Azərbaycan ədəbiyyatı tarixi:
konseptual modelləşdirmə təcrübəsi
Artıq
xeyli müddətdir ki, milli filoloji fikir dövriyyəsində
10 cilddə buraxılması nəzərdə tutulmuş
"Azərbaycan ədəbiyyatı tarixi"nin
akademik İsa Həbibbəylinin redaktorluğu ilə çap
olunmuş birinci cildinin (Azərbaycan ədəbiyyatı
tarixi. On cilddə, I cild. Şifahi
xalq ədəbiyyatı. Bakı: "Elm", 2018, 1072
s.) müzakirəsi gedir. Müzakirələri
əlamətdar edən və o cümlədən onları
"vahid bir xətt" ətrafında birləşdirən
cəhət yeni nəşrin milli ədəbiyyat
tarixçiliyimizin artıq iki əsri əhatə edən təcrübəsi
tarixində ilk dəfə olaraq "konseptual modelləşdirmə"
əsasında hazırlanmasıdır. Başqa
sözlə, bütöv 10 cild və o cümlədən onun
birinci cildi akademik İsa Həbibbəyli tərəfindən
milli ədəbiyyatımızın tarixini onun şərti
başlanğıc nöqtəsindən tutmuş
bugününə qədər əhatə edən konsepsiya
şəklində modelləşdirilmişdir. Müstəqillik dövründə filoloji zamanın
epoxal hərəkət dinamikasının ifadəsi kimi meydana
çıxmış bu yeni ədəbiyyat tarixi
konsepsiyası, hətta onu aprobativ modeldən keçirmədən
belə, konseptuallığa iddiası ilə diqqəti cəlb
edir. Axı üç epoxa (sovetə qədər,
sovet dövrü və postsovet) kontekstində
"ibtidalıq" və siyasi konyunkturadan azad ilk
"universal" ədəbiyyat tariximiz hələlik
yalnız I cildi çap olunmuş bu 10 cildlikdir.
Ədəbiyyat tarixçiliyimizin (sovetəqədərki)
birinci epoxası bütün təcrübələri ilə
ilk mərhələdir və "ibtida"lıq onun əsas
mahiyyətini təşkil edir.
Sovet dövrünü əhatə edən ikinci mərhələdəki
ədəbiyyat tarixçiliyinin əsas xüsusiyyəti onun
ardıcıl şəkildə təkmilləşdirilməsidir. Az qala,
bütöv bir əsri əhatə edən bu mərhələ
"sosializm realizmi" metodoloji yanaşma modelinin prinsiplərini
həmişə sərt normalar çərçivəsində
əks etdirirdi. Rus-sovet tarixçiliyinin Azərbaycan xalqı
üçün müəyyənləşdirdiyi etnogenez
modelinə əsaslanan "Azərbaycan ədəbiyyatı tarixi"ndə
"etnik-ədəbi varislik", "etnopoetik
düşüncənin fasiləsizliyi" kimi konseptlər
ümumiyyətlə yox idi. Adı "Azərbaycan
ədəbiyyatı tarixi" olsa da, bu ədəbiyyat tarixi, əslində,
"Azərbaycanda ədəbiyyatın tarixi" kimi
reallaşdırılırdı. Bunda da əsas
məqsəd türk etnik substratının Azərbaycan tarixi
və ədəbiyyat tarixindəki konseptual rolunu inkar və təhrif
etmək idi. Bu "antitürk missiya" əvvəlcə
etnik-bədii düşüncənin əsaslarının təhrifi,
yad etnopoetik qaynaqlara müncər edilməsi ilə
başlanır, Orta əsrlərdə bədii mətnlərin
tam sosializm realizmi (sinfilik, xəlqilik və s.) prinsipləri
baxımından təfsiri ilə davam edir, "müasir"
dövrdə "tam sovetləşmiş" ədəbiyyatla
davam etdirilirdi. Əslində, bu da bir
"mükəmməl" ədəbiyyat tarixi modeli idi.
Ancaq mahiyyəti etibarilə antidialektik, antimilli
idi və hər yeni epoxada cildini dəyişən
"velikorus" şovinizminin maraqlarına xidmət edirdi.
Bu da, öz növbəsində, bütöv XX əsr ərzində
"Azərbaycan ədəbiyyatı tarixi" ilə "Azərbaycanda
ədəbiyyatın tarixi" konseptlərini vahid modeldə
birləşdirməyə heç vaxt imkan vermədi.
