Səma mələyi...
Hekayə
...O
qız çox gözəl idi. Allah onu, elə
bil özü üçün yaratmışdı. Bütün məharətini, sevgisini, sanki bu
qızın gözəlliyinə həsr etmişdi. Uzun
boyu, cazibədar görkəmi, bir baxışıyla ürəklərə
dərd salan iri, qara gözləri, quş pətənəyinə
bənzəyən al-qırmızı dodaqları, alma kimi
qıpqırmızı yanaqları, dağ çayı kimi
şırım-şırım şırımlanıb
kürəyinə səpələnən gur, qara
saçları, enli sinəsindən köynəyinin
yaxasını dikəldən döşləri, o qızı
göydən enmiş bir səma mələyinə bənzədirdi.
Onu görən kişilər evləndikləri
qadınları sarıdan nə qədər bədbəxt
olduqları barədə düşünürdülər.
Qız isə, onun dərdindən ölənləri,
sanki görmürmüş kimi öz sirli, sehrli aləmində
idi. Heç kəsin qəlbinə dəyməz,
yan-yörəsində olan, onunla maraqlananlara isə
mehribanlıq göstərərdi. O, gözəl olmaqla
yanaşı, həm də çox ağıllı,
qürurlu bir qız idi. Bu xasiyyətinə
görə onu tələbələrin hamısı sevirdi, hətta
subay, cavan müəllimlər də.
Universitetin
dördüncü kursunda oxuyarkən hamını təəccübləndirən
bir hadisə baş verdi. Kimsənin
yuxusuna belə girməyən bu hadisə
çoxlarının hıçqırığını
içində qoydu. İradənin Cəlal
adlı bir oğlanla görüşdüyü xəbəri
yayılanda, çoxları Allahın bu qıza ağıldan
başqa hər şey verdiyinə inanmaq istəyirdi.
İradənin sevib, könül verdiyi Cəlal adlı
oğlan, onu sevənlərin və dərdindən ölənlərin
yanında çox aciz və gülməli
görünürdü. Yarı-yaraşığı olmayan bu
oğlan, bu hadisəyə qədər heç kəsin diqqətini
özünə cəlb etməmişdi. Birdən-birə
belə bir söz-söhbətin yaranması, doğrudan da,
çoxlarına qəribə gəldi və Cəlal az bir vaxtda barmaqla göstərilən bir adama
çevrildi.
Dördüncü
kursun başa çatmasına az
qalmış İradə ilə Cəlal nişanlandılar. Qurbağa gölünə daş atılmış
kimi hamı sakitcə öz içinə çəkilərək,
bu cütlüyün gələcək taleyinin necə
olacağıyla maraqlanırdılar. Sinələrinə
çalın-çarpaz dağ çəkilmiş İradəni
sevənlərin qəlbindən qəribə də olsa, qara
fikirlər keçirdi... Bu fağır və aciz bəndələrin
ürəklərindən keçənləri Allah duyduqca, o
da gülümsəyirdi... Çünki
Allahın özünün də bu qızdan xoşu gəlirdi
və xoşu gəldiyi bəndəsini də həmişə
sınağa çəkər Allah, - deyirlər.
Bu hadisənin üstündən bir müddət vaxt
keçmişdi, gənclər toya
hazırlaşırdılar. Toy günü də
artıq dəqiqləşdirilmişdi. Elə bu zaman qəribə
bir hadisə baş verdi. İradənin
könül verdiyi Cəlal həyətlərindəki qoz
ağacından yıxılaraq onurğasını
qırdı.
Bu xəbər İradənin dərdindən ölənlər
üçün elə də bəd xəbər olmadı. Amma İradə
üçün bu xəbər dünyanın sonu kimi
göründü... Sevdiyi bir adamın bu hala
düşməsi qızın dünyasını alt-üst
etdi. O, bütün varlığıyla ağrı
içərisindəydi.
