Hüseyn Cavidin bəzi
şeirlərinin ilk
variantına dair
Mütəfəkkir
ədibimiz Hüseyn Cavid (1882-1941) bədii
yaradıcılığa böyük məsuliyyətlə
yanaşmış, əsərləri üzərində
dönə-dönə işləmişdir. Onun bəzi
şeirlərinin ilk və son variantlarının müqayisəli
təhlili də bunu yəqinləşdirir. Bu məqalədə
ustad sənətkarın "Məktəb" jurnalında dərc
olunmuş bir neçə şeirini kitablarında
oxuduğumuz təkmil variantlarla müqayisədə nəzərdən
keçirəcəyik.
Bakıda
çıxan "Məktəb" jurnalının 21 aprel
1912-ci il tarixli 11-ci sayında Hüseyn Cavidin "İlk
bahar" şeiri verilmişdir. Şairin 1913-cü ildə
Tiflisdə (Tbilisidə) "Şərq" mətbəəsində
çapdan çıxmış "Keçmiş günlər"
adlı ilk kitabında yer alan şeirlərdən biri də məhz
bu bədii nümunədir. "İlk bahar" romantik sənətkarın
sonralar müxtəlif illərdə nəşr olunmuş
"Əsərləri"nə də daxil edilmişdir.
Müqayisələrimiz göstərir ki, Hüseyn Cavidin həmin
şeirinin ilk nəşri olan "Məktəb"
jurnalındakı variantı ilə ədibin müxtəlif
vaxtlarda çapdan çıxmış kitablarındakı mətn
arasında bəzi fərqlər vardır. Aydınlıq
üçün ilk variantı H.Cavidin "Əsərləri"nin
ən təkmil nəşri sayılan 2005-ci il
çapındakı müvafiq mətnlə tutuşdurduq. Bəlli
oldu ki, sonrakı nəşrlərdə əsərin
adından sonra "kiçik bir məktəbliyə" qeydi
verilib, bəzi misralarda isə dəyişiklik nəzərə
çarpır:
Əsərin
ilk misrası - "Məktəb" jurnalındakı
"İlk bahar" şeirində:
Bahar, bahar, başlayınca ilk
bahar.
Hüseyn
Cavidin "Əsərləri"ndə:
Bahar, bahar, gəlmiş yenə
ilk bahar.
Səkkizinci
misra - "Məktəb" jurnalında:
Güllüklərdə toy məclisi
qururlar.
Hüseyn
Cavidin "Əsərləri"ndə:
Güllüklərdə
düyün, dərnək qururlar.
Şeirin
on ikinci misrası - "Məktəb"də:
Oynar, qoşar, mələr, yenə
toplaşır.
Hüseyn
Cavidin "Əsərləri"ndə:
Oynar, mələr, qoşar, yenə
toplaşır.
Sonuncu iki
misra - "Məktəb" jurnalında:
Əl-ələ, qol-qola seyran
edirlər,
Tanrıya şükür olsun, -
deyib gedirlər.
Hüseyn
Cavidin "Əsərləri"ndə:
Əl-ələ, qol-qola şadan
olurlar,
Haqqın qüdrətinə
heyran olurlar.
Yuxarıda
göstərilən dəyişikliklər "İlk
bahar" şeirinin daha da dolğunlaşmasına,
cilalanmasına xidmət göstərmişdir. Çox
güman ki, bu redaktəni H.Cavid əsəri 1913-cü ildə
"Keçmiş günlər" kitabına daxil edərkən
aparmışdır. Bütövlükdə Hüseyn Cavidin
"İlk bahar" şeiri yüksək dəyərə
malik poetik nümunədir. Burada şair balaca oxucular
üçün bahar fəslinin xarakterik mənzərəsini
dolğun bədii biçimdə canlandıra bilmiş, cazibədar
peyzaj yaratmışdır. Güllərin, çiçəklərin
gülməsi, quşların oynaması, günəşin
şəfəq saçaraq insanların könlünü
açması, çəmənlərin al-yaşıl geyinməsi,
hər tərəfin parıldaması, ötüşən
bülbüllərin cəh-cəhi, - bütün bunlar
mükəmməl peyzajın komponentləri kimi ədəbi
müstəviyə gətirilmişdir.
