Səs Mayılın şahlıq quşu
hekayə
Bir ömrün arzu göyçəyi
Yasamal
dağlarının ətəklərində qoyun-quzu otaran, əlinə
maya salıb bu həndəvərin fermerlərinin birinə
çevrilmək istəyən yetim Mayılın
ağlına da gəlməzdi ki, günlərin bir
günü adının qabağına "səs"
ayaması uçub qonacaq. Ata-anasını
avtomobil qəzasında itirmiş uşaq Yasamal ətəyindəki
dədə-baba kəndində, baba, nənə himayəsində
böyüməli olmuşdu. Onları da
növbəylə kənd qəbiristanlığında
torpağa tapşırandan sonra bir müddət nə edəcəyini
bilməyib quzu kimi mələməyə
başlamışdı. Xeyli müddət
bir tək özünün eşidə bildiyi həmin mələrti
bəlkə də Allah-taala vasitəsilə kəndin bir
xeyirxahının da qulağına çata bilmişdi. Həmin xeyirxah bəndə də Şəmkirdən
kəndlərinə toya gəlmiş ət Əli olmuşdu.
Yetim bir az nəmər
döşürsün deyə, tamada Süleyman onun
ayağını kənd toylarına açıb hörmət
və savab qazanmaq istəmişdi. Xanəndələr
yorulub tərini silməyə hazırlaşanda bığ yeri
tərləməmiş yeniyetməyə meydan verməyə
başlamışdı. Uşağın
mahnısının bu həndəvərin varlı-karlı,
çörəkli adamının xoşuna gəldiyini görəndə
Əli Ocaqqulu oğlu vasitəsilə ona çörək
ağacı əkmək fikrinə düşmüşdü.
- Bu
uşağı toylarda mən mələdirəm. Əvvəl
ata-anasını, sonra da baba-nənəsini itirib yurdda tək
qalıb...
Səhəri,
yetimin mələrtilərini kəsmək üçün
Əli kişi yolunu onun nənə, baba
ocağına salmışdı. Özündən
qabaq xeyli müddət bərəkətdən xapan
qalmış həyətə bir xeyli qoyun-quzu
buraxmışdı.
Sözə
xəsislik eyləyən adam həyətdən
gələn xeyirxahlığının mələrtilərinin
müşayiətilə uşağa ürək-dirək verməyə
xəsislik eləməmişdi.
-
Qoyun-quzu bərəkətin ən
artımlısındandı.
Çalışıb
onlara meylini salsan, hənirtini hiss elətdirə bilsən az zamanda sürü sahibi olarsan. Amma
həndəvərində eldən də, çöldən də
canavarlar olduğunu yadında saxla. Vaxtlı-vaxtında
yalquzaq dişlərinin şaqqıltısını eşitsən
zərər çəkməyəcəksən. Sənə bir çoban iti də göndərəcəyəm,
ətrafımızdakıların çoxundan vəfalı
olan o heyvanın qiymətini bilsən qiymətini bildirəcəksən.
Hərəniz bir tərəfdən eldən-çöldən
sürüyə göz kəsiləcəksiniz. Bu tərəfin mal oğrularına təpinəcəyəm,
sən tərəfə xain gözlə baxmasınlar. Amma dünyanın işini bilmək olmaz. Heyvanının bir-ikisi qayadan uçsa, bir-ikisi
canavarın payına düşsə, damazlığın kəsilsə
ayağını Şəmkirə yanıma qoyarsan.
Əli Ocaqqulu oğlunun bu həndəvərin halal ocaq
adamlarından birinin əli də bərəkətliymiş. Göndərdiyi
balaca çoban itiylə bərabər, ərməğanı
balaca sürü böyüməyə, Yasamalın
yaşıl yamaclarının bərəkət incisinə
dönməyə başladı.
...Hələ
cavanlığından qaraşın, suyuşirin Yelmarın
adının qabağına, mənasına uyğun, ayama
yapışdırmışdılar: qara gürzə. Gəncənin əsilli-nəsilli bir
tayfasının əziz-xələfi olan həmin oğlan
barmağını uzatmağıyla arzularına
çatmağa başlamışdı. Onuncu
sinifdə barmağını qızıl medala tərəf
uzadıb qazanmışdı (ağzında qızıl
dişləri var-dövlətinin rəmzi kimi parlayan
atasının qızıldan qiymətli dostlarının,
qızıla bərabər kəlmələri hesabına).