Cəlalın aparılmadığı xəstəxana,
göstərilmədiyi həkim qalmadı. Hara
apardılarsa, bu xəstəliyin sağalmaz olduğunu, Cəlalın
ömürlük şikəst qalacağını söyləyirdilər.
Ümidsizlik ailələri yaman pərişan etmişdi. Hər iki tərəf
məyus idi. Onlar bu ağır hadisənin
sonunu ancaq nişanın qaytarılmasında
görürdülər. Hətta Cəlalın
özü də taleyi ilə barışaraq, nə qədər
ağır da olsa, İradənin başqa birisiylə ailə
quraraq xoşbəxt olmasını istəyirdi.
Son söz isə İradənin idi. Onun
atacağı addım bu məsələni kökündən
həll edəcəkdi. O, hamıya bu sözləri dedi:
- Mən Cəlalı sağ, salamat olarkən sevib, ona
könül vermişəm. Onu bu vəziyyətdə
tərk edib gedə bilmərəm. Bu mənim
üçün böyük bir günah olar. Bu
günahımı bundan sonra heç kimin ocağına, hətta
ölsəm qəbir evimə belə daşıya bilmərəm...
Mən həmişəlik onunla, mənim üçün
hamıdan istəkli olan Cəlalımın yanında
qalacağıma qərar verirəm!..
Qızın
bu sözlərindən sonra hamı susdu... Təkcə
İradənin anasının əllərini ağzına təpərək
sevimli qızının gələcək bədbəxt taleyi
üçün hıçqırtıyla ağlayaraq fəryad
qoparmasının şahidi oldular.
Toy günü təxirə salınmadı. Təyin olunan
gün dəvət olunan qonaqlar hamısı toyda iştirak
edirdilər.
Toy günü, əlil arabasında oturmuş, bəylə
yanaşı duran bu məğrur qızın sevgisi lap filmlərdəki
kimi hamını kövrəltmişdi. Göz
yaşlarını saxlaya bilməyənlər də vardı.
Amma ağ gəlinlik paltarında su
sonası kimi görünən İradə çox xoşbəxt
görünürdü.
Vaxtilə İradəni sevənlərdən də toyda
iştirak edirdilər. Onlar özlərini əlil arabasında oturan Cəlalın
yerində hiss edə bilsələr də, İradənin
onların yanında dura biləcəyini təsəvvürlərinə
belə gətirə bilmirdilər. Çünki
o boyda sevgini duymaq onlar üçün, doğrudan da,
çox çətin idi.
Toy günündən sonra İradə Cəlalın həm
həyat yoldaşı, həm də qulluqçusu oldu.
Bir addım belə ata bilməyən Cəlal,
ömrünü, gününü əlil arabasına, bir də
onu canından çox sevən İradənin
qayğısına bağladı. - Sevgi, istək olan yerdə əlil
arabası dünyanın möhtəşəm saraylarından
da uca və rahat görsənir adama, - deyirdi Cəlal.
İllər sürətlə gəlib keçirdi. Bu ötüb
keçən illər insanlara çox şeyləri unutdurdu.
Təkcə, İradə bu həyatın hər
ilini, hər gününü və hər dəqiqəsini əlil
arabasında ömür sürən həyat yoldaşı ilə
birgə yaşadı. Bu illər ərzində
həyat ondan hər şeyini, sevincli günlərini, xoşbəxtliyini,
hətta qadınlığını əlindən alsa da, bircə
iradəsini sındıra bilmədi, sevgisini əlindən ala
bilmədi. O, xoşbəxtliyini sevdiyi adamın
yanında olmaqda, onu yaşatmaqda, onunla birgə bu həyatı
yaşamaqda tapdı... Amma çoxlarının yaşaya bilməyəcəyi
ağrılı bir ömür bahasına...
İradənin
qrup yoldaşları hər il may ayında
bir yerə toplaşar və keçmiş tələbəlik
illərini yada salardılar. Bu görüşdə
təkcə İradə ilə Cəlal iştirak edə
bilmirdilər. Xəbər-ətər
tutanda da bildirirdilər ki, bu halımızla sizi narahat etmək
istəmirik.
