Mifin reallıqla vəhdəti,
Mustay Kərimin söz sənəti
Mustay Kərim (Mostofa Safa ulı Karimov, 25.09.1919 - 20.10.
2005) başqırd şairi, yazıçısı dramaturqu,
Dövlət və Lenin mükafatları laureatı,
RSFSR-nın Əməkdar incəsənət xadimi,
Başqırdıstanın xalq şairi kimi yetərincə
orijinal və monumental yaradıcılıq irsi qoyub
getmişdir. Ədəbiyyata 30-cu illərdə qədəm
qoymuş Mustayın ilk debütü uğurlu olmuşdur.
Elə birinci şeirlər kitabı "Dəstə
tərpəndi" ("Otrəd kuzqaldı") 1938-ci ildə
işıq üzü görmüşdür. 1941-ci ildən müharibəyə səfərbər
olunmuş Mustayın elə həmin ildəcə "Bahar nəfəsi"
("Əzğı tayıştap") adlı ikinci
kitabı çap olunmuşdur. Müharibədə
cəbhə qəzetlərinin müxbiri kimi fəaliyyət
göstərmiş, onların səhifələrində tatar
dilində çıxışlar etmişdir.
Zəngin və çoxcəhətli
yaradıcılıq yolu keçmiş Mustay Kərimin 100-dən
artıq poeziya və nəsr məcmuəsi, 10-dan artıq dram
əsəri və çoxsaylı publisistik yazıları
oxucuların ixtiyarına verilmişdir. "Qara damcılar",
"Qayıdış", "Avropa-Asiya",
"Zamanlar" kimi şeir və poemaları, "Aygül
ölkəsi", "Qızın oğurlanması",
"Ay tutulan gecə", "Salavat", "Odu atma,
Prometey!", "Bizim evin sevinci", "Taqanrok",
"Bağışlama", "Uzun-uzun gecə", "Kənd
vəkilləri" və s. kimi əsərləri Mustay Kərimi
başqırd ədəbiyyatının zirvəsinə
qaldırmışdır.
Mustay Kərimin əsərləri xeyli sayda dünya
xalqlarının dillərinə çevrilmişdir. Azərbaycan
dilinə təcrümələr isə yetərincə
çoxsaylı və ardıcıl olmuşdur. Bu
yaxınlarda Türksoyun dəstəyi ilə Ankarada
"Doğumunun 100 yıl dönümüne ithafen Dünya
dillerinde Mustay Kerimden seçme şiirler" (Ankara, 2019)
kitabı on üç dildə - Azərbaycan, qazax,
qırğız, özbək, Türkiyə tükcəsi,
başqırd, saxa, tatar, malkar, çuvaş, qaraqalpaq, rus və
ingilis dillərində oxuculara təqdim olunmuşdur.
28 və
30 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Milli
Kitabxanasında və Azərbaycan Dövlət Pedaqoji
Universitetində Türksoyun və Başqırdıstan
nümayəndələrinin birgə iştirakı ilə
Mustay Kərimin 100 illik yubileyinə həsr olunmuş
xüsusi tədbirlər keçirilmiş, böyük
yazıçının əsərlərinin müxtəlif tərəfləri
ilə bağlı maraqlı çıxışlar dinlənilmişdir.
