İşığa can
atan durna qatarı
Uzun illərdən
bəri tanıdığım şair Rafiq Yusifoğlunun
poeziyasını bircə cümlə ilə belə ifadə
etmək olar: Bu şeirlər işığa can atan durna
qatarına bənzəyir... Və bu qatar
yarım əsrdən çoxdur ki, poeziya səmasında
yorulmadan qanad çalır, sərhəd tanımır,
ölkədən-ölkəyə, ürəkdən-ürəyə
uçur... Dünyanın çox ölkələrini
gəzib-dolaşması, çoxlu bədii, elmi-fəlsəfi
əsərlər oxuması, tədqiq və tərcümə
etməsi həm onun əsərlərinin poetik xəritəsini
əhəmiyyətli dərəcədə genişləndirmiş,
həm də şeirlərinin fəlsəfi tutumunu, bədii dəyərini
artıran vasitəyə çevrilmişdir. Onun şeirlərində təsvir olunan ən adi
predmet, əşya belə, bədii obraz səviyyəsinə
qaldırılır.
"Almır
da vecinə çovğunu, çəni,
Vətəndə keçirir o, bütün
qışı!" -
Bəsdir
təriflədik bu boz sərçəni,
Bəsdir
qoyduq onu durnaya qarşı...
...Sönməz
bahar eşqi, axsa da qanı,
Onun zəhmətini zay eləməyin.
Döşü
buludları yaran durnanı,
Bir yoluq sərçəyə
tay eləməyin!
Rafiq Yusifoğlunun əsərlərini oxuyanda bu qənaətimiz
bir daha möhkəmlənir ki, həqiqi poeziya təbiətin
özü kimidir, daim işıq axtarır, xoşbəxtlikdən
söhbət açır, sabahı, gələcəyi tərənnüm
edir. O,
insanı səciyyələndirəndə poetik fikrin mərkəzində
ağıl, kamal, intellekt dayanır. Bu zaman
daxili zənginliyi, ağılı, harmoniyanı
başlıca meyara cevirir. Lakin
işığı, harmoniyanı, xeyirxahlığı daha
qabarıq göstərmək üçün poeziya öz əbədi
qanunlarından kənara cıxmır. İşıq-qaranlıq,
ağıl-nadanlıq, xeyirxahliq-bədxahlıq, harmoniya-xaos
qarşılaşmalarından bəhrələnir.
Kainatın
böyüklüyü,
Yaradanın
böyüklüyü
mütləqdi, qətidi...
Kiçikliyini
dərk eləmək
İnsanın
böyüklüyünün
ilkin əlamətidi...
Ədəbi təcrübəsinin 50, yaşının
70-ini qeyd edən Rafiq Yusifoğlu da poeziyanın bu dədə-baba
qaydasını müqəddəs tutan şairlərdən
biridir. O, ədəbiyyatın
həqiqi mahiyyətini yaxşi dərk edir. Başa
düşür ki, ədəbiyyat insanlığı kamilliyə
aparan, həyatın sirlərini obrazlı dilin möcüzələri
ilə təlqin edən xüsusi bir sənətdir. O,
insana naqislikdən xilas olmağın yollarını göstərir.
Seldən
maya tutan cayın
Dibinin daşı bilinməz.
Çox
qədimdi, çox uludu
Dünyanın yaşı bilinməz.
Milyard illərin
dünyası
Yaşıddı körpə uşaqla.
Milyard illərin
dünyası
Yoğrulub
nurla, işıqla!
Ruhani həyat axtarışı Şərq şeirinin ənənəsi
kimi, Rafiq Yusifoğlunun poeziyasının da ana xəttini təşkil
edir.
Hər
açılan çiçək deyil,
Hər
parıltı şimşək deyil,
"Qoca"
köhnə demək deyil,
Dünya
hər an təzələnir...
İnsan bu həyatın əbədi yolcusudur. Bir nəsli
başqası əvəz edir. Bu əvəzetmə
prosesi inkişaf qanunlarına tabedir. Buna
görə də poeziya ümumi bir ideala doğru irəliləyən
insanın inkişafındakı zərrələri, elementləri
göstərmək bacarığına nail olanda müasirləşir,
həqiqi qiymətini alır.
Ömrümüzdə
öz yeri var bəyaz güllərin,
Hər ağ çiçək təbiətin bəyaz
sözüdü...
