“Ağrısı mənim
tamahımdan,
istəyimdən güclü insanın
qarşısından
kənara çəkilməyi bacarmışam”
"Dördüncü divar"
layihəsinin qonağı - Akademik Milli Dram Teatrının
aktyoru, xalq artisti Ramiz Novruzdur
- Ramiz müəllim, sizinlə
ötən söhbətimizin üzərindən dörd il
ötür. Yadıma gəlir ki, o zaman maraqlı hekayə əsasında
çox kədərli bir fikir səsləndirmişdiniz.
"İnsanlar sürətlə İsadan İudaya
çevrildilər". Aradan keçən dörd il müddətində
fikrinizdə müsbət yöndə dəyişiklik oldu?
-
İndi şərait elə deyil ki, insanlar İudaya
çevrilməyə məcbur olsunlar. Ancaq insanlar var ki,
İuda olmaq üçün, sanki hazır vəziyyətdə
dayanıblar və ehtiyac olmadan bu yola gedirlər. Bunun isə nə
cəmiyyət, nə teatr, nə də həmin adamın özü
üçün heç bir xeyri yoxdur. Amma bilərəkdən
buna gedirlər. Adamlar var ki, cılız bir addıma görə
belə, çox pis addımlar atırlar, sonra isə bunu sənət
təşnəsi, teatr təəssübü, xalqa məhəbbət
kimi səciyyələndirirlər. Amma bu əməlləri,
sözləri insanların yaddaşından silmək
üçün bir nəsil dəyişməli, ən azı
da iyirmi il vaxt ötməlidir. Ona görə də bineyi-qədimdən
həmişə deyirdilər ki, sənətin mətbəxini
açıb tökmək olmaz.
- Bəlkə, mətbəxi bilənlər
özləri də bu açıqlığa meyilli oldular?
- Mənim
yadıma bir əhvalat düşdü. Bizim böyük
aktyorumuz Səyavuş Aslan xasiyyətcə deyib-gülən,
zarafatcıl adam idi. Cavanla da, qoca ilə də zarafatı
tuturdu. Sonra mən fikir verdim ki, bizim cavanlar onun bu xasiyyətindən
sui-istifadə edərək onunla tay-tuş kimi
zarafatlaşırlar. Onda mən həmin gəncləri
yığıb dedim ki, ola bilər, Səyavuş müəllim
sizə onunla zarafatlaşmaq imkanı verir. Amma bu o demək
deyil ki, siz çıxıb onun boynunda
oturmalısınız. Siz öz məqamınızı
qorumalısınız. Çünki bu, Səyavuş
Aslandır. Bizim hamımız onun kimi sənətkarlara
baxıb bu sənətə gəlmişik. İndi dəhşətli
vəziyyət yaranıb. Kim yox, nə sualına cavab verən
adamlar böyük sənətkarları, onların işlərini
bəyənmirlər. Bizim nəslin nümayəndələri
- mən, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova,
Zemfira Nərimanova, Rafael Dadaşov bu sənətə gələndə
birinci, ikinci roldan sonra teatr artıq bizi qəbul etdi. Amma
indikiləri teatr hələ qəbul etməyib,
böyüklükdən dəm vururlar. Bu da özlərindən
asılı olsa da, olmasa da qəhrəman kimi görünmək
istəklərindən yaranır.
- Ümumiyyətlə, istər
sizin, istər sizdən əvvəlki aktyor nəslinin nümayəndələri
ilə müqayisədə bugünkü gənc aktyorlar
çox sönük, amma böyük iddialara sahibdirlər...
-
Bilirsiniz, bu məsələdə əsas problem məktəbsizlikdir.
Sizinlə ciddi söhbət etmək olar deyə,
bir məsələyə diqqətinizi çəkmək istəyirəm.
Baxın, Akademik Milli Dram Teatrı ölkənin
birinci teatrı hesab olunur. Teatr yoxdur, əvvəlki
aktyorlar yoxdur deyib, teatra gəlməmək çox asandır.
Siz təsəvvür edin ki, rus
tamaşaçıları indi teatra getmirlər ki, Smoktunovski,
Yankovski artıq yoxdurlar. Sənətə
bu cür münasibət, yanaşma olmaz.
