"Varlıq" bir dərgi kimi yola
çıxdı,
bir məktəb kimi yoluna davam etdi"
«Varlıq» dərgisi haqqında Məhəmməd
Rza bəylə söhbət
- Bakıya xoş gəlmisiniz, Məhəmməd
Rza bəy. "Varlıq"ın bu il
yaranmasından 40 il ötür. Akademiyanın
Ədəbiyyat İnstitutunda bununla bağlı törən
keçirildi. Bu haqda
danışardınız.
-
Çox sağ olun. Bakıya gəlməyəli
neçə il olmuşdu. Bu
gəlişim "Varlıq"ın yaranmasının
40-cı ildönümünə rast gəldi, bu üzdən mənim
üçün çox anlamlı bir səfər oldu.
Bakıya gəldikdən sonra öncə AMEA-nın prezident
müavini, görkəmli alim, deputat, Azərbaycan ədəbiyyatının
çox dəyərli tədqiqatçısı hörmətli
akademik İsa Həbibbəylini ziyarət etdim və ona Təbriz
Araşdırmaları Mərkəzi və "Varlıq"
dərgisi adına
hazırladığımız plaketi təqdim etdim. İsa müəllim də öz kitablarından bizim
mərkəzə hədiyyə etdi. (Bu
görüşdə İsa müəllimlə qohum
olduğumuzu da öyrənmiş oldum və bu da məndə
ayrıca bir sevinc və mutluluq yaratdı). İsa müəllimin göstərişi ilə həmin
gün günortadan sonra AMEA Ədəbiyyat İnstitutunda
"Varlıq" dərgisinin 40 illiyinə həsr olunmuş
gözəl bir yubiley mərasimi keçirildi. Akademiyanın müxtəlif şöbələrindən,
o cümlədən Cənubi Azərbaycan şöbəsinin
işçi və araşdırıcıları, ayrıca
"Varlıq" dərgisinin daimi oxucuları yubileydə
iştirak etdilər. Yubiley mərasimini hörmətli
dr. Əlizadə idarə etdi və iştirakçılara
söz verdi. Öncə
"Varlıq" dərgisinin qiymətli
araşdırıcısı və dərginin redaksiya heyətinin
üzvü hörmətli Pərvanə Məmmədli
geniş məruzə etdi və "Varlıq"ın
yarandığı tarixdən etibarən keçdiyi enişli-yoxuşlu
yolları və əldə etdiyi başarıları
bütün təfsilatı ilə iştirakçılarla
paylaşdı. Daha sonra digər alimlər söz istəyərək
"Varlıq", rəhmətlik dr. Cavad
Heyət və mənim haqqımda danışdılar. Ən sonda mənə söz verildi və mən də
dərginin ikinci dövrü, bugünkü durumu və gələcəkdəki
planları haqqında məlumat verdim. Yubileyin
sonunda mərasimdə iştirak edən alimlər öz
kitablarından mənə və "Varlıq" dərgisinə
hədiyyə etdilər.
- Bu gün "Varlıq"
jurnalı iki adla, iki ayrı şəhər və ölkədə
dərc olunur. "Varlıq" və "Ana
Varlıq" adıyla. Bununla bağlı
bir açıqlama verə bilərsinizmi?
- Rəhmətlik
dr. Cavad Heyət çox uzaqgörən
bir insan idi. O bilirdi ki, onun vəfatından sonra bəziləri
şöhrət və ya öz şəxsi mənfəətləri
üçün, ya da başqa səbəblərdən
dolayı dərginin yönünü dəyişdirmək, adına xələl gətirmək və ya onu
parçalamaq istəyə bilərlər. Bu
üzdən illər öncəsindən hüquqi yolla notarius
vasitəsilə rəsmi bir vəsiyyətnaməylə dərgini
mənə əmanət etmişdi. Mənə
əmanət etməsinin səbəbi də bu idi ki, məni
"Varlıq" məktəbində özü
yetişdirmiş, universitetdə bir türkoloq olaraq
özü oxutmuşdu. Mən bu
ağır və eyni zamanda şərəfli məsuliyyəti
qəbul etdim və "Varlıq" dərgisini
çıxarmağa başladım. "Varlıq"
dərgisinin ən böyük məqsədlərindən biri
bu idi ki, ana dilimizdə dərgilərin sayı artsın.