Dümağ
saçlar üstümüzdən ötən illərin
Başımızda,
üzümüzdə ayaq izidi...
Böyümüşük,
dünya bizə dardı elə bil,
Qəlbimizi
gizildədən həsrət dağıdı...
Bəyaz
saçlar zirvədəki qardı elə bil,
Bəyaz
saçlar qocalığın ağ
bayrağıdı...
Poeziya şairin dünya ilə söhbətidir. Bu söhbətin
əsas mövzusu böyük idealların tərənnümü,
fərdi maraqların, cılız xarakterlərin
ifşasıdır. Bu prosesdə
yaxşını pisdən secmək bacarığı qələm
sahibinin istedadının səciyyəvi cəhətidir.
Rafiq Yusifoğlun ictimai-siyasi mövzuda
yazılan şeirlərinin əksəriyyətində bir fəlsəfi
dərinlik, düşüncə bənzərsizliyi sezilməkdədir.
Məsələn, şairin "Füzuli dərd əlindən
dağa çıxdı, dedilər bəxtəvər
yaylağa çıxdı" deyiminə istinadən
qoşma formasında yazdığı şeiri bu misralarla
bitir:
Sayrışır
gözümdə qəm fişəngləri,
Titrədir
ruhumu əcəl zəngləri,
Sozalıb,
tükənib ömrün rəngləri,
Qaramız burdadı, ağımız orda.
Elim didərgindi,
dağılıb obam,
Dərdimi
açmağa çətin dağ tapam,
İndi biz neyləyək, Füzuli babam? -
Dərdimiz
burdadı, dağımız orda...
Ümumiyyətlə, Rafiq Yusifoğlunun şeirlərinin
mövzu və problematikası zəngindir,
düşündürücüdür. Onun Amerikaya, Dubaya, Türkiyəyə
və b. ölkələrə çoxsaylı səyahətləri
zamanı qələmə aldığı şeirlərdə
hər şeydən əvvəl, vətənpərvər bir
şairin bədii obrazı göz önündə
canlanır.
Mən
qürbətdə
vətənin bir parçasıyam,
Vətəndən
əsən yellərə qoşulub,
quş
kimi qanad açasıyam -
Okeanların,
dənizlərin üstündən
Vətənə
uçasıyam!
Qəlbimdə
Vətən eşqi
olduğu
üçün
ucaların ucasıyam...
Ən qeyd olunası cəhətlərdən biri də
budur ki, Rafiq Yusifoğlunun şeirləri dil və ifadə, bədii
sənətkarlıq baxımından da mükəmməldir. Sözsüz
ki, bütün bunlar onun bir nəzəriyyəçi alim
olmasından qaynaqlanır.
Bənövşə
arzular boynu bükülü,
Nəfəsin ayrılıq küləyi olub.
O ötən
ayların, illərin külü
Arzu
közlərimin bələyi olub...
Gözümdə
bir eşqin şimşəyi çaxar,
Göylər qəm yağışı tökər
dünyaya.
O köz
kül altından sıyrılıb çıxar,
O kül
duman olub çökər dünyaya.
Ədəbiyyatın
ictimai xarakteri - cəmiyyətə xidmət etmək borcu var.
Bir ölkədə yaranan əsər başqa diyarların da
sevimlisi ola bilər. Lakin bu o
zaman baş verir ki, qələm sahibi bəşəriyyətin
marağında olan mətləblərə toxunsun. Belə əsərlər gec-tez başqa dillərə
çevrilir və yeni həyatını yaşayır. Belə əsərlərdən bir çoxunu dilimizə
çevirən şair həm poeziyamızı zənginləşdirir,
həm də dünyanın mütərəqqi fikirlərinin
yayılmasına xidmət edir. Rafiq Yusifoğlu dünya
poeziyasından Qarsia Lorka, Bayron, Li Bo, Du Fu (Çin), Çon
Çxol (Koreya), alman şeirindən Peter Şyut, Hans-Yurgen
Hayze, Ulla Han, Roza Auslender, rus poeziyasından Sergey Yesenin,
Konstantin Simonov və b. şairlərin əsərlərini
dilimizə uğurla çevirmişdir.
Rafiq Yusifoğlunun yaradıcılığının əsas
hissəsini uşaq şeirləri təşkil edir. Bu janrda
yazdığı əsərlərin mövzusu çox rəngarəngdir.
