Janrın yaddaşı, yoxsa zamanın çağırışı?

 

Bədii yaradıcılıqda sözün hərəkətini tənzimləyən mühüm amillərdən biri də əsərin janrıdır. Janrın poetik tələbləri yaradıcı insanı bəzən özünün belə dərk etmədiyi bir qüvvənin hökmü altında uzun zaman ərzində cilalanmış, sabitləşmiş, daşlaşmış qanunlar ilə hesablaşmağa, həmin qanunları yerinə yetirməyə vadar edir. Cəmiyyətdə hər  cür azadlıqlara malik insan hüququn və əxlaqın müəyyənləşdirdiyi qanunlara əməl etməyə borclu olduğu kimi, öz fikirlərini ifadə etməkdə tam azad olan yazıçı da janrın estetik ölçüləri daxilində fəaliyyət göstərməyə "məhkumdur"...

Mirzə Fətəli Axundzadənin şeir yaradıcılığı ədəbiyyat tariximizdə xüsusi hadisə kimi qeyd edilmir. Vaxtilə orta məktəb dərsliklərində ədibin Puşkinin ölümünə yazdığı "Matəm qəsidəsi"nin farscadan tərcüməsi və "xalqlar dostluğu" kontekstində şərhi verilirdi, ali məktəb dərsliklərində isə diqqət "Zəmanədən şikayət" (bu şeir də farsca yazılıb) tipli mətnlərin sosial aspektləri üzərinə yönəldilirdi. Mirzə Fətəlinin elə özü də öz zəmanəsi üçün şeirin ədəbiyyatdakı yeri barədə yüksək fikirdə olmamışdı. Onun gəldiyi qənaətlərdən biri bu idi ki, "Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər - dram və romandır".

Bununla belə, Mirzə Fətəlinin azsaylı şeirləri XIX əsr Azərbaycan poetik fikir tarixinin öyrənilməsində ayrıca yeri olan janr təkamülünü izləmək, janrın yaddaşında baş verənləri təhlil etmək baxımından ciddi mənbə rolunu oynaya bilər.

Onu da xüsusi vurğulamağa ehtiyac görürük ki, ədibin ilk mətbu əsəri olan "Matəm qəsidəsi" hələ öz sağlığında onu yaxından tanıyan adamlar tərəfindən İran şeirinin nümunəsi kimi qəbul edilmişdi. Qafqaz canişinliyində Mirzə Fətəli ilə eyni idarədə yüksək vəzifədə işləyən, Rusiya İmperiyasını təmsil edən İvan Klementyev qəsidənin ruscaya sətri tərcüməsini "Moskovski nablyudatel" jurnalına İran ədəbiyyatına aid əsər kimi, Mirzə Fətəlini də "böyük ümidlər vəd edən istedadlı Şərq şairi" kimi təqdim etmişdi. 1837-ci ildə slavyanofil təmayülü ilə fərqlənən "Moskovski nablyudatel" jurnalının redaksiya qeydində isə Mirzə Fətəlinin "fars şairi" olduğu göstərilmişdi: "Cənab Klementyevin hisslərini tam bölüşərək və Puşkinin məzarı üstünə fars şairinin əli ilə qoyulmuş  gülü bizə təqdim etdiyinə görə ona səmimi təşəkkür edərək böyük istedad sahibinə (söhbət Mirzə Fətəlidən gedir - M.O.) ürəkdən uğurlar diləyirik, xüsusən də ona görə ki, biz onun rus mədəniyyətinə rəğbətini görürük". (Primeçanie redaküii "Moskovskoqo Nablödatelə" k pogme. 1837, ç. Xı, kn. ıı (mart)).

"Matəm qəsidəsi"ni Sovet hakimiyyəti dövründə dilimizə müxtəlif zamanlarda fərqli üslublara malik şairlər tərcümə etmişdir. Əsərin adı isə rus dilinə tərcümədən ("Vostoçnaə pogma na smertğ Puşkina") götürülərək "A.S.Puşkinin ölümünə Şərq poeması" kimi tərcümə olunmuşdur.

