Şəhidliyin zirvəsi
Azərbaycan ədəbiyyatında
Nəsimi obrazı
Mən
aşiq, soy ilandı,
Şahmar
da soy ilandı.
Nəsimi
tək bu aşiq
Yolunda
soyulandı.
Qədim
bir bayatıdan gələn bu səda əqidəsi yolunda edam olunan, dərisi soyulan
İmadəddin Nəsimiyə - bu dahi şairimizə həsr
olunan ilk folklor nümunəsidir ki, əsrlər keçdikcə
xalqın yaddaşından silinməyib. Klassik şeirimizdə
isə Nəsiminin obrazı - onun həyatı, şəhidlik
zirvəsinə yüksəlməsi heç bir əsərdə
köklü şəkildə öz əksini
tapmamışdır. Sadəcə olaraq, onun adı ustad kimi
xatırlanmış, şeirlərinə nəzirələr
yazılmış, onun mənsub olduğu hürufizm təriqətinə
tərəf-müqabillik ifadə olunmuşdur. Nəsimiyə
müraciət keçən əsrin yetmişinci illərindən
başlayaraq, onun anadan olmasının 600 illiyilə əlaqədar
ədəbiyyatın mövzusuna çevrilmişdir.
Xalq
yazıçısı İsa Hüseynovun "Məhşər"
romanı ilə Azərbaycan nəsrində Nəsimi
obrazının ilk, mükəmməl nümunəsi
yaranır. "Məhşər"ə qədər İsa
Hüseynov müharibə dövrü həqiqətlərindən,
əllinci-altmışıncı illərin mürəkkəb
və ziddiyyətli hadisələrindən söz açan
povest və romanlarını yazmışdı. Görəsən,
İsa Hüseynovu Azərbaycan tarixinin ən mürəkkəb,
ən ziddiyyətli, müharibələr, fatehlərin
qanlı toqquşmaları, bir-birinə zidd ideoloji cərəyanların
mübarizəsi ilə şərtlənən XIV-XV əsrlərə
-Nəsimi dövrünə hansı istək, hansı məqsəd
çəkib aparmışdı? Əlbəttə, İsa
Hüseynov "Məhşər"ə qədər tarixi
mövzuda "26-lar" və "Ulduzlar sönmür" bədii
filmlərinin ssenarilərini yazmışdı. Amma bu filmlərdə
(xüsusilə birincisində) İsa Hüseynov sovet
dövrünün ideoloji ştamplarından yaxa qurtara bilməmişdi.
"Məhşər" isə tarixə sırf
reallıqlar və bədii təxəyyülün,
yaradıcı yanaşmanın birgəliyindən yarandı.
"Məhşər"
(1972-1976) Azərbaycan tarixi romanının "qızıl
dövrünün" ("Pərvanə", "Dəli
Kür", "Qarlı aşırım"la başlanan,
az sonra "Mahmud və Məryəm", "Fətəli fəthi",
"Qətl günü", "Köç"
romanları ilə daha da yeniləşən) parlaq bir nümunəsi
idi. Bu romanla İsa Hüseynov şəxsiyyətinin, bəlkə
də, ən mühüm bir xarakteri ortaya
çıxırdı - o, bəzi tarixi
romançıların "salnamə" prinsipi ilə
yanaşmamışdı, tarixi müasirliyin gözü ilə
oxumaq, incələmək prinsipini əsas
götürmüşdü. İsa Hüseynov tarixçi
deyildi, lakin tarixi canlı bir proses kimi, mümkün qədər
obyektiv şəkildə mənalandırmaq üçün
Tolstoy, Hüqo, Ordubadi və Çəmənzəminli
prizmasından yanaşmağı ən doğru yol
bilmişdi. Tarix tarixliyində qalır, lakin İsa
Hüseynovun ədəbi müəllimi Mehdi Hüseynin dediyi
kimi: "Tarixçi dövrün ümumi ictimai münasibətlərini
əks etdirirsə, yazıçı ən çox
dövrün psixologiyasını təşrih edir.
Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq
olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər
yarana bilməz".
