İnsafı mürgüləmişləri
mürvətə çağırış
Hörmətli qələm yoldaşlarım:
tənqidçilər və
ədəbiyyatşünaslar! Çoxdan bəri ürəyimdə
yara qurmuş bir gileyimi nəzərinizə
çatdırmaq istəyirəm.
İndiyə qədər onu
büruzə verməyi
özümə ar sanır, şəxsiyyətimə
sığışdırmırdım.
Düşünürdüm ki, bu nisgil haçansa öz həllini tapar. Ancaq nəyə görəsə
həlli tapılmır.
Nisgili açıqlamaq qərarına
gəldim. Nədir o nisgil?
Yəqin ki, məlumatınız olmamış deyil. Mən artıq
92 yaşıma qədəm
qoymuşam. Bu yaşın ən azı yetmiş ilini ədəbi yaradıcılığa həsr
etmişəm. Altı
roman, beş povest, üç pyes, çoxlu sayda şeirlər, hekayələr, publisist məqalələr, tərcümələr
müəllifiyəm. Bir neçə
əsərim başqa
dillərə çevrilmiş,
oxucu rəğbəti
qazanmışdır. Onların sırasında
"Vicdan susanda" romanımın xüsusi yeri var. Bu roman rus dilində iki il dalbadal
yüz min tirajla nəşr edilmişdir. Belə müvəffəqiyyət nadir hadisə
hesab olunurdu. Azərbaycanda isə həmin
əsər qırx
min-əlli min nüsxə
ilə dönə-dönə
öz dilimizdə oxucularımıza çatdırılmışdır.
Yazılmağından və ilk çapından
əlli ildən artıq bir müddət keçməsinə
baxmayaraq, əsər öz aktuallığını
itirməmişdir. Bu gün də əvvəlki həvəslə
oxunur. Kitab evlərindən mənə
zəng vurub yeni nəşrini istəyirlər.
Bir çox
sevilən əsərlər
kimi, bu romanın da elektron variantı internet vasitəsilə Rusiyada müasir üsulla gənc nəslə çatdırılır. Bu əsər türk dilində və cənublu bacı-qardaşlarımız
üçün əski
əlifba ilə də nəşr edilmişdir. Ötən
ilin sonlarında isə
ingilis dilində kitab şəklində çap olunmuş və qırx iki xarici ölkə
kitabxanasına göndərilmişdir.
O biri
roman, povestlərim isə
yüksək tirajlarla
nəşr edilmişdir.
Bir sözlə, mənim qələm məhsullarım
həmişə oxucu
marağına nail olmuşdur.
Hər bir əsərim xalqımızın həyatının
müəyyən dövrünü
əks etdirmişdir.
İstiqlaliyyətimiz, müstəqilliyimiz uğrunda gedən mübarizələr də
diqqətimdən yayınmamışdır.
"Kişilik himni", "Hoydu, igidlərim, hoydu!",
"Qırmızı qəbirlər",
"Sağ-salamat qayıdın!",
"Elegiya" şeirlərim
və "Ana intiqamı"
povestim dövri mətbuatda işıq üzü görmüşdür.
Burasını da nəzərinizə
çatdırım ki,
həmin yazılarım
hadisələrin qızğın
dövründə qələmə
alınmışdır. O dövrdə ki, bir çox şair və yazıçılar susurdular.
Mətbuatda imzaları görünmürdü.
Azərbaycandan uzaqlaşmış, haralardasa gizlənmişdilər.
Yalnız ara
sakitləşəndən - 1994-cü ildən sonra cınqırları çıxmağa
başladı. Çox qəribədir
ki, belələri sonralar tərifləndi, məqalələrdə, çıxışlarda
adları tez-tez hallandı. Amma Vidadi Babanlı
gec-gec yada düşdü. İndinin özündə
də mənim adım çıxış
və məqalələrdə
haqsız olaraq unudulur.
Hələlik sonuncu əsərim 2015-ci ildə kitab halında çıxmış
"Zəmanə adamı"
romanımda xalqımızın
azadlıq uğrundakı
mübarizələrində mənəvi sarsıntılardan,
itki və uğurlarından bəhs edilir. Eyni zamanda da gərgin mübarizələrdə
sıralarımıza soxulmuş
yaramaz adamların çirkin, əxlaqımıza
zidd əməllərindən
danışılır. Hələlik... Hələlik
dedim ona görə ki, yaşımın bu ötkün çağında,
gözlərimin çox zəif gördüyü, canımın
halsız vəziyyətində
ən vacib mövzuda yeni roman üzərində işləyirəm.
İlahidən bir azca da ömür diləyirəm ki, onu tamamlayıb gələcək nəsillərə
yadigar qoya bilim.
