Bəxtiyaram mən
Bu ay
dünyadan köçməsinin on illiyi tamam olacaq Bəxtiyar
Vahabzadənin ömür bioqrafiyasında, ədəbi-elmi
yaradıcılığının tərcümeyi-halında
geridə qalan bir əsrə yaxın zaman kəsiminin
addımları duyulur və bu addımlar milli tariximizin, milli
varlığımızın nəfəsi duyulan qatlarından
ayaq açıb yeriyir. Bu qatlar tarixdir, dildir, azadlıq
idealları, istiqlal vuruşudur. O səbəblər ki,
B.Vahabzadənin şair kimi seçilməsinin,
çoxluğun içindən fərqlənməsinin əsası
idi. Mənə elə gəlir ki, Azərbaycan poeziyasında Səməd
Vurğundan sonra xalqın ardınca getdiyi, sözünü
tutiya kimi həsrətlə gözlədiyi şair B.Vahabzadə
olub. Bəlkə, hər iki şairə öz dərdlərinin
tərcümanı olaraq yanaşmadan hasilə gəlirdi bu
doğmalıq. B.Vahabzadə yaradıcılığı
sovet dövründə bilərəkdən güdaza verilən
tarixi yaddaşın, bilərəkdən unutdurulan dil
yaddaşının, bilərəkdən susdurulan azadlıq
nidasının oyanışına imkan vermək amacına
xidmət üçün ərsəyə gəlmişdi və
bu, bəlkə də, onun bütün
yaradıcılığı ərzində boyuna biçilən
başlıca şair missiyası idi. Millətin və
xalqın tarix bioqrafiyasını poeziyanın yaddaşına
çevirmək...
Ədəbiyyata
yenicə qədəm qoymuş gənc yazar kimi B.Vahabzadənin
içindəki "yenilik həvəsi", gəncliyin
"dəli sözü" ondan başlamağı tərcih
etdi ki, vətən təəssübkeşliyini bütün yeniliklərin
önünə çıxardı və bu, zamanına
görə elə əsl "yenilik" idi: "Elə bir təlatüm
istəyirəm ki,/Dünya silkələnə, təzə don
geyə"! Gənc yazarın 1958-ci ildə
yazdığı "Gülüstan" poeması
dünyanı olmasa da, özünü dünyanın məhvəri
sayan nəhəng Sovetlər İmperiyasını silkələyəməyə
müvəffəq oldu. Ona qədər heç bir əsərdə
milli dil, milli varlıq və kimlik məsələsi bu qədər
kəskinliklə qoyulmamışdı, bu qədər cəsarətlə
sərgilənməmişdi. Bu əsərdə yaddaşı
oyatmağa yönəlik olan missiya vardı və bu missiya XX əsrin
birinci yarısının aydınlarının əsərlərindən
sonra ilk dəfə məhz B.Vahabzadə poeziyasında bu
çalarda, bu miqyasda şeirə gətirilirdi:
"Sökün çəpərləri, daş
hasarları,/Gözlər uzaqlara zillənsin barı.",
"Örtmə pəncərəni"... Şairin
içindəki mənəvi azadlıq eşqi ona bu intəhasız
ifadələri diktə eləyirdi. Diqqət etsək,
B.Vahabzadənin bütün yaradıcılığından
bir xarakterik obraz keçir - üsyankar,
çılğın, mübariz, vətən sevdalı, dil
aşinası, həyat mücahidi... Bu adlar onun
yaradıcılıq yolunun bütün kəsimlərini, mərhələlərini
qapsayır, kiçik şeirlərlə başlanan yolun
dramaturgiyaya yol almış yolçuluğuna qədər vətən
üçün təəssübkeşlik əsas qayəni təşkil
edir. Bilərək yolun çətinini, ilkinliyini,
mübarizini seçir: "Xəfif sakitliyini neyləyirəm
dənizin,/Onun qasırğasına, dalğasına
vurğunam". Vurğunluq... Bəxtiyar Vahabzadənin
poeziyası ümumən vurğun ovqatdan, vurğun mənəvi
aləmdən hasilə gələn poeziyadı.