Hərdən mənim özümə də
xırdalanmağımız, itməyimiz çox qəribə
gəlir.
İndi hansı teatrdan aktyoru qovurlar, o gəlib bizim teatrda
asanlıqla özünə iş tapa bilir. Ancaq
belə olmalı deyil. Akademik
sözünün bir funksiyası da odur ki, digər
teatrları, təhsil ocaqlarını izləyib özünə
lazım olanları rüşeym formasında olsa da
götürüb böyütsün. İndi
siz də dediniz, elə biz özümüz də şikayət
edirik gənclərdə alınmır, keçmişdəkilər
yoxdur və s. Lakin bir məsələ də var ki, indi bizim
teatrın qırx faizi Mədəni Maarif fakültəsini
bitirmiş adamlardı. Yəni Akademik Milli Dram
Teatrının qırx faizi bu cür təhsilli adamlar ola
bilməz! Onların müəllimi, ustadı
olmayıb. Yaşlılar arasında da bu cür təhsilli
adamlar olub, ancaq onları istedadlarına, həyat təcrübələrinə görə xahiş edib gətirib,
inkişaf etdiriblər. Ancaq indikilərdə
heç nə yoxdur və artırmaq da istəmirlər.
İslahatlar olmalıdır, truppa
yığılmalıdır. İyirmi yaşlı
obrazı məcburiyyətdən qırx yaşlı aktyora
veririk. İndi biz teatra istedadlı gəncləri
cəlb etməkdən, bəzən əlimizdə olanları
da itiririk, qovuruq. Burda ola bilsin, bizim də
müəyyən günahlarımız var. Vaxtında
axtarıb tapmalı, yetişdirməliydik.
- İstedadlı
aktyorların, gənclərin hamısı pulsuzluqdan,
baxımsızlıqdan kommersiya filmlərinə, ucuz televiziya
komediyalarına, çığır-bağırlı səhnə
konsertlərinə üz tutdular. Teatr, ciddi sənət
Şəmi və Şöşüyə, Fərdaya, Elməddinə,
Müşviqə eləcə də digərlərinə qucaq
açmadı. Amma böyük bir kütlə də onları
sevdi...
-
Haqlısınız sevdilər, həzm etdilər. Amma onların etdiklərini də on illə, iyirmi illə
davam etdirmək olmur. Təkrara gedirlər,
çökürlər. İndi çəkilənləri
gürcülərə, almanlara göstərsək bizim kimi
reaksiya verməyəcəklər. Bizə
sözlər və situasiyalar doğmadır. Əgər biz bu həmin filmlərə, konsertlərə
səssiz qulaq assaq fərqli nəsə görməyəcəyik.
Nə zamansa lazım gəlsə bu uşaqlar
misal üçün, Cabbarlıdan, Dostoyevskidən, Qoqoldan
heç nə ifa edə bilməyəcəklər. Çünki içlərindəki bütün
şirəni bu cür işlərə sərf edirlər.
Amma onların istedadlı olmalarını danmaq
olmaz.
Digər tərəfdən isə siz deyən kimi,
onların indi sevilməsinin, yer tutmasının əsas səbəbi
sənətdəki uzunmüddətli boşluğun
yaranması oldu. Bir anlıq təsəvvür edək ki,
onlar söyülən filmlər də olmayıb. Bu daha betər boşluq olardı. Onlar heç olmasa meydanı boş qoymadılar.
Proses pis-yaxşı gedib. Sadəcə olaraq,
yenə deyirəm, məktəb məsələsi çox
vacibdir.
Bu yaxınlarda bir serialın çəkilişləri
idi. Operator Ələkbər Muradov çəkiliş edərkən
rejissor gəldi ki, kadra baxmaq istəyirəm, görüm necə
alınır. Ondan sonra bir aktyor gəldi
ki, mən də baxım, görüm işlər necə
gedir. Ondan sonra başqa aktyor da gələndə Ələkbər
Muradov dedi ki, - bir dəqiqə dayanın. Mən kameranın
gözlüyündən baxmaq üçün dörd il Moskvada oxumuşam. Yəni
dediyim odur ki, gözlükdən baxmaq hüququnu qazanmaq
lazımdır.
