Atamın ruhu bizi qoruyur

 

Birdən baş verdisə...

- Emin, dur! Bala, qalx ayağa... Ev bu dəqiqə yanıb kül olacaq!

Silkələndim.

Anamın əlləri...

...ki, onlar hər gün mənə dadlı yeməklər bişirir. O əllərə dizinə döymək, saçını yolmaq heç yaraşmır. Atamın öldüyü gün o əllər anamı çox döymüşdü. Çox hirslənmişdim onun əllərinə. Tutub bağlamaq istəyirdim o əlləri. Ürəyim dözmədi, öpüb, öpüb qoydum ovcuma.

- Dur, dur, tez elə.

Gözlərimi açan kimi başımdan biraz aralıda yanan jurnal masasının alışıb-yandığını görüb həyəcan təbili eşidən əsgərlər kimi tezbazar ayağa qalxıb cumdum mətbəxə. Əl havasına qəhvədanı götürüb künc-bucağa dəyə-dəyə tez masanın üstünə əndərdim.

Tısss, pısss...

O jurnal masasına bağlı çox xatirələrimiz var. Elə bu cür qaranlıq qış günlərində lampa işığında anamla atam o jurnal masasının üstündə nərd oynayardılar. Mən gah atamın, gah da anamın oturduğu kreslonun bir yanına qısılıb oyuna baxardım.

Pəncü-şeş... Sələr... bir... Düddülü...

Həm farsca saymağı öyrənirdim, həm nərd oynamağı. Çox vaxt atam anama uduzardı. Anam nərdi həm çox qəşəng oynayırdı, həm uduzan kimi əsəbiləşirdi deyə, atam ya elə, ya belə mütləq uduzardı. Mənsə kim kimə kələk gəldisə, tez xəbər verərdim. Gah yerə düşən zəri tapıb verərdim, gah da ikisinin yerinə zər atardım. Yəni illah bir görməliydim. Yerimdə sakit dura bilməzdim.

O masanın yanmağı mənim bu şirin xatirələrimi sızıldadırdı axı.

Elə bil masanın üstünə tökdüyüm benzin idi. Daha da möhkəm alışmağa başladı. Anam tez adyalı götürüb masanın üstünə çırpmağa başladı. Alovun işığı atamın divardan asılan fotosuna necə yansımışdısa, elə bilirdim bu dəqiqə çərçivədən çıxıb bizə kömək edəcək. Sönmək bilməyən bu masa səbrimi tükəndirdi.

- Ata, hardasan? Sən bizi qoyub getməsəydin...

Bizim başımıza birdən-ikiyə belə bir şey gəlməmişdi. Birtəhər alovu söndürdük.

İki saat qabaq...

İşıqlar bir göz qırpımında söndü. Telefonumun işığına qalxıb iki şam yandırdım. Hər dəfə şam yandıranda düşünürəm ki, şamın taleyi eynilə insanın taleyinə bənzəyir. Şamın altını alovla qızdırırsan, əriyir, öz hesabına nəlbəkiyə yapışır. İnsan da belə deyilmi? Yanmasan öz ayaqların üstündə dura bilmirsən. Yanırsan ki, möhkəm dura biləsən, həm özünə görə yanırsan, həm başqalarına görə. Yanırsan ki, işıq saçasan, həm özünə görə, həm başqalarına görə. Amma yanıb-yanıb yoxa çıxırsan.

Şamları yandırıb jurnal masasının üstünə qoydum. Tərslikdən qazlar da kəsilmişdi. Özümüzü yorğan-döşəyə verdik.

- Bala, mən yatıram, çətin bu gecə işıq yana. Şamlara bax, yatanda söndür yat ha. Sonra xata çıxar.

Axırıncı dəfə hansısa yazımın üstündə qurdalanırdım, sonrası isə yadıma gəlmir.

 

***

 

Qapı-pəncərəni açıb evdən çıxdıq. Ki, tüstü-duman çəkilsin. Sonra girərik evə. Anam gah taleyindən gileylənir, gah da işığı söndürənləri qarğıyır. Çöl qapısının ağzında büzüşüb oturmuşuq. Ay işığı ötəri bir aydınlıq gətirib məhəlləyə. Bir it yoxdur bizdən başqa.

- Akif, Allah sənə rəhmət eləsin! Allah səni üstümüzdən əskik eləməsin!

Bu cümlələr qulağıma dəyən kimi düşündüm ki, görəsən, anam niyə atamın adını çəkir? Bu iki cümlənin bir-birilə əlaqəsi var? Ölmüş bir adam haqqında niyə bu iki cümləni yan-yana işlədəsən?

Sözünü kəsdim.

- Mama, bağışla. Səhv məndədi. Huşsuz başım. Hələ guya sən mənə möhkəm-möhkəm tapşırmışdın e.

Cavab gəlmədi.

Ağlaya-ağlaya şükür eləyir, yenə eyni cümlələri təkrar edirdi.

- Akif, Allah sənə rəhmət eləsin! Allah səni üstümüzdən əskik eləməsin!

 

***

 

Çox üstünə getmədim anamın bu cümlələrə görə. Hava yavaş-yavaş açılsa da bizim evə çöldən işıq girmir deyə, qaranlıq yenə öz işində idi. Masanın qoxusu getmirdi ki getmirdi. Hava tam açılana yaxın yandı işıqlar. Sevincək əsə-əsə evə qaçdıq. Elə bil ortasına bomba düşmüş masa kömürə dönmüşdü, qaralmışdı. Anam zirəkliyini əldən verməyib başladı təmizliyə. Atamın fotosu isə lal-dinməz öz asılmağında idi.

Bəlkə , bu ev yansa ilk xilas edəcəyimiz şey olardı o foto. Anam hər dəfə atadan danışanda o fotoya tuşlayır işarə barmağını. O foto düz anamın çarpayısının baş ucundakı divara mıxlanıb. Anamı qoruyurmuş kimi məğrur-məğrur öz postunu tərk eləmir. Hiss edirəm ki, anam da o fotoya, o fotodakı adama məndən çox güvənir.

Ara sakitləşdi.

Həmin gün yatmadıq.

Anam bacısına, qardaşına zəng vurub başımıza gələnləri ağlaya-ağlaya danışırdı.

Telefon danışıqları da kəsildi.

Anamın yanına gəlib qucaqladım.

- Bağışla, bütün olanlar mənim günahımdı...

- Olan şeydi, şükür, yaxşıyıq.

- Sən necə oldu ki, oyandın? Mən niyə o alovu hiss eləmədim? Sən oyanmasaydın tüstüdən boğulub ölərdik ki.

- Mən oyanmazdım... Əgər atan yuxuma girməsəydi.

- Necə yəni?

- Atan yuxuma girmişdi. Elə hey qışqırırdı - "Qalxın, ev yanır, qalxın!".

 

***

 

- Akif, Allah sənə rəhmət eləsin! Allah səni üstümüzdən əskik eləməsin!

 

Eminquey

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.5.