Əhməd Cəfəroğlunun Azərbaycan
ədəbiyyatının
dövrləşdirilməsi konsepsiyası
Əhməd Cəfəroğlu -
120
Ə.Cəfəroğlunun
120 illik yubileyi səssizliklə başa çatır. Mənim də iştirak
etdiyim vətəni Gəncədə keçirilən bir
konfrans və AMEA Şərqşünaslıq İnstitutunun elmi
sessiyasını nəzərə almasaq, bu böyük alimin
adı yaradıcılığına layiq şəkildə
anılmadı. Hər halda görkəmli dilçi,
türkoloq, ədəbiyyatşünas, tarixçi, redaktor,
folklorşünas alimin yaradıcılığı və fəaliyyətinə
adekvat olmadı. Bunu da Azərbaycan elmi camiəsinin passivinə
yazsaq, yəqin ki, heç kim bizi qeyri-obyektivlikdə
günahlandırmaz. Elmi konfransında etdiyim məruzə əsasında
yazdığım bu məqalə də mövcud
boşluğu doldurmaq məqsədi daşıyır. Ə.Cəfəroğlunun
son dərəcə zəngin və məhsuldar
yaradıcılığında Azərbaycan ədəbiyyatı
məsələləri mühüm yer tutur. Ədəbiyyatla
bağlı araşdırmaları iki istiqamətdədir: nəzəri
və ədəbiyyat tarixçiliyi. Hər iki istiqamətdə
tədqiqatçının araşdırmaları mühacirət
ədəbiyyatşünaslığını zənginləşdirir
və yeni imkanlar açır. 20-ci illərin əvvəllərindən
başlayaraq Azərbaycan ədəbiyyatının müxtəlif
dövrlərində yaşayıb yaratmış ədəbi
şəxsiyyətlərin həyatı,
yaradıcılığı və ədəbiyyat tariximizdəki
mövqeyi haqqında bu gün də əhəmiyyətini
itirməyən araşdırmaları vardır. Onun bu
araşdırmaları ədəbiyyat tariximizin
yazılmasında önəmli rol oynayır. "Azəri
Türk", "Türkiyyat məcmuəsi", "Türk
yurdu", "Azərbaycan Yurd bilgisi" və s. məcmuələrdə
həm Azərbaycan folkloru, həm də ədəbiyyatı
haqqında silsilə araşdırmaları onun sistemli şəkildə
ədəbiyyatın problemləri ilə məşğul
olduğunu göstərir.
Bu
araşdırmalardan "XVII əsr Azəri şairi Məlik
bəy Avcı" silsilə məqalələrində
şairin həyatı, yaradıcılığı ədəbiyyat
tariximizdə ilk dəfə olaraq
araşdırılırdı. M.Avcının altmışdan
çox qəzəli məhz Ə.Cəfəroğlu sayəsində
Berlin kitabxanasından aşkara çıxarılaraq
transliterasiya olunmuş və nəşr edilmişdir.
Araşdırmada M.Avcının dövrü, mühiti,
yaradıcılıq xüsusiyyətləri təhlil edilirdi.
Şeirlərinin dili etibarilə şairi Füzuli və Xətai
ilə müqayisə edərək özünəməxsus yer
tutduğunu və Azəri-türk şivəsinin incəliklərini
yaşatdığı qənaətinə gəlirdi. Təəssüf
ki, bu şair hələ də Azərbaycan ədəbiyyatı
tarixinə daxil edilməmişdir. Sovet dövründə
yazılan ədəbiyyat tarixlərində bunu başa
düşmək olardı, çünki o zaman siyasi mühacir
olan Ə.Cəfəroğluna istinad etmək mümkün
deyildi. Ancaq müstəqillik
dövründən bəri bu şairin ədəbiyyat tarixinə
və elmi dövriyyəyə daxil edilməməsini heç
cür başa düşmək olmur.