Bu baxımdan biz "Varlıq" olaraq yeni
çıxan dərgiləri sevinc və məmnuniyyətlə
qarşılayırıq. Ancaq bənzər adla və
eyni loqo ilə, eyni ölçülərdə bir dərgi
çıxarıb, onu "Varlıq" dərgisi imiş
kimi göstərmək, hər şeydən əvvəl dr.
Cavad Heyətə, onun vəsiyyətinə və eləcə
də "Varlıq"a sayğısızlıqdır və
qəbul edilə bilməz. Sevindirici olan bu ki,
Bakıda Elmlər Akademiyasında keçirilən yubileydə
bütün alimlərimiz klassik "Varlıq"ın davam
etməsindən və əskidən olduğu kimi, Quzey azərbaycanlı
alimlərin məqalələrinin orada nəşr
olunmasından çox böyük məmnuniyyət
duyduqlarını ifadə etdilər. "Varlıq"
həmişə o taylı-bu taylı Azərbaycanın ortaq dərgisi
olub, bundan sonra da belə olacaq.
- Bu gün Güneydə hələ
də ədəbi dil problemi var. Bu haqda fikirləriniz?
- Bildiyiniz
kimi, XVIII yüzilliyə qədər türklər arasında
iki yazı dili mövcud idi. Bunlardan biri
Oğuzların işlətdiyi Qərb Türkcəsi, digəri
də Orta Asiya türklərinin işlətdiyi Şərq
Türkcəsi idi. XVIII əsrdən etibarən
yavaş-yavaş məhəlliləşmə prosesi
başlayır və nəticədə bir neçə
yazı dili meydana çıxır. Bunun bəzi
türk ləhcələri üçün müsbət təsiri
olsa da, ümumiyyətlə ortaq yazı dili ənənəsindən
uzaqlaşmağa səbəb olur. İranda və
Güney Azərbaycanda XVIII əsrin əvvəllərində
Pəhləvilərin iş başına gəlməsi və
dilimizin yasaqlanması ilə bu vəziyyət daha da kəskin
bir şəkildə özünü göstərməyə
başlayır. Belə ki, yeni nəsil şair və
yazıçıların hər biri fərqli bir yazı dilinə
müraciət edir. Məsələn,
Şəhriyar türkcə şeirlərində daha çox
folklorik məlzəmədən istifadə edir. Səhənd
bir az daha əskiyə gedərək Dədə
Qorqudun dilindən qidalanır. Sahirdə isə
Türkiyə türkcəsinin təsiri daha çoxdur. Bu vəziyyət sonuncu inqilaba qədər davam edir.
"Varlıq" dərgisi çıxmağa
başladığında qarşılaşdığı ən
önəmli problemlərdən biri ədəbi dil məsələsi
idi. Dərginin qarşısında
üç seçənək vardı. Birincisi,
xalqın danışdığı dilə dayanaraq yeni bir
yazı dili oluşdurmaq. İkincisi,
mövcud şivələrdən birini seçib onu yazı
dili halına gətirmək və üçüncüsü
də Quzey Azərbaycan və Türkiyədə işlədilən
ədəbi dili əsas alaraq yazı dili ənənəsinə
davam etmək. "Varlıq"
üçüncüsünü seçdi. İlk illərdə "Varlıq"ın
yazılarını oxumaq və başa düşmək
oxuculara çətin gəlirdi. Ancaq
zamanla digər yazıçılar da "Varlıq"ı
örnək alaraq əsərlərini yazmağa
başladılar və ədəbi dil bəlli
ölçüdə şəkilləndi. Gənc yazıçılar mümkün olduğu qədər
yabançı kəlmələrdən
arındırılmış bir dil işlətməyə
çalışırlar. Bu proses belə davam edərsə,
Quzey Azərbaycandan bir az fərqli bir ədəbi
dil ortaya çıxacaq. Bunun üçün
belə düşünürəm ki, Quzey Azərbaycanda dil
haqqında alınacaq qərarlarda Güney Azərbaycandan da bəzi
dilçi türkoloqlar iştirak etməlidir. Bu həm yazı dillərini bir-birinə
yaxınlaşdırar, həm də dilimizi zənginləşdirər.
