Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə kanadalı
yazıçı Maykl Ondatjenin "İngilis pasiyenti"
(1992) əsəri əsasında çəkilmiş
eyniadlı filmi təqdim edirik.
Romanın
süjeti: İkinci Dünya müharibəsinin bitməsinə
az qalır. İtaliya ərazisində
yerləşən, bombardman nəticəsində bir hissəsi
dağılmış San-Cirolamo monastırında bədəni,
üzü-gözü yanmış xəstə yatır.
Ona Kanada ordusunda xidmət edən tibb
bacısı Hana qulluq edir. Yaddaşını
itirən, adı, soyadı bilinmədiyindən "ingilis
pasiyenti" adlandırılan kişiyə məxsus olan tək
əşya Herodotun "Tarix" kitabıdır. Kitabın arasında onun qeydləri, bir neçə
foto və məktublar var. Hana xəstəyə kitabı
oxuduqca o, qırıq-qırıq keçmişini, kimliyini
xatırlamağa başlayır. Bununla belə,
yenə adını yadına sala bilmir. Bəzən
o, doğrudan da ingilis olduğuna inanır. Çünki aksenti ingiliscəyə uyğun gəldiyindən
onun ingilis olduğunu güman edirlər. Əslində
isə o, macar qrafı, səhra üzrə tədqiqatçı,
Britaniya kartoqraf qrupunun üzvlərindən biri Laslo
Almaşidir.
Hana daim bir yerdən başqa yerə yollanan sanitar
maşınında xəstənin əziyyət çəkdiyini
görüb, monastırda yerləşməyi qərara
alır. Müharibədə sevgilisini və atasını
itirən, emosional partlayış yaşayan Hana
gücünü toplayıb ingilis pasiyentinin
qayğısına qalır. O, sanki Almaşinin
simasında bir müqəddəsi görür və onun ruhuna
vurulur.
Sonra onlara italyan-kanadalı Karavacco qoşulur. Karavacco 1930-cu
illərin sonundan Britaniyanın xarici kəşfiyyat idarəsinə
işləyir. Karavacco müharibədə Hananın
atası ilə o, həlak olanadək dost münasibəti
saxlayır. Onun casus kimi vəzifəsi Şimali
Afrikada qalaraq, alman hərbçiləri haqda lazımi
informasiyanı britaniyalılara ötürmək idi. Amma o, faşistlərin əlinə keçir,
ağır işgəncələrə məruz qalır və
nəticədə əlinin baş barmaqları kəsilir.
Fiziki və psixoloji travmalar alan Karavacco ona
zərbə vuran adamları taparaq qisasını alır. Karavacco onları ələ verən adamın
Almaşi olduğunu düşünür.
Romanda yer
alan digər personaj isə Britaniya ordusunun əsgəri
Kipdir. Kip hindlidir və minaların zərərsizləşdirilməsi
üzrə mütəxəssisdir. O, monastırın həyətini
minalardan təmizləyir, bir müddət burada qalır. İngilis pasiyenti ilə dostlaşan Kip Hana ilə
eşq macərası yaşayır.
Morfin vurulduqca ingilis pasiyenti hər şeyi daha dəqiq
xatırlayır. O, Şimali Afrikada onun səhra tədqiqatı qrupuna
qoşulan Ceffrinin arvadı Ketrinə vurulur. Axşamların
birində ekspedisiya üzvləri dincələndə Ketrin
Herodotun "Tarix" kitabını oxuyur. Ketrinin səsi Almaşini sehrləyir. Bir müddət sonra onların arasında sevgi hekayəti
başlayır. Ceffri arvadının ona xəyanət
etdiyini sonradan bilir. Bir müddət sonra
Ketrin Almaşi ilə münasibətləri kəsir. Lakin Almaşi onu hər yerdə qarabaqara izləyir.
Müharibənin başlanması ilə ekspedisiya
düşərgəsinin dağılması təhlükəsi
ilə üzləşir. Ceffri, Almaşi və
Ketrin təyyarədə Qahirəyə qayıdanda qəzaya
uğrayırlar. Ceffri yerindəcə
ölür. Ketrin isə ağır
yaralanır. Almaşi onu mağarada
saxlayır, britaniyalıların nəzarətində olan əraziyə
üçgünlük yol qət edərək onlardan kömək
istəyir. Amma adına görə
Almaşiyə şübhəylə yanaşan
britaniyalılar onu casus hesab edərək həbsə
alırlar. Almaşi qaça bilir və Ketrini
xilas etmək üçün alman casuslarına
britaniyalıların qərargahına gedən yolun xəritəsini
satır. Əvəzində onlardan təyyarə
alaraq mağaraya qayıdır. O, qayıdanda Ketrin
artıq ölmüşdü. Almaşi Ketrinin
cənazəsini təyyarəyə qoyur. Amma
onların olduğu təyyarə yanır. Qəzadan
Almaşi sağ çıxsa da, yanğından tanınmaz
hala düşür. Almaşini tapan
britaniyalılar onu Şimali Afrikadan İtaliyaya gətirir.
