Lirik mətnin
identifikasiyası,
yaxud operativ mətn
modeli
1
Bəzən
bizə belə gəlir ki, şair hər hansı şeirdə
nəyisə - əşyanı, insan təbəssümünü,
yarpağı, ağacı... təsvir, yaxud tərənnüm
edir və zahirən bu, doğrudan da belədir, ancaq şair bu
"əsas" şeylərdən vaz keçib bəlkə
on illər, yüz illər sonra meydana çıxacaq nəsnələri
nişan verir, gerçəkliyi ona bənzəməyən
sxem içində işarələyir, yəni gerçəkliyi
maqnit kimi özünə çəkib ondan zərrə-zərrə,
bəzən də biryolluq imtina edir... Vladimir
Mayakovskinin lirik şeirlərini, cavabsız məhəbbətdən
doğan iztirablarının şeirlərində
açdığı şırımlara baxın (Mama!
//Vaş sın prekrasno bolen!// Mama! //U neqo pojar serdça!). Yaradıcılığının
bəlli mərhələsində o, yaşantısız
şeiri təsəvvür etmirdi və buna görə də
özünün ən gərgin məqamları əks etdirən
hissləri ilə lirik qəhrəmanın duyğuları
arasındakı mərz bəzin bilinmirdi və elə buna
görə o, məhəbbət haqqında o dövr
üçün ən işıqlı şeirlər
yazırdı. Burada, həyatını
alt-üst edən hadisələrlə (eşq...) poetik mətnin
içində gedən proseslər bir məqamda qovuşur və
dünyada misli-bərabəri olmayan ritm-intonasiya modelləri
yaranırdı. Bəzən belə bir hiss də
yaranır: şair, sanki bu mətni dünya, gerçəklik
bitəndən, bütün hisslər, duyğular
yaşanıb qurtardıqdan sonra yazıb (Fərid Hüseynin
"Xivə" şeiri - Çox şey məhv olur// bircə
paltarlarımızın yaxasından başqa// və hər kəs
təmiz pambıqdan// yumşaq ipəkdən// ən gözəl
yaxalığını asıb gedir Qiyamət zivəsinə...).
Yəni artıq hekayəsi bitmiş bir şeyə
baxış kimi... Həm də, hekayəsi bitib artıq
büsbütün unudulmuş nəsnə bu təsadüfdə
olduğu kimi, dünyaya gələndə unudulmuş detallar
da daxil həm də onu doğuran ruh haləsində
görünə bilir...
2
Lirika haqqında danışarkən insan qəlbinin həyəcanlarını
və onun təfəkkürünün vəziyyətini bilmək
lazımdır. Buraya onun emosional düşüncəsi,
qeyri-rasional hissiyyatı və cəhdləri daxildir. Romantizmin nəzəriyyəçisi Şleqel
yazırdı ki, "Lirika həmişə yalnız
öz-özünə aydın olan vəziyyəti, məsələn,
təəccüb anını, qəzəb püskürməsini,
ağrını və sevinci təsvir edir".
Hegel epos və dramı obyektiv poeziyaya, lirikanı isə
subyekvtiv poeziyaya aid edirdi. Onun fikrincə,
"Lirik poeziya qəlbin daxili dünyasını, onun hisslərini,
sevinc və iztirablarını təsvir edir. Lirik nümunədə şairin ifadə etdiyi intim və
real nəsnələr onun özünün əhvalı kimi təqdim
edilir; bu onun ruhunun canlı məhsuludur". Demək, lirika poetik ilhamla sıx şəkildə
bağlıdır. Lirik əsərin məzmunu
dünyanın müxtəlif künc-bucaqlarına qədər
iz salan hər hansı obyektiv hərəkətin
inkişafı ola bilməz. Burada
məzmun ayrıca götürülmüş subyektdir və
beləliklə vəziyyət və situasiyanın xüsusiləşməsi,
eləcə də bu vəziyyəti ifadə etməyin
üsulları xüsusi prinsiplərə söykənir.
Yəni Hegelin tərifindən alınan nəticə bu ola bilər ki, lirik əsərdə forma və
məzmunu hansısa hərəkətin
"saçdığı" təəccüb deyil, məhz
subyekt müəyyənləşdirir. Demək,
hansısa zahiri səbəb, nə də onun gerçəkliyi
məxsusi olaraq lirik vahidi formalaşdırmır, burada əsas
olan qəlbin daxili hərəkəti və predmeti qavramaq
üsuludur.