- Dərgidə hansı mövzulara
daha çox yer ayırırsınız?
- "Varlıq" - dil, ədəbiyyat və
kültür dərgisidir. Ümumi Türkologiya
ilə yanaşı, Azərbaycan sahəsinə geniş yer
verilir. Dilimizin tarixi, bugünkü durumu,
problemləri, öyrədilməsi və bu sahələrdə
dünyada aparılan araşdırmalarla birlikdə, ədəbiyyatımız,
kültürümüz və tariximizlə bağlı elmi məqalələr
dərc olunur. Dərgidə ilk sayından
etibarən Quzey Azərbaycan alim və
araşdırmaçılarının məqalələrinin
nəşrinə önəm verilmişdir. Bu ənənə dərginin yeni dövründə
də davam etməkdədir. Türkiyədən
də bir çox alimin məqaləsi dərgidə
yayınlanır. Yeni dövrdə dərginin
daha akademik səviyyədə çıxmasına
çalışırıq. Elmi məqalələrin
iki, bəzən üç dildə xülasəsi verilir.
- Cavad Heyətin
yaratdığı "Varlıq" jurnalının
davamçı və bu məktəbin yolçusu kimi
"Varlıq"ı gələcəkdə necə görmək
istərdiniz, bununla bağlı planlarınız?
- "Varlıq" bir dərgi kimi yola
çıxdı, bir məktəb kimi yoluna davam etdi. Xalqımızın
mədəni ehtiyaclarının önəmli bir qismini uzun
müddət təkbaşına qarşıladı. Dilimizdə təhsil almağın qadağan
olduğu bu illərdə hər yaşda müxatəbi olan
"Varlıq", eyni zamanda fərqli görüşlü
insanların bir araya toplana bildiyi bir cəmiyyət mahiyyəti
daşıyırdı. O, həmçinin
simvollaşmış bir məcmuədir. Mən
də dərginin yeni əmanətçisi olaraq bütün
bu saydığım özəllikləri yaşatmağa
çalışıram. Buna əlavə
olaraq deyim ki, çox istəyirəm, dərgi beynəlxalq elm
və mədəniyyət mərkəzlərində də
öz layiqli yerini tapsın.
- "Varlıq" bir
zamanlar Bakıda AAK-nin nüfuzlu jurnalları siyahısında
yerləşdirilmişdi. İndi
bu ənənəni bərpa etmək üzərində
düşünürsünüzmü?
- "Varlıq" həm Azərbaycanda, həm də
Türkiyədə mötəbər elmi bir dərgi kimi
tanınır.
Türkiyədə İslam
Araşdırmaları Vakfı tərəfindən nəşr
olunan dünyaca məşhur çoxcildlik İslam
Ensiklopediyasında "Varlıq" maddəsinə yer
verilmişdir. Nəşri davam edən dərgilər
arasında bu bir istisna sayılır. Ayrıca
"Varlıq"ın ilk sayının nəşr
olunduğu 5 may tarixi Türkiyədə Türkologiya
Günü olaraq hər il qeyd olunur və
buna Ankara Universiteti öncüllük edir. Azərbaycanda
da istər Elmlər Akademiyası, istər universitetlər və
elm mərkəzləri olsun, "Varlıq"ı elmi bir
jurnal olaraq qəbul edirlər. Bu üzdən də dr. Cavad Heyət həyatda ikən dərgi
AAK-nin nüfuzlu jurnalları siyahısında yer
almışdı. Ancaq Cavad bəyin vəfatından
sonra o siyahıdan çıxarılmışdı. Budəfəki Bakı səfərimdə dərginin
yenidən AAK-nin siyahısına alınması
üçün bəzi ön görüşmələrim
oldu və düşünürəm ki, yaxın zamanda
"Varlıq" yenidən bu siyahıda öz yerini
tapacaqdır.