"XIX əsr
Azəri şairi Siraci" araşdırması Seyid Həmzə
Nigarinin oğlu Siracinin yaradıcılığına həsr
edilib. Əvvəlcə məqalə şəklində
"Azərbaycan Yurd Bilgisi"ndə çap etdikdən sonra
gənc və vaxtsız vəfat etmiş şairin 12 qəzəli,
bir tərkibbəndi, iki müxəmməsi, bir farsca qəzəlini
kitab şəklində çap etdirmişdir. Maraqlı cəhət
orasındadır ki, Ə.Cəfəroğlu bu kitabını
görkəmli ədəbiyyatşünas Firidun bəy
Köçərlinin "əziz ruhuna" ithaf etmişdir.
Bu isə tədqiqatçının F.Köçərli
yaradıcılığına verdiyi qiymətlə
yanaşı, ədəbiyyatşünaslığın onun
yaradıcılığında prioritet istiqamətlərdən
biri olduğunu göstərir. Tədqiqatçı
kompleks şəkildə Azərbaycan ədəbiyyatının
ayrı-ayrı mərhələlərinə, problemlərinə
və şəxsiyyətlərinə nəzər salaraq yeni
elmi nəticələrə gəlir. Bu qənaətlərin
bir çoxu ədəbiyyat tarixçiliyində bu gün də
əhəmiyyətini qoruyub saxlayır. ƏCəfəroğlunun
onlarla araşdırmalarında ayrı-ayrı Azərbaycan
klassiklərinin yaradıcılığına müraciət
edilərək tarixçilk nöqteyi-nəzərindən təhlilə
cəlb edilir. Bu araşdırmalar içərisində Azərbaycan
ədəbiyyatının dövrləşdirilməsi problemi
başlıca yer tutur. Ona görə ki, Ə.Cəfəroğlu
bu məsələləri araşdırarkən dövrləşdirmə
problemi Azərbaycanın özündə də hələ nəzəri
həllini tapmamışdı. Ədəbiyyatın dövrlərlə
öyrənilməsi və öyrədilməsi və bu
istiqamətdə araşdırmalar ilk olaraq Avropada təşəkkül
tapmışdır. Alman alimi Riçard Meyer, M.Friçe,
Fridrix Kummer, rus alimləri V.L.Qordlevski, V.N.Perets ədəbiyyatı
dövrlərə ayırmanın əhəmiyyətini
xüsusi vurğulamış və dərketmədə
dövrləşdirmənin rolunu müəyyən etməyə
çalışmışlar. M.F.Köprülüzadə də
özünün "Türk ədəbiyyatı tarixi" və
"Yeni Osmanlı ədəbiyyatı" adlı əsərlərində
Avropa üsullu bölgülərdən istifadə etmişdir.
Ə.Cəfəroğlunun da məqalələrində yeni
tipli bölgülərə rast gəlirik.
Ə.Cəfəroğlu
dövrləşdirmə sözünü işlətməsə
də, Azərbaycan ədəbiyyatının tədqiqində
özünün bölgülərini təqdim etmişdir. Bu
bölgülərin təhlili tədqiqatçının ədəbiyyatımızın
tarixi inkişaf yolu ilə bağlı aydın bir dövrləşdirmə
prinsipinə malik olduğundan xəbər verir. "Azərbaycan
türklərinin ədəbiyyatı", "Modern Azərbaycan
ədəbiyyatına toplu bir baxış", "Qaraxanilər
dövrü türk ədəbiyyatı", "Azəri ədəbiyyatında
istiqlal mücadiləsi izləri" (5 məqalə) və s.
məqalələrində dövrləşdirmə
konsepsiyası elmi prinsiplərlə bəlirlənir. Bu
konsepsiyada Azərbaycan ədəbiyyatının necə
adlanması da əsas yer tutur. Belə ki, müəllif
xalqın milli ədəbiyyat tarixini "Azərbaycan türk ədəbiyyatı",
"Azəri ədəbiyyatı" olaraq təqdim edir. Nəzərə
alsaq ki, bu zaman sovet Azərbaycanında milli bədii
düşüncəmiz "Azərbaycan ədəbiyyatı"
adı altında təqdim olunurdu, onda fərqli
baxışı aydın görmək mümkündür. Tədqiqatçı
bu ad altında Qafqaz, Azərbaycan (Şimali və Cənubi),
İran, İraq və Şərqi Anadolu bölgələrində
yaşayan türklərin bədii, ədəbi
düşüncəsini nəzərdə tutur və onu
ümumtürk ədəbiyyatının bir qolu hesab edirdi. Elə
bir mühüm qolu ki: "Azərbaycan ədəbiyyatı
türkmən və cağatay (müştərək Orta
Asiya) ədəbiyyatları ilə Türkiyə türklərinin
ədəbiyyatlarını bir-birinə bağlayan
körpü vəzifəsini daşımışdır".