10 cildlik ədəbiyyat tarixi konsepsiyasının müəllifi
akademik İsa Həbibbəylidir. Müəllif "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
adı altında xeyli müddət elmi fikir dövriyyəsində
müzakirə
obyektinə çevirdiyi konsepsiyasını təkmilləşdirərək,
birinci cildə müqəddimə statusunda daxil etmişdir.
Akademik
İsa Həbibbəylinin baxışlarına görə:
"Azərbaycan ədəbiyyatı - uzun bir dövr ərzində
Azərbaycan xalqının bədii dühasının yaratdığı
çoxəsrlik və zəngin ədəbiyyatdır.
Azərbaycan xalqının milli-mənəvi dəyərləri,
adət-ənənəsi, mənəviyyatı, mübarizəsi
və idealları bu ədəbiyyatın ana xəttini, əsas
qayəsini təşkil edir.
Bu -
böyük ənənələri olan, Azərbaycan
xalqının milli varlığını əks etdirən və
onu dünyaya təqdim edən ədəbiyyatdır.
Bu - Azərbaycan
xalqının milli özünəməxsusluğunun ədəbi
kimliyidir.
Bu -
ümummilli idealları əsrdən-əsrə yaşadan və
inkişaf etdirən böyük ədəbiyyatdır.
Bu - Azərbaycançılıq
idealının ədəbi manifestidir!".
Akademikin dövrləşdirmə konsepsiyasından sitat
verdiyimiz bu ilk abzas, mahiyyəti etibarilə, müəllifin
"Azərbaycan ədəbiyyatı" konseptinə verdiyi tərifdir. Bu tərifdə onun "Azərbaycan
ədəbiyyatı"nın tarixinə,
ədəbi, bədii, estetik mahiyyətinə, bədii təkamül
dinamikasına, funksional poetikasına, milli mahiyyətini müəyyənləşdirən
identifikativ işarələr sisteminə baxışları
ifadə olunmuşdur. Bu cəhətdən İsa Həbibbəyliyə
görə:
- "Azərbaycan
ədəbiyyatı" zaman müstəvisində milli etnik mədəniyyət
tarixinin bütün epoxal keçidlər sistemini və fasiləsiz
inkişaf dinamikasını özündə əhatə edən
ədəbi-bədii proses hadisəsidir;
- "Azərbaycan
ədəbiyyatı" milli düşüncə müstəvisində
bütün poetik strukturu etibarilə etnosun milli-mənəvi
həyat təcrübəsini inikas edən milli ədəbiyyat
hadisəsidir;
- "Azərbaycan
ədəbiyyatı" ənənə müstəvisində
malik və mənsub olduğu nəhəng bədii ənənə
coğrafiyasının hüdudlarını aşmağı
bacarmış, transmilli ənənələr kontekstinə
qalxmış və bu zaman öz milli estetizmini dünya ədəbi
ənənələr dövriyyəsinə transformasiya etməyə
nail olmuş fövqələnənə hadisəsidir;
- "Azərbaycan
ədəbiyyatı" bədii məkan-zaman kontinuumunun
bütün səviyyələrində milli düşüncə
kodlarının funksionallığını qorumaqla
"özü" olaraq qalmağı bacarmış ədəbi
kimlik hadisəsidir;
- "Azərbaycan
ədəbiyyatı" milli və bəşər
idealları "ümummilli" modeldə
funksionallaşdırmış nəhəng ədəbiyyat
hadisəsidir;
- "Azərbaycan ədəbiyyatı" bir milli ədəbiyyat
kimi, Azərbaycan etnik-mədəni sisteminin tarixi-etnik
spesifikasını daim universal-humanitar modellər vasitəsilə
funksionallaşdırmağı bacarmış, milli ədəbi
tarix sisteminin bütün etnomozaik elementlərini vahid nüvə
- "Azərbaycançılıq idealı" ətrafında
düzə bilmiş və onun həyatiliyini
günümüzədək qoruya bilmiş ümummilli ədəbi
manifestasiya hadisəsidir.
Özünəqədərki
"ədəbiyyat tarixlərinin" irili-xırdalı
bütün təcrübələrini elmi aprobasiyadan
keçirən İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı
tarixinin yenidən dövriləşdirilməsi
üçün konseptual baxımdan bu prinsipləri əsas
götürmüşdür:
1. Azərbaycançılıq
məfkurəsi;
2.
