Sirr
Hekayə
Külək
qanadlarında qar qoxusu gətirirdi.
Bu şəhərdə
baş verən hadisə və əhvalatlar başqa şəhərlərdə
təkrar olunmazdı. Sakinlər deyirdilər ki, xəritə
və qlobusda bizim şəhərdən başqa bu adı
daşıyan şəhər yoxdur, bu səbəbdən də
burda olan hadisələr ayrı yerdə baş verə bilməz.
Bəziləri bu fikri rədd edirdilər:
- Ay
camaat! Bu nə sözdü danışırsuz? Xəritənin,
qlobusun belə şeylərə nə dəxli var? Bizim əraziyə
hadisə və əhvalatları gətirən küləkdü,
külək! Külək bizə aid olan hadisələri burda
saxlayır, qeyrilərini aparıb öz ünvanlarına
çatdırır. Vəssalam, şüttamam!
Hadisələrin
ərazilərə paylanmasında küləyin rolunu heç
kim inkar etmirdi. Lakin yaşa dolmuş, təcrübəli
adamlar külək barəsində öz əlavələrini
edirdilər:
- Bəli!
Bu düz fikirdü. Ancaq küləknən külək
arasında fərq var. Bunu bilmək lazımdu. Misal
üçün, şimal küləyi çox murdar,
Allahsız küləkdü, mərdimazardu, insan əhlinün
düşmənidü. Bu küləy yolunu azıb elə
üfunətli, ürəkbulandıran hadisələr gətirir
ki, adamun başi gicəllənir, qarnı sancılanır,
cürbəcür xəstəliklərdən, faciələrdən
gün-güzəranı cəhənnəm əzabına
dönür.
Bu ifadələrə
etiraz edən olmurdu. Şimal küləyi həqiqətən
də nifrətəlayiq idi. Bu külək Allahın ona
göstərdiyi yoldan üz döndərib, İsa peyğəmbərin
vəsiyyətinə əməl etməyərək,
özü seçdiyi yollarla uçurdu. Müdriklər bunun
səbəbini belə izah edirdilər:
-
Şimal küleyi doğulduğı yerlərin soyuğundan
qızınmaq üçün hər nə oldı
içir, sərxoş olub yolunu azır, kefli-kefli hadisələrin
yerlərini çaşbaş salır, onları özü
seçdiyi ərazilərə aparır.
Ağsaqqallar,
ağbirçəklər şimal küləyinə
qarğış edərdilər, Allaha yalvarardılar ki, onun
qanadlarını qırsın, onu əsməyə
qoymasın. Bu isə heç bir nəticə vermirdi. Sanki bu ərazidə
baş verən öz hadisələri azlıq edirdi. Şimal
küləyi gözlənilmədən şəhərə və
onun ətrafına birdən elə iyli-qoxulu, natəmiz, qan-qan
deyən hadisə gətirdi ki, şəhər camaatı bu
günə kimi ondan təmizlənmək üçün nə
hamam tapa bilirdi, nə də kisəçi. Bu zəhrimar hadisədən
əmələ gələn əhvalatların sayını təyin
etmək mümkün deyildi. Onların çoxunu insanlar
yaddaşında saxlaya bilməmişdilər və az bir vaxt
keçəndən sonra unutmuşdular. Bəzi əhvalatlar isə
ağızlardan qulaqlara, qulaqlardan da ağızlara keçib,
adamların xatirində qalmışdı. Beləliklə, gəlib
bizə də çatmışdı.
Ulduzlar o
qədər yerə yaxın idi ki, daşla vurub yerə salmaq
olardı. O, düşünürdü ki, külək
İlahəsi ağrılarına məlhəm sürtür.
Ona elə gəlirdi ki, İlahə indicə əlindən
tutub göylərə qaldıracaq. O, küləyin mənşəyinə
bələd idi, bu xırdaçı, deyingən adamlar kimi
küləyin qarasınca deyinmirdi, küləyə
qarğış etmirdi, küləyi sevirdi. Küləklə
oyuncaq kimi oynayırdı. Sevirdi küləyi. Külək
İlahəsi onun qəlbinə sərinlik gətirirdi. O,
küləyin gətirdiyi qar qoxusunu ciyərlərinə
çəkib toxtadı.
Aşağıda
adamlar küləyə arxa çevirib evlərinə çəkilmişdi.
Bir qoca müdrik də əsasını yerə döyəcləyə-döyəcləyə
cavanların başına ağıl qoymaq istəyirdi: "Ay
bala, Allahın küləyüdir əsir,
naşükürlük elemiyün. Küley olmasa, fələyin
çarxı fırlanmaz, bala!".
