Burjua ilə toqquşma
Satirik hekayə
Şəhərin mərkəzinə, "Tarqovı"
tərəfdə gəzməyə
çıxmışdım. Yəni mənim
kimilər o küçədə
yalnız gəzməyə
çıxa bilər.
Çünki nə mağazalarında
alış-veriş eləməyə,
nə də ordakı kafelərə girməyə imkanımız
var. Xeyli müddətdi
bu yerlər əsasən qara-qura ərəblərlə aşıb-daşmaqdadı.
Fikirləşdim, necə
ki, buralarda gəzmək pulsuzdu, gedib bir az da mən
müftə hərlənim.
Elə dar küçəni keçirdim ki, bu tərəfdən yekə bir xarici
maşın sürətlə
üstümə şığıdı, az
qaldı məni vurub o dünyaya göndərsin. Özümü itirmiş halda
kənara tullanıb birtəhər qəzadan yayındım. Maşının uzunluğu yeddi metr olardı. Şüşələri gülləkeçirməz, materialı tankadavamlı,
qabağındakı buferi
isə evyıxana oxşayırdı. Ancaq markasından
başım çıxmadı.
Gördüm, sükan
arxasında axmağın
biri oturub saqqız çeynəyə-çeynəyə
mənə baxır. Dedim: "A kişi, bura sürət yeridi? Zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?".
Bunu demişdim, kişi maşını bir az yana verib
başını aynadan
çölə çıxardı:
"Zibil sənin ayağındakı o çürük
ayaqqabılarındı!".
Məni
od götürdü,
demək bu adam mənim piyada olmağıma gülür. Dedim: "Arzum budu, sənin
də maşınının
təkərı yeyilib
mənim ayaqqabımın
gününə düşsün!".
Gördüm, söz onu möhkəm
tutdu. Dedi: "Mənim də arzum budu, sənin
belə bir yekə maşının olsun, xarab olanda
da servislərdə
"zapçast" tapmayasan,
tapdıqların da maşının özündən
baha düşsün!".
Gördüm, kişi mənə heç də yaxşı şeylər arzulamaq istəmir. Dedim: "Onda arzu edirəm,
sən də uşaqlarına yeni dərs ilində təzə paltar aldığına görə,
özünə ayaqqabı
ala bilməyəsən!".
Kişi
mənə tərs-tərs
baxıb dedi: "Onda mən də
arzu edirəm, sənin villalarından biri yol çəkilişi
proyektinə düşsün
və sökülsün,
sənədlərində dolaşıqlıq
olduğuna görə
nə qədər çalışsan da kompensasiya ala bilməyəsən!
Di get!".
Baxdım
ki, ədə, bu mənə əməllicə qarğış
eləyir, dedim: "Rast ki, söhbət
ev-eşikdən düşdü,
təbiətin var qüvvəsindən arzu edirəm, yaşadığın
evin tavanı damsın, qırlatmağa
pul tapmayasan!".
Baxdım ki, bu da
qabağından yeyən
adama oxşamır. Qayıtdı
ki:
"Allah
eləsin Londonda oxuyan oğlun qumarda altı milyon pul uduzsun
və başına gələn bu hadisəni zəng eləyib xəlvətcə
anasına desin. Sən də eşidib dəli olasan ki, a kopayoğlu, səni oxumağa göndərmişəm, yoxsa
qumar oynamağa?
Necədi?!".
Gördüm, geri durmaq kişilikdən
deyil. Dedim:
"Arzu eləyirəm
evində işıqpulu-qazpulu
yığılıb 300 manatı
keçsin, verə bilməyəsən. Pulyığan gələndə qaçıb gizlənəsən.
Qışın ortasında işığınızı
da, qazınızı
da kəsələr.
Di, get!".
Belə
deyəndə, bunu od götürdü.
O tərəfdən bağıra-bağıra
qayıtdı ki:
"Görüm sənin,
standartlara uyğun gəlmir bəhanəsi ilə, şadlıq sarayının birini əlindən alsınlar, sonra da həmin
obyekti özgəsinə
satsınlar! Davay, sən də tüstülən!".
Onun bu qarğışı yeddi
qatımdan keçdi,
beynim qıjıldadı. Ayağımın
birini irəli, birini geri qoyub
dedim:
"Görüm, hər
gün səhər oyanıb o kasıb məhlənizə çıxanda
görəsən ki, qapınızın ağzındakı
yekə dəmir zibil qabları aşıb-daşır, yığıb
aparanı yoxdu, yanından keçmək istəyəndə zibil yeməkdən şişmiş
siçovullar üstünə
bıçaq çəksin! Necədi? Ha-ha-ha!!!".