Qəsidə janrının səciyyəvi nümunəsi olan bu şeirin məzmununa yaxından diqqət yetirdikdə burada Puşkinin yaradıcılığı, ayrı-ayrı əsərləri haqqında müəllifin konkret təsəvvürə malik olduğunu təsdiq edəcək hər hansı misraya və ya beytə rast gəlmirik. Əsərin əsas qəhrəmanı Puşkin və onun yaradıcı kimliyi deyil, şairin ölümüdür. Müəllif Puşkinin bədii obrazını canlandırmağa, Şərq oxucusunda şairin kimliyi barədə hər hansı təsəvvür yaratmağa deyil, onun ölümünə matəm tutmağa üstünlük verir:

 

Ey dünyadan xəbərsiz, eşitmədinmi

Söz ordusu başçısı Puşkindən əxbar?

O Puşkin ki, nüktəyə başlayan zaman

Hər bucaqdan qopardı coşqun alqışlar?

O Puşkin ki, kağız da qaralanırdı,

Qələmi etsin deyə, üstündən güzar?

Xəyalı, tavus kibi, bərli-bəzəkli,

Sözdən qərib naxışlar eylərdi izhar?..

(Tərcümə Mikayıl Müşfiqindir)

 

Puşkin haqqında heç bir konkret informasiya daşımayan bu misralardan sonra şeirdə rus ədəbiyyatının ayrı-ayrı nümayəndələrinin (Lomonosov, Karamzin, Derjavin) adları çəkilmiş, Puşkin kimi digər şəxslər haqqında da mədhiyyə üçün səciyyəvi olan epitetlər işlədilmiş, onların şöhrəti vəsf edilmişdir...

Qəsidə janrında yazılmış şeirin mətnində Puşkin, Lomonosov, Karamzin, Derjavin kimi adların səslənməsi nə qədər təzə (ekzotik də deyə bilərik) görünsə də, bu şeir həm janrı, həm də süjeti və kompozisiyası baxımından ənənəvi bir mərsiyədir və burada maraq doğuran başlıca cəhətlərdən biri yeni adlar və ünvan daşıyan mətnin janrın yaddaşını nə dərəcədə ehtiva etməsidir.

Şeirin süjeti və kompozisiyası kifayət qədər ənənəvidir. Əsərin başlanğıcında baharın təsviri gəlir. Ədəbiyyatşünaslığımızda belə bir fikir mövcuddur ki, Puşkin 1837-ci ilin yanvarında ölsə də, onun ölüm xəbəri Tiflisə xeyli gec çatdığına görə Mirzə Fətəli bu əsəri qələmə alanda artıq yaz fəsli girmişdi. "Poema baharın ilk çağlarının romantik bir üslubda tərənnümü ilə başlayır. Bu, əsərin yazılma tarixi ilə bağlı olan bir məsələ idi. Puşkin 1837-ci il yanvarın 29-da öldürülmüş, bu barədə xəbər isə Tiflisə təxminən fevralın sonu və yaxud martın əvvəllərində gəlib çatmışdı. Məlumdur ki, bu dövrdə Tiflisdə bahar başlanır" (Nadir Məmmədov. Mirzə Fətəli Axundzadənin həyatı və yaradıclığı // M.F.Axundzadə. Əsərləri, 3 cilddə, 1-ci cild. Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2005, s. 11).

Mən bunun mümkün versiya olmasını inkar etmək fikrində deyiləm. Hətta o da mümkün və ağlabatandır ki, Puşkinin ölüm xəbəri Tiflisə - Qafqaz canişinliyinə hadisədən dərhal sonra çata, şeir isə bir qədər gec yazıla bilərdi... Ancaq qəsidənin əvvəlindəki baharın təsvirinin konkret zamanla bağlanması "realist" məntiq baxımından ciddi ziddiyyət yaradır: onda gərək əsərin yazılış tarixini dəqiqləşdirmək üçün şeirdə təsvir edilən çiçəklərin ilin hansı ayında açdığını da nəzərə alaq. Məsələn, əsərdə adı çəkilən nərgiz və bənövşə mart, yasəmən aprel, lalə may, zanbaq iyun ayında açır... Aydın görünür ki, bu cür yanaşma, xüsusilə qəsidənin əvvəlində bahariyyənin verilməsini əsərin yazıldığı tarix ilə bağlamaq bədii mətnin filoloji təhlilinə imkan yaratmaq əvəzinə, bizi riyaziyyatdakı həlli olmayan məsələlər kimi mətləbdən uzaq sualların əhatəsinə salır. Bahariyyədə real təfərrüat axtarmaq özünü doğrultmur. Burada ilk növbədə qəsidə janrının strukturunun tələblərini nəzərə almaq zəruridir. Qəsidənin əvvəlində, bir qayda olaraq, nəsib və ya təşbib deyilən hissə gəlir. Bu hissə əsərin əsas məzmununu təqdim etmək üçün girişdir. Girişdən sonra isə qəsidənin məqsəd (buna mədhiyyə də deyilir) hissəsi gəlir. "Nəsib adlandırılan hissə ən çox mədhiyyə növündə yazılmış qəsidələrdə gəlir. Nəsibdə istifadə edilən mövzuların başında isə baharın təsviri gəlir" (Yaşar Aydemir. Türk Edebiyatında Kaside. // "Bilig" dergisi, yaz 2002, sayı 22, seh. 146 ).