Gileyimə daha mühüm bir səbəb də, möhtərəm tənqidçilər, sizin
üzgörənliyinizdir. Vəzifəli qələm sahiblərinə
hədsiz, ifrat təriflər yağdırmağınızdır.
Onların zəif cəhətlərinə
göz yummağınızdır.
Etiraf etməliyik ki, ədəbiyyatın inkişafında
ədalətli, obyektiv
tənqidin rolu böyükdür. Ədəbi əsərlərin
doğru-düzgün təhlili
yaxşını pisdən,
zəifi həqiqi istedad məhsulundan seçməkdə oxuculara
yol göstərir.
Lakin
min-min təəssüflər ki, son vaxtlar bunun əks tərəfini görürük.
Vəzifəsiz yazıçı və şairlərin layiqli əsərləri diqqətdən kənarda qalır. Belə mənfi hallar
ədəbiyyatın inkişafına
zərbə vurmaqdan əlavə, oxucuları da mütaliəyə həvəsindən salır.
Hazırda oxucularımızın hədsiz dərəcədə
azalmasına, kitab satışının yoxsullaşmasına
şərait yaradır.
Bir də baxırsan ki, vəzifəli, imkanlı bir yazarın əsəri barədə bol-bol tərif məqalələri
baş alıb gedir. Əksəriyyəti təmənnalı məqalələr olduğu
asanca duyulur. Belə şit təriflər, olsun ki, müəllifin
özünü də
bezdirir.
Söz yox ki, aranızda doğrupərəst, dərin
təfəkkürlü, geniş
diapazonlu tənqidçilər
də vardır. Onların adlarını
çəkmək istəmirəm.
Çünki kimlərisə unuda
bilərəm. Başqalarını qınadığım təqdirdə
özüm qınaq yiyəsi olaram.
Əziz
ədəbiyyat tədqiqatçıları,
həqiqi əsər təhlili, doğru fikir söyləməyin çətinliyini anlayıram.
O ağır zəhmətin
haqqının indiki zamanda çox az olduğunu,
bəlkə də,
lap cüzi miqdarda hesablandığını mən
yaxşı bilirəm.
Biz yazıçılar da aylarla, illərlə
tər töküb gözümüzün qarasını
əritdiyimiz əsərlərin
də lazımi haqqını ala bilmirik.
Məlum
səbəblərə görə
kitablar əvvəlki kimi satılmır. Qonorar heçə endirilib.
Neyləmək olar. Gərək xidmət
etdiyimiz ədəbiyyata,
xalqımızın mənəvi
sərvətinə sədaqətimizi
nəyin bahasına olur-olsun, əskiltməyək.
Bu bizim vicdan
və şərəf
borcumuzdur.
Əziz tədqiqatçılar, ürəyimdəki
nisgilli, xəlvəti
gileyi bax beləcə sizə məlum elədim. Hardasa mürgüləmiş
insafınızı mürvətə
çağırdım. Mənim bu gileyimi necə
anlayacaqsınız, öz
işinizdir. Son sözümü
bundan bir çox əvvəllərdə
özüm haqqında
yazdığım bir
şeirlə tamamlamaq,
onun vasitəsilə sizdən gizlin olan şəxsi məziyyətlərimi diqqətinizə
çatdırmaq qərarındayam:
Yoxdur bir kimsədən giley-güzarı,
Yazıb-yaratmaqdır dərdi, azarı.
Gördü ki, kasıbdır
şeir bazarı
Sınadı qələmi romanlarda o.
Dilinə
ömründə yalan
gəlmədi,
Yaltaqlıq eləyib üzə gülmədi.
Asan yaşamağı şərəf
bilmədi,
İşıqlı yol seçdi dumanlarda o.
Qatlaşdı zəhmətə binadan-başdan,
Halal çörəyini
çıxardı daşdan.
Nə bəxtdən yarıdı,
nə dost-yoldaşdan,
Gah itdi, gah batdı gümanlarda o.
Köksündə bir kövrək
ürək bəslədi,
Müqəddəs hisslərlə onu süslədi.
Car çəkib elləri haqqa səslədi,
Yaxşılıq axtardı yamanlarda o.
Döyüşdü, çarpışdı
daim həyatla,
Hey qovhaqovla, hey çataçatla.
Ömür-gün keçirdi bir təmiz adla
Qarışıq, dolaşıq zamanlarda o.
Adı Vidadidi, soyu Babanlı,
Hər zülmə,
zillətə tablı-tavanlı.
Mahalı
Qazaxdı, kəndi Muğanlı,
Yaşayır qədərsiz ünvanlarda
o.
Vidadi Babanlı
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.16.