Yazdığı bütün mövzularda aşinalıq
duyğusu hər şeyi üstələyir. O qədər
içdən qələmə alınır ki, aşkar bəlli
olur: sevmədən, vurğun olmadan, içində yüz dəfə
ölçüb-biçmədən həmin mövzuları
bu qədər hərarətli şəkildə bədii təcəssümün
predmetinə çevirmək olmazdı. Axı özü də
etiraf etmişdi sevəndə bəxtiyar olduğunu! Sənsiz
bu dünyanın ən bədbəxtiyəm...
Səninlə dünyada Bəxtiyaram
mən
B.Vahabzadənin
sevgi mövzusunda yazdığı şeirlər ilk
baxışda bir az çəkindirir adamı. Vətənə,
vətəndaşlığa, dilə, tarixi yaddaşa
münasibətində bütöv olan şair sevgi
mövzusunda da hökmlü, sərrast görünür:
"bir salama dəyməyən eşqə ölüm
yaraşır". Sonra düşünürsən ki, sevgi
deyilən nəsnə hökmü, qətiyyəti sevmir, bir
xoş baxışla hər şey dəyişə, əvvəlki
axarına düşə bilər, bir munis söz qurumuş
sandığın çayı çağlada, hərəkətə
gətirə bilər. B.Vahabzadə poeziyasında da belədir:
"Sən gözə görünməz bir ətir kimi/Ruhuma,
könlümə səpələnmisən,/Mənim
ovqatımın iqlimi sənsən".
Sevmirsənsə,
demək ki, dünya səndən keçmir, sevirsənsə
demək artıq dünya yaratmış kimisən. B.Vahabzadə
lirikasında sevgi və dünya birgəliyi daim
yanaşıdı, hər şey sevgidən keçir, onda
durulur, onda rahatlığını və səadətini tapa
bilir: "Sən varsan, dünyamda hər şey var mənim.Yoxluğun
dünyamı boşaldar mənim". Bu misralar B.Vahabzadə
haqqında, bəlkə də, daşlaşmış
"istiqlal şairi" stereotiplərini dağıdır.
İstiqlal, yəni bu ad altında vətənə, dilə, vətən
tarixinə aid olan nə varsa... Özlüyündə
düşünürsən, ömrünün sonuna qədər
təravətini, duyumunu itirməyən məhəbbət
şeirlərinə ayırmağa vaxtı, bəlkə, daha
dəqiqi, ruhunu həm də sevgi yolunun təlatümləri
ilə qayğılandırmağa macalı şair hardan tapa
bilib, görəsən? Ancaq sən demə... Şair həyatı
boyunca "uzun, incə bir yoldaymış". O cəsarətin,
o kükrəyişin, o vətəndaş
yanğısının təpəri ürəkdəki
"sinə dağı" - eşq hissiymiş. B.Vahabzadə
lirikasının fərdiliyi və fərqliliyi elə
bundadır. Heç nə ötəri deyil, tamdır, dolğundur,
daxilən yaşanmış poetik ovqatın təzahürləridir:
"Həsrət yollarının yolçusuyam mən,/Sənə
həsrətimdə tapmışam səni"... Bu qədər
sadə!
Bir kəs ki, onun qibləsi yalnız
vətən oldu
Yazıçı,
şair üçün cəsarət anlayışı həmişə
xalqın taleyi, onun milli varlığı, azadlıq və
hürr duyğuları ilə bağlı olub. B.Vahabzadənin
də şair kimi cəsarəti daim bu məqamlara münasibətdə
üzə çıxır. 1990-cı ildə yazılan
"Şəhidlər", 1999-cu ildə yazılan
"İstiqlal" poemaları, bu dönəmdə ard-arda
yazılan dram əsərləri vətənlə, azadlıqla
bağlı sonsuz düşüncələrdən hasilə
gələn mətnlərdir və həmin dönəmin məhz,
müstəqillik illəri olduğunu nəzərə alsaq, o
qədər də böyük qəhrəmanlıq nümunəsi
deyil, əlbəttə. Şairin alovlu ruhunu
görükdürən, cəsarətini rəmzləndirən
əsərlər sovet dönəminə təsadüf edir ki,
bu mərhələdə B.Vahabzadə
"Gülüstan" poeması ilə milli oyanış,
"Mərziyə" poemasında milli dil, "Fəryad"
pyesində Allah mövzusunun yenidən dərkinə aparan yolu
bədii təcəssümün predmetinə
çevirmişdir. Onun əksər şeirlərində ana
dilinin qorunmasından, bir xalq üçün
yaşarılıq əmsalı olmasından bəhs edilir.
