Böyük istiqlal yolçusu...
Milli
qurtuluş hərəkatının ideoloqu, publisist, redaktor, Azərbaycan
dövlətçiliyinin qurucusu, siyasi xadim Məhəmməd
Əmin Rəsulzadənin (1884-1955) xalqın ictimai, siyasi, elmi,
ədəbi, kulturoloji dünyagörüşünün
formalaşmasında və təşəkkülündə
misilsiz xidmətləri olub. Müstəqillik
ideyasının Cümhuriyyətin süqutundan sonra belə
yaşamasında son nəfəsinə qədər mücadilə
aparmışdır. AC-nin baş memarı
olması onun milli düşüncə orbitindəki yerini
müəyyən edir. İctimai-siyasi, ədəbi-mədəni
irsinə daxil olan yüzlərlə məqalələri, əsərləri,
tədqiqatları, çıxışları bir şəxsiyyət,
dövlət və siyasət adamı, devrimçi, mütəfəkkir,
mühərrir, şair, ədib, natiq obrazını
bütünlüklə əhatə edir. Lakin
o, yalnız bir siyasət adamı olmamış, şair, nasir,
tənqidçi, nəzəriyyəçi, redaktor, publisist,
araşdırmaçı, filosof, mədəniyyətşünas
olaraq da geniş diapazonlu fəaliyyət göstərib.
Azərbaycanda
çar rejiminə qarşı gizli mübarizə aparmaq məqsədilə
ilk siyasi təşkilatını - "Müsəlman gənclik
təşkilatı"nı yaradıb
(1902). Bir qədər sonra bu təşkilat
"Müsəlman demokratik "Müsavat" cəmiyyəti"
adı ilə fəaliyyət göstərib. Ədəbi-publisistik yaradıcılığa da bu
illərdə "Şərqi-Rus" qəzetində məqalə
və şeirlərlə başlayıb. "Bakıdan
məktub" başlıqlı ilk yazısını
bütün yaradıcılığının
çıxış nöqtəsi hesab edərək
yazırdı: "Bakıda 1903-cü ilin baharı idi. Qala dibi parkının xiyabanında dolaşan gənclərlə
bir yerdə idim. Hamısı rusca
danışırdı. Ana dili olan
türkcə yerinə, pozuq da olsa ruscaya üstünlük
verirdilər. Bu mövzu ilə
bağlı rusca danışanları tənqid edən bir məqalə
yazdım və Tiflisdə çıxan "Şərqi-Rus"
qəzetinə göndərdim.
Mövzunun
qəzetin adına və qayəsinə
uyğun olmadığını düşünmədən
günlərcə Tiflis poemasını gözlədim. Bu yazının "Bakıdan məktub"
başlığı ilə basıldığını
görüncə, duyduğum sevinci deyə bilmərəm.
Bu sevinci ilk yazısı çap olunanlar yaxşı bilirlər.
Bu günə qədər davam edən mücadilələrimin
başlanğıcı və çıxış nöqtəsi
bu məqalə olmuşdur. Etiraf edirəm ki,
başlanğıcda milliyyətçi olmaqdan çox,
hürriyyətçi idim".
Bundan sonra M.Ə.Rəsulzadənin müxtəlif mətbuat
orqanlarında məqalə və şeirləri dərc
olunmağa başlayır. Məqalələrində
Rusiyanın ruslaşdırma və müstəmləkəçilik
siyasətinə qarşı çıxırdı.
