Poeziyamızın mifi
- "Həpsi rəngidir"
Arxada ayaq üstə (soldan): Mirzə Cəlal Yusifzadə, Bədrəddin Seyidzadə,
Salman Mümtaz, Süleyman Sani Axundov, Abdulla Şaiq, İsmayıl Hikmət, Hüseyn Cavid, Əli Kərimov, Qulam Mirzə, Sami Kamal, Soltan Məcid
Qənizadə, Əhməd
bəy Pepinov, Əliskəndər Cəfərzadə...Seyid Hüseyn.
İkinci
sırada oturanlar (soldan): Mirzə Rəhim Fəna, Əbülxalıq Cənnəti,
Səməd Mənsur,
Azər Buzovnalı, Mədinə Qiyasbəyli,
Həbib Cəbiyev, Fuad Körpülü, Böyükağa Talıblı,
Şəfiqə Əfəndizadə,
Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Bəkir Çobanzadə,
Cəlil Məmmədqluzadə,
Ağadadaş Müniri.
soldan
Öndə oturanlar (Soldan):
Əraqi, Əliağa
Vahid, Əli Hüseynzadə, Adil Əfəndiyev, Əhməd
Cavab, Cabbar Əfəndizadə, Atabab
Musaxanlı, Mikayıl
Rəfili, Həmmal, Ağahüseyn Rəsulzadə.
Bu şəkil 1926-cı il martın 5-də Ədəbiyyat Cəmiyyətində
çəkilib. 11 ildən
sonra, yəni 1937-ci ilin 23 aprelində "Ədəbiyyat qəzeti"ndə
Ədəbiyyat Cəmiyyətinə
məhz bu şəklin çəkildiyi
günə görə
siyasi hökm oxunub: "Köhnə yazıçıları birləşdirən
"Ədəbiyyat Cəmiyyəti"
əsas etibarı ilə mürtəce yazıçılardan ibarət
idi. Bu cəmiyyətin sədri Böyükağa
Talıblı, katibi isə Əhməd Cavad idi. Bu "cəmiyyətin" "marksist"
fikri ifadə edən partiya yadrosu Tağı Şahbazi, Hənəfi Zeynallı və Talıblı kimi nasionalist və çürük liberallardan
ibarət olmuşdur ki, sonra bunlar
kontrrevolyusyon mahiyyətlərini
göstərdilər. Bu adamlar Cavadların, Çobanzadələrin və
Səməd Mənsurların
təsirində qul olmağa qədər enmişlərdi. Bunların sayəsində "Ədəbiyyat Cəmiyyəti"nin
orqanı olan "Ədəbi parçalar"
jurnalının səhifələrində
"Rəngidir" kibi
mürtəce şeirlər
çap olunurdu. Cəmiyyət özünün bütün fəaliyyəti
ilə demək olur ki, o zamankı
gənc proletar yazıçılarının pozisiyasını da zəiflətməyə çalışırdı.
Bir faktı göstərmək
kifayət edər ki, cəmiyyətə məşhur pantürkist və panislamist, Azərbaycan burjuaziyasının
ilk ideoloqu Əli bəy Hüseynzadə fəxri üzv olaraq qəbul edilmişdir".
Şəkil də həmin tədbirdə Hüseynzadənin
cəmiyyətə fəxri
üzv seçildiyi gün - martın 5-də çəkilib.
Şəkildə Səməd Mənsur da var. Ölümünə on ay qalıb. Bəlkə də,
Səməd Mənsurun son şəklidir. Sağında
Əbdülxalıq Cənnəti, solunda
"türklüyün varlığı qeyrə nə
böyük qorxuymuş, / Dost-düşmən onu məhv etməyi
istər, Azər" deyə dərdlərini
bölüşdüyü Azər Buzovnalı.
Ətrafında hamı - o illərin Mirzə Cəlil və Cəfər
Cabbarlıdan başqa, bütün ədəbi elitası...
Şəkildə bir də Əli bəy Hüseynzadə
yoxdur. Çünki
bu fotonu Hüseynzadənin özü çəkib. Şəkildəkilər də martın 5-də
Ədəbiyyat Cəmiyyətinə o günlərdə
Türkoloji Qurultayın işində iştirak etmək
üçün Bakıya gələn Əli bəy
Hüseynzadəyə görə toplaşıblar.
Bu şəkildən iki ay
sonra - may ayında Ədəbiyyat Cəmiyyətinin
"Ədəbi parçalar" jurnalının ilk sayı
dərc olunub. Və jurnalda
1920-ci illərdəki ədəbiyyatımızın istər
marksist, istər idealist ədəbi-nəzəri, estetik mənzərəsini
bütövlükdə yansıdan yazılar - Hüseynzadənin
Ədəbiyyat Cəmiyyətində keçirilən
görüşdəki tarixi nitqi, Bəkir Çobanzadənin,
Hənəfi Zeynallının, İsmayıl Hikmətin məqalələri,
Cəlil Məmmədquluzadənin "Şərq fakültəsi",
Süleyman Sani Axundovun "Zarafat" hekayələri dərc
olunub. Hüseyn Cavidin "Həp sənsən" şeiri ilə
açılan "Ədəbi parçalar" Səməd
Mənsurun "Həpsi rəngidir" şeiri ilə davam
edir və Süleyman Rüstəmin "Üsyan yarat,
üsyan", Almas Yıldırımın "Qərbə"
şeirləriylə ilə tamamlanır...
