Sözün bahar fəsli
Ustad şair Rəsul
Rzaya
Bir bahar səhəri,
Quşların nəğmələri,
Sübhün gözlərindən
Şehi silirdi.
Qoşulub bu səhərə
buludlar gülür,
yarpaqlar sevinirdi.
Candan
can qopmuşdu o gün,
Cana can hopmuşdu o gün.
Körpə qığıltınla həyat ayılmışdı,
Göyçayda Ana qucağında.
Ata ocağında,
Bir tonqal da qalanmışdı,
Gəlişinlə.
Gəldin…
Dünyaya adını gətirdin,
Anandan atanın
andını gətirdin.
Adını elçi qoydular,
xoş xəbər elçisiydin axı.
Kənd
qapı-qapı döyülmüşdü,
oğul müjdəsiylə.
Sənə elçi adını
verənlər
bilmirdilər,
gələcəyin elçilik
edəcək zamana.
Bilmirdilər, şeirlərin körpü
olacaq
dünəndən - sabaha.
Təvəkkül Allaha,
vermişdilər Rəsul
adını sənə.
sənə verilənə,
möhür vurdun göyqanadlı düşüncələrinlə.
Solmadı sözlərinin rəngi.
"Rənglər silsiləsi"ndən
boylandı,
talelərin ahəngi.
Sənə fərqsizdi millətlərin
irqi.
Bəşərin vicdanından asdığın
insan şəkli,
insanı özünə
endirdi,
özündən qaldırdı,
düşündürdü,
düşündürür,
düşündürəcək.
Gələcək,
şeirinlə gələcək,
sübhün görüşünə.
Şeirlərinlə sevgi toxumu əkdin,
gələcəyin bətninə.
O sevgidi göyərir,
budaqlayır,
yarpaqlayır.
Hər il zaman
üstünü torpaqlayır,
yenə boy verir şeirlərin
dərinliklərindən ürəklərin.
"Qızılgül olmayaydı"
əsərindən
Oxucun qönçə ətrini
duydu, şair!
Sənə öz sözlərindən
Zaman sevgi abidəsi qoydu, şair!
Bu gün,
O abidənin önündə
Əyilir ölüm.
Torpağına söykənən
çinar ömrün
elə kölgə salır ki, altına.
May yağışı yağır
kölgəndən
Şeirimizin quraqlığına.
Elnur Uğur Abdiyev
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.30.