Şeirimizdə "İkinci
addım" teoremi
Dayandur Sevginin 60 illik yubileyinə
Tanınmış şair, uşaqlıq
və gənclik dostum Dayandur Sevgin bu günlərdə
mənə yeni bir kitabını verdi, kitabın
adına baxan kimi ilk düşündüyüm
bu oldu ki,
nəyə görə
şair kitabının
adını "İkinci
addım" qoyub? İstər
ad məsələsində və ya hər
hansı bir şeirin qaranlıq yerində köməyimə
gələn uşaqlıq
illərindən bu günə kimi heç vaxt məni tərk etməyən özüməməxsus
yozumum oldu.
Dayandur başı və əli ilə etiraz edəndən, mən də "İkinci addım" şeirini birnəfəsə
oxuyub başa çıxandan sonra qəti qərara gəldim ki, şair tərəkəməsayaq
etirazında çox haqlıdr və şeirlə qoşa addımlayan yozumum mənə diktə etdi ki, müəllif
bu şeirlə şeirimizdə olan ikinci addım məsələsini bir az da özünəməxsus
şəkildə genişləndirib.
Məsələnin həlli barədə
sonra.
Filologiya elmlər doktoru Sona Vəliyeva və tənqidçi Əsəd Cahangirin kitaba yazdıqları ön sözü oxuyandan sonra mən ayrı bir yol başladım. O yolu ki, Dayanduru necə
tanıyıram, şeirləri
hardan qaynaqlanır, hardan gəlib-hara gedir və s. prizmalardan onun yaradıcılığını, həyatının bəzi
məqamlarını oxucularla
bölüşməyə çalışdım.
Dayandur əsl kənd adamıdır, daha doğrusu, kəndin bütün təsnifatını özündə
daşıyan müdrik
bir şairdir. İlk baxışda o, sadəlövh
görünə bilər,
amma aran torpağının qır
qazanında qaynayan, qaynadıqca gözəlləşən
Gürzənin, cəld
dovşanın və qış aylarında qoyunların dodağını
öpən yovşanın,
qarağanın, kətyənin,
sirkənin, quşotunun
ansamblından yaranan bir harmoniya yaşayır
onun təfəkküründə.
Əgər bunların biri
yoxdursa, demək, Dayandurun, şeirinin bir hecası çatmayacaq.
Onun "Dərənin
dərdi", "Yetim
uşaqlar" şeirləri
80-ci illərin ortalarında
dillər əzbəri
idi. Məhz bu şeirlərin
güclü heca enerjisi heç vaxt Dayanduru əyilməyə, yəni,
sərbəst şeirə
yuvarlamağa qoymadı,
eləcə Dayanduru dümdüz saxladı.
Çünki bu şeirlərdə
heca vəzni o qədər güclü və qatıdır ki, Dayandur onun
yolundan heç bir yerə sapa
bilmədi, sonrakı şeirlərini də həmin vəznin üstünə düzdü.
Daha bundan başqa Dayandurun ayrı yolu
qalmırdı.
Dağlar
"Yanıq Kərəm",
dərə "lələ"di,
"Kərəmi" adınca çəkdi öz köçün.
Dərələr özünü şəhid
elədi,
Dağları göylərə qaldırmaq
üçün.
Dərənin canını illərdən
bəri,
Alsa da ürəyi dolmaz
dağların.
Dərələr torpağın istəsə
geri,
Boyu bir təpəcə qalmaz
dağların.
Şeirin həm intonasiya, həm qafiyə, həm də ictimai-siyasi,
sosial məna sistemi şifahi nitqimizə yeni bir güc verərək,
onu 80-ci illərdə yaddaşımıza əbədi
yazmışdı. Dağın "ədalətsizliyi"
içtimai məzmun daşıyır. Necə
ki, Aşıq Ələsgər deyir ki, "Yoxsulu, ərbabı,
şahı, gədanı, tutmaz bir-birindən aralı
dağlar". Bəs Dayandurun dağı
o dağdan deyilmi? Bəs nəyə
görə Dayandur indiyənə kimi işvə-naz içində,
öz cuna duvağında bəslənən dağı birdən-birə
"tənqid" eləsin? Ona görə
ki, Dayandurun "Dərənin dərdi" şeirinin
yarandığı zaman kəsiyində sovetpost məkanının
dağılması zamanı şeirimizdə forma və məzmun
dəyişikliyi baş verirdi. Artıq
müqəddəs saydığımız hadisə və
detallara yeni məna yükünü verməklə onun indiyə
qədər ifadə etdiyi funksiya dəyişilirdi.
Dərənin dərə, dağın dağ olması adi bir təbiət hadisəsidir. Bu təbiət
hadisəsinin quruluşuna şairin verdiyi məna o dövrdə,
elə bu gün də uğurla səslənir.