Tədqiqatçı
XV əsrə qədərki Azərbaycan ədəbiyyatını
ümumi başlıq altında araşdırır. Ədəbiyyatın
başlanğıcını isə türk xalqının
tarix səhnəsinə gəlməsi, yəni VII yüzildə
bu ərazilərə sakların və hunların gəlməsi
ilə başlayır. VII yüzildən sonrakı ədəbiyyatı
isə ərəbdilli Azərbaycan ədəbiyyatı və
farsdilli Azərbaycan ədəbiyyatı kimi müəyyənləşdirir.
Bu da təbiidir, çünki tədqiqatçının əlinin
altında bu dövrə aid ədəbi nümunələr ərəb
və farsdilli nümunələr olmuşdur. Tədqiqatçının
bu cür başlanğıc götürməsində, fikrimcə,
Azərbaycanda aparılan tədqiqatların da təsiri az
olmayıb. Görünür, Ə.Cəfəroğlu Azərbaycanda
bu sahədə aparılan tədqiqatlarla tanış idi.
Çünki məqaləsində Azərbaycan alimi Malik
Mahmudovun "Ərəbcə yazmış azərbaycanlı
şair və ədiblər. VII-XII əsrlər"
araşdırmasına istinad edir. Farsdilli Azərbaycan ədəbiyyatının
xüsusiyyətlərini qeyd edən tədqiqatçı Q.Təbrizi,
X.Təbrizi, X.Şirvani, M.Gəncəvi, N.Gəncəvi kimi ədəbi
şəxsiyyətlərin ədəbiyyat tariximizdəki
yerini və mövqeyini müəyyənləşdirir.
Bölgüsündə anadilli ədəbiyyatı Həsənoğlunun
məlum qəzəli ilə
başlayır və bu dövrü "Azəri ədəbiyyatının
qısamüddətli formalaşma" dövrü kimi səciyyələndirir.
Anadilli ədəbiyyat olaraq tədqiqatçının Azərbaycanda
yazılan araşdırmalardan fərqli mövqe sərgiləyir.
Birincisi, dövrün görkəmli şairlərindən biri
kimi, ilk dəfə olaraq Qazi Bürhanəddini "Azəri
türkcəsinin özəlliklərini yaşadan"
şairlərdən biri kimi qələmə verir. İkincisi,
1928-ci ildə türk alimi Tələt Onay tərəfindən
elm aləminə tanıdılmış "Dastani Əhməd
Hərami" əsərini "Azərbaycan-Anadolu
müştərək ədəbi nümunəsi" hesab
edir. Hər iki fakt uzun illər Azərbaycanda yazılan ədəbiyyat
tarixlərinə salınmamış, yalnız 80-ci illərdən
sonra milli ədəbi nümunə kimi həqiqi qiymətini
almışdır.
Anadilli Azərbaycan
poeziyası ilə bağlı tədqiqatçı Nəsimi
yaradıcılığı üzərində geniş
dayanır. Şairin yaradıcılığına verilən
qiymətdə aşağıdakı fikirləri diqqət
çəkir: "Nəsimi təəssübkeş təriqətçi
olmaqla yanaşı, həm də mistik düşüncə
sahibi bir şair idi. Azəri türkcəsinə gerçək
ədəbi şəkil verən və onu Azəri şeirinin
təməlinə çevirən Nəsimi olmuşdur". O,
Nəsimini həm də özünün tuyugları ilə
Qazi Bürhanəddindən sonra bu janrın ən mükəmməl
örnəklərini yaradan bir şair olaraq təqdim edir.