Yaşar Aydəmirin araşdırmalarına əsasən, türk ədəbiyyatında qəsidə janrının daha geniş yayıldığı XVII əsrdə yazılmış qəsidələrin 19 faizi bahariyyə və novruziyyə ilə - baharın tərənnümü ilə başlayır.

Mirzə Fətəlinin "Matəm qəsidəsi"nin başlanğıcındakı təsvir də yeni hadisə deyildi və XIX əsrdə ədəbiyyatda işləkliyini xeyli dərəcədə itirmiş qəsidə janrının  yaddaşından gəlirdi. Bu mətnin başlanğıcında - nəsib (və ya təşbib) hissəsində verilmiş baharın təsviri, məqsəd hissəsində verilmiş hadisə ilə - Puşkinin ölüm xəbəri ilə təzad yaratmağa və əsərin yazılma zamanını dəqiqləşdirməkdən daha çox şairin könlündəki kədərin mübaliğəsini şiddətləndirməyə xidmət edir: təbiət, yer-göy şənlənir, bayram edir, şairin qəlbi isə Puşkinin ölümünə görə matəm tutur, qan ağlayır. Təbiətin cana gəlməsi ilə - dirilişlə ölümün təzadı matəm əhvalını əyaniləşdirməyə xidmət edir. Ancaq bu da bir həqiqətdir ki, Mirzə Fətəlinin seçdiyi əyaniləşdirmə üsulu divan ədəbiyyatı üçün yeni hadisə olmayıb, adi bir şablon idi.  

Onu da qeyd etmək yerinə düşər ki, analoji şablona şairin ilk farsdilli əsərində - "Zəmanədən şikayət"də də rast gəlirik. Həcmcə "Matəm qəsidəsi"ndən xeyli kiçik olan və qəsidə janrında yazılmış bu şeir göylərin tərsinə dövran etməsi, zamanın bəd gətirməsi nəticəsində şair könlünün dərdli və ağlar, şairin həmdəminin ah ilə əfqan olmasının təqdimatı ilə başlayır. Lirik qəhrəman hansı mənzilə düşürsə, ora ona zindan kəsilir,  vəfa umduqlarından cəfa, etibarsızlıq görür. Birdən lirik qəhrəmanı (və ya şairi) daxili bir səs ayıldır və ona deyir ki, Tiflisdə bilikli və xoş əməllər sahibi bir alim yaşayır. Kim onun üstünə getsə, ondan kömək alır. Bundan sonra lirik qəhrəmanın könlünün dilindən Tiflisdəki xeyirxah insanın mədhiyyəsi başlayır.

Bu iki şeiri müqayisə edəndə məzmun fərqli olsa da, sxemin eyni olduğunu görürük - hər iki şeirdə nəsib (və ya təşbib) adlanan giriş əsərin əsas məzmunu - məqsəd hissəsi ilə təzad yaratmağa xidmət edir.

Mirzə Fətəlinin qəsidələrindən ikisi, Nadir Məmmədovun izahına əsasən, 1850-ci illərdə, başqa sözlə desək, onun bədii yaradıcılığının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğu dövrdə yazılmışdır: 1850-ci ildə ədib öz ilk dram əsərləri ilə artıq Azərbaycan ədəbiyyatı qarşısında yeni bir üfüq açmağa nail olmuşdu. Qəsidələr isə tipik Şərq poeziyasının və zehniyyətinin nümunələridir. Bu mədhiyyələrdən biri "İran sərhədində kontrabandaçılara, qaçaqlara və sərhədi qanunsuz keçən başqa ünsürlərə qarşı mübarizə aparan, rus sərhəd qoşunlarının rəisi, kapitan İqranoviçə həsr olunmuşdur" (Nadir Məmmədov. İzahlar // M.F.Axundzadə. Əsərləri, 3 cilddə, 1-ci cild. Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2005, s. 280). "Qəsidə" adı ilə nəşr edilmiş digər mədhiyyə isə XIX əsrin 50-ci illərinin əvvəlində Rusiya İmperiyasının vəliəhdi, çar I Nikolayın oğlu II Aleksandrın Qafqaza gəlişi münasibətilə qələmə alınmışdır. "Çox güman ki, Qafqazın canişini knyaz Mixail Semyonoviç Voronsovun xüsusi tapşırığı ilə, M.F.Axundzadə vəliəhdin Qafqaza gəlməsi münasibətilə fars dilində bu qəsidəni yazmışdır" (Yenə orada).

