Nə sən gələrdin ağlıma...
Həsrət dağılır səssizliyimdən
Şəhərin boz sinəsinə
Yalnızlığıma bulaşır şəhər
Şəhərə qarışır yalnızlığım.
Və mən yenə xatırlayıram səni,
Bəlkə, indi payız olmasaydı
Bəlkə, dumanlı havaya
qoşulub
Ucuz şərabla,
Keçən günləri sisli
gözlərimdən keçirməsəydim
Sənə bənzəyən
Eynən
sənin kimi saçları çiynini
öpən
Yerişi
bir yaz axşamı
yağan zərif yağış qədər
incə
Və hamıdan kirimiş,
Səssizcə yanımdan ötən qızı görməsəydim.
Nə sən gələrdin ağlıma,
Nə sənin gedişindən sonra hər payız
başsız qalan çiynimin ağrısı...
Xəyallarını ümidlərdən ayır,
Əli...
Yeniyetmələrin zirzəmilərdə gözlərdən iraq
çəkdiyi siqaretlərtək
Ayıb
bir şeymiş kimi içində gəzdirdiyin sevgi
Sevgi deyil, Əli...
Dağıt həyatını köhnə
məhlələr kimi,
Dünənlərinin aynasından acıqla gülməsin deyə xatirələr
Sındır bütün güzgüləri...
Uçurt özülünü sabahların
Pərən-pərən elə həyatının sütunlarını
Qaç
evindən
Qaçanda yaddan çıxarma
Sevinclərinin altını söndür,
Xəyallarını ümidlərdən
ayır, Əli...
Sevgini və ümidlərini
Daşıyacaq sabahın,
Böləcək kimsən qalmayıb
Sonuncu pulunla aldığın kökənin
Yarısını quşlara atırsan
Pişiklərə verirsən yarısını,
Əli...
Dodaqların toz tutub
Gecənin qaranlığını yumaq istəyir yağış
Dünyanın işıqları sönüb,
Ovcunda içini çəkə-çəkə
yanan siqaretin
gücü çatmır
qaranlığa.
Nabələdsən bu şəhərin küçələrinə
Yadsan bu şəhərin qaranlığına
Büdrəyirsən hər addımda.
Sərxoşluğun heç kimə tanış
olmayan dildə
danışır
yalnızlıqla,
Bir kimsənin anlaya bilmədiyi dildə susmusan...
Uşaqlıqda evinizdəki köhnə
xalçanın
saçaqlarıyla
oynayarkən
Necə
sakit olurdunsa eləcə kirimisən
Dodaqlarını toz tutub,
Susmusan...
Yoxluğun himni
Hardasa çox uzaqda
Görməsəm də bilirəm
tərli güzgüyə
baxıb kimsə şeir oxuyur,
Bir də balaca uşaq yatmamaqçun ağlayır,
Anasının saçlarını yaylıq
kimi tutub əlində.
Əl-ayaq kəsilir həyətdən
Analarından qabaq,
Uşaqları evə səsləyir
isti yeməyin qoxusu
Bir azca da uzaqda
kimsəsiz qoca qalır,
İllərdir evinin tavanında
gəzir itirdiyi yuxusunu
Hardasa çox uzaqda, görməsəm də bilirəm
Yoxluğun himnini bəstələyir
saatın əqrəbləri.
Tanıdığım qadın
Ölümə bərabər bir
günün
Son akkordlarını vurarkən
Payızın yağışlı bir gecəsində
Səni xatırlayıram.
Pazltək yığıram səni
Aha əllərin
Gözlərin də burdadı
Bu ayaqların,
Bu çiyinlərin,
Gözlərin burda,
Saçların burda
Əllərin əl yelləyir
uzaq dünənlərdən...
Sən hardasan,
Tanıdığım qadın?
Yerişin zəif yaddaşımın
dumanında itib.
Necə
darıxırsan,
Necə
gülürsən
Gözlərində neçə yalnızlıq çiçəyi bitib
Neçə ümid öldürmüsən
qollarında...
Həvva və Yeva üçün
Darıxmağın dili yoxdu
Polad əlləri
var sıxmağa ürəyini.
Böyük ayaqları olur
-
Hara getsən tez arxanca gəlsin deyə
Qollarını zəncir kimi sarıyır bədəninə...
Hər kəs ayrı-ayrı yerlərdə darıxır
Darıxmağın yeri olmur,
Küçəsi olmur,
Saata baxmır,
Təqvimlə dəyişmir
Bəzən elə darıxırsan
ki...
Neçə əsri olur,
Neçə ili olmur...
Darıxmağın rəngi olmur,
Dan yerinin solmuş işıqlarına qarışır,
Qürubun qaçqın rənglərində
itir,
Kimsə
məğribdə,
Kimsə
məşriqdə
Darıxır
Biri Həvva,
Biri Yeva üçün...
Gözəl şeylərin,
Darıxmağın, sevməyin
Hətta
ölməyin belə
Dili,
Rəngi
yoxdu heç harda...
Bütün darıxanların,
Sevənlərin və ölənlərin
Eyni olur gözlərindən üfüqə uzanıb
ölümü gözləyən günəş...
Malik ATİLAY
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.13.