Nəsimi
və onun həyatı, hürufiliyin banisi Nəiminin fikir,
ideya dünyası, onun faciəli qətli, "rəncbər
şah" Şirvanşah İbrahim, fateh Teymurləng, dini
etiqadların qulu olan Şeyx Əzəm - bu tarixi obrazların
hər birinin çılğın ehtirasları, fəlsəfi
dünyabaxışların mübarizəsi, müharibələr,
qırğınlar - bir romanda bütün bunları kəskin
münaqişələr, bir-birinə zidd və
barışmaz münasibətlərlə canlandırmaq sənətkardan
doğrudan da, əsl ədəbi hünər tələb
edirdi və İsa Hüseynov ilk tarixi romanında bu
missiyanın öhdəsindən gələ bildi.
Ordubadi
Qılıfncın və Qələmin vəhdətini əks
etdirmək istəmişdi, amma onun romanında Qələm
Qılıncdan daha kəsərli nəzərə
çarpırdı, Nizaminin şairliyi Qızıl
Arslanın və Fəxrəddinin qılıncından
üstün görünürdü, Nizami dühası
bütün problemlərin önündəydi, "Məhşər"də
isə gah Qılınc, gah da Qələm qalib gəlir.
Sonuncunun qələbəsi təfəkkürün - hürufi
ideyalarının qələbəsiydi.
Əsərə
yazılan ön sözdə (Əzizə xanım Cəfərzadə)
oxuyuruq: "Məhşər" islam dini əleyhinə
yazılmış romandır. Yalançı etiqadlar, din və
xurafat, müharibə, qan-qırğın, istibdad, istismar əleyhinə
yazılmışdır. İnsanı alçaldan
bütün xırdalıqları nadanlığı, cəhaləti
qamçılayır". Bu fikirdə yalnız birinci
cümləyə qəti etiraz etmək olar. "İslam dini əleyhinə
yazılmış" bu romanda islam əleyhinə heç nə
yoxdur. Yoxsa Fəzlullah Nəimi edam ərəfəsində deməzdi
ki: "Dinləyin, burda icra edilən hökm həq-təalanın
öz hökmüdür". Hərçənd ki "din
kitablarında bir olan Allah hüzurunda məhkəmə kimi qələmə
verilən məhşərin, cəmi bəşərin
ölüb yenidən diriləcəyi barədə
iddiaların yalanlığını Fəzl çoxdan
sübut edib, cümlə aləm-xaliq əbədidirsə, demək,
bəşər də əbədidir" - bu, heç də
islamı tənqid etmək deyil.
"Məhşər"
gərgin konfliktlər, üz-üzə duran qüvvələrin
həm mənəvi, həm də cismani
qarşıdurmasını əks edirən bir əsərdir.
Ancaq romanda Nəsimi-Teymur qarşıdurması bu mənada ən
kulminasion nöqtədir. "Məhşər" haqqında
çox-çox əvvəllər bir məqalə
yazmışdım və orada müəllifə
iradımı bildirmişdim ki, tarixi sənədlərdə Nəsimi
ilə Teymurun görüşü barədə heç bir məlumat
yoxdur və bu, tarixi reallığa ziddir. İsa müəllim
o məqaləni oxumuşdu. Rastlaşanda söylədi ki, sən
nə bilirsən Teymurla Nəsimi görüşməyiblər,
mən iki fatehi görüşdürmüşəm.
Doğrudan da, İsa müəllimə haqq qazandırıram.
Tarixdə belə bir görüş olmayıbsa da, romanda
onların üz-üzə gəlməsi labüd idi.
Qılınc, müharibə fatehinin söz fatehi ilə, qorxu,
zülm "fəlsəfəsi" ilə humanizm, Allahı
insanda görmək ideyası öz bədii-fəlsəfi dərkini
tapmalıydı. Nəsimi deyir: "Qorxu törətməklə
sən özünü məhv edirsən, Əmir! Teymurun sifəti
gömgöy kəsilmişdi. İyirmi beş ildən
çox idi ki, o öz əliylə adam öldürməmişdi.
