Ana, qəbir qonşun
özgəsi deyil
Ana, qəbir qonşun özgəsi deyil,
Tanrının verdiyi butandı, vallah!
İllərnən yolunu gözləyib duran,
İllərnən əlindən tutandı, vallah!
Fani dediyinlə əlbəyaxadı,
Varımız Tanrıdan gələn yoxadı...
Bu qəlbiqırıqlar qəlbiyuxadı,
Gəmisi dəryada batandı, vallah!
Şirin röyadadı, qəfil oyandır,
Canı sıxlmasın işığı yandır.
Sənə qəriblikdə qərib həyandır,
Bir döy qapısını, atamdı, vallah!
Qızım Səyalıya
Gülər gözlərində tapdım xoş günü,
Çəkildi ağrım da, acım da, qızım!
Bu boyda şirinlik tapa bilmərəm,
Dünyanın o biri ucunda, qızım!
Nə möcüzə belə, nə sirr beləcə,
Ruhuma
can verir səsin beləcə.
Nanə
yarpağı tək əsir beləcə,
Ürəyim ovcumun içində,
qızım!
Ayrı
nə diləyim, ulu Tanrıdan,
Odur Yaradan da, odur yarıdan.
Yoxdu bir gileyim ağ gün sarıdan,
Sən də yanımdasan, bacın da, qızım!
Sevginin dilini duyandan bəri
Elə həsrətin də bəs eylər mənə,
Hələ ki, eşqinlə dinə bilirəm.
O dünya, bu dünya, fərqi nədir ki,
Ölsəm də çatmaram sənə, bilirəm.
Nə vüsal görmüşük,
nə kam almışıq,
Yazdığım bir yarpaq şeirdi
sənə.
Ölüb getməyimmi ovudar
səni,
Qalıb
yanmağımmı xeyirdi
sənə...
Bu zülmət ömürə
nə lazım axşam,
Toranı qovuşur hayandan bəri.
Dünyanın dilini yadırğamışam,
Sevginin dilini duyandan bəri.
Bir azca
Göyçək tellərini oxşamaq
hədər,
Yel olub üstündən əsəm
bir azca.
Bir azca sevincsən, bir azca kədər,
Bir də
Allah bilir nəsən,
bir azca.
Bizə
qismət yazan haqdan küsmüşəm,
Dünyanı sevdiyim vaxtdan küsmüşəm.
Mən öz taleyimdən çoxdan küsmüşəm,
Necədi, səndən də küsəm bir azca.
Yüyürüm dumana, sisə deyirsən,
Mətləbi nə yaman qısa deyirsən...
Deməyə-deməyə nəsə deyirsən,
Nolar, deyə-deyə
desən, bir azca.
Göndərir
Qızlarım Gültac və
Səyalıya
Elə mən də sizin kimi kövrəyəm,
Gəl ağlayaq,
görərsiniz, eh nəyəm.
Üstü-başı, dərdi-səri
köhnəyəm,
Fələk vurur hərdən dişə, göndərir.
Ömür buymuş, yol qalmadı varmağa,
Bərə handa, özüm düşdüm qarmağa.
Ürək dağı... Meylim
yoxdu yarmağa,
Nə olsun ki, gahdan tişə
göndərir.
Kəsməyiblər, kəsilibdir amanım,
Nəyim
var ki, nə
gizləyim, nə danım...
Bu ömürə nabələddi
sarvanım,
Öldürmür ki, taxıb şişə göndərir.
Boyu batsın buxunumun-boyumun,
Çaşıb qaldım yarısında oyunun.
Gözləmir ki, külə dönüm, soyuyum,
Elə məni
bişə-bişə göndərir.
Bir ömürə həmdəm
oldu bu ahlar,
Eh nə danım, şiriniydi günahlar.
Üzümüzə hər açılan sabahlar,
Sizi dərsə,
məni işə göndərir.
Sənə deyiləsi ürək
sözlərim
Ağlımmı çoxuydu onda,
sən Allah,
Onda xoşa gələn
boyummu vardı...
Boyum gödək oldu, indi ağlım az...