Lakin Vətən sevgisi onların içərisində
xüsusı yer tutur.
Hamı fərəhlə
baxır
Yurdumun
bayrağına...
Göyqurşağı
enibdir
Lələtəpə dağına.
Gördüyüm
bu mənzərə
Kədərimi dağıdır.
Dalğalanan
zəmilər
Bərəkət bayrağıdır.
Azərbaycan ordusunun Lələtəpədə
qazandığı qələbəni şair özünəməxsus
şəkildə ifadə edir. Bəzən bu sevgi adi
həyati hadisələrdə verilir. Məsələn,
harasa uzaqlara getməyə hazırlaşan baba dəniz sahilinə
gəlir, sanki Xəzər dənizi ilə
sağollaşır. Amma qoca göz
yaşını saxlaya bilmir. Bu mənzərə nəvənin
gözündən yayınmır:
Bulud kimi
dolubdur
Yaşaran
gözünə bax,
Təkcə
biz yox, dəniz də
Babasız
darıxacaq...
Şairin uşaq əsərlərində təbiətin
tərənnümü xüsusi yer tutur. Güllərin,
cicəklərin ətri, onların bitdiyi fəsil, meyvələrin
səciyyəvi cəhətləri, əhəmiyyəti,
ağacların xüsusiyyətləri və s. və s... onun əsərlərinin
mövzusuna cevrilir.
Həmərsin
kollarında
Açılıb
ağ çiçəklər.
Elə
bil budaqlara
Qonub ağ kəpənəklər.
O zərif
kəpənəklər
Birdən
qanad açdılar
Hərəsi
öz yerində
Meyvə qoyub uçdular.
Burada həmərsin
kollarının ağ cicəkləri təkcə
gözəl olduğuna görə deyil, xeyirxah olduqlarına -
ucub gedərkən hərəsi ağacın başında bir
meyvə qoyduqlarına görə tərənnüm olunur.
Şübhəsiz ki, uşaq ədəbiyyatının əsas
vəzifələrindən biri uşağa obrazlı bir dillə
təbiətin sirlərini öyrədə-öyrədə
onlarda xeyirxah hisslər oyatmaq, vətənə, ata-anaya,
doğma torpağa sevgi duyğularını gücləndirməkdir. Bu baxımdan
Rafiq Yusifoğlunun şeirləri çox səciyyəvidir.
Çəmən
ana hirsləndi
Boynubükük
çiçəyə:
- Niyə
könül verirdin
Bir sərsəri küləyə?!
Onun
şeirlərində təkcə təbiət cisimlərinin
yox, dünyaya, kainata maraqla baxan, onun sirlərini öyrənməyə
çalışan uşağın bədii obrazı
dayanır:
Baxmaqla
doymaq olmaz
Bizim gözəl dünyaya.
Kaş
bir nərdivan qoyub,
Qalxa biləydim
Aya!
Üzümü
söykəyərək
Onun parlaq
üzünə,
Qulaq asa
biləydim
Söhbətinə, sözünə.
Şirin-şəkər
kəlmələr
Növbəyə düzüləydi.
Nağıllar
Ay nurutək
Üstümə
süzüləydi...
Cəmiyyətin qanunauyğun inkişafını dəyişdirməyə
haqqımız yoxdur. İnsan təbiətin bir hissəsidir.
Hələ görən olmayıb ki, yazdan sonra
qış, yaydan sonra yaz gəlsin. Təbiət
öz qanunlarını qoruduğu halda, biz niyə onu
pozmağa cəhd göstəririk? Körpə
uşaqlığını da, gəncliyini də vaxtında
keçirməli, elmi bilikləri də vaxtında
almalıdır. Bunlar uşaq xoşbəxtliyinin
atributlarıdır. Valideynin tələsməsi
arzuolunmaz nəticələrə gətirib cıxara bilər.
Rafiq Yusifoğlu isə bu mübahisələrə
qoşulmadan uşağa həyatın sirlərini öyrətməkdə
davam edir. "Meşədə yarış"
şeirində olduğu kimi:
Meşədəki
bu yarış
Bil ki, deyil havayı.
Ağac
tez boy atmasa,
Əldən çıxar nur payı.
Hər
biri çalışır ki,
Olsun bir az da uca.
Günəşin
işığıdı
Gəl-gəl
deyən ağaca...
