Əvvəl-axır yazılanlar
Ədəbi esselər
Şaxta bizi yenə də aldatmağa
çalışır. Bizi inandırmağa
çalışır ki, o bizim babamızdır.
***
Qarşımızda mətn var. Onu oxumağa tələsmirik,
amma unuda da bilmirik. Əməliyyat masasına uzanmış xəstə
kimi mətn də ürkək-ürkək öz cərrahına
- tənqidçiyə baxır. Tənqidçi
məhz belə məqamda dönüb şirü-pələng
olur.
***
Başqa Azərbaycan da var. Bunu Niyazi Mehdi deyir. Sabirin, Mirzə
Cəlilin Azərbaycanı və Əhməd
Ağaoğlunun, Ə.Hüseynzadənin, Cavidin Azərbaycanı
ayrı-ayrılıqda məlum və naməlumlar üzərində
qurulur.
Amma, məncə, bir Azərbaycan var. Sabirin məlum Azərbaycandakı
fəhləsi H.Z.Tağıyevin naməlum Azərbaycandakı
zavodunda çalışır.
Başqa Azərbaycan həmişə məlum Azərbaycanın
içindədir. Çox cazibədar olardı ki, biz bu Azərbaycanları
paralel dünyalar kimi qəbul edək. Amma
alınmır. Onların bir-birilə kəsişən,
bir-birinin daxilində varolma məqamları mövcuddur. Başqa Azərbaycan məlum Azərbaycanın
içindədir.
Haqverdiyevin
darıxan adamları və Mirzə Səfərləri, Mirzə
Cəlilin kefli İskəndərləri, Nəcəf bəyin
Fəxrəddinləri Novruzəlilərin, Haqq
Mövcudların, hətta Hacı Kamyabların
yanındadır. Kərbəlayı Zal da uzaqda
deyil, burdadı.
Və
tarixin toranlığında güclə sezilən Cavidin Səyavuşları,
Arifləri, Şeydaları...
Və Dədə
Qorqudun qələmə aldığı Beyrəklər,
Aruzlar, Şirşəmsəddinlər...
Və
Sabirin əkinçiləri, fəhlələri, tacirləri, qareləri...
Və
biz!
Başqa
Azərbaycanla məlum Azərbaycanı bir yerdə görmək
istəyən bizlər!..
Azərbaycan iki yerə - "məlum" və
"başqa" deyə iki yerə bölunsə, bu
bölgünün qarşısını almaq mümkün
olmayacaq, bölgü sonsuza qədər uzanacaq.
***
Səhvlərimizin qrammatikasını "zülm çəkmədən"
qurmaq olar. Bu qrammatika bizə doğru-düzgün
yazmağı yox (dilimizin qrammatikası kimi),
doğru-düzgün həyat tərzinin seçimini öyrədir.
***
Bəzən deyirlər ki, mənim son romanımda
("Unutmağa kimsə yox...") hər şey var, amma
özünə ironiya yoxdur. Bunu Tehran
Əlişanoğlu demişdi. Onun həssas
və dərin düşüncə tərzinə inamım
böyükdür, amma yenə də bununla razılaşmaq mənə
çətin gəlir. İzah edim niyə.
Əsərin bütün toxumalarına səpələnmiş
saysız-hesabsız mötərizələr var. Bax, ən
azından onlar əsl ironiya məqamlarıdır. Hətta onlar çoxplanlıdılar və
onları qruplaşdırmaq belə mümkündür.
Bu, a) müəllifə, yəni özümə yönəli
ironiyadır; b) o biri mötərizəyə yönəli
ironiyadır; c) oxucuya yönəli ironiyadır; d) personaja
yönəli ironiyadır; e) təsvirə yönəli
ironiyadır...
Amma bunun özü də hələ o demək deyil ki, mən
bu romanda hər şeyə nail olmuşam. Əslində,
bu roman, Folkneri yada salsaq, mənim ən böyük və ən
gözəl məğlubiyyətimdir.