***
Mustay Kərim öz dövrünün geniş
masştablı yazıçılarındandır. Onun
yaradıcılığının mövzu palitrası yetərincə
rəngarəngdir. Əksər əsərləri
üçün gerçəkliyin bədii təsvirində ən
çeşidli məqamların birliyi və ziddiyyətliliyi
xarakterikdir. Başqa cür desək, onun
şair dəst-xəttinə müxtəlif tipli
yaradıcılıq metodlarından və üslublarından
yararlanma xasdır. Məsələn, Mustay
Kərimin bütün poeziyasından xeyirin təsdiqi pafosu ilə
realist baxımdan sərt və romantik düşüncədə
oturan şərin inkarı qırmızı xətt kimi
keçir. Onun "Üç gündür qar
yağır" ("Öcöncö kön totaş kap əya")
şeirində müharibənin dəhşətləri
şairin öz fərdi baxış bucağından təsvir
olunur. Şair göstərir ki, onunla bir yerdə cəbhənin
ön sırasında dayanan serjant Fominə dəymiş mina qəlpəsi
Fomini məzara yollasa da, lirik qəhrəmanın
düşüncəsi daim öz dostu ilə qalır və həmin mina qəlpəsinin ona 20 ildən
artıq tuş gəlməsindən fəsillər keçib,
bir-birini əvəzləsə də, bu minanın yeri bədənində
hələ də qövr edir. Qəhrəmanın
bədənindəki yara onu didib-dağıtsa da, müharibə
zahiri baxımdan səngisə də, bu arada Parisdə yeni
müharibələrlə bağlı söz-söhbətlərin
gəzişməsi onun ürək ağrısını dilə
gətirir. Gələcək müharibələr
ömrünə qar yağdırır. Və həyatına
yağan qarsa kəsmək bilmir ki bilmir...
Mustay Kərimin bütün yaradıcılığından
onun doğma torpağa qəlbən
bağlılığı, çöllərinə, təbiətinə
vurğunluğu keçir. Şeirlərinin poetik
mənzərəsindəki emosional obraz və detallar qeyri-adi
ilmələr yaradır, misralardakı əhval-ruhiyyə,
sanki miniatürlər şəklində bərq vurur. Təsvir olunmuş konkret hadisələr ümumiləşdirici
duyğularla oxucunu ovsunlayır. "Özümə"
şeirində biz bunun bariz təsdiqini tapa bilərik:
İlk
sözü anama söyləmişəm mən,
İkinci sözü də - anam torpağa.
Ağıl
öyrədərək elə o gündən
Öyüdlər vermişəm gəncə,
uşağa.
Amma hərdən
- hərdən görürəm ki, yox,
Ağılla, öyüdə möhtacam özüm.
Elə
bununcün də oxucudan çox,
Özümə aiddir deyəcək sözüm.
(Tərcümə
Eyvaz Borçalınındır)
Mustay Kərim müəyyən mənzərənin,
yaxud umumiləşdirici poetik detalların köməyi ilə
insan qəlbinin narahatlığını daxili dinamika və
hisslərin hərəkətli ilə açmağa müvəffəq
olur. Məsələn, "Durnalar qayıdanda"
("Tornalar kaytkanda"), "Ağ at buzlu yolla
çapır" ("Kışkı öldan akbuz kulə")
və s. kimi nümunələrdə şairin romantik hisslərinin
uçuşu maraqlı təsvir rayihəsi yaradır. Əsərlərində romantik pafos sərt realizmlə
üz-üzə dayanır. Belə olduqda
ağlın hissləri üstələdiyi mənzərələr
daha çox göz önündə durur.
***
M.Kərimin "Dekabr nəğməsi" və
"Ölməzbəy" poemaları üçün şən
əhval-ruhiyyə xas olsa da, onlarda xalq poeziyasının obraz
zənginliyindən, hiperbolalardan, ənənəvi təkrirlərdən,
daimi epitetlərdən bol-bol istifadə olunur. Tipikləşdirmənin
belə forması bizə Mustay Kərimin təsvir ümumiləşdirmələrinin
qeyri-adiliyini qeyd etməyə imkan verir.
Çoxşaxəli, müxtəlif janrlı və
çeşidli poemalarında M.Kərim
yaradıcılığı daha aydın ideya-bədii və
fəlsəfi-estetik tutuma malikdir. Sənətkarın
yaradıcılığının fəlsəfi-estetik
xüsusiyyətləri, qayəsi və mənbəyi
başqırd milli ənənələri ilə gerçəkliyin
realist təsvirinin qarşılıqlı vəhdətindən
yaranır. Burada millinin mürəkkəb sintezi ilə
lirik və epik
həyatın üzvü şəkildə təsiviri, milli
xarakterin yapılmasına maraq, sosial varlıq və gündəlik
məişət qayğılarının birliyi, vahidliyi
görünməkdədir. Bu isə, öz
növbəsində, obrazların
çoxplanlılığına gətirməklə onun əsərlərinə
universallıq imkanı verir. Yazıçının
istifadə etdiyi mifopoetika ona mükəmməl obrazlarda
böyük məzmun ortaya qoymağa və dünyanın
obyektiv mənzərəsinə yeganə reallıq statusu verməyə
istiqamətləndirir.