M.Ə.Rəsulzadə gənclik illərində bədii
yaradıcılıqla da məşğul olur, milli,
istiqlalçı düşüncələrini müxtəlif
bədii formalarda ifadə etməyə
çalışırdı. "Qaranlıqda
işıqlar" (1908) və "Nagəhan bəla"
(1908) pyeslərinin ana xəttində də bu məsələlər
dururdu. "Qaranlıqda işıqlar"
əsərində Rusiyanın "parçala və hökm
sür" siyasətini tənqid edirdi. Lakin cəmi
üçüncü məqaləsinin sonunda "Elm tərifində
deyilibdir" başlıqlı "Müxəmməs"
şeirini dərc etdirməsinin özü də göstərir
ki, əsrin əvvəllərində ədəbi proses onu da cəlb
etmiş, xüsusilə poetik yaradıcılığa
üstünlük vermişdir. "Şərqi-Rus" qəzetində
(1903, 18 may) "Məhəmməd Əmin Rəsulzadə"
imzası ilə dərc olunan "Müxəmməs"
şeiri müəllifinin klassik poetik ənənənin
davamçısı olduğunu göstərir.
Görünür, on doqquz yaşlı gənc hələ
özünün poetik yolunu müəyyənləşdirməmiş
və buna görə də ənənəvi yolla
getmişdir:
Aç
qulağın bir eşit bu sözlərin ey bül füzul,
Elmə raib olgilən qafildilər küllən cühul.
Hər nə
var dünyada bil ki, elmilən olmuş hüsul,
Fəsli
elmi bilgilən şərilə olmuşdur qəbul,
Olmasın qafil xəlayiq eyləyib Quran nüzul.
Gənc şairin elmə rəğbət göstərməsinin
müəyyən əsasları vardı, çünki bu elə
bir zaman idi ki, elm, maarif, təhsil cəmiyyətin əsas
problemlərindən idi. "M.Ə.Rəsulzadə"
imzasıyla dərc olunan ikinci "Növhə" ("Dəvət"
(1906, 20 iyul) şeirində isə şair başqa bir problemə
toxunur. Əsrin əvvəllərində çar
hökumətinin milli azadlıqlarına qovuşmaması
üçün ayrı-ayrı xalqları bir-birinin üzərinə
salışdırması mətbuatda bu və ya digər dərəcədə
açıq, ya üstüörtülü şəkildə
deyilirdi. Şair burada xalqlar arasında fitnə-fəsad
salanları adı ilə göstərir və bu qonşu
xalqların ta qədimdən mehrlə
dolandığını ifadə edir:
Tökülmüş
bu qədər qanlar,
Deyilmi bəs, bu qurbanlar?
Nə vəhşilikdir
ixvanlar,
Tələf
əmlak olur, canlar
Olub divanə
insanlar,
Amandır,
dada yet, Rəbbi!
"Həsbi-hal" şeirində mövcud ictimai vəziyyətin
poetik dərki verilir. Lakin şeirdə şəxsi kədər olsa da, millətin,
xalqın taleyinə, mühitin problemlərinə acıma
açıq şəkildə hiss olunur:
Qaranlıqdır
bana dünya,
Bütün
dünya və mafiha
Diyorlar
cümləsi güya:
Çəkil
bir yanə, sakitləş!
Təhəmmül, səbr mümkünmü?
Həyatə cəbr mümkünmü?
Zəvali-qəhr mümkünmü?
Çəkil
bir yanə, sakitləş!
Şairin
lirik məni bu vəziyyətlə heç cür
barışa bilmir, "bu şücaət meydanından"
çəkilməyəcəyini qətiyyətlə bildirir:
Çəkilməm,
ey hərifan, bən
Bu meydani
şücaətdən!
Bütün
dünya bana derkən:
"Çəkil
bir yana, sakitləş!".
M.Ə.Rəsulzadənin "Təsəvvürati-əhraranə"(1907),
"Məzaliyyət içində mübhəmiyyət"
- (Zülm içində anlaşılmazlıq - B.Ə.) (1907),
"Saillərə" (1908), "Hürriyyət" (1909),
"İsmayıl Qasprınskiyə" (1911), "Mayıs
duyğuları" (1955) və s. şeirlərində
şair yeni formalardan istifadə edir. Ümumiyyətlə,
M.Ə.Rəsulzadənin ciddi, publisistik, problematik məqalələrlə
yanaşı, şeirlər də yazması, hər şeydən
əvvəl, mənəvi ehtiyacdan, özünü poetik
formada ifadə etmək zərurətindən irəli gəlirdi.