Dünya
dəyişmədi məni
sevəndə,
Məni sevməsən də dünya dağılmaz.
Nə yazım indi mən, aramız sərin,
Gözlərim yollardan yığışmaz
daha.
Sənə deyiləsi ürək
sözlərim,
Əl boyda kağıza sığışmaz
daha.
Daha qənşərinə bağlanır
yolum,
Qırılır, sökülür adam içindən.
Demişəm sevirəm, deməmiş
olum,
Minnətə əl atma adam içində.
Guya ulduz olub çəkildik
göyə,
Bacarsan indi tap, orda hansıyıq...
Təsəlli axtarma yaşayaq
deyə,
Dünyada o qədər ölüm-itim
var -
Hərəmiz birinə qoşulasıyıq.
Vədəli qismətə sığınammadıq,
Qoşa gəlməyin də bəlası varmış.
Ürəyə axmağın, qəlbə
yatmağın,
Xoşa gəlməyin də bəlası varmış.
Nə yazım indi mən, aramız sərin,
Gözlərim yollardan yığışmaz
daha.
Sənə deyiləsi ürək
sözlərim,
Əl boyda kağıza sığışmaz
daha.
Yeriydi
Qaçdım arxasında köçüm
yetmədi,
Çölüm parçalandı, içim
yetmədi.
Onsuz da pozmağa gücüm yetmədi,
Qismət yollarıydı, tale yeriydi.
Gözlərə gəlməyən röyasan
dedi,
Tapmazsan,
təzədən arasan
dedi.
Cəmisi
ikicə misrasan-dedi.
Vallah, bir şirincə nalə yeriydi.
Yüz
"şər"dən keçmişəm
bu "şər"ə
kimi,
Saldılar düşməzə-düşərə
kimi...
Demədim... Yandırsın məhşərə
kimi,
Dərdimi deməyin əla yeriydi.
O sevgi
Bir para ağrı var səndən ömrümə,
Vallah, ağrını
da çəkmək hədərdi.
Məhəbbət gəlsəydi sənnən
ömrümə,
Elə səninlə
də çıxıb
gedərdi.
Gözümüz açılıb dünyaya
birgə,
O səhər tutmuşdum üzünü sənə.
Yaxşı ki, vaxtında küsüb getmisən,
Çaşıb deyəcəkdim düzünü
sənə.
Keçdin ürəyimdən ayağı
yalın,
Keçdin, bu aradan yad
keçməmişdi.
Onsuz da kimisə sevməli idim,
Mən səni
sevməyə and içməmişdim.
O sevgi min ilin toyundan gəlir,
O sevgi o yerin suyundan
gəlir.
Babam da beləcə sevdi nənəmi,
O sevgi kökümdən-soyumdan
gəlir.
Bir para ağrı var səndən ömrümə,
Vallah ağrını
da çəkmək hədərdi.
Məhəbbət gəlsəydi sənnən
ömrümə,
Elə səninlə
də çıxıb
gedərdi.
Bir gör neyniyirsən...
Zülümmü əlini üstünə
çəkmiş,
Bu nə dərd yüküdü...
... Gözlərin aydın.
Tanrı
bu çiçəyə
ömür verməmiş,
Əvvəl taleyini düzüb qoşaydın.
Qorxur ki, yerisə, yer çökə birdən,
Bu yandan göylər
də uça üstünə.
Tərpədə bilməyir ömrü
yerindən,
Açılan qollar yox, qaça
üstünə.
Görən, tezmi düşər
güzarın bəri,
Bir gör neyniyirsən...
Bir düşün, Allah!
Tez götür üstündən
bəd nəzərləri,
Əlinə keçməsin qurd-quşun,
Allah!
Yandırır dağları, daşları
ahı,
Yarəb,
bundan betər pərişanmı var...
Bizə
sən yazırsan bəxti, İlahi,
Sənin
də işinə qarışanmı var...
Bir gör, neyniyirsən, sıxılır hava,
Sənin ki, fərmanın, əmrin əlində.
Getməyə yeri yox, qalmağa yuva,
Bu çiçək karıxıb ömrün
əlində.
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.9.