Bu anlayış filosofun irəli sürdüyü estetik
konsepsiya kontekstində ifadə olunur. Həmin konsepsiyaya
uyğun olaraq digər incəsənət növlərindən
fərqli olaraq, poeziyada "ruhani məzmun hissi materialdan pərvəriş
tapır" və burada zahiri və obyektiv elementin rolu daxili təsəvvür
və seyri ifa etməkdir. Başqa sözlə
desək, poeziyada ruh elə onun özünün məcrasında
predmetləşir. Hegelin fikrincə,
lirikada bir addım da interiorizasiyaya doğru atılır - o
özünün daxilinə, bu məkanın
qurtaracağına qədər enir, öz halını seyr etmək
imkanı qazanır. Belə bir arqumentin
hesabına lirik düşüncənin məzmunu əhvalın
istənilən təsadüflərindən arınmış
obyektə çevrilir, elə bir obyektə ki, orada daxili aləm
azaddır.
Hegelin dövriyyəyə daxil etdiyi başqa bir tərifi
qeyd etmək olar. "Estetika" əsərində o yazırdı:
"...Lirik janr subyektiv aləmi, daxili dünyanı, hissləri,
qəlbin emosiyalarını ifadə edir; hər hansı hərəkətin
inkişafını izləməkdənsə, onun mahiyyəti
və əsas məqsədini bəlləmək
üçün fərdin qəlbinin
çırpıntılarını təsvir etmək daha
düzgün olardı". Hegelin universal
xarakteri öyrənən mütəfəkkir olmasına
baxmayaraq, subyektivlik anlayışı həvəskar oxucularda
maraq oyadırdı və onları lirik poeziyada şəxsi
poeziyanı görməyə səsləyirdi. Bununla belə, müasir və post-Hegel
düşüncə belə bir məhdud baxışın və
bu səhv interpretasiyanın yalan olduğunu sübut edir.
Bu şəxsi ölçüyə gəlincə,
XIX əsrdə yaranmış nümunələrin oxusu ibrətamizdir.
Total ambisiyalardan tutmuş universallığa yetişmək cəhdlərinə
qədər böyük romantiklərin əksəri əzab
çəkən insanın şəxsi ehtiraslarını
ifadə etmək üçün miflərə müraciət
edirdilər: "Sizə sizdən danışanda sizə
özümdən bəhs edirəm. Bunu necə hiss etməyəsiniz?
Ah! Mənim sən olmadığımı düşünən
adam səfehdir", - deyə Viktor Hüqo
"Seyrlər"in astanasında yazırdı.
Nitsşe isə, öz növbəsində, lirik
şairin özünəməxsusluğunu və subyektivliyin
identifikasiyasını şübhə altına qoyurdu. Lirik şairin
"mən"i varlığın daha dərin
uçurumundan gələn səsi əks etdirir; müasir
estetiklərin şərhində onun "subyektivliyi" xalis
illüziyadır". O, "lirik mən"də
varlığın mütləq ifadəsini görür. Lirik
poeziya mövzusu da buna baxmayaraq filosofları geniş şəkildə
düşündürürdü və onları ədəbi
təhlillərə sövq edirdi: formalaşmaqda olan subyekt,
böhran keçirən subyekt, mövzunun fiksiya tülünə
bürünməsi və sair...". O,
heç zaman qəti bir cavab tapa bilmir. Bütün
bunlara baxmayaraq subyektivlik/obyektivlik oppozisiyası o qədər
də effektli görünmür. Lirik
poeziya hər şeyi obyektivləşdirmək və
"şairin nitqdə əriyib itməsini" göstərir.
XIX əsrin ikinci yarısından başlayaraq
emosional ifadə subyektlə müəyyən distansiya
saxlayır və söyləmin şəxssizləşməsinə
meydan açır. Ancaq subyektivliyin geridə
buraxılması, hətta "mən" konstruksiyası
saxlansa da, oxucu üçün lirik mətnin identifikasiya
qabiliyyəti önündə maneələr yaradır. Bəzi modern şairlər bu vəziyyəti
şeirin mövzusuna belə çevirmişlər.
Öjen Gilevikin "Poeziya sənəti" şeiri bu qəbildəndir:
Mən
özüm üçün danışmıram,
Mən
öz adımdan danışmıram,
Burda söhbət məndən getmir.
Mən nəyəm
ki,
Bir az həyat, daha çox qürur.
Mən
olan hər şeydən danışıram,
Forması
olan və olmayanların
adından
danışıram,
Çəkisi
olan,
çəkilə bilən şeylərdən danışıram.