Maraqlıdır ki, M.Ə.Rəsulzadənin
"Füyuzat"da dərc olunan şeirləri ideya,
mövzu və üslub cəhətdən digər şeirlərindən
fərqlənir. "Həsbi-hal" kimi
"Füyuzat"da çıxan "Təsəvvürati-əhraranə"
şeiri də mühitin, dövrün xarakterini təsvir və
azadlıq ideyalarını təlqin edir. Onun
fikrincə, azadlığa çatmaq bütün xalqların,
dünyanın haqqıdır. Azadlıq
mövzusu onun "İsmayıl Qasprınskiyə"
şeirində də başlıca yer tutur. "Tərcüman"
redaktoruna müraciət formasında yazılan şeirdə
İ.Qasprınski böyük türk dünyasının
ziyalısı və onu oyadan ziyalı olaraq təsvir edilir:
Ey ulu
türk! Sən Krımın
Qanlarıyla
yoğrulmuş,
Vəhşilərə
əsir olmuş,
Zalim
taxtlar qurulmuş,
Şərəfləri
unudulmuş bir torpağı üstündə...
Onun səni
qan ağladan
Qara bəxti
önündə
Fəlakətli
millətinə:
"Oyan", - deyə hayqırdın.
Mühacirət illərində M.Ə.Rəsulzadə
poetik formaya çox az-az hallarda müraciət etmişdir. "Nizami"
və "Mayıs duyğuları" bu şeirlərdəndir.
Mühacirətdə
Azərbaycan şairi Nizamini və Azərbaycanın
siyasi həyatında önəmli rolu olan Mayısı
xatırlaması onun ömrünün sonuna qədər milli
azadlıq ideyasının qoruyucusu olduğunu göstərir. "Mayıs
duyğuları"ında şair o gözəl günləri
xatırlayır, xalqın min bir əzabla qazandığı
istiqlalın əsarətə çevrilməsindən
danışılır, lakin şairin lirik məni xalqın
bir gün yenidən istiqlala "erəcəyini" qəti əminliklə
söyləyir və oxucunu da buna inandırır:
Derkən
qopdu bir qasırğa quzeydən,
Baharımız heyhat döndü qış oldu.
Azərbaycan
Moskovların əlində
Əsarətin zəhrini dadmış oldu.
Azərilər
sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı
bir kərə dadmış millət,
"Hüriyyət" fikrinə candan vuruldu.
Tarixin yenə
gözəl bir çağında,
Qaranlıq qış keçib bahar gələcək.
Hər
hankı bir yılın aydın günündə,
Azərbaycan istiqlalə erəcək.
M.Ə.Rəsulzadə ədəbi
yaradıcılığında epizodik də olsa bədii nəsr
formasına müraciət etmiş və "Bəbir xan"
(1913), "Qəzetəçi Seyyid" (1926) hekayələrini
yazmışdır. Birinci hekayədə keçmiş dəbdəbə
ilə yaşayan Nəsrəddin şah sarayına məxsus gərdunənin
hər gün Tehran küçələrindən keçərkən
yollarda hərəkət durdurulur, əmrə tabe olmayanlar isə
cəzalandırılırdı. Bu o qədər
təkrarlanır ki, insanlar hər dəfə gərdunə
küçədən keçəndə insanlar bir-birinə
"Bəbir xan gəlir" deyə xəbərdarlıq
edirdi. Beləliklə, xalqın yaddaşında
"Bəbir xan" şah yanında böyük hörmətə
malik bir zat kimi tanınır. Lakin bir gün Bəbir
xanın vəfatı xəbəri çıxır.
Onun vəfatı böyük üzüntü ilə
qarşılanır; hər yer bağlanır, xalq "matəmə
qərq" olur.
