Gecə
"Kolıma
hekayələri"ndən
Şam yeməyi qurtardı. Qlebov yavaş-yavaş dəmir qabın dibini yaladı, stolun üstünə dağılmış çörək qırıntılarını sol ovcuna yığdı, ağzına atdı, diliylə ovcunu yaladı. O, qırıntıları udmadı, bir az ağzında saxladı. Qırıntıların ağzının suyunda islanıb şişdiyini hiss etdi. Bunun dadlı olub-olmadığını Qlebov deyə bilməzdi. Dad başqa şeydir, yeməyin verdiyi bu hissin yanında dad sözü çox kasıb, təsirsiz qalır. Qlebov qırıntıları udmağa tələsmirdi, qırıntılar onun ağzında əriyirdi, tez əriyirdi.
Baqretsovun parlaq, domba gözləri Qlebovun ağzına dikilmişdi - başqasının ağzında yoxa çıxan yeməkdən gözünü çəkmək gücü burdakı heç kimdə yox idi. Qlebov ağzındakıları uddu və Baqretsov o dəqiqə nəzərini onun ağzından yayındırıb horizonta - göy üzündəki böyük narıncı Aya dikdi.
- Vaxtdır, - Baqretsov dedi.
Onlar sakitcə cığırla qayaya tərəf gedib balaca dağa çıxdılar. Günəşin batmağından az vaxt keçmişdi, amma günorta qaloşun üstündən pəncələri yandıran qayalar artıq soyumuşdu. Qlebov sırıqlısının yaxasını bağladı. Hərəkətdə olsa da, bədəni qızınmırdı.
- Hələ çox var? - deyə o, pıçıltıyla soruşdu.
- Çox var, - Baqretsov da pıçıltıyla cavab verdi.
Dincəlmək üçün oturdular. Danışmalı sözləri yox idi, fikirləşməyə də heç nə yox idi - hər şey sadə və aydın idi. Bir az qabaqda xeyli daş vardı.
- Bunu tək də edə bilərdim, - Baqretsov gülümsədi, - amma ikilikdə əyləncəlidir. Həm də ki, köhnə dostuq...
Onları keçən il eyni paroxodda gətirmişdilər.
Baqretsov dayandı.
- Uzan, yoxsa görəcəklər.
Yerə uzanıb daşları atmağa başladılar. Böyük, ikisinin gücü çata biləcək daşlar yox idi, çünki səhər bu daşları bura atan adamlar Qlebovdan güclü deyildilər.
Baqretsov yavaşdan söydü. O barmağını yaralamışdı, qan axırdı. Yaraya qum töküb sırıqlısından cırdığı əsgiylə bağladı, amma qan dayanmadı.
- Pis bağladın, - Qlebov soyuqqanlıqla dedi.
- Hardan bilirsən, həkimsən? - Baqretsov barmağının qanını
sovura-sovura soruşdu.
Qlebov susdu. Həkim olduğu
vaxtlar indi ona çox uzaq görünürdü.
Ümumiyyətlə, o vaxt olmuşdu?
Dağların, dənizlərin o tərəfindəki həyat
tez-tez ona yuxu kimi, uydurma
kimi görünürdü.
Real olan qalx
komandasından yat komandasına qədər olan saatlar, günlər
idi - o, bundan başqasını təsəvvür
etmirdi, təsəvvür
etməyə gücü
yox idi. Burdakı hamı kimi.
Ətrafındakı adamların keçmişini
bilmirdi, bununla maraqlanmırdı. Əgər Baqretsov sabah
durub fəlsəfə
doktoru və ya aviasiya marşalı
olduğunu desəydi,
Qlebov heç fikirləşmədən ona
inanardı. O özü
haçansa həkim olmuşdu? Onun nəinki düşünmək
qabiliyyəti, müşahidə
qabiliyyəti də zəifləmişdi. Qlebov Baqretsovun
barmağının qanını
sovurduğunu görürdü,
amma heç nə demirdi. Bu onun şüurunu
yalayıb keçirdi,
amma o cavab vermək iqtidarında deyildi. Onun olan-qalan şüuru çox güman ki, daha insan
şüuru deyildi, çox az
şeyləri qəbul
edirdi və indi bildiyi təkcə
o idi ki, yol üstündəki daşları təmizləməlidir.
- Çox güman dərindir. - Dincəlməyə
uzananda Qlebov soruşdu.
- O, necə dərin ola bilər?
- Baqretsov dedi. Qlebov çox boş sual verdiyini
və çuxurun doğrudan da, dərin ola
bilməyəcəyini başa
düşdü.
- Tapdım, - Baqretsov dedi.
Onun əli insan barmağına dəydi. Daşların arasından çıxan
baş barmağı
Ay işığında aydın
görmək olurdu.
Barmaq Qlebovun, ya da
Baqretsovun barmaqlarına
oxşamırdı, amma
ölü adamın barmağı olduğu üçün yox, başqa şeyə görə. Bu barmağın dırnağı
tutulmuşdu, ətli və Qlebovun barmağından yumşaq
idi. Onlar meyitin üstünə
tökülmüş daşları
tələsik qırağa
atdılar.
- Lap cavandır, - Baqretsov dedi. İkisi çətinliklə meyiti çıxartdılar.
- Yaman cüssəlidi, - Qlebov təngnəfəs halda dedi.
- O, belə cüssəli olmasaydı, onu da bizi basdırdıqları
kimi basdırardılar,
biz də bura gəlməli olmazdıq.
Meyitin köynəyini
çıxartdılar.
- Alt paltarı da lap təzədi, - Baqretsov razı qalmışdı.
Alt paltarını da
çıxardılar. Qlebov alt paltarlarını
sırınmasının yaxasına
basdı.
- Bəlkə, özün geyinəsən? - Baqretsov soruşdu.
- Yox, istəmirəm, - Qlebov mızıldandı.
Onlar meyiti təzədən çuxura
qoyub üstünü
daşla doldurdular.
Ayın göyümtül işığı
ətrafdakı bütün
qayaları, ağacları,
talaları işıqlandırırdı. Hər şey
canlı görünürdü,
amma gündüz göründüyü kimi
yox, başqa cür. Bu dünyanın
ikinci - gecə görkəmi idi.
Meyitin alt paltarı
Qlebovun yaxasında qızınmışdı və
daha yad hissi aşılamırdı.
- Papiros olsaydı çəkərdik, - Qlebov
dedi.
- Sabah çəkərsən.
Baqretsov gülümsədi. Sabah onlar alt paltarını satacaqlar, çörəklə dəyişdirəcəklər,
bəlkə, bir az tütün
də tapdılar...
1954
Varlam Şalamov
Tərcümə edəni: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2019.-
2 fevral.- S.21.