Sivilizasiya faktoru;
3. Ədəbi-tarixi
prosesin reallıqları;
4. Azərbaycanda
ədəbi cərəyanlar.
Müəllif
bu prinsiplərə əsaslanaraq Azərbaycan ədəbiyyatı
tarixinin 10 inkişaf mərhələsini müəyyənləşdirmişdir:
1. Qədim
dövr Azərbaycan ədəbiyyatı. Etnosdan
eposadək (ən qədim dövrdən VII əsrə qədər).
2. Azərbaycan
yazılı ədəbiyyatının ortaq
başlanğıc dövrü (VII-X əsrlər).
3.
İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər
Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan
ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan
ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).
7. Azərbaycan
ədəbiyyatında tənqidi realizm və romantizm
epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda
sovet hakimiyyətinədək).
8. Azərbaycan
ədəbiyyatında sosializm realizmi dövrü (1920-1960-cı
illər).
9. Milli-mənəvi
özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi.
Modernizm. (1960-1980-ci illər).
10.
Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı
(1991-ci ildən).
1000 səhifədən
yuxarı "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildi bu 10 mərhələlik təsnifatın
birinci mərhələsini əhatə edir. İsa Həbibbəyli
yazır ki, "mövcud dövrləşdirməyə
görə, qədim dövr Azərbaycan ədəbiyyatı,
əsasən, şifahi xalq ədəbiyyatını əhatə
etməsi ilə səciyyələnir və ədəbiyyatın
mifoloji başlanğıcının, başqa sözlə, etnosdan eposa qədərki
bütün təzahür formalarını əhatə edir. Bu dövr milli şifahi təfəkkürün
möhtəşəm yekunu olan eposun - "Kitabi-Dədə
Qorqud" dastanının yaranması ilə
tamamlanır".
Müəllifin yanaşmasından aydın olduğu kimi,
Azərbaycan ədəbiyyatının birinci inkişaf mərhələsi
mif-folklor-ədəbiyyat təkamül sxeminə əsaslanır. Bu,
"mif-folklor-ədəbiyyat" münasibətlərinin
dialektik strukturu baxımından tamamilə doğru
yanaşmadır. Belə ki, milli ədəbiyyat
tariximizin yenidən dəyərləndirilməsi (dövrləşdirilməsi)
problemi folklor və mifologiya ilə sıx bağlıdır.
"Mifologiya-folklor-ədəbiyyat" epoxal
silsiləsi Azərbaycan ədəbi düşüncəsinin
epoxal inkişaf tarixini nəzərdə tutur. Ədəbi irsə sinxron baxış, yəni onun
çağdaş poetik dəyər və meyarlar kontekstində
qiymətləndirilməsi diaxron-tarixi baxışı nəzərdə
tutmadan heç vaxt dialektik-fəlsəfi bütövlük kəsb
edə bilməz. Ona görə ki, ədəbiyyat
tarixi şüurun forması kimi özünün təkamül
mərhələlərinə malikdir. Ədəbi
düşüncənin strukturunun bitkin sistem hadisəsi kimi dəyərləndirilməsi
mif və folklor mərhələlərini nəzərə
almadan mümkün deyildir. Bu cəhətdən, akademik
İsa Həbibbəylinin dövrləşdirmə
modelində "Azərbaycan ədəbiyyatı"
arxetipinin mifdən başlanması və eposda tamamlanması bədii
düşüncənin inkişaf strukturu və dinamikasının
bütün təzahür formalarını öz içərisinə
alır. Belə ki, təkcə Azərbaycan ədəbiyyatı
deyil, istənilən ədəbiyyat özünün
bütün diaxron (tarixi) və sinxron (mövcud) strukturu ilə
mifdən başlanır.
Mif və folklor ədəbi düşüncənin həm
diaxron, həm də sinxron struktur səviyyələrini təşkil
edir. Bu, diaxroniya baxımından o deməkdir ki, ədəbiyyatın
mətn, forma və məzmun göstəriciləri
bütün hallarda tarixi inkişafı özündə əks
etdirir. Ədəbi düşüncənin
müasir keyfiyyət müəyyənliyi tarixlə şərtlənir
və bu keyfiyyət müəyyənliyinin öyrənilməsi
"mifin tarixi"nə müraciəti zərurətə
çevirir.
