Banan
hekayə
Mağazadan çıxanda gördüm
onu. Mənə baxıb gülümsəyirdi.
Aramızda bir neçə
addım vardı.
Bu addımların çoxunu da o atdı. Bir-birimizə bir neçə
addım qalmış
dayandıq. Üstü-başı tökülürdü. Geyimi çox
yoxsul idi. Qırx yaşlarında olardı.
Mən bir az heyrət,
bir az da
təəccüb içində
idim, amma o gülümsəyirdi. Təbəssümündə nəsə yazıq
bir ifadə vardı. Xəstə uşağın içindəki ağrını
boğub anasına gülümsəməsi kimi
bir şey. Mən də gülümsədim.
Amma mərhəmətlə yox.
Çünki onun təbəssümü
mərhəmət dilənmirdi,
sadəcə, ötüb-keçənləri
unutmaq istəyi vardı. Bir az təbəssüm
etmək istəyirdi. Dünyanın ən məsum istəyi... Vəssalam!
Üz-üzə dayandıq. Hətta çox romantik
alındığını bilməsəydim, güclü
küləyin saçlarını
üzümə toxundurduğunu
da təsvir edərdim. Di gəl ki, XXI əsrdə təbiət təsvirləri dəbdən
düşüb. Kişi olduğum
üçün ilk sözü
mən deməli idim.
- Bağışlayın, biz tanışıq?
O elə "yox" dedi ki, heç
min ilin tanışı
da bu cür
səmimiyyətlə danışa
bilməzdi. İnsanlar
ya tanış
olar, ya da nə zaman
və harda tanış olduqlarını
yada salmağa çalışarlar. "Biz tanış deyilik"lə
başlayan bir dialoq çox uzana bilməz. Uzandı amma...
- Bəs indi biz nə edək?
- Bilmirəm.
- Onda ayrılaq.
- Bəlkə, nə zamansa görüşmüşük?
- Yox, mən dəqiq
bilirəm.
Bu qəribə görüşü
bitirib qaynar çay içmək üçün yaxınlıqdakı
kafeyə girdim. Çayımı içəndən sonra saata baxdım. Gec idi, evə getmək
lazım idi. Pulu stolun üstünə qoyub kafedən çıxdım. Kafe ilə
üzbəüz marketdə
bir anda hay-küy qopmuşdu. Bir oğlanı oğurluq üstündə tutmuşdular,
mağazanın işçiləri
onu dövrəyə almışdı. Oğlan oğurluq
etmədiyini deyirdi, amma onu danışmağa
qoymurdular. "Oğru"nun,
ya da oğrunun
qolundan tutub ətrafdakılara nəsə
başa salmaq istəyən bircə adam vardı.
O da o idi. Oğlanın yaxasın buraxdılar,
o da sürətli addımlarla mənə tərəf gəldi.
Yenə gülümsəyirdi. Bu dəfə
də sualı mən verdim:
- Adın nədir sənin?
- Neynirsən?
- Sənə nə deyim bəs?
- Nə istəyirsən de.
- Aişə, necədir? Olar?
- Olar...
Bunu deyib çay içdiyim kafenin vitrininə baxdı.
- Bəlkə, bir çay içək? İstəyirsən?
"Əlbəttə", - dedi
arxamca düşüb
kafeyə girdi. Girişdə qapını
bizim üçün
açan oğlan ona, sanki bir
az qəribə
gəldi. Sanki indiyə
kimi heç kim onun
üçün qapı
açmamışdı. Qarşımızdakı menyuya gözünün ucuyla da baxmadı.
Ona görə soruşası oldum:
- Bəlkə, acsan?
- Yox, çay istəyirəm.
- Böyük stəkanda?
- Fərqi yoxdur. Sən hansından istəyirsənsə,
ondan olsun.
Başımızın üstündə dayanan ofisiantdan iki stəkan çay istədim. Ofisiant çayları gətirib
qarşımıza qoyana
qədər o, uzun-uzun
mənə baxdı.
Çaylar gələn
kimi ilk qurtumu içib dedi:
- Bilirsən, burda, yaxında bir market var. Mer-meyvəni çox ucuz satırlar.
- Hardadı?
- Elə bir az qabağa gedib sola dönürsən.
Göstərərəm sənə...
- Göstərərsən.
- Həmişə ordan alver edirəm.
- Bəs harda yaşayırsan?
- Qara Qarayevdə.
- Burdan meyvə alıb sonra o boyda yol gedirsən?
- Hə, burda ucuzdur.
