Cəlil Məmmədquluzadənin
150 illik yubileyi qeyd
olundu
Dekabrın
25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik
yubileyinə həsr olunan tədbir keçirilib.
Mədəniyyət
naziri Əbülfəs Qarayev çıxış edərək
dövlətimiz tərəfindən yazıçının
irsinə göstərilən diqqətdən
danışıb.
Bildirib
ki, Azərbaycanda dahi şəxsiyyətlərə ölkə
rəhbərliyi tərəfindən xüsusi diqqət
göstərilir. Prezident İlham Əliyevin görkəmli
şəxslərlə əlaqədar verdiyi sərəncamlara
əsasən bu il Cəfər Cabbarlı, Mikayıl
Müşfiq, İbrahim Qasımov, Hüseyn İbrahimov və
digər görkəmli şəxsiyyətlərin yubileyləri
dövlət səviyyəsində qeyd olunub.
Nazir
Əbülfəs Qarayev vurğulayıb ki, böyük
yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatının yeni mərhələyə
yüksəlməsində müstəsna rol oynamış və
bütöv bir ədəbi məktəb
formalaşdırmış qüdrətli şəxsiyyət,
azərbaycançılıq məfkurəsini milli
oyanışa, yeniləşmə hərəkatına yol
açan və azadlıq ideyalarının inkişafına təsir
göstərən mütəfəkkir, ana dilimizin
saflığı uğrunda mübarizə aparan vətəndaş,
yazıçı və nəhayət, böyük demokrat ədib
kimi xarakterizə edilir.
Görkəmli
ədibin yaradıcılığından bəhs edən Xalq
yazıçısı Anar deyib: “Bu gün biz ədəbiyyat
tariximizin ən böyük simalarından biri olan Cəlil Məmmədquluzadənin
işığına toplaşmışıq. Azərbaycan ədəbi
mühitində yeddi nasir və şairə dahi demək olarsa,
onlardan biri də Cəlil Məmmədquluzadədir. O, Azərbaycan
ədəbiyyatında yeni səhifə açmış
yazıçıdır. Mirzə Cəlilin əsərləri
təkcə ədəbi dərslər deyil, biz ondan, həmçinin
necə yazmağı və öz xalqını necə sevməyi
öyrənirik. Xalqı sevmək onun inkişafına mane olan
bütün hallarla amansız mübarizə aparmaq deməkdir.
O mübarizəni ki, Mirzə Fətəli Axundzadə
başlamışdı və Mirzə Ələkbər Sabir
ilə Mirzə Cəlil Məmmədquluzadə davam etdirirdi”.
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya üzrə
elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik İsa
Həbibbəyli çıxış edərək deyib ki, Cəlil
Məmmədquluzadə Azərbaycan ədəbiyyatının
yeni mərhələyə yüksəlməsində müstəsna
rol oynamış və bütöv bir ədəbi məktəb
formalaşdırmış qüdrətli şəxsiyyətdir.
Yazıçının bədii nailiyyətlərlə zəngin
irsində azərbaycançılıq məfkurəsi
dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi
dolğun ifadəsini tapıb. Dahi sənətkar həyat həqiqətlərini,
ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik
dəyər daşıyıcısına çevrilən rəngarəng
obrazlar qalereyası yaradıb.
Qeyd
edib ki, ana dilinin saflığı uğrunda daim mübarizə
aparmış Cəlil Məmmədquluzadənin
yaratdığı qiymətli dram və nəsr əsərləri,
parlaq publisistika dərin humanist məzmuna malik olub,
özündə milli və ümumbəşəri dəyərlərin
vəhdətini ehtiva edir. Azərbaycanda və onun
hüdudlarından kənarda geniş yayılaraq milli
oyanışa, yeniləşmə hərəkatına yol
açan və azadlıq ideyalarının inkişafına
güclü təsir göstərən “Molla Nəsrəddin”
jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.
Quruluşçu
rejissoru Xalq artisti Vaqif Əsədov olan tədbirdə Akademik
Milli Dram Teatrının, Gənc Tamaşaçılar
Teatrının, Rus Dram Teatrının, Akademik Musiqili
Teatrının aktyorları Cəlil Məmmədquluzadənin
yaradıcılıq nümunələri əsasında
hazırladıqları səhnəciklər təqdim ediblər.
Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.27.