***
"Deyəsən" kimi modal sözlər cümlənin
ciddi farağat durmuş qədd-qamətinə bir plastika gətirir,
onu "yumşaldır". Belə desək yeri var: cümlənin
quluncunu sındırır. Ona görə də
yazıçılar bu kimi sözlərdən tez-tez istifadə
edirlər. Mətn bütövlükdə
oxucu duyumuna daha yaxın olur. Amma elə mətnlər
də olur ki, bu sözləri onlara daxil etmək imkansızdır,
çünki qədim dövrün canlandırılması
müəllif duyğularından asılı
olmamalıdır. Psixoloji durumu ondan maksimal
uzaqlıqda durub cızmaq, rəsmini uzaq məsafədən
çəkmək vacibdir.
***
"Səhvlərimizin
qrammatikası"ndan:
Bizim bir sıra bəlalara dücar olmağımız
hansısa məsələləri bilməməyimizdən
deyil, əksinə, çox yaxşı bilməyimizi güman
etməyimizdən qaynaqlanır.
***
Mən
özüm də çox zaman belə demişəm:
"Kitab çox oxuyun, ağıllı olarsınız".
Kitab az oxuyanlar guya ağıllı olmurlar. Yanlış fikirdir. Savadlı -
hə, olmurlar. Amma mən o qədər adam
görmüşəm ki, çoxlu kitab oxumayıb -
ağıllıdır, hətta bircə kitab oxuyub, yenə də
ağıllıdır, həddən artıq hiyləgərdir,
həyatı içindən tanıyır və çoxlu
kitab oxuyanlara həyat "dərsi" verər.
Bəs
çox kitab oxumaqla biz nəyə nail oluruq? İlk
növbədə - vicdanımız olur, özümüzü
daha yaxşı tanıyırıq və həyatımızı
ağ-qara televizordan rəngliyə keçiririk.
Vicdanımız olursa, deməli, yaşamın əsas
meyarı günah hissimiz var. Özümüzü daha
yaxşı tanıyırıqsa, hərəkətlərimizə
obyektiv qiymət verə bilirik. Və ağ-qara
televizordan rəngliyə keçiriksə, həyatımız
daha gözəl və maraqlı olur.
***
"Səhvlərimizin
qrammatikası"ndan:
İnanmıram, qar indi - şaxtanın bu oğlan
çağında yağa. Yağsa-yağsa yazda
yağa bilər. Əlbəttə ki,
"iki üstəgəl ikilər" həmişə
dörd eləmir. Dildə inversiya (tərsinə
düzülüş) olursa, həyatda da inversiya niyə
baş verməsin?!
***
Kitabxanalarımızın tarixi, mədrəsələrimizin
tarixi, mollaxanalarımızın tarixi bütövlükdə
mənəviyyatımızın tarixini öyrənməyə
gətirib çıxara bilər. Amma bununla
yanaşı, bir tarixin də öyrənilməsi zəruridir.
Onun öyrənilməsi bütün yuxarıda
sadalananları daha dərindən, daha çoxcəhətli
görməyə imkan verərdi: bu da mənəviyyatsızlığın
tarixidir.
***
İntellektual nəsr nə deməkdir? Əslində,
hər bir yazıçını intellektual nəsrin nümayəndəsi
saymaq olar. Əlbəttə ki, söhbət
oxucunu düşündürən nəsrdən gedir. Əgər oxucu hansısa yazıçının əsərindəki
cümləni ancaq işləndiyi kontekstdə deyil, başqa
bir müstəvidə də araşdırırsa, yəni həmin
cümləni, deyimi, sözü, metaforanı başqa yerdə
də axtarırsa, o əsər intellektual əsərdir.