Amma indi əli öz-özünə silaha uzanıb, arxadan
yüyürən bahadırın qılıncını
qından çəkdi. Çox pis axsaya-axsaya,
tövşüyə-tövşüyə yeriyib, Nəsiminin
iki addımlığında dayandıqda yalnız Allah xofuna
inamı və özünün törətdiyi qorxuya
etiqadı, qarşısındakı müdhiş itaətsizin
boynunu vurmaqdan əvvəl nə isə deməyə ehtiyac əmələ
gətirdi" . Az qala bütün dünyanı öz
qılıncına tapındıran Teymurun "fəlsəfəsi"
isə güc və qüvvətin - qorxubilməz inadın məntiqini
sübut edir: "Xırda həşərat iri həşəratdan
qorxur. Gücsüz adam güclüdən. Cəmi bəşər
də bir olan Allahdan qorxur! - dedi. Qorxu üstündə bərqərar
deyilmi dünyamız?". Nəsimi isə humanizm və
kamillik ideyasından çıxış edir:
"Güclü, gücsüz insan yoxdur, əmir! Cahil var,
kamil var. Cahilin tərzi-həyatı heyvanların tərzi-həyatına
uyğundur. Çünki hər ikisi idrakdan məhrumdur. Həqqə
qovuşan kamillər isə dünyada qorxunun səbəblərini
öyrənirlər. O kamillərdən birisi sənin
hüzurundadır, bax gör üzündə qorxudan bir əlamət
taparsanmı, əmir?" Nəsimi Teymuru inandırır ki, Fəzlullah
hərb niyyətində deyil, çünki Fəzlullah
cümlə bəşəri həqq səltənətində
birliyə çağırır. Fəzlullah Nəimi
yaşadığı dövrün ən aparıcı, ən
mütərəqqi bir ideyasını ifadə edirdi, amma Nəsimisiz
bu ideyaları insanların ruhuna aşılamaq, ölüm
qorxusu altında belə, diz çökməmək inadı
mümkün olmazdı. İsa Hüseynov tarixin ona təlqin
etdiyi belə bir həqiqəti romanda əks etdirir: Teymur
ölkələr fəth edir, özündən də
güclü olan başqa bir fatehi - İldırım Bəyaziti
məğlub edir, tezliklə ona dünya şöhrəti
qazandıracaq ən böyük qələbəsinə nail
olur, lakin "Mənəm Allah" deyən qorxunc qüvvə
ilə üz-üzə qaldığını bilincə,
özünü məğlub sayır. Nəimi edam olunur, amma
Nəimilik yaşayır və bütün Şərqi
dolaşıb hürufizmi yayan Nəsimi də az sonra edam
olunacaq (Nəsiminin ölüm səhnəsinin təsvirinə
İsa Hüseynov ehtiyac duymasa da), amma Nəsimilik də
yaşayır.
Bəxtiyar
Vahabzadənin "Fəryad" mənzum dramında da elə
bu həqiqət təsdiq olunur: "İki dünyaya
sığmayan" Nəsiminin mənəvi varlığı
yaşayır, Nəsimilik onun ölümündən sonra da həm
bir təlim kimi, həm də özünü dərk etmək,
ölümə qalib gəlmək ideyası kimi
yaşamağa qadirdir. Yaşar Qarayev yazırdı ki: "Mənəm
Allah" deyən Nəsimi, doğrudan da, öz müasirləri
arasında Allah məqamına ucalandan sonra "Nəsimi"
və "Allah" sözləri eyniləşir, sinonim olur,
sonrakı nəsimilər daha "mənəm Allah" yox,
"mənəm Nəsimi" deyirlər. Çingiz Aytmatov
da yazırdı ki "Tarixi də müasirlik qədər
yaşada bilmək, "keçmişə görə əzab
çəkmək" prinsipi Bəxtiyar Vahabzadənin bu
şərti-bədii üsulunda özünün qabarıq əksini
tapıb". İnsan niyə öz-özünü Tanrı
elan edir? Çünki yaşamaq, haqq sözünü demək
üçün real həyatda heç bir şərait,
heç bir mənəvi qayğı görünmür, odur
ki, insan bu heçliyə, bu boşluğa üsyan edir, Nəsimi
ideyalarına tapınır, onu Allahla eyniləşdirir. Pyesdə
Allah adına söylənilən bu fikirləri, əslində,
Nəsimi öz şeirlərində də ifadə etmişdi:
Allah!
Bilirik, cisim deyil, bəs nədir Allah?
Ən
yüksək olan haqda, həqiqətdədir Allah.
Dondunsa təkamül
və gözəllik qabağında,
Dərk
et, bu təəccübdə, bu heyrətdədir Allah.
Vəhdət
nə demək? Gizlidir hər zərrədə vəhdət.
Bir zərrə
ikən küllə qovuşmaq ulu niyyət!
Gördüklərimiz
zahiridir, bətnə nüfuz et!
Batindəki,
cövhərdəki fitrətdədir Allah.