Sonra həmin barmaq universitetin zirvəsi
sayılan Hüquq fakültəsinə tərəf
uzanmış və həmin ilin payızında sahibini həmin
fakültənin birinci kursunda oturtmuşdu. Və nəhayət, barmaq sahibini müstəntiq
kürsüsündə əyləşdirmişdi. Həmin
zaman atası Qara Camal
gələcək ağ günləri naminə
oğluna nəsihətini lazım bilmişdi.
- A bala,
bilirsən ki, azdan-çoxdan hər şeyimiz var. Sənin
tutduğun vəzifənin hökmdən yeli, qazancdan seli də
bəllidi. Amma hələlik
inkişafını gözünün qabağına gətirib
tamaha tət de. Bir kimsəyə nə
barmaq silkələ, nə də ovcunu qaşındırıb
rüşvət iştahasına düş.
Həmin nəsihət sonrası cavan müstəntiq ədalət
keşikçisinə dönməyə
çalışmışdı. Qabağındakılara
hökmünün qılıncına bərabər
barmağını silkələməmiş, onu demək olar
ki, səsinin içinə köçürmüşdü.
Düzlüyünə arxayın adamın
qabağındakılarının üstünə həmin
barmaq, səs şəklində silkələnməyə
başlamışdı. Və səs şəklində
qıvrıla da bildiyindən bir növ ədalətin qara
gürzəsinə də bənzəmişdi.
İş yoldaşları da bunu yavaş-yavaş
görməyə və hüquqi qiymətini verməyə
başlamışdı.
- Düz
işləməyə düz işləyir. Amma təmənnasızlığını
səsinin yelmar ilanına döndərib qabağındakı
yazıqları az qala boğub o
dünyalıq eləyir.
Bu şəkildə
təmiz ad və ona uyğun oyama qazanmış gənc
müstəntiq işlədiyi ucqar rayondan, bir az
Gəncəyə yaxınına dəyişib, bir az da
hökmünü artırmışdır. Atası
Qara Camal da oğlunun ayağı dəyməmiş həmin
rayondakı dostlarının birinə ayaqaçdı etdirmək
istəmişdi.
- On beş yaşının tamamında, ad
günündə qızıl tapança
bağışlamışdın. İndi
rayonunuza baş müstəntiq gəlir. Top-tüfənginin
qabağında dura bilin görüm.
- Bizlərə
dost gülləsi dəyməz, yan keçər. Amma dədəsi ayaq qoymasa, şəhərin girəcəyini
top-tüfənglə kəsib onu içəri
buraxmayacağıq.
Dostunun oğlunun şərəfinə Ocaqqulu oğlu,
Yasamal həndəvərinin bulaqlarının üstündə
ziyafət təşkil elədi. Həmin məclisi də bir təsadüf
bir az da şənləndirib, Əli
kişinin əlinin bərəkətinin tənənəsinə
çevrildi. Yenicə qızışmağa
başlayan məclis əhlinə məlahətli bir səs əl
saxlatdı. Məclisin lalələrinə
bənzəyən badələr bir müddət havadan
asılı qaldı. Aşıqbaz Qara
Camal üzünü dostuna tutdu.
- Bu kimdi
belə, Ocaqqulu oğlu, səsiylə dağı-daşı
yandırır. Sizinkilər ki, qəlife
şalvarları belindən düşən aşıqlar olur.
Qaşqalarına pul yapışdırana qədər
gözlərini yumub oxuyurlar.
- Mən
də birinci dəfə eşidirəm. Qulu gedib qarmalayıb gətirər,
özüylə də, səsiylə də yaxından tanış olarıq.
Qulunun gətirdiyi cavan ən çox prokuror
paltarındakı adamdan təşvişləndi. Canavar
dişinə keçəcəyi qorxusu rəngini-rufunu
qaçırdı. Amma yaxsı ki, bu
çox çəkmədi. Həyəcanından
tanımadığı xeyirxahı yaxınlaşıb
alnından öpdü.
- Bu,
damazlıq verdiyin bir yetimçə idi. Maşallah
olsun, özünə gəlib, dağlara, daşlara səs
salmağa başlayıb.