Dəfn mərasimi isə icra olunmur, ona görə
ki, Bəbir xan insan deyil, şahın pişiyinin adı
imiş. Şahın öz pişiyini xalq
arasında bu qədər əzazilcəsinə tanıtmaqla, əslində,
öz qüdrətini göstərmək məqsədi
güdürdü. Ədəbiyyatşünas V.Sultanlı "Bəbir
xan" hekayəsini "təsvir olunan hadisənin gərginliyi
və gözlənilməz sonluğu etibarilə novella
janrının tələblərinə cavab" verdiyini qeyd
edir.
"Qəzetəçi Seyyid" ("Yeni
Qafqaziya") hekayəsində isə Seyyidin vətənpərvər
obrazını yarada bilmişdir. Azərbaycan
istiqlalını can-dildən sevən və alqışlayan,
lakin bolşeviklər tərəfindən məhz bu sevgisinə
görə məhv edilən vətənpərvərlər
Seyyid obrazında ümumiləşdirilmişdir.
M.Ə.Rəsulzadə yaradıcılığında
publisistika başlıca yerlərdən birini tutur. Belə ki, o,
həm peşəkar siyasətçi olana qədər, həm
də ondan sonra bu janra axıra kimi sadiq qalmış,
ictimai-siyasi fikirlərini ifadə etməyə
çalışmışdır. Bu
yazılar janrına, forma və məzmununa görə
bir-birindən fərqlənmişdir. Məqalə, siyasi
düşüncələr, memuarlar, ədəbi, tarixi, siyasi
icmallar və s. onun publisistikasının əsas janrlarını təşkil
edir. Stalinin ölümündən az sonra
çap olunan memuar janrında yazdığı "Stalinlə
ixtilal xatirələri" əsərində vaxtilə
münasibətləri olduğu otuz il Sovet hakimiyyətinə
rəhbərlik etmiş avtoritar şəxsin bəzi xarakterik
cizgilərini açmağa müvəffəq olur. XX əsrin əvvəllərində Bakıda ilk
ictimai-siyasi fəaliyyətləri, Cümhuriyyətin
süqutundan sonra müəllifi Bakıda həbsdən azad edərək
özü ilə Moskvaya aparması və Moskva
dövrünü əhatə edən xatirədə M.Ə.Rəsulzadə
faktlar əsasında Stalinin real cizgilərini yarada bilir. Lakin burada əsas məqsəd Stalinin obrazını
yaratmaqdan çox, Cümhuriyyətdən sonrakı dövrdə
xalqın necə bir quruluşda yaşaması, onun rəhbərinin
xarakterini açmaqdan ibarət olmuşdur. Əsərdə
verilən bir parça Stalinin xalqa verdikləri vədlə
real həyatın nə qədər fərqləndiyini göz
önünə gətirir:
"Salon-vaqonda
yemək süfrəsi başında ikən qatarımız qələbəlik
bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi.
Stalin Məhəmməd Əliyə pərdələri endir
dedi. Məhəmməd Əli:
-
Yoldaş Stalin, bu niyə? - deyə
soruşdu.
- Bayırdakılar
masamızı görməsinlər, - dedi.
-
Görürlər görsünlər, nə olar ki?..
- Qulaq
asın, necə yəni nə olar, səfalət və məhrumiyyət
içində yaşayan bir xalq bizim bolluq içində
olduğumuzu görsə inqilab olar, bilmirsən?".