Son məqsəd
"Ənəlhəq"mi.
Dilək sözdən
umulmaz.
Ən
yüksək olan zirvəyə mütləq demək olmaz.
Bir pillədə
durdunsa, "Ənəlhəq" demək olmaz,
Ülviyyətə
çatmaqdakı niyyətdədir Allah.
"Fəryad"
fəlsəfi-psixoloji dramdır - Yaşar Qarayev də bu pyesi
məhz həmin aspektdən təhlil edir və gəldiyi nəticə
budur ki, B.Vahabzadə, sanki sınamaq istəyib ki, Nəsimi təliminin
aynasında müasirləri narahat edən fikir, hiss və
duyğular görünürmü? B.Vahabzadənin bir çox
poemalarında Həyat və Ölüm fəlsəfi problemi
bədii şəkildə, özü də uğurla öz həllini
tapıb və "Fəryad"da da "ağrılı,
narahat, fəal həqiqət hissi" ilə diqqəti cəlb
edir. Pyesdə Nəsiminin özü görünmür, lakin
özünü Nəsimi elan edən iki Nəsiminin - həllacı
Musanın və Turalın simasında nəsimiliyin
varlığı, ölümsüzlüyü təsdiq
olunur. Nəsimilik təkcə sadə xalq arasında deyil,
zülm və haqsızlıq ocağı saraylarda da beyinlərə,
şüurlara hakim kəsilir. Əmirin etirafı:
"Hürufi məsləki tutub ölkəni, Tərki-silah
etdi öz balam məni!".
Məncə,
XX əsr Azərbaycan şairləri içərisində də
öz fəlsəfi-poetik düşüncəsinə, təbliğ
etdiyi fikirlərinə görə Nəsimiyə ən
çox yaxın olan məhz Bəxtiyar Vahabzadədir, - desək,
yanılmarıq. Nəsimilik onun şeir və poemalarında,
həmçinin pyeslərində özünün yeni mərhələsini
yaşayır. Amma təbii ki, XX əsrin poetik təfəkkürü
formasında.
Nəsimi
haqqında mənzum romanın müəllifi isə xalq
şairi Qabildir. Ədəbiyyatımızda Nəsimidən və
Nəsimi obrazından söhbət açanda Qabilin "Nəsimi"
poemasını xatırlamamaq olmur. Qabil bu poemaya
ömrünün beş ilini həsr edib.
Heç
kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu quş
dilidir, bunu Süleyman bilir ancaq.
Qabil də
mümkün qədər bu "quş dilini" öyrənməyə
səy etmiş, Nəsiminin yaşadığı
dövrü, o dövrün ictimai-siyasi hadisələrini, ən
başlıcası isə şairin mənsub olduğu
hürufilik təriqətinin mahiyyətini öyrənə-öyrənə
Nəsimi əsrinə gedib çıxmışdır. Tarixi
şəxsiyyətlərdən əsər yazan bir çox
müəlliflər bəzən "müasirləşdirmə"
yolu ilə gedirlər. Bir də görürsən ki, tarixdən
bizə məlum olan şəxsiyyət (şair, sərkərdə,
şah), sanki bu günün, bu dövrün adamıdır. Təbii
ki, həmin tarixi şəxsiyyət "müasirləşdiriləndə"
öz sanbalını itirir. Tarixi şəxsiyyəti,
xüsusilə, klassik sənətkarı zorla "müasirləşdirmək"
olmaz! Belə demək mümkünsə, klassikə doğru
getmək, onu mahiyyətcə dərk etmək lazımdır.
Çünki müasirliyin kökü və mənşəyi
də klassikadan, ənənədən gəlir. Qabil də məhz
bu yolu seçmişdir.
Ulu
öndər Heydər Əliyev Qabilin 70 illik yubileyində
demişdi: "Qabilin Nəsimi haqqında yazdığı mənzum
roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o,
çox böyük bir iş idi və Qabil bu işi
gördü. Bu, həqiqətən, Dövlət
mükafatına layiq bir əsərdir. Çünki Nəsimi
haqqında belə böyük, sanballı, dərin fəlsəfi
fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın,
şairin, yazıçının işi deyil. Qabil bunun
öhdəsindən gəldi".
"Nəsimi"
poeması dahi Azərbaycan şairinin həyatı, sənət
yolu, fəlsəfi dünyası və faciəli
ölümü barədə poeziyamızda ilk böyük əsərdir.