Cavanlar
susub fikrə daldılar. Düşündülər ki,
küçənin tinində büzüşüb oturmuş
bədheybət məxluq görəsən, fələyin
çarxından yıxılıb bura düşüb? Onu məhəllədə
heç kim tanımırdı. Elə bil ağzı
bağlı dolu torba idi, kimsə gətirib bura atıb
getmişdi. Külək İlahəsi ona həmin bədheybət
məxluqu göstərdi, dedi ki, bax, o səfil sənin
atandı. Onun dəhşətdən damarında qanı dondu,
"ola bilməz!!!", - deyə var gücüylə
bağırdı. Axı o, atasını tanıyırdı,
atası əliqabarlı, zəhmətkeş fəhlə idi.
Külək İlahəsi onu sakitləşdirməyə
çalışdı və bütün həqiqətləri
onun qulağına fülədi.
"Sən
körpə ikən o əyyaş səni atıb gedib, anan
onun yolunu çox gözləyib, amma o, birdəfəlik qeybə
çəkilib. İndi görürsən, sürünə-sürünə
gəlib ki, səndən halallıq istəsin".
Qoca kəndin
müqəddəs sandığı pirin ikicə
addımlığında idi. Deyilənə görə, ordan əsən
sərin hava, hətta ən ağır xəstələri
gümrahlaşdırır, ən dəhşətli
yaraların ağrısını belə azaldırdı.
Külək bütün gücünü toplayıb qocanı
küncə qısnamışdı. Qocanın bulanıq
gözləri önündə qum burulğanı
yaranmışdı, külək onun pirə gedən yoluna
hasar çəkmişdi. Bu vaxt dəhşətli
ildırım göyü, sanki iki yerə böldü. Gurultu
yeri tərpətdi, tufan bir az da kükrədi və
bütün kəndi bürüdü. Evlər küləyin
və leysan yağışın gücündən
yırğalandı. Nəhəng ağaclar kökündən
qopurdu, quşlar qaralmış səmada fırfıra kimi
fırlanırdı. Tufan evləri, ağacları göyə
qaldırdı. İnsanlarla birgə heyvanlar da tük kimi
havada uçurdu. Külək damları qoparıb
atırdı. Bircə müqəddəs pir möhkəm
dayanmışdı, qımıldanmırdı. Nəhəng
qayaların iradəsi sarsılmışdı, onlara hələ
bu cür güc gələn olmamışdı, onlar da yerindən
qopmaq üzrəydi. Qasırğanın təkcə pirə
gücü çatmırdı. Külək piri
tanıyırdı, pir küləyin qəzəbinin səbəbindən
agah idi. Külək qocadan oğlunu gizlətmək
üçün onu qanadlarına alıb lap yuxarılara
qaldırmışdı. Oğlu ucalarda idi, lap ucalarda.
Qocanın başını qaldırıb yuxarı baxmağa
gücü qalmamışdı. O, elə
büzükmüşdü ki, sanki dovşan ilan
görmüşdü. Camaat bu fəlakətə görə
onu lənətləyirdi, "kəndə bəla onunla gəldi,
rədd olub getsin buralardan!" deyirdilər. Uşaqlar
böyüklərin qəzəbini daş-kəsəyə
çevirib ona tolazlayırdılar.
Oğlanın
anası bütün gecəni üzünü pəncərəyə
söykəyib oğlunun yolunu gözlədi. Külək
qapını kilidləmişdi, ananı çölə
çıxmağa qoymurdu. Külək ananı qoruyurdu, səhər
tezdən madar balasını ona qaytaracaqdı. Ana küləyin
dilini bilmirdi, küləyə düşmən gözüylə
baxıb onu qarğıyırdı.
Bir
anlığa ananın gözləri yumuldu, gözlərini
açınca pəncərədə ağappaq səhər
gördü. Qapının səsinə cumdu, oğlu gəlmişdi.
Külək İlahəsi ananın sirrini
açmışdı. Ana oğlunun üzünə baxan kimi
hər şeyi anladı. Tez çölə
çıxdı ki, küləyi yamanlasın, küləkdən
əsər-əlamət yox idi. Ağaclar da əvvəlki
yerində idi, adamlar da yuxudan yenicə oyanırdılar. Bircə
o, yox idi.
Külək
küçənin tinindəki günah torbasını da toza
döndərmişdi.
11 dekabr 2019-cu il
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.17.