3
Lirik janrların təsnifatında qəliz məqamlar
saysız-hesabsızdır, bu çətinliyin nədən
qaynaqlandığını araşdırmağa
çalışaq. Bu mənada operativ mətn modelini yaratmaq
üçün hər şeydən əvvəl janr
üçün səciyyəvi olan ədəbiyyat tarixindən
götürülən bəzi əsas məqamları
seçmək imkanına malik olmalıyıq. Ancaq lirik tekstuallığa gəlincə, müəllif
və oxucular üçün oriyentir rolunu oynaya biləcək
ayin mətnlərini nəzərdən qaçırmaq olmaz.
Ədəbiyyatşünas Rəhim Əliyev bu mənada
yazır: "Lirika mədəniyyətin yeni bir sahəsi idi:
o, artıq təkcə müğənninin yaddaşında
yox, yeni, inqilabi bir mədəniyyət sahəsi olan mətn mədəniyyətinin
içində yaşadı. Nəğmənin
mətnə çevrilməsi poeziya və ya qədimlərdə
deyildiyi kimi lirikanı yaratdı. Lirika, ilk
növbədə, mətn mədəniyyətinin bir şəkli
oldu. Onun ritmi və ovqatı isə
yazıda əks oluna bilmir və ancaq nəzərdə
tutulurdu. Məsələn,
"Bibliya"da Davud peyğəmbərin nəğmə -
şeir mətnləri yazılışca hələ nəsrdən
seçilmir. Lakin insanlar şeirin ritmini və
ovqatını mətndə ifadə etmək üçün
yollar və vasitələr axtardılar və nəticədə
ritmik mətnlərin, şeirin yazı qaydası,
orfoqrafiyası yarandı". Sitat
verdiyimiz müəllifin də vurğuladığı belə
bir çətinlik hər şeydən əvvəl lirik
janrın tarixindən qaynaqlanır. Bəllidir ki, lirik
janrın tarixi tam bir inqilabi "çevrilişə" məruz
qalıb: o, qeyri janr statusundan, yaxud marginal statusdan hiper janr
statusuna adlaya bilmişdir.
Fransız strukturalisti Jerar Jenet "Arximətnə
giriş" araşdırmasında yazır ki, ümumi
klassifikasiya Platon və Aristotel modellərinin əsaslandırılması
və yenidən nəzərdən keçirilməsinə əsaslanmışdı. Epos və dram
nisbətən sabit qalsalar da, bütün marginal ədəbi
formaların yuvası olan lirika süni şəkildə
genişlənirdi. Qlobal sistemə
inteqrasiya olunmasına baxmayaraq, janrı müəyyənləşdirən
meyarlar heç də həmişə aydın və uyğun
deyildi, onlar tez-tez dəyişikliyə uğrayırdılar.
Antik dövrdə şəraitdən asılı olan və
performativ xarakterli, həm də musiqi ilə sıx
bağlı olan lirik janr İntibah dövrünün şairləri
tərəfindən yüksək dəyər qazandı.
Rəhim Əliyevin fikrincə, "hələ qədimlərdən
şeir dili mərasim ayinlərinin qalığı kimi sosial
statusa malik olmuşdur. Ən qədim zamanlardan bu status sosial
seçməliyə səbəb olmuşdur və çox
güman ki, kahinlik peşəsi həm də insanlar
arasında musiqili və ritmik danışıq - söyləmə
qabiliyyətinin nəticəsi kimi yaranmışdır. Təsadüfi deyil ki, indi də bütün müqəddəs
kitablar, o cümlədən monoteizmin müqəddəs
kitabları xüsusi ritmlə oxunur ki, bu da dini mətn
ifaçılığının ən qədim mərasim
söyləmələri ilə əlaqəsinin
qalığıdır. Beləliklə biz
müğənnilik - kahinlik - peyğəmbərlik və
şairlik peşələrinin varislik əlaqəsini qeyd edə
bilərik. Həm də şairlik bu
sırada ən cavan və peyğəmbərlik institutundan
sonra yaranmış bir yaradıcılıq sahəsidir. Təsadüfi deyil ki, bütün peyğəmbərlərin
bioqrafiyasında onların yaxın rəqibləri və
opponentləri arasında şairlərin adları çəkilir".