Əli kişiylə görüşü, onun dağdan
ağır sözləri Mayılın gözlərini
yaşartdı. Özünə güc gəlib, sözlərini
güc-bəlayla ərsəyə gətirə bildi.
-
Dünyadan bezib özümü Qızılqayadan atmaq istədiyim
zaman Əli əmimin xeyirxahlığı çatıya
dönüb məni həyatıma qaytardı. Onun verdiyi bu
canım belə bir kişiyə həmişə qurban ola bilər.
Kəcavələr düzüm-düzüm
düzüldü.
Talenin müəllifi olduğu bir təbii tamaşa
ovqatları Yasamal dağı zirvələrində qıy
vuran məclis əhlinin ürəyincə oldu, onun
başına hələlik söz əsginasları
yağmağa başladı.
Qara Camal:
Bu yaşıma qədər belə yanıqlı səs
eşitməmişəm.
Ocaqqulu
oğlu: Mən özüm də, bu başım haqqı...
Qara
gürzə: Belə səs buralarda itib-batmamalı, gedib xalqa
çatmalıdı.
Mayılın bir-iki havadan sonra mahnı saxlancı
qurtardı. Başını aşağı dikib xəcalətini
məclis əhlinə güc-bəlayla çatdırdı.
- Hələlik
bildiyim bunlardı.
Qara Camal
dostu Əlinin qoyun-quzu bəxş etdiyi suyuşirin gəncə
qayğı göstərməyə çalışdı:
- Gəncəyə
ayaq qoyan kimi Behcəti göndərəcəyəm sənə
yeni mahnılar öyrətsin. Az müddətdə
nəğmələrdən də bir sürü qoyun-quzun
olacaq.
...Nəğmələrindən
sürü düzəltmək Behcətin yaylağa
ayaqaçdısıyla başladı. Və həmin xanəndəliyi
hesabı tamahını yaraşıqlı sir-sifəti
arxasında gizlədə bilmiş adam nəğmə
sürüsünün ilkinini Mayılı xeyli mələdə-mələdə
ərsəyə gətirdi. Və uzun zəhmət
hesabına ərsəyə gətirdiyi
sürüsünün qoyun-quzusundan birinin canavarına
çevrildi. Mayıl mehr
saldığı qoyun-quzusundan birini qonağına qurban etmək
məcburiyyətində qaldı. (Bircə
sürüsünün ilk qurbanlıq sırasındakına mərhəməti
özünün əlinə bıçaq alıb
boğazlamaması, həmin "cəlladlığı"
qonşu qara Məmmədə ötürməsi oldu).
Behcət, şəninə kəsilmiş toğludan
qalanını maşınına yerləşdirəndən
sonra, ürək-dirəyindən gələcək müğənniyə
yeni əlbisə biçməyə başladı. Həm də
bunu ilk görüşünün bir müşahidəsi
üzərində qurdu. Mayılın
şalvarının arxasına yapışmış qoyun
qığı bu əyin-baş məsələlərində
vasfası adamın nəzərindən
qaçmamışdı.
- Ayın
axırından məhərrəmlik başlayır. Baxtından toylarımız kəsildiyindən, sənin
əyri-üyrünü düzəltmək üçün
vaxtımız bol olacaq. Bu dəfə sazəndələrin
müşayiətilə əsl xanəndə kimi oxutmağa
çalışacağıq. Cunaya
büküb bir cəmdəyin
açılışını onların gözü qabağında
eləsən, ürəklə çalar, o qoyun hesabı
musiqilərində xoruz buraxmazlar.
Qaldı ki, tez müddətdə səni yetişdirib
özümlə toylara aparacağım. Bundan sonra
arxana qığ yox, alnına nəmərlər
yapışacaq.
Behcətin sonrakı təklifi yetim üçün daha
gözqamaşdırıcı oldu.
- Bu məlahətli
səs sahibinin canına mal-qara iyisi hopdurub incimə, get-gedə
özünün də qoyunlaşması ürək
ağrıdır. Məndən olsa, bu sürünü
bazarlayıb, Gəncəyə daşınasan, ev
kirələyib xanəndəliyinə hazırlaşarsan. Bir azdan üstündə şöhrətin,
altında maşının olmasa Behcət adımı dəyişib
Höcət qoyaram.
