...Vüsalın mənzərəsi...

...Kətanda olmayacaq...

 

isə tapacağam, yəqin ki...

O, ağac da ola bilər...

Gövdəsinə söykənəcəyim,

Budaqlarından axacağım,

Köksümü köksünə ötürəcəyim,

Kölgəsində bitəcəyim,

Dərinə davam edə biləcəyim...

isə tapacağam, yəqin ki...

O, quş da ola bilər...

Səsimi səsinə atacağım,

Sinəsinə çatacağım,

Qanadlarında doğulacağım,

Uzaqlara uçuracağım,

İçini havam edə biləcəyim.

isə tapacağam, yəqin ki...

O, daş da ola bilər...

Üstünə qonacağım,

Göylərə atıb-tutacağım,

Yaxamdan asacağım,

Bağrıma basacağım,

Yumruqlarımı döyəcləyəcəyim,

Adına adımı verəcəyim,

Daş dövrümü davam edə biləcəyim.

isə tapacağam, yəqin ki...

O, adam da ola bilər...

Ruhunu göylərdən endirəcəyim,

Özümə döndərəcəyim,

Hisslərimi hisslərinə göndərəcəyim,

Gözlərində dincələcəyim,

Başımı çiyninə qoyub diriləcəyim,

Bir ömürlük yuvam edə biləcəyim.

isə tapacağam, yəqin ki...

O, Allahım da ola bilər...

Ola bilər Allahım da, O...

... isə tapacağam, yəqin ki...

Yəqin ki, tapacağam...

... isə...

 

***

 

Cırıldayan döşəmə, sızıldayan pəncərə,

Qəribə əlifbada nəfəs açıb səhərə.

Kölgənin əlləri yox, ki, ayaqları,

Üstümə qaçıb qırır yerdəki dayaqları.

Bu vəziyyəti içmək sərxoşluq əlaməti,

Yəqin, üçüncü gözün bu imiş kəraməti.

Bütün səslər yatıbdı pıçıltının küncündə,

Üçlər birindədir, birlər öz heçində.

Bu aləmin içində adı olmayan fəsil,

Yatan hissi oyadıb oynatmağa tələsir.

Xoş gəlibdi, Allahım, evimin yaraşığı,

Durum pərdəni örtüm, görməsinlər işığı...

 

***

 

Bir badə al əlinə, içinə şərab da süz.

Bir qurtum al təkbaşına.

Gözəl olur dumanlının dumanlara qarışması.

Badədən əlini üz.

Ən yüksəyinə atıl ən alçaq nöqtələrdən.

Bilirəm bilirsən ki, sən yıxılan yerlərin

Tutan da olmayacaq.

Bir qələm al əlinə, içinə nəfəs süz.

Üstünə çək ürəyini.

Bütün demədiklərini yüklə belinə getsin.

Qələmdən əlini üz.

Onsuz da bilirsən ki, onun ucundan düşüb

Sözə bürünənlərin

Batanda olmayacaq.

Bir kəndir al əlinə, içinə həyat da süz.

Tumarlan, xumarlan, yumurlan.

İstədiyin nota bağla düyünlərini.

Yumağına sarı bütün yolları.

Kəndirdən əlini üz.

Lap çoxdan bilirsən ki, baharların payızından qışına

Çatanda olmayacaq.

Masanın dörddə birində - badə, içində şərab,

Masanın üçdə birində - vərəq, üstdə qələm,

Masanın ikidə birində - külqabı, ağzında siqaret,

Masanın birdə birində - kəndirin saçaqlı ucu,

Masanın tən ortasında - şaxə qalxan bir alovun kölgəsi.

...Vüsalın mənzərəsi...

...Kətanda olmayacaq...

 

Çətin deyil qanadsızın içində bir quş olmaq,

Gözlə qaşın arasında payız, bahar, qış olmaq.

 

Çətin deyil şehə dönmək, göylərdən yerə enmək,

Sonra bir qəhərə minib, gözə köçən yaş olmaq.

 

Çətin deyil ayaq altdan kölgəni yığışdırmaq,

Torpağın içində bitib, torpaq üstə daş olmaq.

 

Çətin deyil söz önündə bütün rənglərdə susmaq,

Dənizlərdə, səmalarda son nəfəsə tuş olmaq.

 

Çətin deyil saatlarla dəqiqəni bölüşmək,

Havadan asılan yerdə, həm əli boş olmaq.

 

Çətin deyil səssizliyin hər gün səsini almaq,

Səhəri açılmayanla hər axşam sirdaş olmaq.

 

Çətin deyil azadlığa can atanı həbs etmək,

Yerlə göyün ətəyində ürəksizə baş olmaq.

 

Çətin deyil həm yaşaya, həm ölə bilməmək,

Yolunu kəsən adama ömürlük yoldaş olmaq.