Ədəbiyyat tarixinə sinxron baxış mif və
folklorun struktur səviyyələri kimi yerinin ədəbi
düşüncənin poetik struktur məkanında
axtarılması deməkdir. Belə ki, həm mif,
həm də folklor ictimai düşüncənin struktur
laylarıdır. Mifdən folklora, folklordan
ədəbiyyata inkişaf prosesində mif və folklor ədəbi
düşüncənin struktur səviyyələrinə
çevrilir. Bu baxımdan, ədəbiyyatın
milli özünüifadə kodlarından biri kimi tarixi
inkişaf kontekstində dəyərləndirilməsi onun mif və
folklor kontekstlərində öyrənilməsini zərurətə
çevirir.
Akademik
İsa Həbibbəylinin təsnifat modelində də biz
ümumən ədəbiyyatın, konkret olaraq milli ədəbiyyatın,
bütövlükdə millətin, xalqın, etnosun
yaranış nüvəsi olan mifin öz əhatə dairəsini
genişləndirməsinin, onun folklora transformasiya
olunmasının və eposda "milli ədəbiyyatı"
modelləşdirən sinxron sistem halına gəlməsini
müşahidə edirik. Bütöv birinci cild
bu konseptual yanaşmanın gerçəkləşməsinə
xidmət edir.
Qeyd edək ki, "qədim ədəbiyyat" elmi
konsept kimi mürəkkəb anlayışdır. "Qədim ədəbiyyat"
məfhumu bizim içərisində olduğumuz Avropa
tarixşünaslığının xronometrik modeli
baxımından "konkret" hüdudları olan
dövrü əhatə etsə də, onun zaman sərhədləri
və mündəricəsi milli ədəbiyyatlara münasibətdə
dəyişkəndir. Bu, iki səbəblə müəyyənləşir:
Birincisi,
bizim elmi şüurlarımıza hakim olan Avropa xronometrik
modelinin milli tariximizin epoxal inkişaf mərhələlərini
uyğun şəkildə əks etdirməməsi ilə;
İkincisi, akademik İsa Həbibbəylinin
sözügedən xronometriyanın funksionallığına
qeyri-adekvat olan, milli ədəbiyyat tarixçiliyimiz müstəvisində
yeni ədəbi-bədii xronometrik model təklif etməsi ilə.
Bu cəhətdən
akademikin "Qədim dövr Azərbaycan ədəbiyyatı"
konseptində bədii zaman iki bir-birinə paralel şkalanı
nəzərdə tutur:
1.
Xronometrik vaxt anlayışı ilə müəyyənləşən
şkala: "Ən qədim dövrdən VII əsrə qədər";
2. Bədii-epoxal
faktura anlayışı ilə müəyyənləşən
şkala: "Etnosdan eposadək".
Azərbaycan
ədəbiyyatı tarixi özünün "ən qədim
dövr" epoxasına malikdir və həmin epoxanın şərti
başlanğıc nöqtəsi daim dəyişə bilər:
yeni bədii faktura daim yeni başlanğıc yaradır. İkinci şkala isə akademik İsa Həbibbəylinin
ədəbiyyat tarixinə özünəməxsus
yanaşmasını əks etdirən tamamilə orijinal
modeldir. Belə ki, müəllif "Qədim dövr Azərbaycan
ədəbiyyatı" modelini "etnos"la başlayıb
"epos"da tamamlayır.
Vurğulamaq
istərdik ki, "ən qədim ədəbiyyatın"
başlanğıc nöqtəsi kimi "etnos" konseptinin əsas
olaraq götürülməsi, təkcə Azərbaycan ədəbiyyat
tarixçiliyi deyil, ümumiyyətlə ədəbiyyat
tarixçiliyi təcrübəsində yeni yanaşmadır.
Belə ki, milli ədəbiyyat tarixinin başlanğıc,
yaxud çıxış nöqtəsi kimi "etnos"
konseptinin götürülməsi "tarixi" baxımdan
özünü doğruldur.
"Etnos (onun ümumiləşmiş vikipedik tərifində
deyildiyi kimi) insanların müəyyən bir ərazidə
uzunmüddətli birgə yaşayışla, ümumi dil, mədəniyyət,
həyat tərzi, özünüdərk və
özünü adlandırma ilə birləşən və nəsilləri
əhatə edən sabit qrupdur". Və bu mənada yeni "Azərbaycan
ədəbiyyatı tarixi"nin
"etnosla" başlanması oncildliyin "tarix"
statusuna tamamilə adekvatdır.
