Möcüzə
Novella
Oktyabr
ayının axırları olsa da, hava bürkü idi. Bir-iki
saat həyət işləri ilə məşğul olan
Gülbəniz dincini almaq, həm də günorta yeməyinə
hazırlıq üçün evə keçdi. Mətbəxdə
sobanın üstündə olan çaydandan armudu stəkana
çay süzüb divanda oturdu. İkinci qurtumu vurmuşdu
ki, qulağına dəyən səsdən dik atıldı.
Bu səs tıxaca düşən onlarca maşının səsindən
asanlıqla ayıra bildiyi əri Paşaxanın
sürdüyü maşının siqnal səsi idi. O, tələm-tələsik
həyətə düşdü. Paşaxanın
sürdüyü NİVA maşını taybatay açılmış
darvazadan həyətə girdi. Maşından düşən
ərinin ilk addımından kefinin yerində olduğunu
Gülbəniz dərhal tutdu. Paşaxan maşının baqaj
qapısını qaldırıb gülümsər
baxışlarla arvadını süzdü. Gülbəniz
anladı ki, baqajda nəsə var. Maşına tərəf
bir-iki addım atmışdı ki, ördək səsi ətrafı
başına götürdü. Paşaxan arvadının
köməyilə üç cüt ağ ördəyi
maşının baqajından çıxarıb yerə
qoydu, sonra ayaqlarına bağlanmış ipi kəsib həyətə
buraxdı:
- Sağ
ol, ay Paşa. Nə ağıllı iş görmüsən?
Elə bil ürəyimi oxumusan. Onsuz da toyuq-cücənin əziyyətini
çəkirəm də, elə bunları da saxlayaram.
Paşaxan
bu tərifdən məmnun qaldı:
- Arvad, bəs
sən bilmirsən ki, mən sənin ürəyini oxuya bilirəm?
Bax, havalar soyumağa başlayıb. Çox yox, uzağı
bir aydan sonra bu ördəkləri plovaltı edib yeməyin ləzzəti
başqa olacaq.
Ər-arvad
heyranlıqla quşların yanlarını basa-basa həyətdə
gəzişməsinə, qaqqıldamasına bir xeyli tamaşa
etdilər. İlk əvvəl xamlıq edib bir neçə
saniyə ətrafa maraqla göz gəzdirən quşlar get-gedə
həyət-bacaya öyrəşdilər. Gülbənizin yerə
atdığı dəni qaqqıldaşa-qaqqıldaşa
göz qırpımında yedilər. Palçıqlı suda
və torpaqda eşələndilər. İçi su dolu ləyəndə
əməllicə çimdilər. Həyət böyük
olsa da, quşlar evin qabağındakı bağdan uzağa
getmədilər. Hava qaralmağa başlayanda Gülbəniz
quşları daşdan tikilmiş hündür dama saldı.
Paşaxan
yuxudan erkən dursa da, bazar günü olduğundan vərdişi
üzrə yorğan-döşəkdən gec qalxdı. Səhər
yeməyindən sonra bir az nəvəsi ilə oynadı,
televizora baxdı... Günortaüstü dəri gödəkcəsini
çiyninə atıb həyətə düşdü,
gözləri bir gün əvvəl aldığı ördəkləri
gəzdi. Ördəklər bağın yuxarı
başındakı yarıya kimi su ilə dolu ensiz, amma uzun xəndəkdə
idilər. Paşaxan asta addımlarla xəndəyə tərəf
getməyə başladı. Ördəklər sevinc
içində bir-biri ilə bəhsə girirmiş kimi
üzürdülər.
Tövlənin
qapısını bağlayıb evə səmt almış
Gülbəniz ərini günorta yeməyinə
çağırdı. Canında bir yorğunluq olsa da,
Paşaxan yeməyə iştahla başladı. Gülbəniz
sözarası dedi:
- Ay
Paşa, bir az hinduşka da alıb həyətə buraxsan
bir-iki aya əməlli başlı düzələrlər,
yeni ildə nəvələrimizə hinduşka kababı da
verərdik.
Paşaxan
ağzındakı yeməyi çeynəyə-çeynəyə
arvadının sözünü başını tərpətməklə
təsdiq etdi, udqunub gülə-gülə cavab verdi:
-
İnşallah, arvad. Bir də görərsən hinduşkalar
həyətdə qaqqıldaşırlar.
Yeməyi
bitirib üstündən bir stəkan pürrəngi çay
içən Paşaxan dedi:
- Arvad,
gecəni narahat yatmışam, istəyirəm bir az uzanım.
Bax ki, uşaqlar səs-küy salmasınlar.
Paşaxan
yenicə mürgüləməyə başlamışdı
ki, qışqırıq səsinə gözlərini
açdı. Əvvəlcə nə baş verdiyini
anlamadı. Diqqət kəsiləndə səsin Gülbənizin
olduğunu yəqin etdi və özünü tələsik
eyvana atdı. Gülbənizin səsi həyətdən gəlirdi.
- Bu nə
bəladı düşdük? Vay, evimiz yıxıldı.
Bunu hansı əli qurumuş elədi? Səni görüm zəlil
olasan. Səni Allahın bəlasına gələsən.