M.Ə.Rəsulzadə
XX əsrin əvvəllərində ictimai-siyasi proseslərdəki
problemlərə də öz münasibətini bildirmiş və
xalqın, millətin siyasi yolu, onu gözləyən hadisələr
haqqında
mövcud durumdan çıxara bilən aydın
konsepsiyaya malik olmuşdur. Türk
dünyasını yeni bir mərhələyə
çıxaran və üzü M.F.Axundzadədən
üzü bəri C.Əfqani, Ə.Süavi, H.Zərdabi,
Ə.Hüseynzadə, Z.Göyalp tərəfindən uzun bir
inkişaf yolu keçib "Türkləşmək,
islamlaşmaq, müasirləşmək" tezisi M.Ə.Rəsulzadənin
fikirlərində bir qədər də möhkəmlənir və
vətəndaşlıq hüququ qazanır. "Milliyyət, beynəlmiləliyyət, əsriyyət",
"dil, din, zaman" formasında ifadəsini tapan bu fikir
sonralar "türkləşmək, islamlaşmaq, müasirləşmək"
şəklində daşlaşır."Açıq
söz" (1915) başlığına
çıxardığı həmin tezis elə qəzetin ilk
sayındaca "Tutduğumuz yol" məqaləsində geniş
şərhini tapır.
M.Ə.Rəsulzadə yaradıcılığında
"Əsrimizin Siyavuşu" əsərinin xüsusi yeri
vardır. Belə
ki, Azərbaycan istiqlalı yolunda can verən şəhidlərin
ruhuna ithaf etdiyi bu əsər AC-nin süqutu, Azərbaycanın
mövcud vəziyyəti ilə bağlı yazılan ilk siyasi,
bədii, publisistik əsərdir. Müəllifin
əsərin epiqrafında türk şairi Tofik Fikrətdən
gətirdiyi "Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey
haq! Yaşa, ey sevgili millət, yaşa, var
ol!" misraları onun Cümhuriyyətin süqut etdiyi
günlərdə belə, inamını itirmədiyini
göstərir. Əsərin yazılma səbəbi
də maraqlı bir tarixə söykənir; Azərbaycanı
bolşevik istilasından sonra bir aya qədər Bakıda qalan
M.Rəsulzadə "bir arkadaşla (A.Kazımzadə -
B.Ə.) bərabər Bakını tərk etmiş,
Gürcüstana keçmək üçün yola
çıxmışdı". Hadisələr
və təsadüflər onları Lahıc qəsəbəsinə
gətirib çıxarmışdı. Bir
kəndlinin evində gizlənən M.Ə.Rəsulzadənin
diqqətini bu evdəki kiçik kitabxanada olan Firdovsinin
"Şahnamə" əsəri çəkir. Ev sahibindən razılıq alaraq kitabı oxuduqdan
sonra "Siyavuş" hekayəsini yüksəkdən
arkadaşına oxuyur və "Arkadaş, tariximizin
Siyavuşunu dinlədin. İndi sənə
əsrimizin Siyavuşunu yazacağam" - deyir. Hər an tutulmaq, ələ keçmək təhlükəsi
yaşamasına rəğmən çox qısa bir zamanda
"Əsrimizin Siyavuşu"nu yazır. Lahıcda qalmağın
təhlükəli olduğunu hiss edən kimi başqa bir kəndə
yer dəyişdirirlər. Sanki olacaqları
görürmüş kimi əsərin üzünü təcili
köçürərək bir kəndliyə əmanət
edir. Ələ keçməzdən
öncə özündəki nüsxəni tələf edir.
Aradan üç il keçdikdən sonra
İstanbulda əsərinə qovuşur. Buna qədər bu əsərə
görə dostlarına üzüntüsünü bildirən
M.Ə.Rəsulzadəyə "madam ki, mövzu məlumunuzdur,
yenidən yazarsınız" deyə təsəlli verənlərə
"1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan
Əli Əhmədoğlunun (gizləndiyi zaman M.Ə.Rəsulzadənin
adı - B.Ə.) əsəri ilə 1923-cü ildə
İstanbulda yaşayan M.Ə.Rəsulzadənin əsəri
arasındakı fərq aşkar olsa gərək" -
cavabını verir.
Əsərlə
bağlı müəllifin fikirləri onun məzmununu
açmağa imkan verir: "Əsrimizin Siyavuşu"
Türklə başlayan iki tarixin də həzin bir vaqeə və
hadisənin yanğılı bir ağısıdır.