- Ümumiyyətlə, cavanlar belə
deyək də, söz eşidirlər?
- Bəziləri,
daha doğrusu, istedadlıları başa düşürlər.
Ümumiyyətlə, istedadlı insan həm də
anlayan insandır. Amma cavanlarla bağlı
bəzən bizim özümüzdə də
yanlışlıqlar oldu. Onları
korlamaqla, bəyənməməklə, yaxına buraxmamaqla
müəyyən səhvlər etdik. Məni gəlib
ötər qorxusu ilə fikir bildirənlər də gənclərə
zərər vururdular. Misal üçün,
keçmişdə Mehdi Məmmədov, Tofiq Kazımov, Səməndər
Rzayev və başqa böyük sənətkarlar fikir bildirəndə
biz bilirdik həmin fikirdə başqa məna axtarmaq lazım
deyil. İşləmək və səhvi
tapıb düzəltmək lazımdır. Amma indikilər durmadan bizi tərifləyirlər, məktəb
adlandırırlar. Elə ki, bir az tənqidi
fikir deyirik, vəssalam. Münasibət dəyişir.
Bu cür gənclər də var. Əziyyət
çəməsinlər, ancaq təriflənsinlər.
- Ramiz müəllim, peşəkar və
təcrübəli aktyorların böyük əksəriyyəti
tərəf-müqabilinin çox güclü olmasının
tərəfdarıdır. Amma son dövr tamaşalarına nəzər
salanda görürük ki, bir-birlərinə uğur gətirə
bilən tandemlər
çox azdır. Sizcə, bu nə ilə
bağlıdır? Kölgədə qalmaq
qorxusu deyil ki?
- Mənim
üçün tərəf-müqabili problemi yoxdur.
Çünki istənilən aktyorla tərəf-müqabili ola bilirəm. Adil müəllimin
(Adil İskəndərov - S.Ə.) bir sözü vardı.
Həmişə deyirdi ki, qadam, tərəf-müqabili
voleybol oyununa bənzəyir. Topu atılan
kimi də geri qayıtmalıdır. Yəni
bu barədə mən voleybol oynaya bilirəm (gülür).
Amma aktyor və aktrisalarımız var ki, istər
seriallarda, istərsə də teatr tamaşalarında əgər
tamaşa, serial onların xahişi ilə hazırlanırsa,
başqa aktyorun uğurlu ifaları olan hissələri kəsdirirlər.
Elə aktyorlarımız da var ki, yanında
güclü tərəf-müqabilinin olmasını istəmirlər.
Mən şahidi olmuşam ki, bizim böyük
aktyorlarımız səhnədə yaxşı
çıxış edib, alqışlanıblar. Onunla tərəf-müqabili olan cavan aktyor maraqlı
nəsə edəndə növbəti tamaşada həmin
cavan aktyor üçün alqış gətirən mizanlar ləğv
olunur, replikalar getmir. Bu da zəif
aktyorların işidir. Misal
üçün, "Axırıncı
aşırım" filmi niyə görə o cür
uğurlu alınmışdı? Ona
görə ki, ordakı bütün tərəf-müqabilləri
güclü idi.
- Belə deyirlər ki, elə həmin
filmdə Adil İskəndərovla onun səsini səsləndirən
Yusif Vəliyevin arası soyuq olub. Buna baxmayraq Adil İskəndərov
səsləndirmənin məhz Yusif Vəliyev tərəfindən
edilməsini təklif edib...
-
Ümumiyyətlə, Adil İskəndərov da, Yusif Vəliyev
də belə məsələlərin fövqündə
dayanan adamlar olublar. Onlar "Nəsimi"
filmində Əmir Teymur rolunun sınaq çəkilişlərində
iştirak ediblər. Adil müəllim də
həmin vaxt Kinostudiyanın direktoru olub. Onu,
təbii ki, tərifləyiblər, Yusif müəllimin də
ona nisbətən adını qeyd ediblər. Xeyli təriflər
eşidən Adil müəllim isə hiss edib, görüb ki,
Yusif Vəliyevin ifası daha uğurlu alınıb. O, bədii
şuraya deyib ki, - nə nala-mıxa vurursunuz. Kişi
gül kimi oynayıb da. Məndən Əmir Teymur olmaz! "Axırıncı aşırım" filmi ilə
bağlı qeyd etdiyiniz əhvalat da olub. Orda
da o özü imtina edib səslənmədən, öz yerinə
isə Yusif Vəliyevin adını yazdırıb.