Əgər hansısa nəsr əsəri oxucunu labirintlərlə
- gizli, ya açıq şəkildə - dünya ədəbiyyatının
hansısa bir adına, məsələn,
Bulqakova, Ekoya, Borxesə və digər görkəmli şəxslərin
yaradıcılığına apara bilirsə, təbii ki, bu,
intellektual nəsrdir. Nəsr yalnız öz
cümləsindən ibarət olmayıb, digər müstəvilərə
də tuşlanan istiqamət verirsə, dediyimiz kateqoriyaya
aiddir. Bir yazıçı kimin üçünsə
intellektual nəsrin
nümayəndəsi ola bilər, digəri
üçün yox. Hər bir nəsrin öz
intellektuallıq çəkisi var. O, diletant söhbətidir
ki, filankəsin nəsri bütövlükdə
intellektualdır, digərinin nəsri yox. Belə
deyil. Birində az ola bilər, o birində
çox. Əgər belə düşüncə tərzi sənə
yaddırsa, istəyirsən, yüz il
ingilis, yaxud fransız ədəbiyyatı ilə məşğul
ol, yenə də provinsial diletantlığının
içində qalacaqsan.
***
Professional
yazıçı anlayışı çox az
istisna ilə dünyaya tanış deyil. Hər
kəs əlavə nə iləsə məşğuldur.
Ən professionalı da hansısa universitet auditoriyasından
çıxmır. Bu anlayış sovet
dövrünün məhsuludur. Biz isə...
Biz isə hələ də köhnə dövrü
söyə-söyə o dövrün anlayışları ilə
yaşamağa davam edirik. Biz hələ də
miflərin buxovundayıq. Biz hələ də Kopernik
kimi düşünüb Ptolemey kimi danışırıq:
"günəş çıxdı, günəş
batdı" deyirik. Günəş isə nə
çıxır, nə də batır. Yer
kürəsi özü günəşin ətrafına
fırlanır. Biz hələ də Babəkə
ulu babamız deyirik və eyni zamanda müsəlman dininə, dəyərlərinə
sitayiş edirik. Biz hələ də
Koroğlunun nəvələriyik və eyni zamanda
özümüz üçün bizi xanlara, bəylərə
aparan şəcərələr düzəldirik. Halbuki,
Koroğlu, əslində, dövlətçiliyə - öz
xanına (nə qədər pis olsa da) qarşı
çıxan bir asidir. Şah
İsmayılı büt edirik və
türkçülüyümüzü öyürük.
Sabiri də sevirik, Cavidi də. Və
bütün bunlar eyni zamanda! Bunlar isə eyni zamanda ola bilməzlər. "Ya" -
"ya" ilə düzənləyəcəksən bu əkslikləri.
Həm o dövrü söyürük, həm də
onun prinsipləri ilə yaşayırıq. Təhtəlşüurumuzdakı bu əksliklər
bizim hərəkətlərimizi özü bildiyi kimi tənzimləyir,
daha doğrusu, buxovlayır və bizdəki,
düşünürəm ki, özünü hər
atdığımız addımda göstərən eklektizmin
bir kökü də bundadır.
***
Yuxularımızın qəhrəmanı bəzən
biz özümüz oluruq. Süjetlər mürəkkəb və
sadə ola bilir. Biz
yuxumuzdakı bütün adamları aydın və yaxud
dumanlı şəkildə görürük. Birindən başqa. Bu
"biri" bizim özümüzdür. Biz
o yuxumuzda məhz özümüzü görmürük,
tanımrıq. Amma duyuruq: bu mənəm. Görmədiyim
"mən"i necə hiss etmək olar? Və
ümumiyyətlə, olarmı?! Olarmış.
Yuxularımın qəhrəmanı cildə
girmiş "mən" deyiləm. Yuxularımın
qəhrəmanı mənim gözəgörünməz
ruhumdur.
Ruhla təmas bu şəkildə yuxuda baş verir. Və əgər bizim ona hansısa suallarımız varsa, onları yuxuda verməliyik. Yəqin, o da təsadüfi deyil ki, yuxudakı "mən"lə o "məni" duyan "mən" arasında həmişə keçilməz bir maneə olur. Bu maneəni də hiss etməmək mümkün deyil.
***
Bu dolaşıq dünyada hələ bir dolaşıq əsər yazmaq, nə qədər qəribə olsa da, sadəliyə gətirən kəsə yollardan biridir.
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.2.