"Məhsəti" üçün
müəllif yazısı
Yazıçı - alternativ həyatı göstərəndir. Yaradıcı olmaq - Yaradanın
yaratdıqlarının görünməyən
tərəfini açmaq
deməkdir. Oxucunu Ayın
o biri üzündə
gəzdirməkdir bu. Su üstündə
yeriməkdir. Gözləri
yumulu, idrakı açıq, ruhu güclü, ürəyi sirlərlə dolu halda...
Tarixi şəxsiyyətin
həyatı, düşüncələri
haqda bədii əsər yazmaq isə tamamilə fərqli yanaşma tələb edir. Sən yaşamadığın
zamanlar, görmədiyin
məkanlar, tanımadığın
insanlar haqda yazmalısan. Və bu
mətni tarixçi kimi yox, yazıçı
kimi işləməlisən.
Çünki tarixçi öyrənmək
və təqdim etmək üçün seçdiyi zaman kəsiyinə aid olan konkret rəqəmlərə
və hadisələrə
diqqət yetirir.
Yazıçı isə təsvir
və təqdim etmək üçün seçdiyi zaman kəsiyinə aid olan konkret şəxsiyyətlərə
və onların mənəvi dünyasına
köklənir.
Tarixçi zamana "olub", "baş verib" prizmasından baxır.
Yazıçı isə "belə
də ola
bilərdi", "belə
də mümkün idi" bucağından yanaşır.
Tarixçi üçün keçmiş,
sadəcə, xronologiyadır.
Yazıçı üçün - xatirə
dəftəri. Bəzən isə hətta gündəlik...
Yazıçı həyatını və düşüncələrini qələmə
aldığı qəhrəmanın
hamı üçün
olan və tarixdə öz xronoloji qeydiyyat hüququnu almış həyatının alternativ
versiyasını yaradır. Bunu bacarmaq
üçün isə
tarixçilərin təqdim
etdiyi informasiyanı əldə etmək, özünü qəhrəmanların
yerində, zamanında,
ruhunda hiss etməyə
çalışmaq, onları
məntiqin və təxəyyülün vasitəsilə
dinləməyə, görməyə,
anlamağa can atmaq lazım olur.
Məhsəti haqqında roman yazmağa məni bu gözəl
şairəmizə olan
sevgim və marağım vadar etdi. O, Azərbaycanın ilk qadın yazarı, ilk qadın şahmatçısı,
ilk qadın musiqiçisidir.
Min ilə yaxındır
ki, bütün Şərqin poetik dünyasına öz fərqli və gözəl rübailəri
ilə işıq saçır. Min ilə yaxındır ki, ölkəmizin bütün qadın yazarlarının ustadı,
mayakıdır. Bunu
bilsək və qəbul etsək də, bilməsək və qəbul etməsək də...
Hərdən düşünürdüm, görəsən
onunla eyni zamanda yaşasaydım, onu tanısaydım, rəfiqəsi olsaydım,
mənə özü
barədə nələr
danışardı, nələri
etibar edərdi? Görəsən o, indi, mənim yaşadığım zamanda
yaşasaydı, münasibətlərimiz
necə olardı?
Nə yazardı, görəsən
Məhsəti? Necə? Hansı janrda? Hansı üslubda?
Məncə, o, yenə də ədəbiyyatımızda fərqli
və gözəl əsərləri ilə lider olardı.
Məhsətini tanımaq, görmək,
öyrənmək istəyim
o həddə idi ki, hərdən də "kaş gündəliyi olaydı, kaş xatirələri qalaydı", - deyə heyifsilənirdim. Bir gün anladım ki, onu daha
yaxından, daha dərindən tanıyıb
öyrənməyimin yeganə
yolu şairə haqda roman yazmağım ola bilər.
Elə o qətiyyətlə
də Məhsətinin
ruhuna köklənib, onun ilk pıçıltılarını
eşidirmişəm kimi
bir ovqatla bu romanı yazmağa başladım:
"Həyat böyük
bir şətrənc lövhəsidir mənim üçün. Qarşımdakı
ağ bir damadan başlayır - şeir kimi...".
Romanı yazmaq üçün, sadəcə, təxəyyül
və yazıçı
fantaziyası yetməzdi. Və mən
bu yolda əlim çatan bütün mənbələrdən
bacardığım qədər
yararlanmağa çalışdım.
Məndə Məhsəti haqda
dolğun təsəvvür
yaradan "Məhsəti
necə varsa" kitabına görə ədəbiyyatşünas-alim, filologiya üzrə elmlər doktoru, akademik Rafael Hüseynova təşəkkürümü bildirirəm!
Romanın Sultan Səncər və
İmam Qəzzali haqqındakı xətti üçün məndən
köməyini və məsləhətlərini əsirgəməyən
şərqşünas-alim və tərcüməçi,
filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədiyə
təşəkkür edirəm!
Romanda istifadə etdiyim
"Quran" ayələri görkəmli şərqşünas-alim,
tarixçi, akademik Ziya Bünyadovun, şərqşünas-alim, tərcüməçi,
akademik Vasim Məmmədəliyevin və
məsləhətçi redaktor,
Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
Şeyxülislam Allahşükür
Paşazadənin birlikdə
nəşrə hazırladığı
"Qurani-Kərim"dən götürülüb. Buna görə
onlara dərin ehtiramımı bildirirəm!
Romandakı Məhsəti rübailərinə
görə Azərbaycan
poeziyasının görkəmli
nümayəndəsi, Məhsətidən
üzü bəri şairələrin yolunu davam etdirib bizlərə
əmanət qoyan Nigar Rəfibəylinin ruhu qarşısında baş əyirəm!
Məhsətinin bəzən qədim yunan şairəsi Safo ilə müqayisə
edildiyini nəzərə
alıb, romanda bu xətdən də yan keçməməyi
qərara aldım. Safonun həyatı
və yaradıcılığı
barədə məlumatlardan
istifadə etdim və onun romanda
gedən şeirini dilimizə çevirdim.
Sonda isə bu romanı Şərqin və Azərbaycanın söz sənəti daşıyıcıları
olan bütün xanımlara həsr etdiyimi qürurla bildirirəm.
Cavi Dan
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.23.