Mirzə Fətəli yaradıcılığının yetkin çağında, artıq yeni ədəbiyyatın yaradıcısı olmaqla bərabər, həm də nəzəriyyəçisi kimi çıxış etdiyi zamanda da mədhiyyə yaradıcılığını davam etdirmişdir: Osmanlı İmperiyasının baş naziri Fuad paşaya həsr edilmiş "Fuad paşanın mədhində" adlı şeir 1863-cü ildə yazılmışdır.  

Mirzə Fətəlinin həm Azərbaycan,  həm də fars dilində yazdığı qəsidələrin, demək olar ki, hamısı janrın şablonlaşdırdığı çərçivədən kənara çıxa bilmir və sırf konyunktur məqsədi daşıyır. Bu qəsidələrin məzmununda Y.M.Lotmanın təbirincə, "informasiya qıtlığı" qabarıq şəkildə müşahidə olunur. "İnformasiya isə yalnız o zaman meydana gəlir ki, mətn əvvəlcədən təxmin edilməsin" (Y.M.Lotman."Pis" və "yaxşı" poeziya barədə. // Ədəbiyyat nəzəriyyəsi. Müntəxəbat. Bakı: 2018, səh. 378).

Mirzə Fətəlinin mədhiyyələri əvvəlcədən təxmin edilən mətnlərdən ibarətdir və buradakı bəlağətli ifadələrin əksəriyyəti bir-birini "döyür", mədh olunan tərəfin fərdiləşdirilməsinə şərait yaratmır. Hətta qəsidə müəllifinin şəxsiyyət və üslub fərdiliyi də o qədər əhəmiyyət daşımır: Mirzə Fətəli rus hərbçisi İqranoviçə həsr etdiyi mədhiyyəni onun tərcüməçisi Mir Fəttah Mir Kazım oğlunun adından yazmışdı. Nəzərə çarpan cəhətlərdən biri də budur ki, qəsidənin janr yaddaşı Azərbaycan dilinin poetik imkanlarını maksimum dərəcədə daraldır, mətn qəsidənin müəyyənləşdirdiyi dil sərhədindən kənara çıxa bilmir. Fars dilinin izafət tərkibləri, mədhiyyə üçün səciyyəvi olan mübaliğələr, şablon ifadələr bədii dili janrın "əsarətindən"  çıxmağa qoymur. Məsələn, "Mədhiyyə" qəsidəsinin nəsib (təşbib) hissəsində Rusiya çarı I Nikolay bu dillə mədh edilir.

 

Şahi-şahan imperator, xosrovi-keyvan sərir,

Padişahani-cahan olmuş onunçun dəstgir.

Ədlilə tutmuş cahanı pərtövi-xurşid tək,

Hər kəminə çakəri əflakə qoymuşdur sərir.

Qubbeyi-xərgahı doqquz çərxi-minadən keçib,

Dadi-məzlumu sütun qalmış ədaləti cərir.

Xosrovi-səyyarə baş açmış üfüqdən hər səhər,

Asitani-ərş simasında qullar tək həqir.

 

Məzmunun təhlilini, Mirzə Fətəlinin rus imperatoru barədə işlətdiyi ibarələrin nə dərəcədə həqiqət olub-olmadığını, yaxud bu misraların nə dərəcədə səmimi yazılıb-yazılmadığını bir kənara qoysaq, ən böyük uyğunsuzluğun mətnin dili ilə bağlı olduğunu görəcəyik. Burada dil son dərəcə qəliz, qarışıq və hərəkətsizdir. Janr özünün yüzillər boyu formalaşdırdığı dil mühitinin ehkamlarını ilk növbədə müəllifdən toxunulmaz saxlayır və müəllif həmin mühitə müdaxilə etmək əvəzinə, özünün demək istədiyi fikirləri janrın sabitlərşdirdiyi mühitə salmalı olur. Yəni janrın mühafizəkarlığı müəllifin dünüşcə və üslub fərdiliyini məğlub edir. Biz eyni dil səviyyəsini ədibin Fuad paşaya həsr etdiyi mədhiyyədə də görürük:

 

Hər tərəfdən əhli-islamə bu gün təbşirdir.

Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.

Şükr lillah ali-Osman dövlətində bu zaman,

Zinət əfzayi-sədarət sədri-pur-tədbirdir.

Şöhrətin tutmuş cahanı, əqldə, həm elmdə,

Zikr xeyrin, Asəfa, məzkuri-bürna, pirdir.

Çünki bilmiş xosrovi-zimərhəmət bu əsrdə,

Məmləkət hifzində rəyin behtər əz-şəmşirdir...

 

Bu oxşarlığın, sözün və fikrin donuqluğunun müxtəlif səbəbləri barədə düşünmək, cürbəcür mülahizələr irəli sürmək olar. Belə mülahizələrdən biri də janrın öz zamanını başa vurması ilə bağlı ola bilər. Azərbaycan ədəbiyyatında mədhiyyəçilik bu günə qədər davam etsə də, görünür,  XIX əsrdə, yəni Vaqifdən sonrakı dövrdə qəsidə mədhiyyəçiliyi öz dövranını başa vurmuşdu. Zamanla janr arasında uyuşmazlıq nəzərdən yayınmır: XIX əsr Azərbaycan ədəbiyyatının çatışmazlıqlarını dərindən bilən Mirzə Fətəlinin yaradıcılığı qəsidə janrında dərin bir boşluğa düşürdü. XIX əsrin hələ cəmiyyət üçün aydın olmayan ictimai ab-havasını qəsidənin kanonik çərçivələri tutmurdu və müəllif hazır qəlibləri doldurmaqla kifayətlənirdi. Bu boşluq Mirzə Fətəlinin digər formalarda, xüsusilə Azərbaycan dilinin "doğma" janrında yazdığı əsərlərlə müqayisədə qəsidələrdə özünü daha aydın göstərir...

Mixail Baxtin göstərirdi ki, "Ədəbi janr öz təbiətinə görə, ədəbiyyatın daha sabit, "əbədi" tendensiyalarını əks etdirir. Janrda arxaikliyin ölməz elementləri daim qorunub saxlanılır. Əslində, bu arxaiklik, janrda, belə deyək, onun daim yenilənməsi, müasirləşməsi sayəsində qalır..." (M. M. Baxtin. Problemı pogtiki Dostoevskoqo. Moskva: 1972.  str. 178). İşin maraqlı olduğu qədər də mürəkkəb tərəfi bunda idi ki, Mirzə Fətəlinin qələmində janrın yenilənməsi, müasirləşməsi deyil, yeniliyin arxaikləşdirilməsi, müasirliyin köhnə libasa salınması baş verirdi. Yəni qəsidə paltarı  Puşkin, Lomonosov, Derjavin, Karamzin mövzusunun əyninə uyğun gəlmirdi. Zamansa yeni adlar, təzə mövzular sifariş verirdi.

Bu mənada, Mirzə Fətəlinin yaradıcılığında yeniliyi ifadə etmək üçün qoşma janrı daha çevik görünür. Əvvələn, janrın özündə yeniləşmə gedirdi. Vaqiflə Vidadinin müşairəsindən başlayaraq Azərbaycan ədəbiyyatında qoşma janrı öz axarından çıxaraq yeni məcraya düşmüşdü. Yenə M.Baxtinə istinad etsək, "Janr ədəbiyyatın hər yeni inkişaf mərhələsində, həmin janrın hər bir ayrıca əsərində doğulur və yenilənir. Janrın həyatı bundadır. Ona görə janrda qorunub saxlanılan arxaiklik də ölü deyil, daha doğrusu, yenilənməyə qadirdir. Janr indi də yaşayır, lakin daim öz keçmişini, öz başlanğıcını xatırlayır. Janr ədəbi inkişaf prosesində yaradıcı yaddaşı təmsil edir" (M. M. Baxtin. Problemı pogtiki Dostoevskoqo. Moskva: 1972.  str. 179). Məsələyə bu mövqedən yanaşanda qoşma janrının XIX əsrin aparıcı şairləri olan Qasım bəy Zakirin və Baba bəy Şakirin yaradıcılığında yeni ictimai və estetik səviyyə qazandığını görürük. Mirzə Fətəli Axundzadə də əsərlərindən bir neçəsini qoşma formasında qələmə almışdır. Bunlar epistolyar səciyyəli yazılardır. Mirzə Fətəlinin qoşma formasında Qasım bəy Zakirə ünvanladığı iki, Cəfərqulu xana ünvanladığı üç mənzum məktubu sözün janr yaddaşına yerləşdirilməsi baxımından maraq doğuran əsərlərdəndir. Bu əsərlədən biri Qasım bəyin Xan qızı Natəvanla münasibətlərinə həsr olunub:

 

Qasım bəy, eşitdim yaxın olubsan

Xan qızına, axır nədir bu rəftar?

