiraətimizlə
ədəbiyyatsevərlərə çatdırdıq. Düşünürəm ki, zalda əyləşən
tamaşaçılar da
çox bəyəndilər.
Onu da qeyd edim
ki, yubiley tədbirinin rejissoru Opera və Balet Teatrının
baş rejissoru Hafiz Quliyev idi.
- Sabir müəllim, sizi bir az ötənlərə
- uşaqlıq
illərinizə qaytarmaq
istəyirəm. Nə
vaxt hiss etdiniz ki, aktyor ola bilərsiniz?
- Oxuduğum məktəbdə
dram dərnəyi olduqca
populyar idi. Müəllimim təklif etdi
ki, sən də bu dərnəyə
üzv ol. Yəni özünü sına.
Yavaş-yavaş orda səhnəciklərdə
oynamağa başladım.
Təxminən 9-10-cu siniflərdə oxuyanda artıq qərar verdim ki, aktyor olmalıyam.
Təbii,
özüm də, elə kənardakılar da məndəki aktyorluq istedadını duyurdular. Bu həvəslə
üz tutdum o vaxtkı İncəsənət
İnstitutuna. Müəllimim Həsənağa Turabov idi. Demək olar, elə
ilk kursdan artıq mən kinolara çəkilməyə dəvət
aldım. "Babamızın babasının
babası" filmini qeyd edə bilərəm.
Orta məktəb illərindən
başlayan bu həvəs, sevgi, müəllimlərimin təkidi,
institut illərindən
kinoya çəkilmək,
nəhayət, Həsənağa
Turabov kimi böyük bir aktyorun tələbəsi olmaq. Bütün bunlar gələcəkdə
bu işlə peşəkar məşğul
olacağıma qərar
verməyimə bir zəmin yaratdı.
- Daha kimlərdən dərs aldınız - öyrəndiniz?
- Həsən Əbluc, Səməndər Rzayev, sonrakı nəsil aktyorlarımızdan düşünürəm
ki, tamaşaçılarımızın
çox yaxşı xatirində olar, böyük aktyorlarımızdan
Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Səyavuş Aslan və digərləri. Onlarla həm tərəf-müqabili
olmuşam, həm də onlardan öyrənmişəm. O ki qaldı mənim
teatra gəlməyimə,
deyim ki, o vaxt təyinat idi. Mütləq təyinatla gedib
işləməliydin. Beləliklə, təyinatla Sumqayıt
Teatrına gəldim.
İndi də yaxın dostluq münasibətində
olduğum gözəl
aktyorumuz Əli Nur o vaxt Sumqayıt
Teatrının direktoru
idi. 1986-cı ildən 1989-cu ilədək
bu teatrda çalışdım. 1989-cu
ilin aprel ayından isə Akademik Milli Dram Teatrında işləməyə
başladım. Deyim ki,
həmin dövrdə
Akademik Teatra düşmək çox çətin məsələ
idi.
- Bunu mütləq yada salmalıyıq. Sumqayıt Teatrında çalışdığınız
illərdə bu teatrda səhnələşdirilən
"Bəxt üzüyü"
tamaşası, doğrudan
da, böyük səs-küyə səbəb
oldu. Hətta, deyilənə görə,
tamaşaya bilet tapmaq da mümkün
deyilmiş. Bu teatrın səhnəsində
sonra hansı tamaşalarda rol aldınız?
- İlk olaraq onu deyim ki,
"Bəxt üzüyü"ndə
Hüseyn obrazını
canlandırırdım. Bu səhnədə
Rüstəm İbrahimovun
"Park" əsərində, Rəşad Nuri Güntəkinin "Evlənmə",
Nazim Hikmətin "Bayramın birinci günü", M.F.Axundzadənin
"Hacı Qara",
V.Səmədoğlunun digər
əsərlərində də
rol almışam.
- İstəmədən
hansısa obrazı canlandırmaq məcburiyyətində
qalmısınızmı?
- Bilirsiniz necədi? Teatr işdi, peşədi bu. Bura mənim iş yerimdi. Tutaq ki, arzusunda olduğum rolu başqasına veriblər,
istəmədiyim rolu mənə veriblər.
Mən bunu mütləq oynamalıyam. Özü də
yüksək səviyyədə.
Elə oynamalısan ki, illərlə qazandığın
təcrübə itməsin.
Və gələcək rolları
canlandırmaq üçün
bir zəmin yaransın. Çünki teatr canlı
orqanizmdi. Həmişə çağdaşdı, inkişafda,
hərəkətdədi.
- Bəs kino fəaliyyətinizlə
bağlı nələri
demək istərdiniz?