Bu gözqamaşdırıcı təklif Mayılın
qoyun dələməsinə bənzər saqqızını
oğurlamağa başlamışdı. Amma qərarı
üçün ikinci bir gözə də ehtiyac duyurdu.
Odur ki, ayağını, əlini çörəyə
çatdırmış Ocaqqulu oğlunun yanına
qoymağı qərarlaşdırdı.
...Mayılın
söylədikləri, onsuz da qaramtıl olan Əli Ocaqqulu
oğlunun sifətini bir az da
tutqunlaşdırdı. Bir anlığa
gözü üstə gəzdiyi zaman elə bil Mayılın
alın yazısını oxuya bildi. Və
belə yazılardan dönüş olmadığını
ömür-gün təcrübəsiylə kəsdirdiyindən
sözlərini kəsələdi. Yolayrıcında
dönüküb qalmış oğlanın seçimini
öz üzərinə yüklədi.
- İki yoluna da baxıb seçimini özün eləməlisən. Mən başına
ağıl yox, cibinə bir az xərclik
qoya bilərəm. O da ona görə ki, qoyun-quzuna hələ
əl vurmayasan, simsar
birini tapıb tapşırasan. Oradan
da peşmanlaşan geriyə keçməyə körpün
qalsın.
Əli Ocaqqulu oğlunun məsləhətiylə
sürünü bir yetimə tapşırdı (üstəlik,
onun bir toğlusuna da qıymadı. Ocaqqulu oğlunun
başına sadağa cibinə basdığı xərclikdən
bir toğlu alıb, sazəndələrə sazlarını,
tarlarını yaxşı kökləməkləri
üçün apardı).
Beləliklə
də sürünü canavara tapşırıb, özü də
taleyinin yalquzağına doğru az və
üz getməyə başladı. (Sürünü
tapşırdığı yetim onu satıb özünü
Rusiyanın şəhərlərindən birinə vermiş,
geriyə Ocaqqulu oğlunun və Yasamal yaylağının
körpüsünü yandırmışdı). Mayılın ancaq və ancaq xanəndə
ömrü sürməyi qalmışdı.
İkinci dəfə də köməyinə Əli
Ocaqquluoğlu yetişdi. Yaxın adamlarından biriylə, alın
yazısını oxuyub, ondan gizlətdiyi oğlana ismarıc
göndərmişdi. Yazını gizlətdiyindən
Mayılın başına gələnlərdən
özünü də günahkar bilirdi: - Yelmarı Respublika
Prokurorluğuna aparırlar. Turşsu üstə
vida məclisimiz olacaq. Məclisi şənləndirməyi
hamımız səni məsləhət bilmişik. Özün təkbaşına gəl, burda
çalğıçılar var.
Vəzifəsinin böyüdülməsi kefini Yasamal
dağının qaşqasına qaldırmış Yelmar,
Mayılın durna kimi qatarlaşdırdığı
mahnılara heyran kəsildi. Əvvəl
özü əlini cibinə salıb nəyi varsa
oğlanın başından tökdü. Sonra
da sözlərini qızıl açara döndərib o biri
cibləri də Mayıl üçün açdırdı.
- Məni
istəyənlər, nəyi varsa xanəndəyə nəmər
versin.
Məclisin axırındasa (yəni kefinin ən kök
vaxtı) oğlanı yeni ümidlər üstə köklədi.
- Bu ildən
keçib, qəbullar qurtarıb. Gələn
ilin yayının əvvəlindən ayağını
Bakıya qoyarsan. Ona qədər mən də
oralarda yerimi isitmiş olaram. Səni
hökmən bir tərəfə çıxardıb, bu Gəncənin
qulaqkəsən xanəndələrinin əlindən
qurtaracağam.
Əli müəllim bəlkə də Mayılın
şəhərə yolunu kəsəcəkdi. Ona yenidən
damazlıq verib fermer kimi yetişdirmək istəyəcəkdi.
Və deyəcəkdi:
- Elə
bizim toy-düyünümüzdə oxusan bəsin olar. Amma cavan övladının vəfatı ona
içində də Mayıl olmaqla dünyanı unutdurdu.
Yalquzağına doğru addımlayan
Mayılı belə bir tale qayğısından da yetim qoydu.