- Yuri Polyakovun "Sinif
yoldaşları" pyesi əsasında hazırlanan
eyniadlı tamaşadakı rolunuz digər klassik
rollarınızdan çox fərqlənir. Bu
obrazla istədiyiniz mesajı tamaşaçıya ötürə
bildiniz?
-
Tamaşanın ikinci hissəsində mənim obrazımın
dilindən deyilir: Biz sinif yoldaşları deyilik e, biz
çoxdan təbəqələşmişik. Mən
obrazımla iş prosesini həmin sözlərdən
başladım. İstədiyim mesajı
ağrını isə sinif yoldaşlarım məni məclisdən
qovanda iflic dostum İvana şikayət edərək
çatdırmağa çalışdım. Çünki digər şəkillərdə
baxırdım ki, o biri aktyorların
çıxışları daha qabarıq olmalıdır ki,
maraqlı alınsın. Partnyora kömək
mənasında mən bəzi sözləri
çıxarıb əvvəllərə atırdım.
- Ümumiyyətlə, belə sənət
güzəştləriniz çox olur?
-
Yaradıcılıq baxımından tərəf-müqabillərinə
kömək məqsədi ilə olur. Amma öz
roluma zərər vermədən.
- Bu yaxınlarda 1984-cü ildə
çəkilmiş "Səməndər quşu"
televiziya tamaşasına baxdım. Ordakı
ifanız çox maraqlıdır. Obrazı bütün
xırdalıqlarına qədər və böyük bir sənət
yanğısı ilə işlədiyiniz hiss olunur. Maraqlıdır,
bu gün həmin teatr sevginiz, sənətə münasibətiniz
olduğu kimi qalıb?
-
Münasibət olduğu kimi o cür də qalıb. Əsərin müəllifi Firudin Ağayev, rejissoru
isə onun oğlu Namiq Ağayev idi. Həmin
tamaşa Namiqin diplom tamaşası idi. O, bu tamaşa ilə
rejissorluğa çox güclü başlamışdı. Və Firudin Ağayev tamaşaya baxanda zar-zar
ağlamışdı. Tamaşa bizim hər
birimiz üçün çox uğurlu olmuşdu. Siz təsəvvür edin ki, Mehdi Məmmədovu
hansısa tamaşaya baxmaq üçün zorla gətirərdilər.
O isə həmin tamaşaya özü gəlib baxdı. Və ilk baxışda səhnə arxasına
keçib bizə demişdi ki, siz hamınız çox
yaxşı ifa edirsiniz, amma mən istərdim ki, siz həm də
Ramiz kimi ifa edəsiniz. Çünki bura
kiçik səhnədir, Ramizin ifası isə səmimi və
təbiidir. Sizin ifalarınız da o
cür olmalıdır. Hətta bizim
ağlımıza gəlməsə də Mehdi Məmmədov
"Səməndər quşu" tamaşasına bir dəfə
də gəlib baxdı. O tamaşadan sonra bizi teatrda
istedadlı aktyorlar kimi qəbul etdilər. Sonralar Mehdi müəllim
mənim iştirakımla olan başqa tamaşalara da gəlib
baxdı və haqqımda xoş sözlər dedi. İndi hərdən kimlərsə deyəndə ki,
Hamlet Xanızadə, Adil İskəndərov kimi aktyorlar daha
yoxdur, bu sözləri çox normal qarşılayıram.
Çünki doğrudan da, onlardan yoxdur. Amma onların davamçıları var. Bu
baxımdan mən çox rahatam. Çünki
mənə Heydər Əliyev, Çingiz Aytmatov, Mehdi Məmmədov,
Adil İskəndərov kimi insanlar qiymət veriblər.