Ə.Cəfəroğlunun
Azərbaycan ədəbiyyatının XV əsrindən
sonrakı inkişafını aşağıdakı
bölgü ilə müəyyənləşdirir:
1) XV-XVI əsrlər
ədəbiyyatı
2)
XVII-XVIII əsrlər ədəbiyyatı
a)
Aşıq ədəbiyyatı
b) Klassik ədəbiyyat
3) XVIII əsr
ədəbiyyatı
4)
Müasir Azərbaycan ədəbiyyatına keçid
dövrü
XV-XVI əsrləri
Azərbaycan mədəniyyəti sahəsində böyük
inkişaf dövrü hesab edən Ə.Cəfəroğlu
dövrün ədəbi prosesini dəqiqliklə müəyyən
edir. Bu dövrdə əsasən lirik şeirlər
üstünlük təşkil etsə də, Xətainin
Sultan Yaquba həsr etdiyi "Yusif və Züleyxa" və Təbrizli
Şakirin eyniadlı məsnəvilərini, eləcə də
şair Zamirinin və Füzulinin "Leyli və Məcnun"
məsnəvilərini fərqləndirir. Tədqiqatçı
M.Füzuli yaradıcılığına yüksək qiymət
verərək "Azəri və Anadolu türk ədəbiyyatının
ən böyük şairi" kimi səciyyələndirir.
M.Füzulinin türk ədəbiyyatına təsir
coğrafiyasını isə belə müəyyənləşdirir:
"Balkanlardan Şərqi Türküstana qədər
bütün türk dünyasında özündən sonra gələn ədəbi nəsilləri təsiri
altında saxlamaq baxımından o, yalnız Nəvai ilə
müqayisə oluna biləcək müstəsna ədəbi
şəxsiyyətlərdəndir... Azəri ədəbiyyatı
üzərindəki təsiri o qədər böyük və
güclü olmuşdur ki, yalnız XX əsrin
başlanğıcında Sabir bu təsiri qıraraq Azəri
şeirinin üfüqlərini açmış, yolunu dəyişdirə
bilmişdir".
Azərbaycan
ədəbiyyatının
özünün ən yüksək inkişaf mərhələsini
yaşamasını "Səfəvi xanədanının
himayəsi ilə" bağlayır. Burada bir çox
şairlərin yaradıcılığına diqqət
yetirilməklə yanaşı, dövrün ədəbi
prosesinin xarakteri də açılır. Xüsusilə,
Ağqoyunlu, Qaraqoyunlu və Səfəvi dövründə Azərbaycan
türkcəsinin sarayda və həyatda geniş işlənməsinin
şairlərin bədii yaradıcılığına da təsiri
məsələlərinə toxunulur. Bu dövrlə
bağlı Ə.Cəfəroğlunun ədəbiyyat tarixi
düşüncəsində iki amil başlıca rol
oynayır. Bunlardan biri Hamidinin
yaradıcılığını Azərbaycan ədəbiyyatı
tarixinə daxil etməsidir. Məlumdur ki, türk alimi
İsmayıl Hikmət də Hamidini Azərbaycan şairi hesab
edərək özünün "Azərbaycan ədəbiyyatı
tarixi" kitabında geniş yer vermişdir. Lakin ondan sonra da
Azərbaycanda yazılan ədəbiyyat tarixlərinə bu
şairin adı daxil edilməmişdir. Ə.Cəfəroğlu
da Hamidi yaradıcılığını mühacirət ədəbiyyatına
aid edir və ədəbiyyat tariximizdəki yerini doğru bəlirləyir.
Ə.Cəfəroğlunun
dövrlə bağlı araşdırmasının ikinci əhəmiyyəti
Azərbaycandan Osmanlıya köç edən mühacir
şairləri milli ədəbiyyatşünaslığımızda
ilk dəfə ortaya çıxarmasıdır. Bu dövrdə
Azərbaycandan Osmanlıya gedən Süruri, Şahi,
Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Arifi, Qasimi, Hafizi, Xəzani,
Həsiri, Bidari, Haşimi və b. onlarca şairi mühacirət
ədəbiyyatının nümayəndəsi olaraq təqdim
edir. Burada önəmli olan tədqiqatçının Azərbaycandan
gedən şairlərin yaradıcılığının
hansı kontekstdə öyrənilməsinin doğru təsbitidir.