"Etnos" ədəbi-estetik baxımdan nəhəng
və ümumi hadisədir. Etnosun
yaratdığı ədəbiyyat onun mədəniyyətidir.
Bu cəhətdən ədəbiyyatın başlanğıc
nöqtəsi kimi "etnos"un götürülməsi
"ədəbiyyat tarixi"nə daha ümumi, daha universal
olan "kültür" prizmasından baxışdır.
Akademik
İsa Həbibbəylinin dövriləşdirmə
konsepsiyasında "Qədim dövr Azərbaycan ədəbiyyatı"
mərhələsi bədii materiya olaraq "mif"dən
başlanır, "folklor"dan keçir və
"epos"da tamamlanır. O, bir müəllif
kimi bu mərhələni göstərilən sxem üzrə
çox aydın şəkildə modelləşdirmişdir.
Bu baxımdan belə hesab edirik ki, akademikin "Etnosdan eposadək"
mərhələsinin adında "mif"i etnosun mədəni
özünüifadə kodu və materialı kimi
"etnos" anlayışının semantik nüvəsinə
"yerləşdirməsi" bir tərəfdən
"mif"in özünü onun "haqq etdiyi" arxetipik
başlanğıc statusunda təsdiq etdiyi kimi, o biri tərəfdən
də "etnos" anlayışını təkcə Azərbaycan
ədəbiyyatı tarixçiliyinin təcrübəsində
deyil, eləcə də beynəlxalq elmi təcrübə
miqyasında yeni ədəbi-bədii anlayış kimi ədəbi-nəzəri
fikir dövriyyəsinə daxil edir.
"Azərbaycan
ədəbiyyatı tarixi"nin birinci
cildi şifahi xalq ədəbiyyatını əhatə edir. Burada Azərbaycan şifahi xalq
yaradıcılığının janrlar sistemi, poetik
strukturu, tarixi, onun inkişaf dinamikası, milli özünəməxsusluğu,
ədəbi-bədii xüsusiyyətləri və s. Azərbaycan
folklorşünaslığının aparıcı müəllifləri
tərəfindən geniş şəkildə əhatə
olunmuşdur. 1072 səhifəlik
kitabın, təqribən, 800 səhifəsini əhatə edən
oçerklər, əslində, Azərbaycan
folklorşünaslıq elminin son iki əsrdəki nəzəri-metodoloji
təcrübəsini özündə əks etdirir. Bu cəhətdən həmin oçerklər həm
də müasir Azərbaycan folklorşünaslığının
səviyyəsi və həmin səviyyə ilə ifadə
olunmuş elmi simasını da ortaya qoyur. Oçerk
müəllifləri folklorun ayrı-ayrı janrlarını
onların bütün poetik "ehtiyatları" səviyyəsində
ortaya qoymağa çalışmış və buna birmənalı
şəkildə nail olmuşlar.
Bütövlükdə
götürdükdə, konsepsiyası akademik İsa Həbibbəyli
tərəfindən modelləşdirilmiş 10 cildlik "Azərbaycan
ədəbiyyatı tarixi" milli mədəniyyət və
ictimai düşüncəmizdə böyük hadisə
olduğu kimi, onun artıq işıq üzü
görmüş birinci cildi də həmin hadisəni uğurla
təcəssüm etdirir. Milli müstəqillik onu
"milli" olaraq şərtləndirən "hadisə"lərin
reallaşdırılması ilə baş tutur. Bu, Azərbaycan
ziyalılarının, o cümlədən
filoloqlarının qarşısında yeni milli vəzifələr
qoyur. Biz 10 cildlik "Azərbaycan ədəbiyyatı
tarixi" konsepsiyası və onun birinci cildinə 70
yaşını tamamlamış akademik İsa Həbibbəylinin
yeni ədəbi zamana çağırışlarının
ifadəsi kimi baxır, onun rəhbərliyi ilə gerçəkləşmiş
bu nəşri fundamental hadisə kimi qiymətləndirir və
ona cansağlığı, yeni uğurlar
arzulayırıq.
Seyfəddin RZASOY
Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.22-23.