Uşaqlar onları başa düşürdülər və
çoxlarına da elə gəlirdi ki, İradə
utandığından onlarla görüşmək istəmir. Necə olsa
axı, heç kəsi bəyənməyən bir qıza,
indi əlil arabasında, vaxtilə hamıdan üstün
tutduğu birisini öz əlləriylə ora-bura sürümək
utanc gətirirdi, - düşünürdülər. İradə isə susaraq öz ağrılı həyatını
yaşayırdı. Onun çəkdiklərini
özü kimi heç kəs duya biməzdi, Çünki
özgə ölüsü adama yatmış kimi
görünür, - deyirlər.
Tələbə
yoldaşları ali məktəbi bitirməyin
30 illiyinə hazırlaşırdılar. Kim isə
təklif etdi ki, budəfəki görüşü şəhərdə
deyil, İradə ilə Cəlalın yaşadığı
rayonda keçirsinlər. Zarafat deyil, otuz
ildən bəri görmədikləri dostları üçün
bu, gözlənilməz və sevindirici bir hadisə
olacaqdı, uşaqlar düşündülər.
Hamı bu təkliflə razılaşdı. Vaxt təyin
olunan gün keçmiş tələbə dostları
yığışaraq o məkana getdilər. Bu qəfil gəlişdən nə İradənin, nə
də Cəlalın xəbəri yox idi. Dostları
bu gözlənilməz görüşü onlar
üçün bir sürpriz etmək istəyirdilər.
Hər şey məxfi şəkildə
hazırlanmışdı. Onların gəlişindən
heç kəs xəbər tutmamalıydı.
İradəgilin yaşadığı rayona çatanda
uşaqlar mer-meyvə almaq üçün qəsəbənin
bazarına daxil oldular. Bazarın girəcəyində uşaqlardan kim isə əlini dodaqlarının
üstünə qoyub - bir dəqiqə ayaq saxlayın! - dedi.
Hamı ayaq saxladı. Həmin adam
barmağını onlardan on beş-iyirmi metr kənarda
göy-göyərti satan bir qadına tuşlayıb dedi: -
Uşaqlar, bu İradə deyilmi?!
Hamı onun göstərdiyi istiqamətə baxdı. Uşaqların
çoxu onu tanıdı, tanımayanlar isə bir qədər
keçəndən sonra həmin qadının İradə
olduğunu təsdiqlədilər.
Saçları ağarmış, olduqca yaşlı
görünən İradənin bu halı hamının
ürəyini ağrıtdı. Onlardan kim isə,
tam yəqinlik etmək üçün yaxınlıqda
şor, pendir satan yaşlı qadından soruşdu:
- Xala, o
qarşı tərəfdə göy-göyərti satan qadını tanıyırsanmı?!
Qadın əlini
gözünün üstünə qoyub, deyilən tərəfə
baxdı və:
- Əlbəttə, tanıyıram. Bədbəxt
İradədir də. Əri şikəstdir,
araba möhtacıdır. İnstitutu qurtarıb e... Mən şor, pendir satıram, o da göy-göyərti.
Daş belə dünyanın başına düşsün,
görüm, - deyə yaşlı qadın gileyləndi. - Amma
bilirsiniz necə gözəl qız idi bizim rayona gəlin gələndə?
Adam ona baxanda ağzının suyu
axırdı. İndi də çox mərifətli
gəlindir, qaynanası onun başına and içir. Elə biz bazarda oturanlar da onun xatirini dünyalar qədər
istəyirik. Tikansız adamdır.
Adamın belə gəlini ola, yoxsa mənim
matişkə gəlinlərim kimi... Ərləri
yağ-böyrək içində onları saxlayır, onlar
da məni bazarda, bu toz-torpağın içində oturdurlar.