Mayıl bəlkə də sərxoş söhbəti
hesab edib Bakıya, Yelmarın hüzuruna getməyəcəkdi. Tale onun
timsalında öz elçisini bu həndəvərə
göndərməsəydi. Baş
Prokurorluqdan Yelmarı bir zamanlar işlədiyi idarəni
yoxlamağa göndərmişdilər. Yolunu
Gəncədən salıb atası və onun qol-qanadıyla həm
də Əli Ocaqqulu oğluya baş çəkib onu yasdan
çıxarmağı qərarlaşdırmışdılar.
(Məclisdən əvvəl Mayıla məsləhət
də verilmişdi ki, yüngül, dingiş mahnılar
oxumasın).
Bu dəfə artıq vəzifəsinin şirəsini
çəkməyə başlamış Yelmar məclis əhlini
hüquqi üsulla əlini cibinə saldıra bildi.
- Mayılı Bakıya oxumağa aparıram. Bütün xərclərini
də öhdəmə götürürəm.
Gələcək tələbənin üstünə bəri
başdan təqaüdlər səpilməyə
başladı.
...Yelmar
bir məclisdə şəhər həyatının bir
neçə aylığını təmin elədiyi
Mayılı yeni həyatının alaqapılarına
maşını ilə özü yetirdi. Tanış
komendant vasitəsilə fəhlə yataqxanasına yerləşdirdi.
Üstəlik, böyük şəhərə
gəlişini boynunu bükməsi ilə başlayan
oğlanın bürüşüyünü açmağa
da çalışdı.
- Fəhlələrin
mükafatını aşırmış, yerlərinə,
saxta qol çəkmiş müdirinə de ki, bunun
adını bir işə yazıb aylıq versin. Yoxsa işinin xitamına qol qoymayacağam.
Bir neçə gündən sonra da yolunu Opera və
Balet Teatrına saldı. Orda uzunmüddətli rejissorluq eyləyən
(varlı-karlı adamları mamlımatan qızlarla tanış eləməyi də vəzifəsinin
səhnə arxasına çevirən və bir məclisdə
Yelmarı da şirnikləşdirən) yerlilərinin
kabinetinin qapısını açdı. Gəlişinə təəccüblənən
adamın "xeyir ola"sını
gözləmədən birinci öz mənfəətindən
başladı.
-
Yalançını mənzilinə kimi qovmağa gəlmişəm.
O da mənzilində
dürüstlüyünün sübutuna başladı. Daxili
nömrə ilə kiməsə göstəriş verdi.
- Lətafət
xanımı yanıma göndər.
Gənclik lətafəti ilə içəri girən
qızdan Yelmar ilk baxışdan xoşlandı. Hələ,
belə gənc və gözəl xanımın kiminləsə
yüngül həyat keçirmək istəməsindən də
xoflandı.
- Lala, bu
gözəl oğlanla tanış ol. Prokurorluğun şöbə müdiridi. Üstəlik, hər ikimizin də yerlisidi.
Bir sözünü iki eyləyənə iki, yekə
cinayət işi açır.
Yelmar həyəcanla həmin sözlərə
qızın əks-sədasını gözlədi. Onun qapını
çırpıb getməsindən ehtiyatlandı.
Lətafətin
sifətinə, varlığına yoğrulmuş işvə-naz
qonub onu bir az da gözəlləşdirdi.
Sifətində belə təbəssümləri
doğurmağa məşq etdiyi Yelmarın nəzərindən
qaçmadı. Bundan sonra
dostlarının şəhərətrafı məclislərinə
o da qonaq getməyə hazırlaşdı. Belə bir gözəllə ortaya
çıxmağa dəyərdi.
Lətafət
əlində hazır tutduğu vizit kağızını
müstəntiqə verdi.
-
Tanışlığımıza şadam, zənginizi
gözləyəcəyəm.
Yalançılıqdan xilas olmuş yerlisinin kürəyinə
təşəkkür əlini vurduqdan sonra o biri mətləbinə
keçdi.
- Qara Camal da, Ocaqqulu oğluna hüzuruna hərarətli
salamları ilə bərabər bir cavan oğlan göndəriblər. Səsi
adamın, canına, qanına işləyir.
- Musiqi təhsili
necə, varmı?
-
Qoyun-quzu mələrtisindən canını güclə
qurtarıb...
- Hələlik
yanğından mühafizəyə işə götürərik.
