Oyna, itkin anası,
oyna!
hekayə
Analar yaman ağlar
Həsrətdən yanar ağlar.
Dönər ağ göyərçinə
Yollara qonar ağlar.
Gün getdi batan yerə
Yerinə çatan yerə.
Analar qurban olar
Oğullar yatan yerə...
- Leyla xala! Dur!
Dur gedək toya! Kənddə toydur. Hamı səni
gözləyir. Zurnaçılar zurnalar dodaqlarında qalıb. Əlləri gəlmir bir
hava çalıb qız-gəlinləri oynatsınlar.
Hamı səni gözləyir.
Dur.
Dur!
- A bala, mənim o toya gedən vaxtımdır? Qoşqardan sonra bir toya da getməmişəm.
Bundan sonra da getmərəm.
Qadın başını qaldırıb
divardakı əsgər
şəklinə baxdı...
gözləri yaşardı.
- Yaylığının ucu
ilə gözlərini
sildi. Məni neyləyirlər, a qızım, qoca arvadam.
- Leyla xala səni
toya aparmayınca əl çəkən deyiləm. Sürüyə-sürüyə olsa da səni toya aparacağam. Camaat səni
gözləyir, tez ol.
- Vallah gedən deyiləm, bala. Oğlum itkin düşəndən
mənim də sevincim, gülüşüm,
arzularım itkin düşüb. Oğlu itkin
düşən analar,
deyirəm niyə, nə üçün yaşayırlar. Deyirəm bu
anaları yaşadan bəlkə oğul yolu gözləmələridir.
Oğullarını gözləyirlər ki, gəlib anaları ilə qovuşsunlar. Anaları ölməyə
qoymayan oğullarının
həsrətidir, a bala.
- Arvad, başımı aldatma, dur geyinib-kecin,
bəzən-düzən, saçlarını
sahmana sal! Camaat səni gözləyir.
- Gedən deyiləm, dedim də. Oğlumdan sonra mənə
toy-nişan nə yaraşır.
- Xala, Bakıdan böyük-böyük adamlar
gəliblər. Hamısı səni gözləyir.
Dur deyirəm sənə.
Qız yaxınlaşıb
qadının üzündən
öpdü və ona elə gəldi
ki, öpdüyü qadının üzü yox, taxılı döyülmüş xırman
yeridir və bu üzdən çörək, buğda,
arpa-torpaq ətri gəlir.
- Bakıdan gələnlər
deyirlər Leyla xala gəlməsə toy olmayacaq. Bəy də deyir evlənməyəcəyəm. Gəlin də deyir çıxıb
gedirəm.
Sonra da ötkəmcəsinə:
- Sən oğluvun canı dur! - dedi, - dur!
Bax oğluvun canına and içdim ha!
- Niyə and içdin, a bala! Oğlumun adı gələn yerə canımı qoyaram! - dedi. Qadın vyan otağa keçib geyinməyə başladı.
- Allah günahımdan keçsin
- dedi, mənə nə yaraşır toya getmək?!
Onlar balaca həyət bağçasının
orta cığırı
ilə addımlayırdılar. Qadın əlləri
ilə balaca ağacları sığallayır,
balaca uşaq kimi onları əzizləyirdi.
- Bunları oğlum Qoşqar əkib. Onlar oğlumun yadigarlarıdır.
Onları oğlum qədər
sevib-əzizləyirəm. Rəhmətlik ömür
yoldaşım da
oğlumdan sonra
mehrini bu yadigar ağaclara salmışdı. Onları biz göz
yaşlarımız ilə
suvarıb böyütmüşük,
qızım. Rəhmətlik atası deyərdi ki, ay arvad, bu
ağaclar bizim nəvələrimizdir. Oğlumun
rəhmətlik atası
oğlumuzun yolunu gözləyə-gözləyə can verdi. Canını vermirdi, başını güclə balıncdan qaldırıb bayıra baxırdı ki, bəlkə gələn oğludur?! Can verən
gün oğlunun şəklini istədi, öpüb sinəsi üstünə qoydu. Göz yaşları şəklin
üstünə süzülür,
ağarmış saqqalından
aşağı damcılayırdı.
Oğlunun şəkli
sinəsi üstə
can verdi rəhmətlik. Deyirəm, indi qəbirdə
rahat yatmır. Oğlunun addım səslərini eşitmək istəyir.