- Ramiz müəllim, bir çox
aktyorlar Hamlet rolunu ifa etmək arzusunda olublar. Və qəribədir
ki, bu arzunu Hamlet yaşı ötüb keçəndən
sonra dilə gətiriblər. Sizin də belə istəyiniz olub. Niyə
Romeo, Otello yox, məhz Hamlet və bu qədər gec etiraf? Yaşın gətirdiyi nostalji hisslərdən
qaynaqlana bilər?
- Bu bir az siz deyən məsələdir. Bir də ki, "Hamlet" əsəri dünya
dramaturgiyasının ən şah əsərlərindən
biri hesab olunur. Həm də ki, Hamlet
obrazında insana aid elə bir hiss yoxdur ki, ifadə
olunmasın. Sevgi, xəyanət, dostluq, düşmənçilik
və s. kimi hisslər həmin əsərdə möhtəşəm
ifadə olunub. Mən də istəmişəm
ki, Hamlet rolunu ifa edim, amma müəyyən vaxtdan sonra, təbii
ki yaşım imkan verməyib. Hətta
Adil İskəndərov da bir dəfə demişdi ki, qadam, mən
indi istəsəm Hamlet rolunu ovcumun içində oynayaram,
"opıt" var, təcrübə var. Amma yaş
keçib axı. Nə vaxtsa gördün
səhnədə heç nə alınmır, onda heç nə
eləmə. Sadəcə, vicdanla müəllifin
sözlərini de.
Təbii ki, aktyor rol arzulamalıdır. Amma mən
heç vaxt bioqrafiyama filan rol yazılsın deyə, ifa etməyi
arzulamamışam. Əgər bu gün
tamaşaçıya nəsə deyə biləcəyim rolum
varsa, deyiləsi sözüm varsa, rol ifa edim. Yoxsa boş ürəyi boşaltmaq lazım deyil.
- Beş, on il əvvəl belə
fikir səslənirdi ki, teatr elitarlaşır,
tamaşaçı nə qədər az olsa kifayət edər.
Amma bugünkü tamaşa zalının vəziyyəti
göstərir ki, insanlar teatra tez-tez gəlirlər. Sizcə, bugünkü tamaşaçı
çoxluğu tamaşaların kütləviləşməsini
ifadə edir, ya tamaşaçıların
teatrlaşmasını?
- Bunun
tarixi səbəbləri var. Ötən əsrin əvvəllərində
də operanın yaranmasını dramaturgiyanın
ölümü kimi səciyyələndirirdilər. Amma o dövrün ziyalıları da
yazırdılar ki, "operanın yaranması dramanın
ölümünə səbəb olamaz, bu ölümə
olsa, olsa artistlərimizin savadsızlığı, elmsizliyi səbəb
olar". Kino
yarananda, güclənəndə bu cür söhbətlər
oldu. Yenə də teatr ölmədi.
Çünki teatr canlı sənət, indi, bu
dəqiqə göz qarşısında yaratmaq
bacarığıdır. İndi
insanlarımızın da şəraiti,
yaşayışı yaxşılaşıb. Və indi gənclər teatra öyrəşdilər.
Onların kumirləri yarandı. Serialdan, filmdən bunun hardan yaranması önəmli
deyil. Əsas odur ki, o kumirlər öz
tamaşaçılarını teatra gətirə bildilər.
Teatr yoxdur sözləri teatra getməyən adamların əlində
bir bəhanə oldu. O zamanlar teatrı söyənlər mollalar, din
adamları idilər. İndi isə ziyalılar
da teatra illərlə gəlməyə-gəlməyə teatr
yoxdur deyirlər. Axı belə deyil.
Əvvəllər adamlar tamaşa bitməmiş
dəhlizə qaçırdılar, indi getmək istəmirlər.
Təzimə çıxandan sonra biz
özümüz xahiş etməsək pərdələri
bağlamırlar. Çünki
tamaşaçı bizi buraxmır.
- İki qadının -
ananızın və Barat Şəkinskayanın
ölümündən sonra dərin
peşmançılıq yaşamısınız. Onlarla son dəfə görüşə
bilməməyiniz məişət tənbəlliyi idi, ya sənətin
gətirdiyi yadlaşma?