Paşaxan
eyvanın pəncərəsini açsa da, burdan Gülbənizlə
danışmağa səbri çatmadı və səsini
çıxarmadan pəncərəni bağlayıb həyətə
düşdü. Gülbəniz həyətin ortasında
vay-şivən edirdi. Paşaxan arvadın çiyinlərindən
tutub silkələdi.
- Gülbəniz,
sakitləş. Məni başa sal görüm nə olub?
Gülbəniz
taqətsiz əlini havada oynatmaqla bağın yuxarı
başını göstərdi. Paşaxan işarə verilən
səmtə çöndü və gördüklərindən
bir anlıq donub qaldı. Ördəklər topa-topa qar kimi hərəsi
bir tərəfdə sərələnmişdilər.
Paşaxan gördüyünə inanmırmış kimi
gözlərini bir-iki dəfə yumub-açdı, sonra bunun
həqiqət olduğunu anlayıb taqətsiz halda yerə
çökdü. Ərinin bu halını gözləyirmiş
kimi Gülbəniz ayağa durub ona yaxınlaşdı.
-
Olacağa çarə yoxdur. Balalarımızın, nəvələrimizin
sədəqəsi olsun. Sən dur get evə.
Gülbəniz
səsə təngnəfəs həyətə
düşmüş gəlini Şahzadənin köməyi ilə
ördəkləri yığıb hələ də yerdə
çömbəlmiş vəziyyətdə olan
Paşaxanın bir-iki addımlığında cərgə ilə
yerə düzdü. Paşaxan ördəkləri tərpənməz
görüb kədərli bir səslə dilləndi:
- Arvad, səsini
çıxarma. Quşlar güman ki, daha yeməli deyil, murdar
olublar. Apar bağın başındakı xəndəyə
tulla ki, itlərə yem olsun.
Gülbənizin
yanıqlı səslə ağlamasından Paşaxan da
kövrəldi:
- Ürəyini
sıxma, yenə alaram.
Ərinin
evə tərəf getdiyini görən Gülbəniz ləçəyinin
ucu ilə göz yaşlarını sildi.
- Ay
kişi, gör nə qəşəng tükləri var,
ağappaq, pambıq kimidir. Heyifdir, heç olmasa tüklərini
yolum.
Paşaxan
razılıq əlaməti olaraq başını tərpətsə
də, bir söz demədən evin pilləkəninə tərəf
yeridi.
...Anidən
qulağını çalan qışqırıq səsi
Paşaxanın beyninə ox kimi sancıldı. Hövlnak
yerindən dikəldi. İlk gördüyü otağın
giriş qapısının üstündə olan bəzəkli
saat oldu. Saatın hər iki əqrəbi beş ilə
altı rəqəmlərin arasında idi. Paşaxan
xatırladı ki, ördək əhvalatından sonra hardasa
saat yarıma kimi yerində qurcalanmış, dağı arana,
aranı dağa qatmış, bu hadisənin səbəbini,
daha doğrusu, səbəbkarın kim ola bilməsini
özlüyündə çox götür-qoy etmiş, amma dəqiqləşdirə
bilməmişdi. Bu hesabla hardasa iki saata yaxın da yatmış
olub. Bu düşüncələrə
qışqıırıq səsi son qoydu. "Bu dəqiq
Gülbənizin səsidir" - Paşaxan
düşündü və əsəbi halda yerindən
dura-dura: "- Allah şeytana lənət eləsin! Deyəsən,
arvadın başına hava gəlib," - dodaqaltı
mızıldandı. Bu dəfə eyvanın pəncərəsini
açmadan birbaşa həyətə düşdü. Evin
qabağına tərəf bir-iki addım atmışdı
ki, ayaqları yerə mıxlandı. "Bismillah!
Bismillah!" - deyib yerə çöməldi.
Lüt-üryan halda olan ördəklər bağın
yuxarı başındakı gölməçədə
qanadlarını çırpa-çırpa
üzürdülər.
-
İlahi, möcüzənə şükür olsun! -
Paşaxan əllərini göyə açaraq salavat
çevirdi.
Şoka düşmüş baxışlarla ətrafa boylanan Paşaxan yalnız indi həyətdəki qum təpəsinin yanında yerdə çömbəlmiş Gülbənizin bərəlmiş gözlərlə ona zilləndiyini gördü.
Həmin axşam kəndin əksər evlərində söhbətin əsas mövzusu Paşaxanın həyətində baş verən "möcüzə" idi. Yalnız iki gündən sonra Paşaxanın evinin sol tərəfindəki şərab zavodunda fəhlə işləyən "alkaş" Məminin hırıldaya-hırıldaya kənd çayxanasında dediyi iki-üç cümlə bu möcüzəyə aydınlıq gətirdi:
- Əşşi, nə möcüzə? Şərab
üçün qıcqırdılan üzümün ləti,
qabığı, dənəsi, saplağı tullantı kimi
kanala atılıb. Ördəklər də bu şərab məhsulundan
doyunca "vurduqları" üçün keflənib
özlərindən gediblər. Ayılanda özlərini
anadangəlmə lüt görüblər.
Qafar CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.23.