Dayandur təbiət
adamıdır. Təpəl quzuları
yuxuya verib, qaşqa atları xamlığa ötürüb,
ayağı səkil itlərə küt atıb, şəhərə
öz xəyalların dalınca gələn inadcıl,
dözümlü, toy-nişan, yas, mərasim dilini mükəmməl
bilən bir el-oba ağsaqqalıdır. Ona
görə də onu ilk şeirlərinin, mənalı, duzlu,
orijinal misralarının ilk cığırından heç
kimi çıxara, sapdıra bilməmişdir. Hətta mən nə qədər istəsəm belə.
Çünki onun şeir çörəyinin
mayası şəhərdə satılan droj deyil, xamradır.
Xamra istər məişət, istərsə də
mənəviyyat üçün gen kimi, hüceyrə kimi
çox gərəkli maddi və mənəvi bir
anlayışdır. "Yetim
uşaqlar" şeirinə baxaq.
Qüssənin əbədi qonşuluğunda,
Yumaq tək büzüşüb bir
uşaq yaşar.
"Yetim" kəlməsinin qapazı altda
Gözüqıpıq olar, dili dolaşar.
Şeirdəki "gözüqıpıq" ifadəsi
təkliyin, kimsəsizliyn, qorxaqlığın
adıdır.
"Yetim" kəlməsinin vurduğu qapaz
uşağı kirpiklərini tez-tez qırpmağa öyrəşdirir.
Yetim uşaqlar həmişə belə qorxaq
olurlar. Burdan görünür ki, şair
hadisə və detallara həyatdakı adından başqa
ayrı bir ad da verə bilir. Şairlik isə
elə bu cür ad verməklərdən başlayır. Sonrakı bəndə diqqət yetirək.
Baharı
bənzəyər boranlı
qışa,
Dünya gözlərində bir sual olar.
Uşaqkən keçərək yuxarı
başa,
Atasız bir evdə ağsaqqal
olar.
Yetim uşaqlar
kənddə, eldə-obada
ata əvəzi olurlar. Onları evin başçısı kimi
toya, nişana, yasa göndərirlər. Beləcə,
yetim uşaqlar yaşlı adamlarla oturub dura-dura vaxtından əvvəl
ağsaqqalaşırlar. Tale onları belə
amansızcasına yaşlandırır.
Dayandur əksər
şeirlərində öz
taleyini yazır. Elə bu şeirdə də. O
uşaqlıq illərində atasını itirib. O vaxtdan
atası əvəzindən kəndin xeyrində-şərində
iştirak edib. Necə deyərlər,
yaşına uyğun olmasa da, yuxarı başda oturub. Bu tərbiyə Dayanduru yetkin, yuxarıda dediyim kimi,
müdrik bir insan kimi yetişdirib.
Bir gün tanıdığım məşhur
bir insanın atasının dəfn mərasiminə
yığışmışdıq. Mərasimdə ölkəmizdə
tanınmış adamları iştirak edirdilər. Mərhum məzara qoyulanda oğlu ucadan
hönkürməyə başladı. Heç
kəs cəsarət edib onu sakitləşdirmək istəmirdi,
bəlkə heç kəsdə belə bacarıq yoxuydu.
Birdən Dayandur irəli çıxıb həmin adama
acıqlanırmış kimi bir-iki kəlmə söz dedi:
"Niyə ağlayırsan? Bəsdi,
ağlama. Şükür Allaha,
günün görüb, dövranın sürüb, o nəvələri,
o, nəticələri, bu da sən. Allah
bilən məsləhətdi, verən də Allahdı, alan da".
Hamı bu mənzərəyə tamaşa
edirdi. Elə bil birdən-birə o adam
sakitləşdi. Dayandur ona təsir etmişdi.
Yenə həmin adamın içində dəli
bir hıcqırıq atılıb düşürdü.
Bu zaman Dayandur təcrübəsinə əsaslanaraq
yeni bir variant seçdi. Mərhumun
torpağında bir çimdik götürüb həmin
adamın boynuna ovuşdurmağa başladı. Həmin adam birdən-birə kiridi, baxışları
ilə Dayandura minnətdarlıq etdi.
Bu onu göstərirdi
ki, Dayandur uşaqlıq illərindən
xalqın yas mərasimlərində iştirak edib, xalqın
hikmətini dərindən öyrənib. İndi onun
yazdığı şeirlər də qazandığı təcürbəyə,
yüyələndiyi hikmətə söykənir.
Dayandır əzab-əziyyətlə yaşayıb,
amma halal yaşayıb. Həyatın
qırmancları onun ürəyində qabar bağlayıb.
Qabar demişkən, yadıma bir hadisə
düşdü. 80-ci illərin əvvəllərində
İmişlidə "Məhsul bayramı"
keçirilirdi. Bizə dedilər ki, siz də
hazırlaşın (Dayandur, Sərvaz və mən), həmin
tədbirdə hərəniz bir şeir oxuyacaqsınız.
Tədbir İmişli Rayon Partiya Komitəsinin
qarşısında keçirildi. Burda bizə
söz vermədilər. Kədərləndik.
Dedilər, "Dəmir Yol Meydanı"nda
söz verəcəyik. Burda da vermədilər.
Axırda dedilər Arazın üstündə təzə
çəkilmiş körpüdən çaya tonqal
atacağıq, gəlin orda sizə söz verəcəyik.