Müəllif daha sonra bunun təsadüf
olmadığını qeyd edir və vurğulayır ki, həm
kahin və peyğəmbərlərin, həm də şairlərin
insanlar arasında mistik hakimiyyəti ritmik və qafiyəli
söyləmə qabiliyyətinə əsaslanır. Şeir dilinə, onun intonasiyasında yuva qurmuş
magik gücün insanlara zaman-zaman sirayət etməsinə
diqqət etdikdə aydın olur ki, şeir dilindəki hakimiyyət
gücü məhz verbal, səslə təsir prinsipinə əsaslanır.
Orta əsrlərdə şahların (Qazi
Bürhanəddin, Şah İsmayıl Xətai, Sultan Səlim...)
şeir yazması, divan bağlaması sıradan bir hadisə
olmayıb böyük bir tarixi, onun çevrəsində gedən
çox mürəkkəb hadisələri əhatə edir.
Məlumdur ki, poetik dil heç şübhəsiz
ki, mistik başlanğıca malikdir və bu keyfiyyət həmin
dildə yaradılan lirik mətnlərin yer və göyü
birləşdirmək mahiyyətini açıqlayır.
Lirik janrda "keçmişin indiləşdirilməsi"
janr təsnifatında spesifik şəkildə meydana
çıxır. Bayatıda bu zaman "dönüşünü"
gerçəkləşdirmək üçün janrın
özünə qədər sıxılmasına ehtiyac
yaranır, yəni sıxılma, hiss və emosiyanın daha
çox kədər, iztirab, yaxud sevinc ifadə etməsini
şərtləndirir. Qoşmada bu "hissi konsentrasiya", yəni
həm də zaman və məkan boyunca "sıxılma"
insan qəlbinə səyahət, onun ən dəruni hisslərini
faş etmək niyyətini şərtləndirir. Həmin
poetik mətnlərdə mənanın yaranma, görünmə
mexanizmi qəzəldən çox fərqlidir, qəzəldə
dil az qala "heroqlif" səviyyəsinə qədər
"lallaşırsa" (Bahar oldu və açıldı
yüzündən pərdə gülzarın...), qoşmada bu
əks proses kimi gedir, məna sözlər, pasajlararası cilvələnir,
onun hissələrlə, misra və bəndlərlə
görünməsi, yaratdığı parlaq vizuallıq qəlbin
daha munis məqamlarının üzə çıxması
ilə şərtlənir, həm də insanın
bütün həyatından, bəlkə bu həyatın
ağır yükü altında qalan bir detalı
götürmək üçün ömür... kino lenti kimi
kəsilir, qoşmada kəsilən lentin
xışıltısı eşidilir... (Xəstə
Qasımdan: Ay ariflər, bir tərlanım uçubdu//Sağ əlimdən
sol əlimə alınca//Onu tutan xeyrü-bəhrin görməsin//Mən
yazığın naləsi var dalınca).
Bədii mətnlərdə bəzən dil unudulmuş,
yaddan çıxmış məkanı canlandırmaq, yenidən
yaratmaq işinə xidmət edir. Hər hansı ad
çəkilən kimi göz önündən səciyyəvi
mənzərələr keçir, atalar sözü və məsəllər
mətndə həm də ilk dəfə işlədildikdə
yaratdıqları təsəvvürün hərəkət
forması ilə birlikdə işlədilir. "Heydərbabaya salam" dastanında olduğu
kimi. Vizuallıq məhz təkidlə yada
salınan nəsnənin son işartısı səhnədən
çəkildiyi an aktuallaşır. Keçmiş
indiləşdirilir, səhnələşdirilir,
dağların o üzündə axan çayın
şırıltısı eşidilir. Mayakovski bu məqamda
nə deyir (Vot ə boqoxulil // Oral, çto boqa net //a boq takuö iz peklovıx qlubin // çto pered
ney qora//zavolnuetsə i droqnet //vıvel i velel //löbi!).
Sevgi
şeirlərində hər hansı anlayışın,
sözün semantikasından "ayrılan" bircə cəhət
("əşyayi-dəlil"-!) o qədər dərindən
fəhm edilir ki, onları qavrama sərhədi ixtiyariləşir,
sən onları həm aydınca görür, hiss edir, həm
də konturlarını gözünə yığa bilmədiyini
dərk edirsən. Xəyalla gerçəkliyin
sərhədi qarışanda təsvirdə yalnız bir yeganə
cəhət vizuallaşır və bütün mənzərənin
başqa şəkildə görünməsini şərtləndirir.
Demək, gerçəkliyin təsvirinin
hansısa təsadüfi bir cəhəti olur ki, onu həm əvəz
edir, həm də danır, başqa formada görüntülənməsini
şərtləndirir.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.26-27.