Təəssüf ki, Ə.Cəfəroğlunun bu təsbitindən
əlli il sonra da mühacirət ədəbiyyatının
tarixi yanlış olaraq XX yüzilə gətirilir. Ə.Cəfəroğlu
o zaman mühacirət edən qırxa yaxın şairdən
Hamidi və Haşiminin yaradıcılığını
yüksək qiymətləndirir.
XVII-XVIII əsrlər
ədəbiyyatını iki istiqamətdə - aşıq və
klassik Azərbaycan ədəbiyyatı istiqamətlərində
araşdıran Ə.Cəfəroğlu hər iki istiqamətin
inkişaf tendensiyasını müəyyənləşdirir.
Bu dövrdə yaranan aşıq şeiri və dastanların
bu ənənənin ən parlaq dövrü kimi səciyyələndirir.
Bəzi dastanların sırf Azərbaycan ədəbi məhsulu,
bəzilərinin isə türklərin
yayıldığı coğrafiyaya mənsub olduğu fikrinə
gəlir.
Ə.Cəfəroğlu
XVIII yüzil Azərbaycan ədəbiyyatını ayrıca
başlıq altında araşdırır və dövrü
müasir Azərbaycan ədəbiyyatının "müjdə"sini
verən ədəbiyyat olaraq xarakterizə edir. Əgər XIX
yüzil ədəbiyyatının realist ədəbiyyatı
olduğunu nəzərə almış olsaq, onda Ə.Cəfəroğlunun
bu təsbitini erkən realizm dövrü kimi də səciyyələndirmək
olar. Tədqiqatçının bu dövrdə yazıb
yaratmış şairlər üçün "...xalq
arasında yetişən sənətkarlar da Şah
İsmayıl Xətaidən başlayan türk şeir cərəyanına
qoşulmuşdular" qənaəti kifayət qədər əsaslı
görünür.
Azərbaycan
ədəbiyyatı tarixçiliyində "XIX əsr Azərbaycan
ədəbiyyatı" kimi verilən bu dövr Ə.Cəfəroğlunun
dövrləşdirmə konsepsiyasında "Müasir Azərbaycan
ədəbiyyatına keçid dövrü" olaraq
götürülür. Bu cür bölgü zamanı
üçün doğru səslənir. Belə ki, sonrakı
ədəbiyyatşünaslıqda da bu dövr "Yeni
dövr Azərbaycan ədəbiyyatı" kimi verilir. Həmin
dövrü məhz ədəbiyyatın mahiyyətinin dəyişməsi
kimi səciyyələndirməsi də sonrakı ədəbiyyatşünaslıq
tərəfindən təsdiq olunur. Ə.Cəfəroğlu
belə bir fikrində tamamilə haqlı görünür ki,
"Müasir Azərbaycan ədəbiyyatı İran Azərbaycanından
daha çox Qarabağ, Tiflis, Bakı və Gəncə mərkəz
olmaqla Şimali Qafqazda böyük inkişaf imkanları və
şəraiti qazanmışdı". Bu doğru təsbiti
Azərbaycan ədəbiyyatının yeni məkana transfer
olunması baxımından xeyli maraq doğurur. M.P.Vaqif və
M.V.Vidadini yeni ədəbi məktəbin nümayəndələri
kimi verir və bu ədəbi məktəbin əski divan
şeirinə bağlı qalmaqla yanaşı, xalq
üslubunda qoşma və gəraylılar yazmalarını
yüksək qiymətləndirir.
Ə.Cəfəroğlunun
Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini
dəyərləndirməsi digər məqalələrində
də davam edir. "Modern Azərbaycan ədəbiyyatına
toplu bir baxış" məqaləsində ədəbiyyatın
XIX yüzilin ortalarına qədər şəkil etibarilə
əski klassik şeir ənənələrinə sadiqliyi,
ancaq A.Bakıxanov və
M.F.Axundzadə ilə fərqli bir inkişaf mərhələsinə
qədəm qoyduğu qənaətinə gəlir. Xüsusilə
M.F.Axundzadənin dram və nəsr əsərləri
yazması ilə "türk ədəbi fikrində inqilabi dəyişiklik
etmişdi" qənaəti öz təsdiqini tapır.