Yavaş-yavaş üzə
çıxarmağa başlayarıq.
- Kimlərdən
nə asılıdı, xərcini mən çəkəcəyəm.
- Hələ
bir baxaq, lətafətdən cibində artıq pul-para qalsa...
Sonralar o özü xudmani məclislərində Lətafəti,
fürsət düşdükcə səhnə küncündə
Mayılı oxutmağa başladı. Bir tərəfdə
eyş-işrət, bir yanda da sənət dərsləri beləcə
başladı.
Mayılın səsini ən tələbkar mütəxəssislər
də bəyənib, təhsili olmadığına təəssüfləndilər. Onların
köməyi və təşəbbüsüylə
oğlanı Konservatoriya-opera studiyasının kursuna
yazdırdılar. Yavaş-yavaş şəhərdə
özünə gələ bilən cavan işiylə
yanğınsöndürmədən, səsiylə
yanğın salmağa başladı.
Münbit
torpağına düşdüyünü hiss eyləyən
Mayıl özünü sənətə həsr etməyi qərarlaşdırmışdı.
Bütün operalara təkrar-təkrar baxır,
özünün hansı rola girə biləcəyini müəyyənləşdirirdi.
Günlərin bir günüsə bəxti gətirdi.
Qəflətən xəstələnmiş
ifaçının yerinə Zeyd rolunda səhnəyə
çıxışı oldu. (Demək olar ki, gəldiyi
gündən bütün rolları ifa eləməyə
çalışmışdı).
Məşhur bəstəkar və dirijor yeni Zeydi heyrətlə
qarşıladı. Tamaşa sonrası ətrafındakılardan
soruşası oldu:
- Bu Zeyd kim idi, tanımadım. Həmin
rola səsiylə yeni təravət gətirə bildi.
Tale, həmin kəlmələrin qulaq şahidinə həmin
gün, bir çoxunun pərdəarxası sevgilisinə
dönmüş Lətafəti də çevirmişdi. Baş rollara doğru ayaq
döydüyü zamanlar həmin yaşlı adamın da başına
dönməli olmuşdu. (Həmin başa
dönmədə baş dirijorum kabinetində səsiylə
yox gözəlliyi ilə həmin adamın uyumuş hisslərini
oyatmağından ibarət olmuşdu).
İlk dəfə gördüyü zaman həmin cavan da
Lətafətə, sanki dağ havası gətirmişdi. Həmin
havadan da ürəyinin dərinliyində bənövşə,
nərgiz ətrinə bələnmiş rəğbət
hissi yaranmışdı.
Elə həmin
rəğbət də Lətafətə həmin kəlmələri
söylətmişdi:
- Bizdə
yanğınsöndürən işləyir. Sənət
üçün özünü yandırmaq istəyənlərdəndi.
Baş dirijorda həmin "pərvanənin" ona
baş çəkməsini istəmişdi.
- De ki,
şlanqını yana qoyub,
boğazını yanıma gətirsin.
...Otağına
əyilə-əyilə girən qəddi-qamətli
oğlanın həmin tövründən
xoşlanmamışdı.
-
Çıx, yenidən otağıma şahanə şəkildə
təşrif gətir.
Mayılın
şahanə gəlişi həmin sənət fədaisinin qəlbində
bir arzu cücərtmişdi: deyəsən, tale səhnəmizə
yeni bir Şah İsmayıl göndərir.
- "Şah İsmayıl" operasıyla
tanışlığın varmı?
-
Bütün operaların bəyəndiyim rollarını...
- Həmin
operadan ən şah ariyanı səsləndir.
Və ilk
dəfə səsiylə baş dirijorun kabinetində bir
yanğınsöndürən öz sənət atəşini
saçmağa başlamışdı...
- Kifayətdi.
Mənim çubuğum sənin
şlanqından deyil, yanıb-eləsən su axıtmayacaq.
Həmin
zamandan tale Mayılı bir ağ, o biri
qara iki qoça əyləşdirdi. Yəni həyatda
biri bəyaz, o birisi siyah iki rol oynamağa başladı.