Yazılan vaqeədə iştirak etmiş bir fərd sifətiylə
və ətdən, qandan, sinirdən yaranmış canlı
olmaqla hisslərinin təsirinə qapılmış, fəqət
adıçəkilən şərtlər içərisində
təsadüfən, bəlirli bir qayə güdmədən, o
anda duyulan çox dərin təsiri hekayə edən bu əsərin
səmimiyyəti, əlbəttə inkar olunamaz".
"Əsrimizin Siyavuşu" əsəri sadə bir
struktura üzərində qurulub; müəllif əvvəlcə
tarixin Siyavuşuna göz gəzdirir, "Şahnamə"nin İran-Turan müharibələrinə, əsrlər
uzunu axıdılan qanlara diqqət çəkir. Müəllifin fikrincə, Firdovsi Siyavuşu qanı
iki millətdən olan (iranlı və turanlı) qəhrəmanlar
sırasında verməklə bu iki aləmi məsud görmək,
onları birləşdirmək istəyir. Müəllif
yazır: "Əfrasiyab Turanı, Keykavus isə İranı
mərkəzi birlikdən qaçıran qüvvədir. Söhrab ilə Keyxosrov bilavasitə əda
üçün haqq bilməyən birlikçilərdir.
Siyavuş isə İranınkını
İrana, Turanınkını Turana vermək şərtilə
orta yol tutmuş Federasyonçu, federalist bir birlikçidir.
Bu xarakteriylə Siyavuş mifoloji və xəyalçı tip
olsa da, İran-Turan Federasyonunun klassik bir işarətidir.
Siyavuşun
siyasi hərəkət tərzi də əsrimizin siyasi ədalət
idealı ilə tamam uyğundur: Turan işğalındakı
İran torpaqlarını xilas edib İrana verincəyə qədər,
o, düşmən və hərbçidir".
Siyavuş öz idealına sadiq qalır, onun xatirinə
yurdunu da atır, atasını da tərk edir. Siyavuşun
ölümü ilə barışıq nöqtəsi yox
olduğundan İran ilə Turan bir-birinə
qarışır.
M.Ə.Rəsulzadə
əfsanədən həqiqətə, pəhləvanlıq
dövründən xalq dövrünə gəlir; demokratik fikirlər
dövrü olan XX əsrdə bəzən iranlıların,
bəzən də turanlıların maddi və mənəvi
nüfuzunda qalan Azərbaycanın yaradılışına,
tarixi və bugününə diqqət çəkir: "Bir
çox zaman azərbaycanlılar öz türklüklərini
və türk soyundan gəldiklərini bilməyərək
xalis iranlı kimi özlərini hiss etdilər. İranlı kimi
düşünüb iranlı kimi yaşadılar.
Bu, o zaman idi ki, bütün Türk aləmi az-çox
İran təsirində idi, o zaman idi ki, Sultan Səlim farsca
şeirlər yazıb oxuyur, az qalırdı bunu rəsmi dil
elan etsin".
Azərbaycanlıların özlərini
tanımaları, rus istilasının faydalı tərəfləri,
azərbaycanlıların Türkiyəyə müraciəti və
Cümhuriyyətin qurulması
məsələlərinə də yer verilir. Türkiyənin
Azərbaycanı himayəsinə alaraq Bakını qatillərdən
təmizləyərək özünə verməsini
böyük hadisə hesab edir. Azərbaycan
Cümhuriyyətindən danışarkən müəllif
Əfrasiyabın Turanın gözəl bir
parçasını verməsini mənalandıraraq həqiqətən
də Azərbaycanın Turanın gözəl bir
parçası olduğunu bildirir və tarixlə
bugünü bağlayır. Azərbaycan Cümhuriyyətinin
mövcudluğunun ictimai-siyasi, iqtisadi, hərbi, təhsil, elm
və texnika və s. problemlərinə toxunan M.Ə.Rəsulzadə
Azərbaycanda Firdovsinin təsəvvür edə bilmədiyi
bir gözəllik, qüvvət və qüdrət hasil
olduğu qənaətinə gəlir. Onun fikrincə, Azərbaycan
öz istiqlalını təsdiq etdiyi zaman İstanbul təntənəli
mitinqlər keçirdi, Azərbaycan bayrağını
Türk bayrağı ilə yanaşı qoyaraq onu qutladı
və "Tanrı sənə qara gün göstərməsin"
(Xalidə Ədib Adıvar - B.Ə.) dedi.