"Həpsi rəngidir" şeirinin altında tarix
olaraq "22 mart 1919" yazılıb və şeir
"Klassik ədəbiyyatımızdan" rubrikasında təqdim
edilib... Doğrudanmı, şeir 1919-cu ilin
martında qələmə alınıb? Bəlkə,
bolşevik tənqidinin diqqətini yayındırmaq
üçün şeirin sonuna 1919-cu il
tarixini 1926-cı ildə əlavə ediblər. Həm də axı 47 yaşlı şairin
yazdığı şeir niyə 1926-cı ildə klassik ədəbiyyat
nümunəsi kimi təqdim edilməliydi?
Şeir çap olunandan səkkiz ay sonra 48 yaşlı Səməd Mənsur
dünyasını dəyişib.
Sonrakı illərdə "Həpsi
rəngidir" marksist ədəbiyyatşünaslığın
hədəfinə çevrilib. "İdealist romantizm xəstəliyinə",
"...təşkilati cəhətdən rəvac verən"
Ədəbiyyat Cəmiyyəti və "Ədəbi
parçalar" jurnalı "öz səhifələrində
nəinki H.Cavidin "Həp sənsən", Səməd Mənsurun
"Həpsi rəngidir" şeirlərini" dərc
etdiyinə, "hətta
mürtəce romantizmi nəzəri cəhətdən əsaslandırmağa
çalışan burjua ideoloqu Əli bəy Hüseynzadəyə
tribuna verdiyinə" görə tənqid olunub.
Bu da təbii idi...
Səməd Mənsur yaşadığı
sistemdə, cəmiyyətdə, hətta
dünyada bir az da Berqsonçu təbirlə
bütövlükdə varlığın rəngləndiyini
- təhrif olunduğunu yazırdı. Amma "Həpsi rəngidir"in
yazıldığı dövrdə Mustafa Quliyevin
timsalında məmləkətin marksist tənqidçiləri
Berqson fəlsəfəsinə, Azərbaycan (o zaman türk) ədəbiyyatında
sağ təmayülçülərə,
"cığırdaşlara" qarşı ideoloji savaş
açmışdılar. Berqsona görə, sənətin,
o sıradan "şeirin məqsədi varlığı
insandan gizlədən şeyləri kənar etməkdən
ibarət idi və yalnız bu şərtlə biz varlıqla
qarşı-qarşıya, üz-üzə gələ bilərdik".
Bu mənada Səməd Mənsurun "Həpsi rəngidir"
şeiri Berqson fəlsəfəsi ilə həmahəng idi və
ilk dəfə o,
varlığı bizdən gizlədən rəngin Azərbaycan
poeziyasında təkrarsız metaforasını
yaradırdı.
"Həpsi rəngidir"
şeiri "Əlvahi-intibah"
dalğasındadır, Hadidəki fəryadın metafizik rəngi
Səməd Mənsurun "Həpsi rəngidir" şeirindəki
absurd sükutla qarışıb. Hadidə "Məsərrət
(sevinc) ani bir şeydir, məlalətlər (hüznlər) həqiqətdir".
Səməd Mənsurda isə matəmin, məlalətin,
hüznün, ələmin özü də rənglənib. "Rəngidir hər dürlü matəm, hər məsərrət
rəngidir". Bu məqamda yadıma
Kazimir Maleviçin "Qara kvadrat" əsəri
düşür. Tablonu tədqiq edənlər
yüz ildən sonra aydınlaşdırdılar ki, sən demə,
yalnız qara rəngdən ibarət olan tablonun dərinliyində
başqa rənglər də varmış. Görünən "Qara kvadrat"ın bətnində
"Zəncilərin savaşı" tablosu gizlənibmiş.
"Həpsi rəngidir"in də dərinliyində
"Əlvahi-intibah"dakı cizgilər gizlidir və sanki Səməd
Mənsur palimpsest üsulu ilə Hadinin
"Əlvahi-intibah"ı üzərində yeni mətn
yaratmışdır.
"Həpsi rəngidir" yaddaşlarda proses kimi
yaşayıb. Bir dəfə bir jurnalın səhifəsində
çap olunub, az qala, bir əsr boyunca dildən-dilə,
yaddaşdan-yaddaşa cərəyan edib. Bəlkə
də, sonun, puçluğun, faninin barəsində
yazılmış ən bənzərsiz şeirlərdən
biri kimi, üstəgəl, absurd fəlsəfəsini şəkilləndirən
mistikası, müəllifinin özünün dediyi kimi, dərvişməcaz
halı, sufiyanə, tərki-dünya ədası "Həpsi
rəngidir"i Azərbaycan poeziyasının
miflərindən birinə
çevirib.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2019.-
2 fevral.- S.7.