- Bu sırf məişət
tənbəlliyindən baş vermişdi. Birinci
halda işlərimi tam yekunlaşdırıb yayda rayona getmək,
anamı görmək istəmişdim. Ancaq gözlənilməz
halda anam 1987-ci ildə 55 yaşında rəhmətə getdi.
İnanın ki, anamın ölümünü
indi də tam dərk edə bilmirəm. O, mənim bircə
Həzi Aslanov rolumu görmüşdü. Barat
xanımı görməyə gedə bilməməyimin səbəbi
isə özümü psixoloji cəhətdən
hazırlaşdırmağımın uzun çəkməsi
oldu. Yəni o boyda böyük aktrisa ilə
görüşə günlərin birində qəfildən
gedə bilməzdim.
Mənim bir hekayəm var. Orda uşaq sevdiyi aktyorun
tamaşasına baxmaq üçün teatra gəlir. Amma bir gün
gəlib teatrın binasına baxır, o biri günü kassaya
yaxınlaşır, sonrakı gün bilet alır və s. Yəni
birdən-birə gəlib zalda əyləşmir. Teatra gəlməyin zövqünü uzunmüddətli
etməyə çalışır.
Yəni mən də ona hansı məqam uyğundur, o məqamda
getmək istəyirdim. Ancaq təəssüf ki, mən gedənə
qədər Barat xanım dünyasını dəyişdi.
Barat xanım məni çox istəyirdi. Mənə
bir məktub da yazmışdı. İndi
də həmin məktubu saxlayıram. Məktubda
mənim ürəyimi ağrıdan bir cümlə vardı.
O yazırdı ki, oğlum, mənim aktrisa kimi faciəm
ondadır ki, Cülyetta, Dezdomona kimi faciəvi rollar
oynamışam, amma xalq məni elə Sənəm kimi
tanıdı. Bu barədə mən də Barat
xanımla müəyyən mənada razıyam. Teatrın bu cür qəddar tərəfləri də
var.
- Ramiz müəllim, yaradıcı əzabınızın
qaynağı nədir?
-
Açığını deyim ki, uşaq vaxtı çox
çətinliklər görmüşəm. Kasıblıq
da, yaxşı güzəran da yaşamışam. Valideynlərimin, qohumlarımın itkisi, baş verən
hadisələrin yaratdığı hissləri canıma
hopdurmağı bacarmışam. Bunlardan
sonra ədəbiyyata doğru istiqamətlənmişəm.
Və tanış olduğum müəlliflər,
sanki həmin həyat hadisələrimlə, əhvalatlarımla
əlbir olub məni daxilən yoğurublar. Misal üçün,
ağsaqqal insanların yanımda kövrəlməsini sonralar
universitet illərimdə Alxanov rolunda xatırlaylb istifadə
etmişdim ki, müəllimlərim təəccüblənmişdilər.
Tanış hisslər rolları ifa edərkən
mütləq yada düşür və istifadəyə gərəkli
olur. Həyat
və yaşadıqlarım mənə başqasının
yerində ola bilməyi öyrədib. Başqasının başına gələn faciəyə
mən o adamın gözü ilə baxmağı
bacarmışam. Ola bilsin ki, bu mənim
ziyanıma olub. Amma mən məndən çox başqasının
ehtiyacı olan yerdən kənara çəkilməyi
bacarmışam. Düşünmüşəm
ki, o insanın ağrısı mənim istəyimdən,
tamahımdan daha güclüdür. Və
bütün bu dediklərim, yaşadıqlarım rollarıma
da sirayət edib.
- Ramiz bəy, "Mən sizi
dünyalar qədər sevirdim" filminə çəkilən
zaman iyirmi yeddi yaşınız olub. Bu gün
63 yaşlı Ramiz Novruz insanları yenə də dünyalar
qədər sevirmi?
- İnanın ki, hə. Çünki mənə
belə gəlir ki, pis insan yoxdu. Sadəcə
olaraq, zamanla, quruluşla insanların xarakteri dəyişir.
Mən azərbaycanlıları, hər zaman
etibar etdiyim böyük türk millətini çox sevirəm.
Və təbii ki, bütün insanları.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.8-9.