Əsərin "Cümhuriyyətin bəxtsizliyi"
başlığında müəllif əsrimizin Gərsivəzləri,
Siyavuşun qabaqcadan duyumu və röyası, cümhuriyyətin
qatili məsələləri üzərində dayanır. Firdovsinin
Siyavuşun diliylə dediyi "Bir yer gözəl və
yaşıllıq olsa, hər tərəfdən istək və
arzular çoxalır" fikrini Azərbaycanın
bugününə şamil edir, onun sağından, solundan qara
qüvvələrlə əhatə olunduğunu bildirir.
Bu qüvvələr Azərbaycanda
qarmaqarışıqlıq yaradır, onu rahat
buraxmırdı. Birisi əlində Denikinin siyah
örtüsü, digəri isə Leninin qanlı pərdəsi
ilə Azərbaycanın ağ
günün qara etmək istəyirdi. Gərsəvizlər
qrupu artıq Siyavuşu devirmək qərarına gəlir.
Gərsəvizlər
Türkiyədəki Turançıları Azərbaycanın
fikrinin ayrı olmasına, İngiltərə, Fransa, Amerika ilə
əlaqəsinə, yanına gizli elçilər gəlməsinə,
Turan düşməni ermənilərlə
barışmasına, şiəliyi irəli
verməsinə və s. yalanlarına inandırmağa nail
olurlar. Nəhayət, Siyavuşun sezdiyi fəlakət
yaxınlaşır, aprelin 27-də Azərbaycan Cümhuriyyəti
yuxudan sərsəm halda durur, məclis toplaşır, buna
"hazır olanlar" "təslim olun" ultimatunu verir,
sosialistlər "O olmasın, bu olsun!" deyir.
"Ömür boyu Siyavuşa isinə bilməyən bir
qardaş da:
- Bizim istədiyimiz
elə bu idi, - deyə hayqırdı. Birinci dəfə
İranı, ikinci dəfə Turanı satmış olan qara
üzlü birisi də çıxdı,
üçüncü dəfə Azərbaycanı satdı.
Bir qismi isə hər zaman olduğu kimi, yenə tərəfsiz
qaldı".
Hamı əsrimizin
Siyavuşunu ölüm xəncərinə təslim
etmişdi ki, istiqlal pərisi ("Şahnamə"də Firəngis)
bir natiq donuna bürünərək deyir:
"Yalandır. Gərsəvizlərə aldanmayınız: Gərvin əlindəki
dolama zəhər bulaşmış bir intiqam xəncəridir,
ona inanmayınız!
Rus
ordusunun hüdudumuzu keçdiyi bir vaxtda, müsəlman da
olsalar, bolşeviklərin parıltılı yalanlarına
uymayınız!".
Natiq Türkiyəni Azərbaycanın
sığınacaq yeri adlandırır, lakin Türkiyəni
qurtarmağa gedən bu qüvvənin səmimiyyətinə
inanmadığını ifadə edir, oradakılara
"istiqlalımızı göz bəbəyi kimi
saxlamağa, hürriyyətimiz yolunda canımızı sipər
etməyə" içdikləri andı xatırladır,
Siyavuşumuzu aldanmış Əfrasiyabların qəzəbinə,
xain Gərsəvizlərin xəbis yaradılışlı Gərvlərin
xəncərinə təslim etməyək"
çağırışına cavab verir. Orada olan əhali
bu nitqi göz yaşlarıyla alqışlasa da məclisin əksəriyyəti
tarixin gedişatına təslim olur.