Edibsən xubları yüz yol imtahan,

Eylərsən onlara yenə etibar?

 

Dediyin qafiyə ona xoş gəlib,

Qaçan bəxtin indi sənə tuş gəlib,

Sövdalı başına təzə huş gəlib,

Təəccüb eylərəm büsyar, büsyar!

 

Bu mənzum məktubda "qafiyə" sözünün işlədilməsi xüsusi əhəmiyyət daşıyır.  Aydınlıq üçün deyək ki, XVIII-XIX əsrlərin terminologiyasında "qafiyə" sözü "qoşma" sözünün sinonimi kimi işlədilirdi. Məsələn, Molla Pənah Vaqif qoşmanı qafiyə kimi təqdim edir və Vaqifdən sonra da bu ənənə davam etdirilir. "Vaqifi belə şöhrətləndirən, əlbəttə, onun rəvan təbi,  mövzun kəlamı və gözəl qafiyələri olubdur ki, indi də o qafiyələr ümum nasın dillərində caridir" (F.Köçərli. Azərbaycan ədəbiyyatı, 2 cilddə, 1-ci cild. Bakı: "Avrasiya Press", 2005, səh.156-157). Mirzə Fətəlinin 1854-cü ildə yazdığı şeirin üzərindəki qeydindən oxuyuruq: "Mirzə Fətəli tərəfindən, Qasım bəyə, Mehdiqulu xan Qarabağlının qızı Xurşud Banu Bəyim haqqında yazılan qafiyədir" (M.F.Axundzadə. Əsərləri, 3 cilddə, 1-ci cild. Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2005, səh.280) .

Mirzə Fətəlinin qoşma janrında yazdığı şeirlərdə bədii dilin tamamilə yeni səviyyəsi özünü göstərir. Xan qızına həsr olunmuş qoşmada zərif yumor və ironiya mətnə yeni məzmun yükləyir. Mətn daxilində müəllifin ironiya ilə yanaşı, incikliyini dilə gətirməsi, öz diqqətsizliyini etiraf etməsi, Natəvana qarşı rəğbətini bildirməsi şeirin fərqli məna qatlarını müəyyənləşdirir, mətnin altında yeni mətn - metatekst yaratmağa xidmət edir.

Bu şeirin, eləcə də qoşma janrında yazılmış  digər əsərlərin ən maraqlı cəhəti qoşmanın sərhədlərini "pozmasıdır". XIX əsrdə yazılı ədəbiyyatda yaranan qoşmaların əksəriyyəti Vaqifin qoşmalarından fərqlənir. Həmin şeirlər fikrin ənənəvi janrda ifadə olunmasından daha çox, XIX əsrin ruhunu, havasını yaşatmaq, öz zamanının estetik zövqünü, düşüncəsini əks etdirmək, zamanın çağırışlarına reaksiya vermək baxımından maraq doğurur. Söz və müəllif janrın içində itib-batmır, ədəbiyyatın yeni inkişaf mərhələsinin üfüqləri görünür. 

Bu da maraqlıdır ki, mədhiyyədə və mərsiyədə yorğun, süst görünən qəsidə həcvdə daha diri və müasir təsir bağışlayır.

Lakin burada da ədəbiyyatımız başqa problemlə üz-üzə gəlmişdi: janr öz estetik təyinatından uzaqlaşmağa başlamışdı. Bu isə janrların sonrakı taleyinə təsirsiz qalmadı. Bədii fikrimizin təkamülünün növbəti mərhələsində həcvçilik ədəbiyyatın aparıcı qüvvələri arasında ən çox etiraz doğuran tendensiyaya çevrildi, qoşma isə yazılı ədəbiyyatdan uzaqlaşıb, belə demək mümkündürsə, dağlar arxasına çəkildi...

 

Məti Osmanoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.20-21.