Tezliklə Almaşi vəfat edir.
Roman onunla bitir ki, Kip Amerika ordusunun Hiroşima və
Naqasakiyə atom bombaları atdığını eşidir. Bundan dəhşətə
gələn Kip düşünür ki, Qərb nüvə
silahını heç vaxt öz irqinə qarşı işlətməzdi.
Məyus olan Kip Hindistana qayıdır...
"İngilis pasiyenti" 1992-ci ildə
yayımlanıb və Buker mükafatına layiq
görülüb. Ötən il isə əsər
Buker mükafatının yaranmasının 50 illiyi münasibətilə
xüsusi "Qızıl Buker" mükafatı da alıb.
Roman xronoloji ardcıllıqla yazılmayıb. Hadisələr
iki zamanda - müharibəyə qədərki dönəmdə
və müharibə dövründə cərəyan edir.
Əhvalatın baş verdiyi məkanlar isə
Şimali Afrika və İtaliyadır.
Amerika və Böyük Britaniyanın birgə
istehsalı olan "İngilis pasiyenti" 1996-cı ildə
ingilis rejissoru Entoni Mingella tərəfindən lentə
alınıb.
On iki nominasiyada "Oskar"a irəli
sürülüb. Və doqquz Oskar qazanıb.
Bura "ən yaxşı film", "ən yaxşı
rejissor işi" və s. daxildir.
Romanda olduğu kimi, burda da hadisələr
ayrı-ayrı dönəmlərdə və fərqli məkanlarda
göstərilir. Ondatjenin qeyri-xətti nəqlə, mürəkkəb
struktura malik, çoxpersonajlı romanında hər bir qəhrəmanın
həyat hekayəsi, yaşantıları təfərrüatlı
danışılır. Rejissor isə
Almaşi ilə Ketrinin sevgi əhvalatını mərkəzi
motivə çevirir. Və digər
personajların hekayətləri filmdə daha çox fraqmental
xarakter daşıyır. Bununla belə, müxtəliflik
təsviri zənginləşdirir, dramatizmi artırır və
Almaşinin tragik hekayəsində fon
gücləndirici rolunda çıxış edir.
Romanda olduğu kimi, filmdə də əhvalat xronoloji
ardıcıllıqla danışılmır. Xronoloji
ardıcıllığın pozulmasına rəğmən,
"İngilis pasiyenti" montaj dramaturgiyasının
bütövlüyü baxımından ən yaxşı
ekran əsərlərindən sayıla bilər. Təsadüfi deyil ki, film, eyni zamanda montaj həllinə
görə "Oskar"a layiq görülüb. Şimali Afrikada baş verən əhvalatla indi
arasında bağlar, qəhrəmanın yaddaşında
assosiativ iz buraxan nəsnələrlə durur. Hana Herodotun "Tarix" əsərini oxuyanda, bu səs
Almaşini Ketrinə qaytarır. Yaxud
çöldən eşidilən möhkəm ayaq səsi,
masadakı kağız parçası ona keçmişi
yaddaşında canlandırmağa təkan verir. Qəhrəmanın yaddaşı bütövləndikcə
əhvalat da bütövlənməyə doğru gedir, indi
keçmişə həssas montajla bağlanır.
Filmin əvvəlində iri planda bir əl rəsm
çəkir.
Tamaşaçı qırıq-qırıq,
aramla çəkilən təsvirin nə olduğunu anlaya
bilmir. Sonda ekranda insan təsviri əmələ
gəlir. Rəsmin asta templə çəkiliş
prosesi - kiçik cizgilərdən bütöv insan
alınması - Almaşinin bizə göstərilən həyatını
simvolizə edir. Üzü tanınmaz hala
düşmüş bu adamın kimliyi onun yaddaşında
epizodlar ardıcıl düzüldükcə
aydınlaşır.
