Metakədər
Albert Kamü yalnızlığı
kimi
Sərhədsizdir sənə hisslərim...
Bu tamam başqa şeydir.
Tamam yad bir şey.
Hiss edirəm bunu saçlarımın ən
ucuna kimi. Nəsə qırmızıvaridir. Sərhədsizdir. Məni sənə əsir edir.
''Hamı bilir ki, həyat yaşamağa dəyməz. Əslində, insan ha otuzunda ölmüş.
ha yetmişində bu çox da vacib
deyil"...
Sən arqumentləri xırdalayırsan,
bu məni bezdirir...
Mənim
qəpik-quruşdan xoşum
gəlmir, əvəzolunmazım...
Hərə sevgini bir cür qavrayır, elə ölümü də...
Hərə ruhu bir cür qavrayır, elə tutqunu da...
Sevişmək daha susdura bilmir ruhun fəryadını...
Xırda mətnlərə sığdırıb
boğmaq varkən səni, niyə böyük janrlara sürüyüm ki, hekayələrimizi?
Çəkdiyim siyah tabloya anidən
sıçramış sarı
rəng kimisən.
Mən günəşi görmürəm,
optimist təxəyyüllər gözləmə məndən,
əzizim!
Sarı
mənə vərəmli
cəmiyyətin simasını
xatırladır...
Sarı
məni üşüdür...
Günəş arayışında deyiləm,
Günəşi görmürəm, əzizim...
Künclərdə dilənən körpə
əlləri görə
bilirəm ancaq.
Hiss edirəm körpə ovuclarını dondurur bumbuz qəpiklər...
Qəpik
qoxusuna nifrət edirəm, əzizim...
Qəpik
səsi məni dəli edir...
Günəş şüalarına doğrumu
açılır, yoxsa
o balaca əllər?
Söylə əzizim?
Ruhumu dağlayan bu çarəsizliyimi uyudacaq
bir yalan de...
De ki, çox xoşbəxtdir bu dünyada uşaqlar....
Günəş də görməzdən
gəlir onları demə mənə...
De ki, onlar günəşi
sevmirlər, əslində...
Canım
yanır, ruhum yanır...
Anemiyalı əllərimdəki zəif
həyat yetmir bütün ovucları isitməyə.
Virginiyanın çarəsizliyinə qapılıram...
Bütün çaylar quruyur
dünyamda...
Ciblərimdəki bütün daşlar qəpik-quruş kimi ironiya ilə cingildəyir beynimdə.
Gülür mənə bütün
kişilər, bütün
qadınlar, bütün
insanlar!
Bircə
susur uşaqlar...
Everstləşir bütün ağrılarım,
Metakədəri izah edə bilmirəm heç kimə...
Mən izah edə bilmirəm Hamsunun aclığının
ağrısını dünyaya.
Günlər öncə iki stəkan qara çaya sığdırmışdım
bütün demək istədiklərimi. Məncə, sən, əslində, demək istəmədiklərimi
də, eşidirdin...
NARGİS
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.24.