- "Varlıq"ın
"Tomurcuq" adlı uşaq dərgisi əlavəsi
çıxarmaq necə ağlınıza gəldi?
-
Bilirsiniz ki, Güneydə uşaqlarımız ana dilində təhsil
ala bilmirlər. Halbuki, ana dilində təlim-tərbiyə
uşaqlıqdan başlamalıdır. Biz bu
boşluğu qismən də olsa doldurmaq üçün
düşündük ki, uşaqlara məxsus bir dərgi
çıxaraq və orada dilimiz və ədəbiyyatımızla
yanaşı, latın əlifbasını
da öyrədək ki, Azərbaycanda və Türkiyədə
çıxan dərslikləri və uşaq kitablarını
da oxuya bilsinlər. Bunun üçün
"Varlıq"a əlavə olaraq "Tomurcuq" adı
ilə yeni bir dərginin nəşrinə başladıq.
Dərgidə bizim
hazırladığımız yazılarla birlikdə,
kiçikyaşlı oxucularımızın
yazdığı hekayə, şeir və məktublara da yer
veririk. "Tomurcuq"un
hazırlanmasında əsas vəzifə Məmmədrza
Qoçinin üzərindədir, mən isə editorluq
işini görürəm.
- Başçılıq etdiyiniz
"Təbriz Araşdırmaları Mərkəzi"nin işindən oxucularımıza məlumat
verərdiniz.
-
Türkiyədə fəaliyyət etdiyimiz müddətdə
başa düşdük ki, fərdi olaraq bir çox işi həyata
keçirmək mümkün deyil və bunun üçün
qurumsallaşmağa, müəssisə açmağa ehtiyac
var. Bu səbəblə 2016-cı ilin aprelində bir neçə
araşdırmaçı olaraq Təbriz Araşdırmaları
Mərkəzini təsis etdik. Mərkəzdə
cəmiyyət, mədəniyyət, siyasət və iqtisad
mövzularında araşdırmalar aparılır. Əsas araşdırma sahəmiz İran və Azərbaycandır.
Ancaq yeri gəldiyində digər bölgələr
üzərində də tədqiqat aparırıq. İndiyə qədər bir neçə kitab Mərkəzimiz
tərəfindən nəşr olunmuş və bir neçə
milli və beynəlxalq simpozium keçirilmişdir. Yaxın zamanda "Varlıq" dərgisinin 40
illiyi münasibətilə beynəlxalq qurultay keçirəcəyik.
- Bakıdan çoxdan
ayrılmışdınız, bu səfərinizdə onu necə
gördünüz? Təəssüratlarınız?
- Tələbəlik
həyatım Bakıda keçsə də, ən son
2014-cü ildə Bakıya gəlmişdim. O tarixdən bu
günə Bakıda çox şey dəyişmişdir. Şəhər hər baxımdan gözəlləşmiş,
inkişaf etmiş, çox təmiz bir şəhər
olmuşdur. Amma heç dəyişməyən
yönləri də var. İnsanların qonaqsevərliyi, hələ
Güney Azərbaycana olan sevgi və məhəbbəti, ədəbiyyata,
sənətə verilən dəyər dəyişməyən
yönlərindəndir. Bu dəfə
özümə söz verdim ki, ildə ən azı bir dəfə
Bakıya gəlim və Azərbaycanın gözəl mənəvi
havasını tənəffüs edim.
- Maraqlı söhbət
üçün çox sağ olun.
2020-ci ildə görüşənədək, Rza bəy!
Söhbətləşdi: Pərvanə
Məmmədli
Ədəbiyyat qazeti.-
2019.- 28 dekabr.- S.30.