Nəsimi böyüklüyünə və onun faciəli
ölümünə çoxlu şeirlər həsr edilsə
də, amma gəlin etiraf edək ki, Nəsimi obrazını ən
dolğun şəkildə, özü də lirik-epik planda
Qabil yaratmışdır. Bu poemadan az sonra görkəmli
yazıçımız İsa Hüseynov "Məhşər"
romanını yazdı və hər iki əsəri o dövrdə
ədəbi hadisə hesab edənlər
yanılmamışlar.
Poemada həm
əruz vəznindən, onun müxtəlif bəhrlərindən,
həm də heca vəznindən, onun da çeşidli
formalarından istifadə olunur. Qabildə çox
güclü əruz duyğusu var. O, müasir Azərbaycan
poeziyasında əruzun musiqisini, ritmini, ahəngini şeirdə
yaşadan şairlərdən biri və bəlkə də,
birincisidir. Qabil hadisələri Nəsiminin dili ilə şərh
edir. Bütün əsər boyu Nəsimi, sanki Qabilin əlindən
tutub onu Şamaxıdan, Bakıdan, İrandan, Suriyadan, ərəb
şəhərlərindən keçirir, hürufiliyin bir həqiqət
kimi, Allahı İnsanda axtarmaq həqiqəti kimi dərk
etdirir. Və beləliklə, Qabil də nəsimiləşir.
Əsərin final səhnəsinə diqqət yetirək:
"Zahidin
bir barmağın kəssən
dönüb həqdən
qaçar,
Gör bu
məğrur aşiqi sərpa soyarlar, ağrımaz"
Fəqət
qanım axır, saralıram mən,
Şənqəşül
Hənəfi qayıdır birdən,
İstehzayla
deyir gözlərində kin:
- Əgər
Allahsansa, axdıqca qanın,
Söylə,
bəs nə üçün saralır rəngin?
- Mən
eşqin fəcrində qızıl atəşəm,
Zahid,
saralmazmı sönəndə atəş?
Mən
eşq üfüqündə doğan Günəşəm,
Saralar
qüruba dönəndə Günəş!
Xalq
şairi Rəsul Rzanın "Son gecə" poeması da Nəsimi
haqqında ən dəyərli əsərlərdən biridir.
Əsər 1973-1974-cü illərdə qələmə
alınıb. Amma Rəsul Rzanın Nəsimi
axtarışları altmışıncı illərin
sonlarında başlamışdı. "Cahana sığmayan
şairin qərib məzarı" Azərbaycan mədəniyyət
xadimlərinin Suriyaya səfərindən sonra
yazılmışdı. Bu yazıda Rəsul müəllim Hələb
şəhərində Nəsiminin qəbrini
axtardığından, qəbri tapıb onu ziyarət etdiyindən
söz açır. Rəsul Rzanın "Böyük
şair haqqında qeydlər", "Nəsiminin bir beyti
haqqında" məqalələri də
altmışıncı illərin sonlarında qələmə
alınıb və görünür, Nəsimi poeziyasına və
şəxsiyyətinə maraq təsadüfi deyilmiş. Yeri gəlmişkən
qeyd edim ki, Nəsiminin yaradıcılığı, Azərbaycan
poeziyasında yeri, Nəsimi və hürufizimlə
bağlı ədəbiyyatşünaslıq elmimizdə də
son əlli ildə az iş görülməyib. M.Quluzadənin
"Nəsimi" monoqrafiyası, həmçinin C.Qəhrəmanovun,
Əkrəm Cəfərin, V.Feyzullayevanın, A.Rüstəmovanın,
Ə.Səfərlinin, Rəhim Əliyevin, Səadət
Şıxıyevanın məqalə və monoqrafiyaları nəsimişünaslığa
xeyli boşluğu aradan qaldırdı. Bu, əlbəttə,
başqa bir söhbətin mövzusudur.
"Son
gecə" poeması Nəsiminin zindanda - sabahkı edamdan
qabaq düşüncələrini ifadə edir və bu,
keçilən məşəqqətli, amma şərəfli
ömür yoluna, həyat və insanlıq haqqında son qənaətləridir.
İmadəddin
düşünür:
"Nədən,
insanlığın
iztirab yolu
belə
uzun, belə sonsuzdur.
Əsrlər
boyu
güc ədaləti
susdurur".