Ə.Cəfəroğlu XIX yüzilin ortalarından
başlayan və XX yüzilin əvvəllərinə gedib
çıxan mədəni bədii düşüncəyə
modern ədəbiyyat gözü ilə baxır və
A.Bakıxanov, M.Ş.Vazeh, Nəbati, Q.Zakir, N.Vəzirli, C.Məmmədquluzadə,
H.Zərdabi, Ə.Haqverdili, S.S.Axundzadə, S.M.Qənizadə,
M.Ə.Sabir, Ə.Müznib, S.Mənsur, C.Cabbarlı,
M.S.Ordubadi və b. ədiblərin ədəbiyyatımızdakı
yerini, mövqeyini müəyyənləşdirməyə
çalışır.
Ə.Cəfəroğlu
Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində
milli mətbuata da geniş yer vermiş və H.Zərdabinin
redaktoru olduğu "Əkinçi" qəzetinin ictimai
fikir tariximizdəki yerini bəlirləyir. "Əkinçi"dən
sonra fasilələrlə bir-birini əvəz edən qəzetlərin
adını çəkməyərək "Azərbaycanda həqiqi
qəzetçilik fəaliyyəti Əhməd Ağaoğlu və
Əlibəy Hüseynzadə tərəfindən 1905-ci ildə
təsis olunan "Həyat" və "İrşad"la
başlamış, 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadə
tərəfindən əsası qoyulan "Açıq
söz"lə özünün müasir inkişaf mərhələsinə
yüksəlmişdir" nəticəsinə gəlir.
"Açıq söz" qəzetindəki milli
ideyaları şeirdə yaşadanlar Ə.Cavad və Əli
Yusif kimi şairlərin olduğuna diqqət çəkir.
Ə.Cəfəroğlu
Sovet dövrü Azərbaycan ədəbiyyatına da nəzər
yetirmiş C.Cabbarlınıın açdığı
cığırla Mirzə İbrahimli, Səməd Vurğun,
Süleyman Rüstəm, Mehdi Hüseyn, Sabit Rəhman,
Süleyman Rəhimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi və
b. Azərbaycan ədəbiyyatının canlanmasına səy
göstərdiyini yazır. Azərbaycan dramaturgiyasının
inkişafından bəhs edərkən yazır: "Bu sənətkarlardan
Səməd Vurğunun dramatik faciələrində istiqlal və
hürriyyət müdafiə edilir. Azərbaycan ədəbiyyatının
milli rəngləri onun şeirlərində özünün
işıqlı əksini tapmışdır. Səməd
Vurğun lirizminin əsasını şairin vətənə
bağlılığı və xalqın sevgisi təşkil
edir. Əvvəllər sevilən, lakin sonra gözdən
düşən Sabit Rəhman da dövrünün həqiqi
tiplərini və onların həyat mücadilələrini
ustalıqla təsvir etməyi bacaran səmimi bir sənətkardır".
Ə.Cəfəroğlu araşdırmasında Cümhuriyyətin
süqutundan sonra zəifləyən milli, vətənpərvər
şeir cərəyanının nümayəndəsi kimi
Gültəkinin adını çəkərək "O,
öz şeirlərində Azəri vətənpərvərliyini
lirik hisslərlə, qüvvətli dil və mükəmməl
şeiriyyətlə əbədiləşdirə bilmişdir"
(4, 153) kimi qiymətləndirir.
Ə.Cəfəroğlunun
Azərbaycan ədəbiyyatının
araşdırılmasında ən böyük xidmətlərindən
biri Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsini
ilk dəfə dəyərləndirməsidir. Hətta görkəmli
alim bu dövrü bir mərhələ kimi götürür.