- Bayaq da söylədim
ki, mən kinodan başlamışam.
Son illərdə bir neçə filmdə çəkilmişəm.
- Siz filmlərin səsləndirilməsində
- dublyajında da həmişə iştirak
edirsiniz...
- Bəli... Bu da
işimizin bir qoludu. Təsəvvür edin ki, dünya kinosu ulduzlarını səsimizdə
Azərbaycan tamaşaçısına
çatdırırıq. Bu çox böyük
məsuliyyətdi. İkincisi, dilimizin
inkişafı üçün
bu çox vacibdi. Bir aktyor kimi yetişmək üçün
də, onun formalaşması üçün
də bu çox gərəklidi.
Yəni səhnədə tamaşaçı
ilə canlı ünsiyyətdə olmaq bir başqa, kinoda oynamaq bir başqa, serial estetikası isə, ümumiyyətlə, tamam
fərqlidi. Bütün bunların
hamısını bir
yerdə cəmləmək
üçün aktyordan
böyük məharət
tələb olunur.
- Siz bizim mogikan aktyorlarımızla
müxtəlif tamaşalarda
tərəf-müqabili olmusunuz
və öyrənmisiniz.
Eyni zamanda yeni gələn gənc aktyor nəsli də var ki, onlar
da sizinlə tərəf-müqabili olur,
öyrənirlər. Onlarda nəyi
görmək istəyirsiniz?
Ümumiyyətlə, bir gənc
aktyorda hansı keyfiyyətlər cəmləşməlidi?
- Sözsüz ki, istedadlı olmalıdı.
Gəlin burdan başlayaq: peşə vərdişlərindən başqa,
(bura daxildi onun plastikası, danışığı, səsi)
üstəgəl, intellektual
səviyyə, düşüncə
tərzi. Aktyor mütləq şəkildə
müasir olmalıdı.
Çünki sürət əsridi.
Biz bu temporitmlə
ayaqlaşmağı bacarmalıyıq.
Təsəvvür edin, biz səhnədə
tamam ayrı bir obraz yaradırıq,
amma, tutaq ki, sosial media - Youtube bizə ayrı bir şey
deyir. Dünya kinosu, teatrı
ayrı bir şey söyləyir.
Təkrar edirəm, ayaqlaşmalıyıq.
- Yaxın vaxtlarda hazırda fəaliyyət göstərdiyiniz Akademik Teatrda hansı tamaşalarda rol alacaqsınız və hansı tədbirlərdə,
layihələrdə iştirakınız
gözlənilir?
- Açığı, bu barədə aktyorların
bir az
bəxti gətirmir. Yəni nə mənada? Çünki rejissorlarımız bizə rol vermək
istəyəndə onu
əvvəlcədən demirlər.
Ancaq mən ümid edirəm ki, gələn il çox
maraqlı işlərimiz
olacaq. Çünki teatrımızda gedən inkişaf bunu deməyə imkan verir. Bu şəkildə bu templə addımlasaq, daha maraqlı tamaşalarımız
olacaq.
- Siz "Ədəbiyyat qəzeti"nin "Harmoniya"sındasınız.
Sizə görə harmoniya nədir?
- Harmoniya hər şeyin - bütün gözəlliklərin bir arada olması, birləşməsi deməkdi.
İstedadın, təfəkkürün, düşüncənin birliyidi
mənə görə
harmoniya. Bütün gözəlliklər
sizin olsun. Sevimli qəzetimizə isə bugünkütək daima oxunaqlı olmasını arzu edirəm. Çünki mən burda
maraqlı məqalələri,
xüsusilə də dünya ədəbiyyatından
tərcümələri, hekayələri
sevə-sevə oxuyub zövq alıram.
- Sabir müəllim,
artıq saatlar qalıb ki, 2019-cu ili bizdən
ayıracaq. Bu il yaddaşınızda
necə qaldı və təzə ildən gözləntiləriniz
nədir?
- 2019-cu il həm
ailə həyatımda,
həm yaradıcılığımda
xüsusilə yaddaqalan
oldu. Yeni ili də,
əlbəttə, səbirsizliklə
gözləyirik. Qarşıdan
gələn Yeni il, eləcə
də Dünya Azərbaycanlılarının Həmrəyliyi
günü münasibətilə
xalqımızı ürəkdən
təbrik edirəm. Tamaşaçılarıma, dostlarıma, təbii
ki, ilk növbədə
xoşbəxtlik və
ən əsası cansağlığı arzu
edirəm. Tezliklə hamı
öz arzusuna çatsın, inşallah.
Müsahibəni apardı: Samir
ƏFŞAN
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.5.