Poemada Nəsimi
dönməzliyi, əqidəsi yolunda ölümə belə,
göz qırpmamağı onun zindan gözətçisi ilə
söhbətində öz ifadəsini tapı rvə bu
dialoqda-söhbətdə Nəsimilik meyarı belə
açıqlanır:
Sükutu
pozur qoca.
"Ya
şeyx, niyə tövbə etmədən?
Səni
bağışlardı məzhəb, din".
"Qoca!
Böyük
həqiqətə,
doğru
sözümə tövbə deyimmi?
Mən
deyirəm Allahın
canlı
təcəssümü
sənsən,
mənəm
Allahın
damlası
İnsan
özüdür.
İnsan
düşüncəsi,
doğru
sözüdür.
Bax, budur
Allah...".
Ümumiyyətlə,
Nəsimi şəxsiyyətinə və Nəsimiliyə
poeziyanın müraciəti keçən əsrin 60-80-ci illərində
daha güclü idi. Görünür, bunun əsas səbəbi
də böyük şairin 600 illiyi ilə bağlı idi. Nəsimi
haqqında ən gözəl şeirlər, poemalar məhz o
illərdə yazıldı. Təbii ki, bu yazıda Nəsimi
obrazının Azərbaycan şeirində necə əks
olunduğunu bircə-bircə, misallarla açıqlamaq
mümkün deyil. Ancaq üç şeir haqqında söz
açmamaq insafsızlıq olardı. Əliağa
Kürçaylının "Nəsimi" şeirində
şair rəssama Nəsiminin şəkli necə
olmalıdır tövsiyəsini verir.
Qardaşım,
bircə ricam var ancaq:
Sən Nəsimini
çəkərkən elə çək
Baxışından
səpələnsin şimşək.
Günəşin
nurunu doldur gözünə,
Kişilik
nəqş elə dönməz üzünə.
Kişilik-atəşə
yansın dönməz!
Soyunub
buzda uzansın-dönməz!
Gözü
xəncərlə oyulsun-dönməz!
O salar
heyrətə allahları da,
Söyləyər
Tanrı da, Allah da mənəm.
İsa
İsmayılzadənin səksəninci illərdə
yazdığı "Heykəl Nəsiminin monoloqları"
şeirində Nəsiminin edamqabağı son sözlərini
eşidirik. O, üzünü gələcək nəsillərə
tutub deyir ki:
Məni
qınamayın
600
yaşı var axan qanımın.
Əsrlər
üstündə, illər üstündə
Nifrət
bayrağı tək uca tutduğum,
Sevgi
bayrağı tək uca tutduğüm,
Yellənə-yellənə
yol gələn qanım,
Axır
bir gün gəlib sizə çatacaq,
Axacaq,
axacaq damarınızda
Mən də
axacağam damarınızda.
Ancaq
Əli Kərimin "Şəhidliyin zirvəsi" şeiri
fikrimizcə, Azərbaycan poeziyasında Nəsimi haqqında,
onun şəhidliyi barədə yazılan şeirlərdən
ən nadiri, ən kamilidir. Hətta deyə bilərəm ki,
İsa Hüseynovun "Məhşər"i nəsrdə,
Qabilin "Nəsimi"si epik poeziyada, Bəxtiyar Vahabzadənin
"Fəryad"ı dramaturgiyada hansı ucalıqda
dayanırsa, Əli Kərimin "Şəhidliyin zirvəsi"
də şeirdə o ucalıqda yer tutur. "Azərbaycan ədəbiyyatında
Nəsimi obrazı" qeydlərimi də Əli Kərimin həmin
şeirindən bir parça ilə bitirirəm:
Altı
yüz ildir idrak
çırpınır
pələng kimi,
Nərə
çəkir, ağlayır,
tapa bilmir
ki, bilmir -
o bir
sirri-xudanı.
Təpədən
dırnağadək
soyalar bir
adamı;
Necə
ola dinməsin
Böyük
əqidəsindən
Bir
misralıq enməsin.
Gözündən
bir nöqtə yaş
sinəsinə
düşməsin.
Qaşları
çatılmasın
bir
xırda vergül qədər.
Diri-diri
soyulsun,
əqidədən
keçməsin.
Altı
yüz ildir bəşər
ağrılardan
inildər.
Altı
yüz ildir bəşər
düşünər,
çatmaz yenə
Məşəqqətli
ölümün
Nəsimi
zirvəsinə.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.22-23.