H.Cavid
şeirdə başqa bir mənzərəni - on bir
yaşlı oğlanın axar su kənarında tütək
çalmasını, ətrafında isə qoyun-quzuların
dolaşmasını da poetikləşdirir. Xoş ovqat yaradan
belə təsvirlərlə yanaşı, müəllif
mündəricəsi kədərdən yoğrulmuş
başqa bir məqama da diqqət yönəldir, xəstə
uşağını təmiz bahar havasına çıxaran
dul qadının halını da nəzərə
çatdırır. Şeir məktəbli oğlan və
qızların oynayıb-oxuyaraq şənlənməsi, ulu
Yaradana şükür etmələri ilə bitir. Beləliklə,
şair oxucuları həm təbiət, həm cəmiyyət
mənzərələri ilə tanış edir, həm də
düşündürür.
"Məktəb"
jurnalının 22 may 1912-ci il tarixli 13-cü sayında
Hüseyn Cavidin "Bir qız" şeiri oxuculara
çatdırılmışdır. Mətnlə
tanışlıq və müqayisəli
tutuşdurmalarımız göstərir ki, həmin "Bir
qız" əsəri sonralar şairin kitablarında
"Qız məktəbində" adıyla, həm də bəzi
dəyişikliklərlə təqdim olunmuşdur. Şairin
"Keçmiş günlər" adlı ilk kitabında
(1913) yer alan şeirlərdən biri də bu əsərdir.
Ədibin 1958-ci ildə çap olunmuş
"Seçilmiş əsərləri"ndə və bir
sıra sonrakı nəşrlərdə də (1968, 1982, 2005
və s.) həmin bədii nümunə "Qız məktəbində"
adıyla verilmişdir (güman ki, müəllif 1913-cü ildə
ilk kitabına daxil edərkən şeir üzərində
yenidən işləmişdir).
Bəs
aparılmış dəyişikliklər nədən ibarətdir?
"Bir qız" şeirini Hüseyn Cavidin "Əsərləri"ndəki
(2005) "Qız məktəbində" şeiri ilə
tutuşdurduq. Aşağıdakı fərqlər
müşahidə olunur:
Qeyd
etdiyimiz kimi, "Məktəb" jurnalındakı "Bir
qız" şeiri Hüseyn Cavidin kitablarında "Qız
məktəbində" adıyla verilib. Fikrimizcə, bu ad əsərin
mövzu və problematikasına, didaktik qayəsinə daha
uyğun olmaqla mükalimənin baş tutduğu məkanı
da məxsusi nəzərə çatdırır. Ən çox
dəyişiklik şeirin ilk misralarındadır. Əyani təsəvvür
üçün hər iki variantdan müvafiq parçalara nəzər
salaq:
"Məktəb"
jurnalındakı "Bir qız" şeirində:
- Yavrum, quzum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin atan, anan
varmı?
- Var.
- Nasıl, zənginmidir atan?
- Əvət, zəngin, mülkədar.
- Öylə isə neyçin
böylə sadə,
Geydigin paltar?
Hüseyn
Cavidin "Əsərləri"ndəki "Qız məktəbində"
şeirində:
- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban
varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim
niçin
böylə sadə?...
"Göründüyü
kimi, "Yavrum, quzum" xitabında sözlərin yerləri
dəyişdirilərək "Quzum, yavrum" kimi verilib;
"atan, anan" əvəzinə "anan, baban" işlənib.
Yəni maraqlıdır ki, şeirin ilk variantındakı
"ata" sözü müəllifin redaktəsi zamanı
Türkiyə türkcəsindəki eyni mənalı
"baba" sözüylə əvəzlənib. "Əvət,
zəngin, mülkədar" misrasında sonuncu sözün
yerinə "bəyzadə"nin işlənməsi də,
fikrimizcə, poetiklik baxımından gərəkli
sayılmalıdır: "Əvət, zəngin, bəyzadə".
Buna uyğun olaraq: "Öylə isə neyçin böylə
sadə, geydigin paltar?" yerinə "Öylə isə,
geydiyin geyim niçin böylə sadə?"
misrasının mətnə gətirilməsi ilə yeni qafiyələnmə
yaradılmışdır: "bəyzadə-sadə". Həmin
misrada inversiya ilə yanaşı, "paltar"
sözünün "geyim"lə əvəzlənməsi
də diqqəti çəkir. Nəhayət, "Bir
qız" şeirinin sonundakı "atam, anam" sözləri
də "Qız məktəbində"nin mətnində
"anam, babam" şəklindədir.