O vaxt deyirdi ki, oğlum qəbrim üstə gəlsə bəlkə dirildim. Onda rahat uyuyaram
qəbirdə. Rəhmətlik oğlunun dalınca bütün cəbhələrdə
olmuşdu. Daşburunda,
Seyidəhmədlidə, Bəhmənlidə.
Eh, haralarda oldu.
Rəhmətlik oğlu itkin düşən gündən
onun bütün həyatı itkin düşmüşdü. Səhərlər günəşə, axşamlar
Aya, ulduzlara, yağan yağışlara,
çaxan şimşəklərə
yalvarırdı ki, oğlu qayıdıb gəlsin. Sağ-salamat gəlsin.
Qızım, bir dəfə həyətimizə bir göyərçin qonmuşdu. Tutmaq istədim,
olmadı. Özü də
axsayırdı. Bu da mənə bir dərd oldu.
Dedim bəlkə oğlumun ruhudur, gəlib bizim yanımıza, çoxlu dən səpdim, yedi. O gündən tez-tez gəlir yanıma. Onu görəndə elə sevinirəm ki, elə bil
oğlum Qoşqarı
görürəm. Nə bilim,
vallah.
Lap yaxından qara
zurnanın zəif səsi gəlirdi. Yüz illərdir
ki, bu qara
zurna inildəyir.
İnildəyir, yəqin nakam
məhəbbəti üçün.
Biz isə onun
bu iniltisinə oynayırıq.
- Xala! Can xala, gəlib çatdıq! Sağ ol ki,
sözümü yerə
salmadın.
- A bala, məni oynadıb-eləmə ha! Onsuz
da, desən də oynayan deyiləm! Ta oğlumun da adına
and içmə. Gün gələr
sənin öz toyunda oynayaram. Oğlum o vaxtlar bir qız
istəyirdi. Amma adını
mənə demədi.
Aylı axşamlar həyətimizdəki
tut ağacına çıxıb
sevdiyi qızgil tərəfə baxırdı.
O qız ona bir yaylıq da vermişdi. Yaylığın üstə nəsə
yazmışdı da qız. Oğlum o yaylığı balıncının altına
qoyub yatırdı.
İndi də o yaylığı
o balıncın altında
saxlayıram, qızım.
Ölüncə o qızın yaylığını
saxlayacağam.
- Xala! O yaylığı mənə göstərərsənmi?
- qız maraqla soruşdu.
- Sabah gəl bax.
Bu da toy mağarı. Bu nədir belə? Adamlar niyə həyəcan və maraqla Leyla xalaya baxırdılar?
Niyə hamı ona doğru
gəlmək, onu qucaqlamaq isdəyir? Bu nədir belə?
O oynayan əsgərlər niyə Leyla xalaya doğru gəlirlər? Onlar nə istəyirlər?
Bəs qara zurna niyə
susub?
Ay Allah!
Bu görüşü, bu
ilahi anı hamıya, bütün itkin analarına qismət et, ilahi, böyüklüyünə
bağışla bizi.
Bu nədir belə? Yoxsa Leyla
ananın başı hərləndi, yoxsa onun gözləri torlandı. Bu kimdir belə? Günəş kimi, əbədi
bir sevinc kimi Leyla anaya
yaxınlaşan onu qucaqlayan bu əsgər
kimdir belə?
- Oğlum! Oğlum! Oğlum! Qoşqarım!
Bu sənsən, sənsən,
oğlum!
Leyla xala üç əskərin qucağında, sanki rəqs edirdi.
Yox, yox! Leyla xala
huşunu itirə bilməz! Həsrət sona çatmışdır,
burda nə ölmək olar, nə də yaşamaq!
- Ana! Anacan! Anam mənim!
- Can bala, ana deyən
dilinə anan qurban, can bala!
- Anacan bağışla uzaqdaydım. əmrdəydim,
vətənimin əmrində.
Qara zurnanın
dili açıldı,
sanki sevgilisinə qovuşdu. Toy əhli
bir himə bəndmiş kimi rəqs etdi, Leyla xalanı toya gətirən o bəxtəvər qız Qoşqarla qol-boyun rəqs edirdi.
Leyla xala onlara yaxınlaşıb
hər ikisinin boynunu qucaqlayıb dedi:
- Ağız, a köpəyin
qızı! Oğlumun istədiyi, oğlumu
istəyən o qız
sənsənmi?
Məmməd NAMAZ
Ədəbiyyat qazeti.- 2019.- 28 dekabr.- S.19.