 

***

 

Adamlara yaşamağı belə öyrətdim, öyrəndim,

Yenidən oda düşməyi külə öyrətdim, öyrəndim.

Damlaları qucaqlayıb, sığalına qarışmağı,

Gözlərimə alışmağı selə öyrətdim, öyrəndim.

Hər kəlməyə sahiblənib, yiyəsinə çevrilməyi,

Susa-susa danışmağı dilə öyrətdim, öyrəndim.

Küləyin əlindən tutdum, yağışın dilindən tutdum,

Gecəmin belindən tutdum, çölə öyrətdim, öyrəndim.

Səsimin yazını aldım, nəbzini yaşa köklədim,

Bu canımı bu ruhuma kölə öyrətdim, öyrəndim.

Ləpələrin qucağında sehrlənib rəqs edərkən,

Dərdin dibinə çökməyi lilə öyrətdim, öyrəndim.

Həmdən-həmə, dəmdən-dəmə ətri bəyan eyləməyi,

Ömür daşını öpməyi gülə öyrətdim, öyrəndim.

Həyatımda qəmimi , ürəyimdə bəmimi ,

Mizrabımla simimi zilə öyrətdim, öyrəndim.

Adamlara yaşamağı belə öyrətdim, öyrəndim,

Yenidən yada düşməyi külə öyrətdim, öyrəndim.

 

***

 

Bərkdən sus, bərkdən danış,

At səsini başına.

Bir dönüb əl elə

Ömürsüz yoldaşına.

Get ən sonuncu ilə,

Otur, qalx, diri qayıt.

Görmədiyim günlərdən

Çəkilib geri qayıt.

Təpədən-dırnağadək

Ümid libası geyin.

Gözümə işıq gətir,

Həyat havası geyin.

Bərkdən sus, bərkdən danış,

Qulaqlarım açılsın.

Gözlə qaş arasından

Məsafəmiz uçulsun.

 

Yanında bir nəfəs yana,

Gözünü qurban eləyə.

Qəlbini çıraqban edə,

Ruhunu heyran eləyə.

Bəzənəsən havasına,

Yol alasan avazına,

Qonan kimi yuvasına,

Yüz anı bir an eləyə.

Toxunulmazlığın sına,

Köklənəsən həmin ana,

Xəyalından düşüb cana,

Qanında dövran eləyə.

Varlığına çəkə səni,

Bölə tikə-tikə səni,

Sevgisinə bükə səni,

Dərdinə dərman eləyə.

İlahinin baxtlarına

Qonasan... Nur taxtlarına

Yetmədiyin vaxtlarına

Çatdırıb, mehman eləyə.

Yanında bir nəfəs yana,

Özünü həyan eləyə.

Qəlbinin oduna qata,

Eşqini bəyan eləyə.

 

***

 

Canının ağrısı tutar qəfildən,

Oyanarsan, əlin belində qalar.

Görərsən ki, yenə yatağındasan,

Bir körpə nəfəsi telində qalar.

Göz yumarsan, səni yuxu aparar,

Bir doğma səs yenə çağırar səni.

Baxarsan ki, anan durub həyətdə,

Qaçarsan üstünə, aparar səni.

Aparar atanın olduğu yerə,

Özünü qoynuna itələyərsən.

Ayağı altından torpaq götürüb,

Qartopu əvəzi kündələyərsən.

Dilin topuq çalar, barmaqlarının

Uzunluğu örtər qum qapısını.

Təpədən-dırnağa tozun içində,

Göyə tullayarsan qum topasını.

Atanın qaşları düyün bağlayar,

Ananın gözünü yaşa çəkərsən.

Həmişəki kimi bir sual gələr...

- Ay bala, hələ böyüməmisən?..

Küləyin əlində qum dənələri

Fırlanar, dolanar, göylərdən enər.

Başına, gözünə, üzünə dəyib,

Düşüb bapbalaca otağa dönər.

Əllərin, böyüdən əllərdən qopar,

Bu təzə mənzilə doğru qaçarsan.

Üstündən bir ovuc torpaq götürüb,

Bir yumurlayıb göyə atarsan.

Qayıdıb bəxtini örtər dənələr,

Dönüb görərsən ki, hamı yox olub.

Ağappaq köynəyin sıxar boynunu,

Səsin kəsilər içinə dolub.

Üzünə şillələr dəyib çatlayar,

Deyərlər - qayıtmaq arzusu yoxdu...

Hardansa bir soyuq kəlmə açılar

- Bu uşağın alın yazısı yoxdu...

Sancının içində çapalayarsan,

Ayılıb, bayılıb, yıxılıb, durub...

İşıqları sönən səs eşidərsən,

- Bu ki, canlı deyil, ölü doğulub...

...Canının ağrısı tutar qəfildən,

Oyanarsan, yükün belindən düşər...

...Görərsən ki, yenə yatağındasan,

Bir körpə nəfəsi əlindən düşər...

 

Xanım İsmayılqızı

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.3.