Evə dönəndən sonra da, qulluqçu
kimi onların zir-zibillərini təmizləyirəm, - deyə
yaşlı qadın acıqlı-acıqlı dilləndi.
Uşaqlar gördükləri mənzərədən
heyrətə gəlmişdilər. Qarşısına bir yığın
göy-göyərti töküb satan
qadının vaxtilə gözəlliyi dillərdə dastan
olan İradənin olduğuna heç kəsin inanmağı
gəlmirdi. Həyat onun gözəlliyinin
üstündə elə bir xəzan yeli əsdirmişdi ki, o
gözəllikdən indi əsər-əlamət belə
qalmamışdı.
Uşaqlar qərara gəldilər ki, İradənin bu
halında ona yaxınlaşmaq onu utandıra bilərdi. Ona görə
də tezcə oranı tərk edib uzaqlaşdılar. Və qərara gəldilər ki, Cəlalın
yaşadığı evi axtarıb tapsınlar.
Yoldan keçənlərin birindən Cəlalı
soruşdular.
- Xəstə,
çolaq Cəlalımı deyirsiniz? - deyə
həmin adam suala sualla cavab verdi. Sonra sualının
cavabını gözləmədən:
- Cəlalgilin
yaşadığı ev,
qarşıdakı döngəni burulandan sonradır. Həm də, əlavə etdi ki, Cəlalın həyat
yoldaşı İradə xanım bazarın girəcəyində
göy-göyərti satır. İstəyirsiniz ona xəbər
edim gəlsin, Cəlalgilin bizə qohumluğu çatır, -
deyə həmin adam əlavə etdi..
Uşaqlar onun təklifinə etiraz etdilər, İradə
xanımı narahat etməməyi qərara aldılar.
Cəlalgilin
evinin darvazasını döyəndə qapıya on
üç-on beş yaşlarında bir
qız çıxdı. Qız çox
yaraşıqlı və gözəl idi. Eynən
İradənin gəncliyindəki gözəlliyi kimi.
- Bura Cəlalgilin evidirmi?! - sualına,
qız adamların çoxluğundan qorxmuş kimi, bir-iki
addım geri çəkilərək:
- Bəli,
bizim evimizdir! - dedi.
- Siz Cəlalın nəyisiniz? - deyə qonaqlardan
kimsə soruşdu.
- Cəlalın
qızıyam! - deyə o gülümsədi.
-
Ananız da İradə xanımdır? - deyə
qadınlardan biri soruşdu.
- Elədir,
anam da İradədir! - deyə qız dilləndi.
Sonra o, qapıdan bir azca aralı çəkilib:
- Buyurun,
içəri keçin, niyə qapıda dayanmısınız?
- deyə yaşına uyğun olmayan bir ərkyanalıqla
dilləndi.
Qonaqlar həyətə keçəndə Cəlalı
əlil arabasında həyətdəki çardağın
altında gördülər. O, bayaqdan qapıya tərəf
boylanırdı. Qonaqları görəndə əvvəlcə
təəccübləndi, sonra isə uzun illər bundan qabaq
gördüyü insanları tanıyanda sevindiyindən
uşaq kimi qışqırdı:
- Ooo!.. Gör kimlər gəlib?
Bu nədir, İlahi, yoxsa məni qara basır?
Gözlərimə inana bilmirəm ki, bu sizsiniz.
Xoş gəlmisiniz, buyurun həyətə,
buyurun. Sonra o, əlləriylə
oturduğu əlil arabasının təkərlərini hərlədərək
qonaqlara tərəf sürdü.
Cəlal hamıyla bir-bir əl tutub, qucaqlaşıb
görüşdü. O sevindiyindən özünü tamam itirmişdi.