Burda da vermədilər. Həmin
gün Dayandur özünə təzə bir ayaqqabı
almışdı. Ayağını
sıxırdı.Vəd verilən yerlər bir-birindən uzaq
olduğundan əldən düşmüşdük. Dayandurun ayağını ayaqqabı döyüb
qabar eləmişdi. Çox kövrəldim, indi də
bunları yazarkən kövrəlirəm, ürəyimdən
keçir ki, o qabarın xatirinə sabah
Dayandurun boynunu qucaqlayıb öpəcəyəm.
O vaxt İmişlidə yazab-yaradan tanınmış şair və
yazıçılar Səyyad Aran, Murad Qoçuoğlu, Sərvaz
Hüseynoğlu və mən Dayandurun şeirlərini yüksək
dəyərləndiririk. Şükürlər
olsun ki, bu dəyər şairin 60 illik yubileyinə qədər
yol gəldi.
Gələk "ikinci addım" teoreminin ispatına.
Əslində Dayandur yubiley yaşına çap etdirdiyi kitabın
adını "İkinci addım" qoymasının əsas
səbəbi birinci addımla bağlıdır. Birinci
addımda baş verənlərin sirri ikinci addımda
açılır. Səməd Vurğunun
da ikinci addım yıxılmaqdır, Dayandur da isə özünü
tapmaq. Hər iki şairin şeirində
ikinci addımın nəzərətdə saxladığı
fikir ərazisi birinci addımla səciyələnir.
S.Vurğun da
Birinci addımda lovğalananlar,
İkinci addımda yıxılacaqdır.
Dayandurda "Birinci addımda lovğalanların, ikinci addımda ağlı
başına gələcək" fikri 60-ci illərdən
2018-ci ilə qədər inkişaf edən fikir sintezinin təzahürüdür. Birinci
misranın qərarı 60-cı illərdəki kimi deyil.
Artıq mətn inkişaf edib, ya da Səməd
Vurğunun - yəni birinci misranin verdiyi qərarın yeni
alternativ variantı üzə çıxıb. İndi ikinci addımda "yıxılmaq" yox,
ağıllanmaq, inkişaf etmək realdır. Çünki istehlak vasitəsilə təkcə
sosioloji deyil, elmi, bədii, fikri istehsallar da artıq yeni
qazanclar, sərmayələr ortaya qoyur. Bu gün zehni
istehlak olan internet məkanında hər an
bilgisayarın düyməciklərinin üstünə şəhadət
barmağını basmaqla sənə milyonlar qazandıra bilər.
Ona görə də bugünkü şeirimizdə
birinci addımın ikinci addımı yıxmaq imkanı
azdır.
Şeirin
aşağıdakı bəndində
deyildiyi kimi:
Həsrəti ən uzaq səfərdə daddım,
Sevincin müjdəsi
ayaq səsidir.
Həyatda atılan birinci
addım
Döyüşə hazırlıq mərhələsidir.
Dayandurun
heca intonasiyası, gur, sıx havacatı az-az şairlərdə ola bilər. Onun çöl yaddaşı,
yuxarı da dediyim kimi, ağ ürgə, qara zolaqlı
gürzə, yəhər, dəryaz, çırağın
dibindəki nöyüt, at nalının sərt qara
daşlarda çıxardığı cınqı,
ayaqdakı qabar, haça ağacların arasına keçən
maral buynuzu heç vaxt onu azdıra bilməz. Lakin
bəzən olub ki, Dayandur bəzi şeirlərini həmin
havada saxlaya bilmədi. Şair bunun səbəbini
şeirlərin birində çox dəqiq ifadə və
etiraf edir.
Bəxt
gülsə yetimin qəlbi açılar,
O da balıq kimi
əldən sürüşüb.
Mənə bu dünyada ağrı-acılar,
Sənə bu dünyaya gəlməmək düşüb -
Yaza bilmədiyim
şeir, bağışla
məni.
Əgər Dayandur "yaza
bilmədiyi şeir"
haqqında bu cür gözəl şeir yazırsa, yuxarıda dediyim gileyimdən bir az çəkinmək
istəyirəm. Demək o, gözəl
yazır, daha gözəl də yaza bilər və yazacaq. Necə ki, tarixi materializmdə
deyildiyi kimi, bazis yoxdursa, üstqurum da olmayacaq və ya əksinə.
İndi
bu gün əziz dostum, gözəl şair Dayandur Sevgin, Əli Kərim demiş, 60 yaşının
yamacında (söz yamacında) başının
altında əllərini
carpazlayaraq doğulub boya-başa çatdığı
Ağamallar kəndinə,
ayağını döyən
ayaqqabıya və bütün bunlardan sonra yarışmada qalib gələn və Azərbaycan Dövlət Televiziyasının
klip çəkdiyi
"Azərbaycan bayrağı"
şeirindəki üçrəngli
bayrağa qürurla boylanır. Haqqı da var boylanmağa.
Qəşəm Nəcəfzadə
Ədəbiyyat qəzeti.- 2019.-
2 fevral.- S.24-25.