B.Vahabzadənin dil amilinə belə böyük önəm
verməsinin kökündə xalqın minillik tarixi
yaddaşının olduğunu isbatlamaq meyli dayanırdısa,
səbəblərindən digəri, bəlkə də, ən
başlıcası yad dövlətlərin məkrinin
qurbanı olmuş türk dünyasını, xarici siyasətin
əli ilə parçalanmış türk cümhuriyyətlərini
birləşdirmək amalı idi. O, türk xalqlarını
birləşdirmək üçün birbaşa mənəvi
yolu intixab etdi, türkün tarixinin, ortaq mənəviyyatının
əks olunduğu Dil problemini qabartmağa müvəffəq
oldu. Sonradan böyük ədib "Özümüzü kəsən
qılınc", "Atamın kitabı" kimi pyeslər
yazacaq və türkün tarixi faciəsinin kökündə
duran başqa amilləri ədəbiyyata gətirəcəkdi.
"Öz qılıncımız niyə
özümüzü kəsir", "Niyə bir kitaba tapına
bilmirik" - sualı və məsələsi sələflərindən
sonra B.Vahabzadə pyeslərində qabaran əsas problemə
çevriləcəkdi.
B.Vahabzadənin
daha bir cəsarətini onun Tanrı mövzusuna müraciətində
izləmək olar. 80-ci illərin əvvəllərində
B.Vahabzadənin yazdığı "Fəryad" pyesində
Allaha müraciətin xəfif qatına keçilir, Tanrı
ilə bağlı hər cür sakral düşüncələr
praqmatik müstəviyə adlayır, öz
motivasiyasını şairin "insanlıq" fəlsəfəsində
tapırdı. Vaxtilə S.Rüstəm yazırdı ki,
"Səməd Vurğunun "Vaqif" dramından sonra
"Fəryad" pyesi dramaturgiyamızda olan böyük bir
boşluğu doldurdu". Hər iki pyesi birləşdirən
və ayıran ümumi məqam müəlliflərin həm
də Tanrı mövzusuna baxışında, münasibətində
üzə çıxırdı. S.Vurğunun hər şeyə
görə nicatını Yaradanda arayan qəhrəmanı
Vahabzadənin əsərində modifikasiyaya uğrayır,
daha çox özünə güvənmək, Tanrını
özündə tapmaq, vicdanında aramaq kimi Platon
ideyalarının davamçısına çevrilirdi:
"İdrakda yol açmış gecədən
gündüzə Allah! Güldürməsən öz
könlünü gülməz üzə Allah! Dünyaya
şəfəqlər kimi Tanrım səpələnmiş.Qəlbin
gözü yanmazsa görünməz gözə Allah"!
90-cı
illərdə baş verən hadisələrdən sonra, məlum
ictimai, sosial-siyasi, mənəvi-psixoloji problemlərlə əlaqədar
olaraq, ədəbiyyatda insan obrazı, onun durumu daha kəskin,
fəlsəfi rəng aldı, ədəbiyyatımızda
çöküş fəlsəfəsinin, dekadans
ovqatının intişarına zəmin yarandı. Bu dövrdə
bütün janrlarda meydana çıxan əsərlərdə
bariz görünən pessimist əhval-ruhiyyə bir tərəfdən
üzləşdiyimiz Qarabağ probleminin fəci nəticələri
ilə bağlı idisə, digər tərəfdən qlobal
miqyasda insan faktorunun deqradasiyaya uğrama amili ilə əlaqələnirdi.