-
Keçin, həyətə... Bu lap gözlənilməz oldu
ki... Kaş, xəbər edəydiniz. Adam
belə qəfil gəlməz, axı... Siz məni
lap dəli etdiniz. Özümü tamam
itirmişəm. Bu necə oldu, gərək
xəbər edəydiniz? Sonra o, kənarda dayanan
qızına üzünü tutub:
-
Qızım, yuxarıdan stulları gətir
aşağı... - Xahiş edirəm, oturun, bu dəqiqələrdə
İradə də gəlməlidir. Evə bazarlıq etmək
üçün dükan, bazara gedibdir... Ürəyimə
danmışdı ki, bu gün nə isə bir hadisə
baş verəcəkdir. Görürsünüz, baş verdi də... Bundan da böyük hadisə... Hə
yaxşı oldu, nə yaxşı siz gəldiniz... Vallah, elə darıxmışdıq ki, sizdən
ötəri... - deyə Cəlal sevindiyindən, həm də
həyəcanlandığından bilmirdi ki, nə etsin.
Qonaqlar yerbəyer olub rahatlandılar. Cəlalın anası da həyətə
düşüb qonaqlarla bir-bir görüşdü, onlara
"xoşgəldin" dedi. Arvadın sevincindən
rəngi-ruhu tamam ağarmışdı. Göz
yaşlarını saxlaya bilmirdi.
Sonra Cəlal
qızına tərəf dönüb:
- Sevinc,
qızım, qaç ananı çağır... Denən, dostlarımız gəlibdir, tələbə
yoldaşlarımız, ha, - denən... - Sizin gəlişinizi
bilsə çox sevinəcəkdir. İradə
gözəl insandır, çox gözəl, - deyə Cəlal
kövrəldi.
Sevinc evə keçdi və bir azdan qoltuğunda bir dəst
paltar eşiyə çıxdı. Hətta, qapıdan çıxarkən,
qoltuğuna vurduğu paltarların arasından bir tay qadın tuflisi də sürüşüb
yerə düşdü. O, tezcə əyilib ayaqqabını
yerdən götürdü və qaçaraq getdi...
İradənin qayıtması çox uzun çəkmədi. Həyət
qapısından içəri keçib dayandı və bir
müddət həyətdəki qonaqlara baxdı. Sanki keçmiş tələbə
yoldaşlarından kimin gəlib, gəlməməsini öyrənmək
istəyirdi.
Qonaqlar da dönüb ona baxdılar. Bayaq bazarda
gördükləri İradə idi, amma indi bir azca fərqli,
üst-başına azacıq əl gəzdirmişdi. O,
bir müddət beləcə darvazanın yanında donub
qaldı.
Sonra əlləriylə üzünü qapayaraq
hönkürdü.
Gələn qonaqların hamısı ayağa qalxıb
ona tərəf irəlilədilər. İradə bir-bir
onlarla qucaqlaşıb görüşdü. Bəzi dostlarının adını səhv
saldığına, yaxud da unutduğuna görə təkrar-təkrar
onlarla görüşüb, üzrxahlıq edirdi. Neynəsin,
zarafat deyil, son görüşün üstündən nə az, nə çox, düz otuz il
keçmişdi...
Dərd-sər unudulmuşdu, hamı deyib-gülür, tələbəlik
illərinin unudulmaz xatirələrindən
danışırdılar. Cəlal da çox
şən idi, deyib-gülür, uşaqlarla
zarafatlaşırdı. Hamı Cəlalı
tərifləyirdi, ondan danışırdı. Axı, necə olsa, o, tələbəlik illərinin
qəhrəmanı, Ağatlı oğlan idi. Çünki İradə hamının içindən
onu seçmişdi. O, İradənin seçdiyi bəxtəvər
oğlan idi...
İradə
də kövrəlmişdi... O, nəzərlərini tələbə
yoldaşlarının üzünə dikərək,
onların cavanlıq çağlarını
xatırlamağa çalışırdı. Ona görə
heç nə dəyişməmişdi, sadəcə,
hamı bir az yaşlaşmış və
müdrik görkəmdə idilər. Bircə,
onun yaddaşına narahatlıq gətirən əri Cəlalın
oturduğu əlil arabası idi. İradə
bu əlil arabasını xatırlaya bilmirdi. Axı o, tələbə
çağlarında, o qaynar gənclik vaxtlarında bu əlil
arabası onların arasında yox idi...