Rafiq Yusifoğlu təbiəti kitab kimi vərəqləyir. Hər
bitkinin, ağacın, çiçəyin fərdi cəhətlərini
mənalandırmaq üçün priyomlar axtarır. Şabalıd ağacının qoza bənzəyən
qozalarını (qoz-qoza alliterasiya yaradır) uşağın
gözü qarşısında canlandırmaq
üçün kirpiyə bənzədir, tikanlarını isə
onun silahı olduğunu deyir. Beləliklə,
cansız qozanı canlı kimi təsvir etməyə nail olur.
"Məhəbbət ağacı"
şeirində də bu yolla gedir. Amma burda
məhəbbətin möhkəmliyi anlayışını
bir növ mücərrədlikdən cıxarıb əyaniləşdirir.
Rafiq Yusifoğlu bənzərsiz şəxsiyyət, bənzərsiz
qələm sahibidir. Onun yaradıcılığı zəngin
və çoxşaxəlidir. Bədii əsərləri
səksəndən çox kitabda toplanıb. Onun nəsri də, publisistikası da diqqətəlayiqdir.
Poeziya isə Rafiq Yusifoğlu
yaradıcılığının şah damarıdır.
"Yurdum-yuvam", "Ətirli düymələr",
"Ocaq yeri", "Aylı cığır", "Qəm
karvanı", "Həsrət köçü", "Təzə
sevdalara doğru", "Çiçək
yağışı", "Ayrılığın qəm
hasarı", "Həsrət sazağı",
"Sevdalı sabahlar", "Eşqin qarlı
yollarında", "Dəniz, sən və mən",
"Arzular kəhkəşanı", "Qızılı
məktublar", "Bulud fayton", "Sabahın
sorağında", "Üçüncü qərinə",
"Nağıl qapısı", "Sevdalı ömür
yaşadım", "Zamanın
qatarı","Könül səltənətı" və
sair kitabları geniş oxucu kütləsinə yaxşı
tanışdır. Onun uşaq şeirlərində bir
böyük müdrikliyi, böyüklər üçün
şeirlərində isə bir uşaq səmimiyyəti,
saflığı var... "Dəyirmanın nəğməsi"
şeirində olduğu kimi:
Mən
öpdüm, oxşadım arxı,
Dedim: -
Boyun uzun olsun!
Köynəyimdən
keçirtdim ki,
Dönüb mənim qızım olsun.
Sevdim, əzizlədim
onu,
Heç məni salmadı saya.
Axıb-getdi,
aşağıda
Qovuşdu
anası çaya...
Rafiq Yusifoğlu həm də tanınmış,
nüfuzlu alimdir. Filologiya elmləri doktoru, professordur.
Bir necə gənc alimin elmi rəhbəri, xeyli
dissertasiya işinin opponenti, saysız-hesabsız əsərlərin
rəyçisi olub. Dissertasiya
şurasının üzvü kimi həmişə haqqın,
ədalətin tərəfində dayanıb. Şeirlərində bir alim düşüncəsi,
tədqiqatlarında isə şairanəlik özünü
aydınca büruzə verir. Onun
şairliyi elmi əsərlərinə, alimliyi isə
şairliyinə yardımçı olub, yeni çalarlar gətirib.
Müəllimliyi, naşirliyi də üstəlik... "Azərbaycan
poeması: axtarışlar, perspektivlər", "Azərbaycan
poemasının sənətkarlıq xüsusiyyətləri",
"Ədəbiyyatşünaslığın əsasları",
"Uşaq ədəbiyyatı", "Müasir ədəbi
proses və ədəbi tənqid", "Ədəbi-nəzəri
fikrin inkişaf mərhələləri", "Bədii
söz - məna ocağının közləri" və s.
kimi fundamental elmi əsərlərin müəllifidir.
Rafiq Yusifoğlu 70 yaşında da gənclik həvəsi
ilə yazıb-yaradır. Sosial şəbəkələrdə
şeirləri ilə fəal çıxış edir. Hər bir şeirini xüsusi tərtibatla təqdim
etməsi göstərir ki, onun gənclik eşqi azalmayıb.
50 illik dostuma və qələm yoldaşıma
uzun ömür və yeni-yeni yaradıcılıq
uğurları arzulayıram. Ümid eləyirəm ki,
onun durna qatarını xatırladan şeirləri
işığa doğru uçuşlarını davam etdirəcəkdir...
Zahid XƏLİL
Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.16-17.