Gündüzlər ağ qoçu
(köhləni demək daha yaxşı olar) üstə ən
məsuliyyətli sənət adamı önündə
Şah İsmayıl rolunun məşqlərinə
başladı. Qaş qaralan zamanlar qara
qoçunun (qatırının) üstə ən şərəfsiz
səfərlərini başladı. Bu da
xeyirxahı Yelmara şərəf borcunu şərəfsizcə
ödəməyindən ibarət oldu. Hər
zəngindən sonra Lətafəti onun kirayələdiyi
otağa aparası oldu. Və hər dəfə
də həm özünə, həm Lətafətə
baxıb görünməz bir atəşlə
alışıb-yanır, qara qoç üstə özü
boyda qara kösövə dönürdü. Düşdüyü yola özü də
obaşdanlar, vicdanıyla üz-üzə qalanda lənətlər
yağdıran Lətafət hər Mayılla görüşəndə
özünün məsum günləri içinə
düşməyə çalışırdı. Taleyinin də ona rəhmi gəlib qrimsiz günlərinin
sir-sifətinə bənzər bir sima bəxş edirdi. Bütün bunlar da qızın Mayıla biganə
olmamasından irəli gəlirdi.
Əslində, Mayıl qıza təəssüflə
baxsa da, özündən asılı olmayaraq onun
qayğısına qalmağa çalışırdı. Həmin
qayğı, düzdü, onun xam xəyallarından
yaranırdı. Zümrüd
quşları həmin xəyalın qanadlarında
qızı, qoyun-quzu otardığı bir yaylağın
gülü, otu qurşağa çıxan bir yaylağına
aparırdı. Orda kənardan göz qoyub
bir leysan gözləyirdi.
Yağmur altda qoyduğu qıza rəhmi gəlmirdi. Buludlar
çinədanını boşaldana qədər onun bu sayaq
çimməsini, bütün günahlarını
yumasını, suç qrimlərindən xilas olmasını
gözləyirdi. Qızın
özünün də bu yağış ürəyindən
olurdu. Göyqurşağı doğana qədər,
özü də, sanki yenidən doğulmaq istəyirdi.
Hətta qurşanmaq istədiyi zaman qızın özü bəstələdiyi
kiçicik arıyanı da eşidirdi:
Ağırlığım,
uğurluğum
Bu sərt, qəlbi daşlara.
Bütün
xain gözlülərə,
Cümlə qəlbi daşlara.
Hər dəfə də ovçusuna, tazıvari
şikarını təhvil verəndən sonra, özü Lətafətin
gözlərinin qapqara leysanına düşürdü. Hər dəfə
də Yelmar cibinə pul basıb, özünün başqa
yağışını başladırdı. Bulaqbaşı məclislərdə tüpürcəklə
alnına yapışdırılan onluqları yada
salırdı.
Bu dəfə
yazıq Mayılın üstə Yelmarın pulları
sayısı tüpürcək yağırdı...
Günlərin bir günü Allahının
yazığı gəlib Mayılı dünyanın ən lənətli
yağışından xilas eylədi. Üstəlik,
talesiz bir qız vasitəsilə üzündən
tüpürcəkləri silməyə
çalışdı. Həmin gün, həmin
bərədə onları ceyran ovçusu
qarşılıyası olmadı. Demə,
təcili ezamiyyətə gedibmiş. Lətafət
Mayılı içəri dəvət etdi. Miz üstü eyş-işrət öncəsi nemətlərlə
bəzənmişdi.
Qız donub qalmış (daşlaşmış)
Mayılı səsinin sehriylə xilas etməyə
çalışırdı.
- Otur
görək, ay yetim.
Həmin sehr oğlandan yan ötdü (qulağına
"Yetim segahı" sədası gətirdi).
Bu dəfə Yelmarı əvəz edib kişiləndi.
- Sənə
otur deyirəm.
Mayıl əlacsız yanını stula qoydu və bunu
başqasının paltarını geyinməyi hesab elədi. Lətafət
konyak açıb iki badəyə süzdü.
-
Qaldır içək, görək başımıza nə gələcək.
- Yox-yox,
dilimə vura bilmərəm.
-
İçməsən mən tək, sənin və
özümün, iki zənənin sağlığına
içəcəyəm...
Həmin
kəlmələr donub qalmış oğlana don geyindirdi. Özünü zənənlikdən xilas eləmək
üçün içkini başına çəkdi.
Bir az hallanandan sonra qızın tikanlı
kəlmələri eşidildi.