Hüseyn
Cavidin "Bir qız" ("Qız məktəbində")
şeiri də uşaqlar üçün yazılmış dəyərli
didaktik nümunədir. Əsər dialoq əsasında
qurulmuşdur. Burada sadə geyimli, bəzək-düzəksiz
məktəbli qızın - Gülbaharın suallara verdiyi
cavablar timsalında müəllif uşaq və yeniyetmələrdə
görməyi vacib saydığı mənəvi keyfiyyətləri
önə çəkmişdir. Bu dialoq məktəbli qız
Gülbaharın təmiz qəlb aləmini, həyata sağlam
baxışını üzə çıxarmaqla digər
uşaqları da onun kimi mənəvi ucalığa, kamilliyə
səsləyir. Zinətdən, dəbdəbədən uzaq
olan sadə geyimli Gülbahar bunun səbəbini soruşan
şəxsə bildirir ki, o, imkanlı, zəngin ailədəndir,
lakin zahiri təmtərağa ehtiyac duymur. Çünki müəlliməsi
ona təlqin edib ki, əsl zinət bilikdə və təmizlikdədir.
Dialoqun
davamında Gülbaharın mənəvi dünyasının
yeni qatları da üzə çıxır. Bəlli olur ki,
o, saf dini etiqada malikdir. Ulu Tanrıya, onun peyğəmbərlərinə
böyük məhəbbət bəsləyir. Məktəbli
qızın sevdiklərinin əhatəsi valideynləri,
doğmaları ilə də məhdudlaşmır. Romantik ədəbiyyatın
qayəsinə uyğun olaraq bəşəri məhəbbət,
bütün insanlara sevgi bəsləmək ideyası da
(A.Şaiqin "Həpimiz bir Günəşin zərrəsiyik"
misrası yada düşür) burada özünəməxsus
tərzdə təqdim edilmişdir.
Təsəvvür
tamlığı üçün onu da deyək ki, Hüseyn
Cavidin "Məktəb" jurnalında balaca oxuculara
çatdırılmış üçüncü şeiri
"İsmayıl bəy" adlanır. Jurnalın 21 oktyabr
1914-cü il tarixli 15-ci sayında verilmiş həmin bədii
nümunə türk dünyasının böyük oğlu,
məşhur ədib, "Tərcüman" qəzetinin
naşiri və redaktoru İsmayıl bəy
Qaspıralının (1851-1914) vəfatı ilə əlaqədar
yazılmışdır. Əsərdə İsmayıl bəyin
şəxsiyyəti və xidmətləri barədə
müfəssəl məlumat verilməsi ilə yanaşı,
həm də balaca oxucuların türkçülük ruhunda
tərbiyəsi də bir bədii məram olaraq önəmli
yer tutur. Altı bəndlik bu şeirin hər bəndi
İsmayıl bəy Qaspıralının amal və əməllərinə
işıq salır, məktəblilərə müvafiq bilgilər
verir. "İsmayıl bəy" Hüseyn Cavidin sovet
dövründə nəşr olunmuş kitablarında yer
almamışdır. Həmin əsəri çağdaş ədəbi
ictimaiyyətə ilk dəfə çatdıran ədəbiyyatşünas
Azər Turanın haqlı qənaətinə görə:
"Bu, Cavid əfəndinin İsmayıl bəy
Qaspıralıya sevgili münasibətinin
yazılaşmış, sənədləşmiş bir
nümunəsidir. "İsmayıl bəy" şeirinin
daha önəmli tərəfi isə şeirdə ifadə
olunmuş məfkurə faktının özü və dərəcəsidir"
("Əbədi Turan" 2001). Son illərdə bu şeir
müxtəlif kitablarda bir neçə dəfə oxuculara təqdim
olunub... Şairin beşcildlik "Əsərləri"nin
2005-ci ildə çıxmış birinci cildində isə
şeirin aşağıdakı ikinci bəndi verilməyib (yəqin
ki, texniki xətadır):
İsmayıl
bəy, o sarsılmaz qəhrəman,
O
böyük müəllim, o böyük insan,
Həp
çalışdı, rahat durmadı bir an,
Həp
yol açdı, yol göstərdi hər zaman.
İsmayıl
bəy türk yurduna şan verdi,
Öksüz,
ölgün millətinə can verdi.
Ümumiyyətlə,
məşhur romantik ədibimiz Hüseyn Cavidin "Məktəb"
jurnalında dərc etdirdiyi şeirlər Azərbaycan uşaq
ədəbiyyatının dəyərli örnəkləri
sırasına daxildir. Deyilənlər göstərir ki, bu əsərlər
üzərində şair sonralar yenidən işləmiş,
bəzi dəyişikliklər edərək daha da
dolğunlaşdırmışdır.
Hüseyn HƏŞİMLİ
Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.13.