Bədbəxt gördü ki,
onu əməlli-başlı
üstələmişəm, başını bir az qaşıyıb
fikirləşdi və
sevinmiş birini də dedi:
"Arzu eləyirəm,
səni bir səhər şirkətdən
çağırsınlar və
desinlər ki, bu gündən bizə verdiyin dolyanı iki dəfə çoxaltmalısan. Sənin də
şəkərin qalxa,
halın pisləşə,
həyat yoldaşın
evə bahalı dərmanlar yazmaqda məşhur olan o həkimi çağıra.
Di, get yaşa!".
Açığını deyim ki, onun
budəfəki qarğışı
məni yaman tutdu. Hərifi dərhal cavab
atəşilə susdurmağa
girişdim. Dedim:
"Təbiətin var
qüvvəsindən arzu
edirəm, sən də öz yaxın dostunla varlı bir kişinin qapısında işləyəsən və
onun evini başdan-ayağa təmir
eləyəsən, işin
axırında ev sahibi zəhmət haqqınızı verməyə. Ondan alacağın
pula ümidli olub qonşu mağazadan çoxlu borc eləyəsən. Mağazaya olan
borcu qaytara bilmədiyinə görə
satıcının arvadı
sənin arvadınla hər gün pul üstə dalaşa. Aldın payını?! Di get!!!".
Gördüm, onu xeyli üstələmişəm,
özgə nə deyə bilər ee, mənə? Yox, deyəsən,
bu da yenilmək
istəmirdi. Qəfildən
başını lap çölə
uzadıb güllə
kimi açıldı:
"Allah
eləsin saxladığın
müğənniyə ad günündə
brilyant üzük,
sırğa, boyunbağı
komplekti, bir də 350 minlik
"Bentley" maşın bağışlayasan. Bir həftədən sonra kimsə gizli nömrə ilə zəng eləyib bu məsələni həyat yoldaşına deyə! Ha-ha-ha, indi halındı, dəmin?".
Baxdım
ki, kişi
keçdi arvad-uşağa.
Elə mən də bayaqdan bunu istəmirdimmi! Dedim:
"Əmoğlu, onda
arxasına qulaq as! Arzu edirəm,
bayaq dediyim o varlı adamın qapısına əməkhaqqını
istəməyə gedəsən,
o da səni və səninlə işləyən dostunu hər dəfə qapıdan qova. Deyə ki, sizə verdiyim
yeməklə əməkhaqqınızı
artıqlamasıyla ödəmişəm.
Siz də pulsuz-parasız, kor-peşman geri qayıdasınız. Yolda dostun
barmağındakı sonuncu
ümidi olan üzüyü dəyər-dəyməzinə
sata və sənə deyə ki, "vurmaq" istəyirəm. Ucuz bir kafeyə girəsiniz və baş verən kədərə görə sosiska-qayğanaqla
bir litr urvatsız araq içəsiniz. Gecə evə
çatan kimi qusmaq tuta səni.
Arvad-uşağın yanında bir
vanna qusasan. Arvadın da vəziyyətdən istifadə eləyib uşaqları sənin üstünə üsyana
qaldıra. Səhərisi gün bu söhbət
üçün sizə
gələn qayınınla
da dalaşasan. Yaxşıdı?".
Gördüm, əmoğlu udqunur, danışmağa söz
tapmır, məğlub
olmaq da istəmir. Axırda birini də tapıb dedi:
"Görüm, dənizqırağı
villanda gecəyarı
bir qızla kef elədiyin yerdə sevimli pişiyin mətbəxdə tullanıb,
viski butulkasını
salıb sındırsın. Sən də
məcburən maşını
sürüb şəhərin
o biri başına viski dalınca gedəsən. Gələndə görəsən ki, ol canan evdə
qapısı açıq
qalmış seyfindən
350 min dolları da götürüb aradan çıxıb. Necədi? Bəsindi?".
Baxdım ki, əmoğlu məndən əl çəkmir. Dedim, ayə, sür,
çıx get, yazıqsan,
nisyə aldığım
iynə-dərman-aptek söhbətinə
keçərəm, bədbəxt
olarsan. O qədər danışılası söhbət
var, səni burdan ağladıb yola salaram!".
Ancaq sağ olsun, sözümü yerə salmadı, sürüb
"vızırıt!" getdi...
Murad KÖHNƏQALA
Ədəbiyyat qəzeti.- 2019.-
2 fevral.- S.15.