- Eşitmişəm Bədəlbəy səni Şah
İsmayıl roluna hazırlayır. Xəbərin var ki,
tamaşada Ərəbzəngini mən oynayıram.
-
Tamaşalarına baxmışam da, orda əsl kişi qızısan.
Mayıl özü də bilmədən Lətafətin
yaralı yerinə toxunmuşdu. Qız da öz söz
güləşinə başladı.
- Məni
kişi qırığından mühit
salıb, yıxıb. Bilmirəm sən necə
bu gününlə şah rolunda oynayacaqsan.
Sözünün gerisini saxladı. Amma Mayıl
eşidə bildi; Güləşəngi səhnəsində
bir iki bacıdan ibarət olmayacaqmı?
Həmin gün xeyli içdilər. Ağrıları
hesabı içki onlara, sanki təsir etmirdi. Onlar içlərinə şəfa toxumu səpir, o
da alınlarında xəcalət tərləri bitirirdi. Bədənlərindən canları yox,
günahları çıxır, yazıqları
yüngülləşdirmək istəyirdi.
Nəhayət, qız üst paltarını
çıxardı. Bir cüt ağ döşə gedən
yol görünüb şəhvət cığırına
çevrildi.
- Yaman
istiləşdim, bəlkə məni yelpikləyəsən.
İçki və həya Mayılı yerinə
yapışdırmışdı.
- Onda mən
Əsliyə dönüb, özümün də, sənin də
cızdağını çıxardacağam.
Bu dəfə qız üst paltarını
çıxarıb iki döşdən şəhvət şəlaləsi
yaratdı. Və bir cüt dodaq Mayıla doğru uzanmağa
başladı. Mayıl güclə söyləyə
bildi:
- Deyəsən,
Yelmarla məni səhv salmısan.
Bu kəlmələr oğlanın həmin sahədə
naşılığından gəlsə də, qızı
neştər kimi yaraladı. Cavabını da
gecikdirməyib şah olmağa çalışan gədəni
yıxıb-sürümək istədi.
- İstəyirəm
sən də bir dəfə kişi olasan,
yoxsa elə ömrü boyu kiməsə baş tutmaq istəyirsən?
Sonra sözə ehtiyac qalmadı. Şüur və iradələr
ağ bayraq qaldırdı. Bədənlərin
cazibə qüvvəsi işə düşdü. Hisslərin əsirinə çevrilib ibtidalarına
dönəsi oldular. Həmin an, sanki ilk bəndələrdən
ikisi başlarını itirib ilk məhəbbət və
şəhvət dərsi keçirdi.
Yelmar onların məhəbbətindən xəbər
tutdu. Hər ikisinə yazığı gəldi.
Üstəlik, hüquqşünastək, soyuq baş sahibi
kimi məsləhətini də verdi.
- Bizlərdə
belə xım qoyulan ailələrin baş tutmasına
inanmıram. Sənəti buraxıb kəndə
dönmək istəyirsiniz. Amma nə
bilirsiniz bir azdan oralardan bezməyəcəksiniz. Qından çıxıb qına qayıtmaq
mümkün olmur. Heç olmazsa oralarda
keçmişinizi bir-birinizin başına qaxmayın. Məhəbbətinizi yaşatmaq üçün hər
əziyyətə, əzaba qatlaşıb, hər cür
ağrıya-acıya dözün. Nə bilmək olar, bəlkə
o təmiz yerlərdə belə bir məhəbbət də
dağ gülləri, çiçəklərindən əlac
tapıb yaşaya bilər.
...Onlar əl-ələ
verib öncə Əli kişinin hüzuruna gəldilər. Ağsaqqal xeyir-duası və xeyli damazlıq sahibi
oldular.
Mayıl sevgilisini xəyallarındakı taleyinə gətirdi. Və bu dəfə
onu tək buraxmadı. Özgə Lətafətlə
bərabər ən dəli bir leysanın yolunu gözlədi.
...Yağış
altda iki gəncin suyu süzülürdü. Onların
buna ehtiyacı vardı. Dağlar döşündəki
bir yaşıl səhnədə həmin an
Şah İsmayılın Taclısı vardı...
Vaqif Nəsib Sarıhüseynoğlu
Ədəbiyyat qazeti.-
2019.- 28 dekabr.- S.6-7.