***
M.Kərimin dram əsərlərində realizmlə
romantizmin sintezi qəhrəmanların dünyəvi və mənəvi
mahiyyətinin tam şəkildə və daha rəngarəng
aspektdə açılmasına xidmət edir. "Toy davam edir", "Tənha`qayın"
("Ənqız kayın") və s. kimi dram əsərlərində
əksini tapmış qoçaq, güclü xarakterlərin,
personajların daxili dünyası əks olunmaqla, onların mənəvi-əxlaq
və sosial-tarixi mahiyyətini əks etdirən bir aləm
yaradılır. Elə "Aygün ölkəsi"
dramı əsərində də biz insanı yüksəldən
romantik duyğu ilə sərt realizmin simbiozunu
görürük. Şərait və
obrazlar, əsərlərin formaları əksər hallarda
qeyri-adi xüsusiyyətlərlə bəzədilməklə
daim metaforikliyə yön götürməkdədir. M.Kərimin
əsərlərində əks olunan gerçəklik,
xüsusən onun dramaturgiyasında müxtəlif
ölcülərdə göz önündə dayanır:
dramaturji və faciəvi ziddiyyət, yumoristik-komedik fars, satirik-qrotesk qatılıq, romantik pafos və
epik naxışlanmalarla, sanki bərq vurur.
M.Kərimin epik poemalarında və nəsrində
olduğu kimi, dramaturgiyasında da güclü poetik xətt
iştirak etməkdədir. Burada fəlsəfi
ümumiləşdirmələr, mifoloji və folklor
simvolikasına söykənən dərin realist əsaslı əsərlərinin
bazası orqanik şəkildə xalq
yaradıcılığı ənənələrindən
qaynaq almaqla onun obrazlar sisteminin qeyri-adi predmetliyini, plastikliyini,
poetik nitqinin canlılığını, fərdiliyini, müəllif
remarkalarını, lirik ricəflərini və s. müəyyənləşdirir.
Buna görə də
ürəklə demək olar ki, Mustay Kərim öz
yaradıcılığı ilə, sanki insanı daim
özünə cəlb edən qeyri-adi möhtəşəm
bir dünya yaradır. Bu dünya olduqca
aydın, işıqlı, xeyirxah bir aləmdir. Bu dünyada daim xeyirxahlıqla səliqə-sahman,
dostcanlılıqla ürəyiaçıqlıq hörmət
və ehtiram, sevgi və əzab, yüksək insani keyfiyyətlər
yazıçının fəlsəfi-estetik
dünyagörüşündə iştirak edir.
Mustay Kərimə başqırd ədəbiyyatı
tarixində heç kimin qurub-yarada, bilmədiyi Şərqlə
Qərbi, onların mədəniyyətini birləşdirən
bir körpü qurmaq nəsib olmuşdur. Onun
yaradıclığında mədəni-ictimai amillə insan
varlığının sosial-mənəvi məsələləri
həmahənglik təşkil edir. M.Kərimin
bədii düşüncəsi elədir ki, bu, bir tərəfdən,
yüksək üslubun rasional ciddiliyini sübut edirsə, digər
tərəfdən, ilkin miflərə, əfsanə, rəvayət
və pritçalara söykənir.
Yaradıcılığının nüvəsində həyat
və şəxsiyyət, tarix və xalq, varlıq və
vicdan kimi bu üç cütlük problem vahidlərinin
iştirakı dünyanın mahiyyətini dərk etməyə
və onun dəyişkən mənzərələrinin mahiyyətini
açan söz sənəti təsiri
bağışlayır.
M.Kərim varlığa evolyusionist, təkamülçü
nöqteyi-nəzərdən yanaşır. Burada, sanki
dünyanın müxtəlif kəsimləri birləşir.