B.Vahabzadənin son dövr yaradıcılığına nəzər
saldıqda toxunulan mövzuların həyat sferalarının
təzahürünü, nişanəsini
daşıdığı məlum olur. Daha çox milli
problemlərə köklənir, Qarabağ
ağrısının təfsilatlarına enir, güclü
pafosu həzin əda ilə əvəzləyirdi. B.Vahabzadənin
milli müstəqillik dövrü
yaradıcılığında daha çox dekadans
çalarlar dərinləşdi. Həyata, dünyaya, insana
münasibətdə şairin mövqeyi daha kəskin, daha
tünd boyalarla təsvirə gəlməyə başladı.
Burada həyatın, cəmiyyətin böhranından daha
çox həyata, cəmiyyətə münasibətin
özündə gedən böhrandan danışmaq, bəlkə,
daha dəqiqdir. B.Vahabzadənin iki fərqli epoxada meydana
çıxmış əsərlərindəki ovqat bu məqamla
bağlı idi. Sovet dönəmində cəmiyyətin
böhranı müstəqillik dönəmində münasibətin
özündəki böhran, boşluqla əvəzlənmişdi:
"könlüm oldu xarabazar, talan mənim içimdədir".
Bu o dövr idi ki, 20 Yanvar hadisələri törədilmiş,
şair "Şəhidlər" poemasını
yazmışdı. Ədibin sonrakı əsərləri
artıq böyük bir imperiyanın çökümündən
sonra gerçəkləşən mədəni-mənəvi
deqradasiyanın nəticəsi kimi pərvəriş
tapırdı. B.Vahabzadə yaradıcılığında
iki fərqli epoxa bir-biri ilə ziddiyyətə girmədi, əksinə,
şairin məsləki onun tərcümeyi-halına
çevrildi. Əlbəttə, B.Vahabzadənin poeziyası
dövrün yeritdiyi siyasətin təsirindən, sosializm
doktrinasının diktə etdiyi varlıq və etiketlərdən
xali deyil, qos-qocaman "Leninlə söhbət" poeması
bu təsiri tam reallığı ilə sərgiləmədə.
Lakin şairin yaradıcılığında ideoloji konsepsiyaların
güdazına getmiş tarixi gerçəkliklər yoxdur, hətta
adıçəkilən poema belə, bəzi hallarda
açıq, çılpaq notların
çığırtısı ilə heyrət doğurur.
Yaxud 1973-cü ildə "Şairləri öldürürlər"
şeiri zamana müxalif fikirləri sərgiləyən mətn
olaraq bu gün təəccüblə qarşılanır. Bəlkə,
elə ona görə 90-cı illərdə, yeni epoxaya qədəm
qoyanda B.Vahabzadənin həyat ritmi pozulmadı, zamanın iki fərqli
mərhələsi onun yaradıcılığında bir-biri
ilə toqquşmadı... O qədər ki, bu misraları
yazmağa onun hamıdan artıq haqqı çatdı: "əslimi,
nəslimi tanıyıram mən/qarışıq deyiləm,
özümdən hürkəm./sən kimsən, sən nəsən,
özün bilərsən, mən ilk qaynağımdan türk
oğlu türkəm". 1999-cu ildə qələmə
aldığı "İstiqlal" poeması və pyeslərində
ardıcıl olaraq milli birlik ideyasını qabardır,
özünəqayıdış, tarixi keçmişinə
güvənməyi, dəyərlərinə sahib
çıxmağı əsas məqsədə
çevirirdi. Bu, B.Vahabzadənin dəyişməyən əqidəsinin
(dəyişməzdir əqidəm, çox da dünya
fırlanır), sınmayan vüqarının səsi idi. Həmişə
olduğu kimi, o yenə də dünyanın və insanın sənətin
gücü ilə düzələcəyinə, pisliklərdən
silkinib qurtaracağına inanırdı. Demişdi axı:
"Mən inamın övladıyam"! İndi,
dünyanın bu qarışıq və narahat vaxtında
B.Vahabzadə poeziyasının qanadlarında sabaha ümidlənmək,
bəşəri harmoniyanın bərqərar olacağına
bütün gücümlə inanmaq istəyirəm. Bir də
"al günəşin sağlığına" dualar edib
bu misraları söyləmək: "Yaşasın
dünyamız, yaşasın insan!"
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.4.