Bu söhbəti dava
etdirmək üçün
nə bir sual, nə də
söz tapıb deyə bilmirdim. Düzdür, bir dəfə sərxoş ikən kafenin barmeninə ölkədə pambıqçılığın
inkişafı haqqında
uzun bir mühazirə oxumuşdum.
Pambıq sahəsini ancaq
televizorda, AzTV-nin
"Torpaq 97" verilişində
görməyimin söhbətə
heç bir dəxli yox idi. O zamandan bu yana qədər kənd təsərrüfatı mövzularına
qoşulmuram. İndi meyvənin
qiyməti də məni qətiyyən maraqlandırmırdı. Çünki hər meyvədən iki dənə, uzağı üç dənə alırdım.
Amma onun fikri,
sanki uzaqlara
getmişdi. Sanki pıçıldayırdı:
"Bir dəfə anam iki banan
almışdı, doqquz
yerə bölüb yedik".
Nə vaxtsa, meyvəni kilo ilə aldığım zamanlarda
"Banan qabığındakı
kədər" adlı
bir kitab oxumuşdum. Xəyalım o kitabın yanına
getsə də, orda çox ləngimədi.
- Doqquz yerə niyə bölürdünüz
ki?
- Yeddi uşaq idik.
- Hə, belə de...
- Elə o banan yeməyimizdən bir neçə gün sonra anam öldü.
- Allah rəhmət eləsin.
- Sonra atam təzədən
evləndi.
- İndi harda qalırsan?
- Atamla qalıram artıq.
- Artıq niyə?
O susdu, ilk dəfə gözündə hüzn gördüm. Kədərinin mənə sirayət
edəcəyindən qorxdu
elə bil. Yenidən təbəssüm etdi.
Danışmağa söz
axtaranda ağlıma bu sual gəldi:
- Tutaq ki, butulka
tapmısan. İçindən cin çıxıb.
Nə arzulayarsan ondan?
- Necə yəni cin?
- Butulkadan cin çıxmır? Elə
də...
- Hə, qızıl balıq kimi?
- Ay sağ ol.
Elə.
- İstəyərəm ki, anam, bacılarım
geri qayıtsın. Sonra bir ev olsun bir yerdə
yaşayaq. Bir də... Bir də...
Tərəddüd və utancaqlıqla
əlavə etdi:
- Müğənni olmaq istəyirdim. 42 nömrəli
musiqi məktəbinə
gedirdim. Kazım müəllimin
sinfinə. Bir dəfə
də AzTV-yə çıxmışdıq.
- Sonra necə oldu?
Öz həyatının
qısa məzmununa oxşayan acıqlı bir baxışla uzaqlara baxdı. Hara toxunurdumsa, ağrıyırdı
qadın. Di gəl ki, barışmışdı
bütün bunlarla.
Bəlkə də, buna görə həvəslə danışmağa
davam elədi:
- Evi bilirsən niyə istəyirəm? Çünki atam üçüncü
dəfə evlənib.
Bacılarım ərdədir. Qardaşlarım Rusiyada. Ona görə istəyirəm
ki, anamla bacılarım geri qayıtsa, qalmağa yerimiz olsun. Mən müğənni olmasam da olar.
- Bəs atan səni
niyə evdə saxlamır?
- Dünən getmişdim, dedi gəl bizimlə
qal. Evə qeydiyyata da saldıracaq. "Pasport stol"a getmişdim. Orda yaxşı bir insanla tanış
oldum. Mən otağa girəndə
musiqiyə qulaq asırdı. Hansı
sənədlər lazım
olduğunu kağıza
yazıb verdi.
Budur, üstümdədir.
Əlini cibinə atıb bir parça kağız göstərdi. Kağızda üç şahid sözünə gözüm
ilişdi.
- Şahid nədir?
- Qonşulardan üçü
gəlib deməlidir ki, mən həqiqətən
o evdə yaşamışam.
- Başa düşdüm.
- Danışmışam. Gələcəklər.
- Çox gözəl.
Saata baxdım, metronun bağlanmasına az qalmışdı. "Duraq", - dedim, "yaxşı" - dedi. Tez ayağa qalxıb gödəkcəsini məndən qabaq geyindi. Kafenin qarşısında sağollaşdıq. Lakin o, metro tərəfə getmirdi. Soruşdum. "Mer-meyvə almalıyam", - dedi. "Bir yerdə gedək onda, mənim də yolum o tərəfədir". Birgə addımlamağa başladıq. Birgə dükana girdik. O, əli ilə sayıb doqquz banan aldı. Mağazanın qarşısında Aişə ilə köhnə tanışlar kimi sağollaşdıq.
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2019.-
2 fevral.- S.25.