Bu baxımdan "Ay tutulan gecə", "Salavat",
"Uzun-uzun gecə", "Aygül ölkəsi",
"Qara damcılar", "Bağışlama", "Odu
atma, Prometey!" və b. əsərlər səciyyəvidir.
Mustay Kərimin əsərləri ilə tanış
olduqca belə bir nəticəyə gəlmək olur ki,
yazıçının fəlsəfi-estetik
baxışları, onun mənəvi-əxlaqi
dünyagörüşü, yaradıcılıq özünəməxsusluğu
lap ilk zamanlardan başqırd etnik-mental keyfiyyətlərini
özündə əks etdirməklə gənc təfəkkür
sahiblərinin milli düşüncə üçün yeni
impuls verəcəkdir.
***
Mustay Kərimin yaradıcılığı hələ
1970-ci illərdən Azərbaycana "ayaq
açmışdır". Həmin dövrdə Bakıdakı
"Gənclik" nəşriyyatı Nəbi Xəzrinin
"Mustay Kərimi düşünəndə..." ön
sözü ilə istedadlı şair-mütərcim Eyvaz
Borçalının tərcüməsində M.Kərimin
"Dağlar da insan kimidir" şeirlər məcmuəsini
Azərbaycan oxucularına təqdim etmişdir. Bu
məcmuədə şairin 85 şeirinin tərcüməsi
yer almışdır.
Eyvaz Borçalının M.Kərim
yaradıcılığına ikinçi müraciəti də
uğurlu olmuşdur. Bu dəfə o, yenə də "Gənclik" nəşriyyatında
Nəriman Həsənzadənin ön sözü ilə
"Məhəbbətin dörd fəsli" kitabında sənətkarının
36 şeirini və "Odu atma, Prometey!" mənzum faciəsini
təqdim etmişdir.
M.Kərimin "Bəxtim gətirdi" kitabı ilə
Azərbaycan oxucularıyla üçüncü
görüşü də E.Borçalı tərcümələrində
kifayət qədər diqqətçəkicidir. Bu kitab yenə
də "Gənclik" nəşriyyatında çap
olunmuşdur. Əsər bütün
xüsusiyyətləri ilə əvvəlkilərdən həm
kəmiyyət, həm də keyfiyyət baxımından fərqlidir.
Burada M.Kərimin 127 şeiri, "Qara
damcılar" poeması və "Odu atma, Prometey!" mənzum
faciəsi yer almışdır.
2010-cu ildə
şair Vaqif Aslanın "Seçilmiş əsərləri"nin 4 cildliyinin 3-cü cildində yer
almış tərcümələrdə Mustay Kərimin
"Ay tutulan gecə" faciəsi də təqdim
olunmuşdur.
Eyvaz Borçalının M.Kərimdən etdiyi tərcümələr,
hər şeydən öncə, yüksək poetik intonasiya,
ritmika, lirik və düşündürücü məzmun,
arxitektonik bütövlüyü və harmoniyası ilə
seçilməkdədir. Eyvaz Borçalının, ümumiyyətlə, tərcümə
yaradıcılığı (Puşkin, Lermontov, Blok, Yesenin və
b.) orijinala son dərəcə yaxınlığı və
adekvatlığı ilə seçilir. Elə
buna görə də bu tərcümələr bir küll
halında araşdırıcısını gözləyir.
Mustay Kərim başqırd milli düşüncəsində
mif, folklor, klassik romantik, realist və müasir bədii numunələrin
yaradılmasında orijinallıq nümayiş etdirmiş sənətkarlardandır. Onun əsərlərində
mifin reallıqdakı çözümü fərdi təfəkkür
bucağından fərqlənməklə, mental şüurun
dərinliklərinə baş vurması ilə yaddaşlara
çökür. Kərimin əsərləri
Azərbaycan-başqırd ədəbi əlaqələrinə
xüsusi təkan vermiş nümunələr kimi dərindən
öyrənilməyə və təhlil edilməyə
layiqdir.
Nizami
Tağısoy
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.31.