İradənin qayınanası qonaqların gəlişinə
çox sevinirdi. Bayaqdan özünü oda-közə vuran
bu yaşlı qadın həyət-bacada dolaşaraq, qonaqlar
üçün çay dəmləyir, yemək
hazırlayırdı. Arabir vaxt tapan kimi
özünü onların içərisinə atır və
dil-ağız edərək qonaqlara
yalvarıb-yaxarırdı.
Yemək yeyilib qurtardıqdan sonra, çay süfrəsi
hazırlandı. İradənin qayınanası Gülzar
arvad elə bil, bu məqamı gözləyirmiş. Ağbirçək nənənin ürəyi dolu
idi, fürsət gözləyirdi ki, bir-iki kəlmə də
o danışsın. Neçə illərdən
bəri ürəyində sirr saxladığı sözləri
açıb söyləsin.
Qonaqlar da bunu duymuşdular, çünki Gülzar arvad həsrət
dolu baxışlarla onları süzdükcə gözlərindən
axan yaş heç kəsin nəzərindən
yayınmırdı. Birdən o, titrək əllərini havada
yelləyərək, sanki qonaqların nəzərlərini
özündə çəmləşdirmək istədi.
Hamı susdu. Nəzərlər
bu ağbirçək ananın üzərində donub qaldı.
O, kövrək səslə:
- Ey,
adamlar, bu sözümü sizə deyirəm, eşidin... Mən bu yaşa qədər gəldim, amma belə
bir qadın görmədim ki, ailəsinə, həyat
yoldaşına bu qədər sədaqətli olsun.
Heç bir gəlin onun kimi ola bilməzdi.
Bu neçə ili o bizim evdə gəlin
yox, qulluqçu oldu. Canını,
ömrünü bizə, mənim balama həsr etdi. Bu otuz ildə o nələr çəkmədi, bunu
siz anlaya bilməzsiniz. Yox, heç biriniz anlaya bilməz
onun çəkdiklərini... O olmasaydı mənim oğlum
indi həyatda yox idi. Heç biz də yaşaya
bilməzdik. Biz yaşadığımıza,
sağ qaldığımıza və bu günümüzə
görə İradəyə borcluyuq. - Sizə bir sirr
açım, - deyə arvad üzünü qonaqlara tərəf
tutub dedi:
-
Gördüyünüz o qız İradənin qızı
deyil, böyük oğlumun qızıdır. İradə
onu doğulan gündən qızlığa
götürübdür. Qohumlarımız
və bizi tanıyanlar elə bilirlər ki, o qızın
anası İradədir. Qızın
özü də elə bilir ki, onun anası İradədir.
Bu barədə ona heç kəs bir söz deməyibdir.
Amma sizə deyəcəyim sirr bu da deyil... Sirr odur ki, İradənin
özü də qızdır... O, bu evə necə qız gəlmişdisə,
indinin özündə də o cür qalıb, bakirə
olaraq... - Görmüşdük ki, qızlar ata evində
qalıb qarıyırlar. İradə isə ər evində
qız olaraq qarıdı... Biz onun
günahlarına batmışıq, adamlar, siz bunu bilirsinizmi?!
- deyə ağbirçək ana
hıçqırdı...
Ananın bu sözləri gələn qonaqların
qulağında ildırım kimi çaxdı. Hamı təəccübdən
içini çəkərək donuq baxışlarla İradəyə
baxırdılar. İradə isə əlil arabasında
oturmuş həyat yoldaşına sığınaraq xəfifcə
gülümsəyirdi... O bu halında elə gözəl
görünürdü ki, sanki göylərdən enmiş bir
səma mələyi idi...
Meyxoş Abdullah
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.14-15.