Sonda
müəllif Rusiyanın hiyləsi,
millətçilərin təqibi və Cümhuriyyətin
qatilləri üzərində dayanır və adı müstəqil,
özü Rusiyanın federativ bir hissəsi, daha doğrusu,
muxtar vilayəti olan Azərbaycanın durumunu anladır. Müəllif
bu işğalla barışmayaraq gələcək nəslə
üz tutur: "...Əvət, ey vətəndaşlar! Və
dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik!
Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə
var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla
ucaldaraq dedi ki:
- Bir kərə yüksələn bayraq bir daha enməz!"
M.Ə.Rəsulzadə
bir ədəbiyyat tənqidçisi də olaraq həm
mühacirətdə siyasi düşüncələrinin
önə çıxması üçün ədəbi, bədii
parçaların, nümunələrin roluna böyük
önəm vermiş, həm də ədəbi, tənqidi məqalələr
yazmışdır. Bu məqalələrdən
biri "Çağdaş Azərbaycan ədəbiyyatı"nda
sovetli-mühacirətli Azərbaycan bədii düşüncəsini
kompleks şəkildə təhlil etmişdir. Deməliyik ki, bu məqalə həm məzmununa, həm
də ədəbiyyata yanaşma metodolojisinə görə
diqqəti cəlb edir. Məqalədə mühacirətdə və
sovetlərdə yazılan bədii əsərlər və ədəbi
mühitdə gedən proseslər obyektiv qiymətini alır. M.Ə.Rəsulzadə Sovet Azərbaycanında gedən
ədəbi prosesi diqqətlə izləyir və tamamilə
başqa bir statusda, siyasi mövqedə olmasına rəğmən
əsərlərə sovet tənqidçilərindən fərqli
mövqedən yanaşır. C.Məmmədquluzadənin
"Kamança", "Anamın kitabı", S.S.Axundovun
"Laçın yuvası", H.Cavidin "Topal Teymur",
"Peyğəmbər", "Uçurum",
"İblis", "Səyavuş",
C.Cabbarlının
"Sevil", "Od gəlini", S.Vurğunun
"Vaqif", S.Rəhmanın "Vəfasız",
H.Axundlunun "Kələfin ucu" və s. əsərləri
yazıldığı kontekstdən
və coğrafiyadan kənarda təhlil edilərək
doğru nəticəyə gəlinir. Sovet Azərbaycanındakı
siyasi-ictimai proseslərdə məhəlli və milli ruhun
kommunist ideologiyasına tabe etdirildiyini bildirən tənqidçi
yazırdı: "Azərbaycan ədəbiyyatı indi bu
şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər
və təzyiqlər nəticəsində ayaq üstə
durmaq istəyən yazıçı, ədib və şair təsadüfi
deyil ki, tarixcə bağlı olduğu islam və türk
ideallarından üz çevirəcək, mədəni
dünya ölçülərinə xor baxacaq və hətta
1939-cu ildən əvvəlki illərdə yazılan Sovet Azərbaycanı
ədəbiyyatının əsərlərini belə rədd
və inkar edəcəkdir".
M.Ə.Rəsulzadə mahacirətdə yaranan ədəbi
nümunələri də təhlil edir, bu parçaların
ictimai, siyasi fikrə təsirini araşdırırdı. Əli Yusifin, Gültəkinin,
Almas İldırımın, Kərim
Yaycılının, Sənanın
yaradıcılığına geniş yer ayırırdı.
M.Ə.Rəsulzadə
ölkədə və mühacirətdə, bir gün də
olsa, Azərbaycan problemini başsız qoymadı, daim siyasi fəaliyyəti
və publisistik, nəzəri, demokratik irsi ilə Azərbaycan
mücadiləsi apardı, bu mücadilənin xalqın, millətin,
ölkənin istiqlalı ilə nəticələnəcəyinə
günəşin varlığı kimi inandı və
inandırdı.
Bədirxan ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.18-19.