Onun təqdimatında bu mərhələ Azərbaycanın
Rusiyaya birləşdirilməsindən başlayır. Rus
işğalı nəticəsində yaranan Azərbaycan
istiqlal ədəbiyyatı vətəndəki ədəbiyyatşünaslıqda
əks olunmamışdı. Ə.Cəfəroğlu bu
istiqlal ədəbiyyatını aşağıdakı şəkildə
təsnif edir:
1. Cavad
xanın mücadiləsi ilə bağlı dastanlar və
şeirlər;
2.
Şimali Qafqazın müdafiəçisi Şeyx Şamil
haqqında şeirlər;
3.
Qaçaq dastanları və aşıq ədəbiyyatında
rus istilasının əksi;
4. Azərbaycan
vətənpərvər şeir məktəbi və milli cərəyan;
5. Son
mühacirət dövrünün istiqlal şeirləri.
Ə.Cəfəroğlunun
bu bölgüsü Azərbaycan ədəbiyyatında milli
istiqlal mübarizəsinin izlərini və formalarını
izləməyə tamamilə imkan verir. Məlumdur ki, Azərbaycanda
yazılan ədəbiyyat tarixlərində bu
bölgünü tətbiq etmək, bu mövzuda yazılan əsərləri
təhlilə cəlb etmək mümkün deyildi. Təəssüf
ki, Rusiyanın Azərbaycana gəlişi ilə başlayan ədəbiyyatımızdakı
bu mərhələ ilə bağlı yazılan əsərlər
zamanında toplanmadığından əlimizin altında
nümunələr azdır. Buna baxmayaraq, Ə.Cəfəroğlu
dastanlardan, eşitdiklərindən, S.Mümtazın "El
şairləri" kitablarından topladığı nümunələrlə
bu əskikliyi aradan qaldırır. Ədəbiyyat tarixlərimizdə
ancaq adı çəkilən Əbdürrəhim ağa
Dilbazovun "Gəncə qırğını" şeirinə
istinad edir. Ə.Cəfəroğlunun gətirdiyi bu nümunələr
Gəncə xanı Cavad xan və oğlunun
apardığı mübarizəni milli istiqlal mübarizəsi
kimi səciyyələndirməyə əsas verir.
"Azəri
xalq ədəbiyyatında istiqlal mücadiləsi izləri"
adlı üçüncü məqaləsində xalq ədəbiyyatından
bəhs edərək "Azəri xalq ədəbiyyatında rus
istilasının ən sərt, inadkar düşmənləri
el aşıqları və şairləri olmuşdur" qənaətinə
gəlir. Ümumiyyətlə, "Azəri ədəbiyyatında
istiqlal mücadiləsi" məqalələri ədəbi
tarixi düşüncəmizin qiymətləndirilməsində
olduqca əhəmiyyətli mənbədir. Bu dövrləşdirmədən
ədəbiyyat tariximizin yazılması üçün
istifadə etmək, bu istiqamətin ədəbiyyat tariximizdəki
yerinə vətəndaşlıq hüququ qazandırmaq
çağdaş ədəbiyyat tarixçilərinin işi
olmalıdır.
Əhməd
Cəfəroğlunun ədəbiyyat tariximizin dövrləşdirilməsi
yönündə araşdırmalarının yalnız bir
hissəsinə nəzər yetirdik. Əslində isə onun
yaradıcılığında Azərbaycan ədəbiyyatı
məsələləri önəmli bir yer tutur. Xüsusilə,
ədəbiyyat tariximizin dövrləşdirilməsi problemi
yönündə bu araşdırmalar böyük əhəmiyyət
daşıyır. Ə.Cəfəroğlunun dövrləşdirməsində
Azərbaycanda aparılan tədqiqatlara uyğun gələn
yerlərlə yanaşı, tamamilə yeni aspektdən dəyərləndirmələri
tədqiqatçının fərqli bir dövrləşdirmə
konsepsiyasına malik olduğunu göstərir. Azərbaycan ədəbiyyatının
istiqlal mücadiləsinin təsbiti və bu sahədəki
qiymətli araşdırmaları isə ədəbiyyatşünaslığımıza
yeni bir baxışdır. Çağdaş ədəbiyyatşünaslarımız
bu istiqamətdə yeni araşdırmalar aparmalıdır.
Bədirxan ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.20-21.