Konkret bir motivə fokuslanmasına baxmayaq, Mingella
yazıçının təsvir elədiyi digər xətlərə
qısa, amma dəqiq vurğular edir. Örnəyi,
Almaşi ilə dialoqunda, Kipin sarkastik tonda dediyi "Hindistan
üçün səadət Britaniyanın onu idarə etməsidir"
- fikri böyük dövlətlərin imperialist marağına
eyham edir.
Hərçənd, romandan fərqli olaraq, Kipin
Hiroşima və Naqasakidə olanlarla bağlı etirazı
göstərilmir.
Yaxud Almaşini satqınlıqda ittiham edən Karavacco
faşistlər tərəfindən tutulan yoldaşını
dar ayaqda qoyaraq qaçmaq istəyir. Bununla da müəllif,
sanki onun Almaşiyə ittihamında haqlı
olub-olmadığını mübahisələndirir.
Yeri gəlmişkən, Karavaccoya işgəncə verən
adamın adının Ranuçço Tommazoni olması təsadüfi
deyil. Çünki məşhur italyan rəssamı
Karavacco 1606-cı ildə mübahisə nəticəsində
Ranuçço Tommazoni adlı adamı qətlə yetirir.
Roma Papası rəssamı "qanundankənar"
elan edərək, onu istənilən adamın öldürə
və hətta buna görə mükafat ala biləcəyi
haqda qərar çıxarır. Hadisədən
sonra Karavacco gizlənməyə məcbur olur. Məsələ ondadır ki, romanda Kravacconun peşəsi
oğru olur. Kəşfiyyata isə sənədləri
oğurlaya bilən, çevik adamlar lazım olduğundan
Karavacco bu işə cəlb olunur. Rəssam
Karavacco isə qumarbaz olur, üstəlik, cinayət törədir.
Müəllif bu əsərdə Karavcconu
Tommazoninin işgəncəsinə məruz qoymaqla, sanki rəssamı
öz cəzasına çatdırır.
Filmdə
daha vacibi bu dilemmadır: müharibədə ümumi maraqlarla
fərdin marağının toqquşması. Ya
da belə ifadə edək - militarizmlə sevginın
qarşıdurması. Ketrin mağarada
ölmək istəmədiyini, Almaşidən onu vətənində
dəfn etməyi xahiş edir. Almaşi
sevdiyi qadına söz verir, onun vəsiyyətini nəyin
bahasına olur-olsun yerinə yetirməyə
çalışır. Amma onun sözünə vədi
həm özünün, həm digər insanların
ölümü bahasına başa gəlir...
"İngilis pasiyenti" insan faktorunu önə
çəkir.
Ketrinin ölüm ayağında Almaşiyə məktubundakı
fikri filmin leytmotivi kimi də qəbul etmək olar: "Həqiqi
ölkə insanlardır, xəritədə göstərilən,
böyük adamların adını daşıyan ölkələr
yox".
Filmin ən sarsıdıcı epizodlarından biri,
Hananın morfin iynəsini hazırlayarkən Almaşinin asta hərəkətlə,
üç-dörd ampulanın ona tərəf itələyərək
hamısını birdən vurmasını səssiz xahiş
etməsidir. Hana göz yaşlarıyla onun son istəyini yerinə
yetirir.
Əhvalatın təsir gücünü artıran
heç şübhəsiz ki, asketik ruhlu macar xalq musiqisidir. Film həm də
musiqisinə görə "Oskar"a layiq görülüb.
Ssenarinin
üzərində dörd il işlənib. Maykl
Ondatje filmin çəkilmə prosesində yaradıcı heyətlə
sıx əməkdaşlıq edib və filmdən razı
qalıb.
Roman səhra tədqiqatçısı, təyyarəçi
və casus olan qraf Laslo Almaşinin bioqrafiyasının əsasında
yazılıb.
Hərçənd, romanda göstərilən
bir sıra məqamlar bədii uydurmadır. Almaşi İkinci Dünya müharibəsində
Almaniyaya kömək edib və mayor rütbəsi alıb.
Müharibə bitəndən sonra, dövlətə
xəyanətə və faşist təbliğatına görə
həbs olunan Almaşi şərqşünas Dyul Hermanusun
şahid ifadələrinə görə azad olunub. Almaşi 1951-ci ildə Avstriyaya səfəri
zamanı dizenteriyadan vəfat edib.
Ceffri və Ketrinin prototipləri isə Almaşi ilə
birlikdə tədqiqatlarında iştirak edən Kleyton və
arvadı Dorotidir. Romanda göstərildiyi kimi, o, qəzada
yox, 1932-ci ildə infeksiyadan ölüb. Arvadı isə
bir il sonra müəmmalı aviaqəzada həlak
olub.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.-S.26.