Evdən qaçmağın və evə
qayıtmağın yolları
Çox vaxt eyni zamanda paralel olaraq bir neçə kitab
oxuyuram. Bu dəfə isə maraqlı bir nüansın fərqinə
vardım. Oxuduğum kitabların qəhrəmanları
dünyanı, yaşadığı şəhəri,
özünü dərk etmək üçün evdən
çıxmış və illər keçəndən sonra
o doğma məkana - evinə qayıtmağın
yollarını axtaranlardır. Hər yer məkan
qırıntıları ilə doludur; kafeteriyalar, otel
otaqları, zəlzələnin silkələdiyi binalar,
Günəşin yandırdığı torpaqlar...
Gürcü yazıçısı Arçil Kikodze ilə
təxminən yaşıdıq. O, həm yazıçı, həm
də kinorejissordur, bir çox beynəlxalq mükafatların
laureatıdır. Bu günlərdə onun
"Cənub fili" romanını oxudum. Roman birinci şəxsin dilindən qələmə
alınıb və artıq film çəkməyi
atmış rejissorun bir gününü təsvir edir. Bu bir gün ərzində müəllif
doğulduğu və yaşadığı şəhərin
- Tbilisinin, eyni zamanda özünün keçmişinə və
bu gününə nəzər salır. Bu romandan sonra
Arçil Kikodzeni, hətta fransız modernizminin banilərindən
olan Marsel Prustla müqayisə edənlər də tapıldı. Romanda
qəhrəmanın xatirələri fonunda
Gürcüstanın yaxın tarixinə geniş nəzər
salınır. Rejissor evini yaxın dostuna
qızla görüşməsi üçün verir və bu
evdən, belə deyək, qaçır. Məhz
qaçır. Çili yazıçısı
Alexandro Zambranın "Evə qayıtmağın
yolları" romanının qəhrəmanı kimi. Onların hər ikisi özünü axtaran
insanlardır. Keçmişlə bu
gün o qədər iç-içədir ki, bu məkan və
zaman kollajında qırıntılar hiss olunmur. Bu mətn xüsusiyyəti ən çox da bayaq
adını çəkdiyimiz Marsel Prustun "İtirilmiş
zamanın axtarışlarında" epopeyasında
özünü qabarıq göstərir.
Bu üç əsərdə hərflərə
tökülmüş səsləri yenidən mənalı
sözlərə çevirmək ehtirası var. Biz, sadəcə,
bu mənaları təqib edirik. Kikodzeni də,
Zambranı da Prustun davamçıları hesab etmək olar.
Hər ikisinin yazdıqları, əslində,
şüur axınıdır. "Cənub
fili"ndə çoxlu montajlar var ki, bu da müəllifin
kinodan gəldiyini göstərir. "Evə
dönmənin yolları" intertekstuallıq üzərində
qurulub və bu paralel süjet xətləri bir-birilə kəsişir.
"...təmiz hava və dəniz küləyi
uşağın bədəninə necə gözəl təsir
edirsə, dahilərin də sözü, "nəfəsi"
onun ruhuna o şəkildə həyatverici təsir göstərir"
(Marsel Prust").
"...hər nə qədər başqasının
hekayəsini danışmaq istəsək də əvvəl-axır
öz hekayəmizi danışırıq" (Alexandro Zambra).
"Tərəzinin bir gözündə əlvan aləm,
digər gözündə lənətə gəlmiş tənhalıqdır. Tənhalıq
ağır gəlir" (Arçil Kikodze).
Bu qəhrəmanlar nədən tənhalığa
sığınırdılar? Elə insanlar var ki,
onların zövqü yalnız ətraf aləmlə
bağlıdır, onlar təkcə ətraf aləmdə
gördüklərindən zövq alırlar, vaxtını,
enerjisini kənarda gördükləri nəsnələri əldə
etməyə sərf edirlər; mal-mülk, maşın,
qadın və sair. Bunlar əlindən
çıxdıqda isə xəyal
qırıqlığına uğrayırlar və xoşbəxtliyin
təməli çökür. Onlar anlaya bilmirlər ki,
maddi dünyanın qazancı xoşbəxtliyə vəsilə
ola bilməz. Duyğulardan məhrum
olan yavan və usandırıcı həyat bizim nəyimizə
gərəkdir? Xoşbəxtliyini
keçmişində axtaran insanlar vaxtaşırı şəkil
albomlarını vərəqləməyi xoşlayırlar,
amma "albomlar təkcə bizi uşaq vaxtı xoşbəxt
olduğumuza inandırmağa yarayır" (A.Zambra).
"Cənub
fili"nin qəhrəmanı internet vasitəsilə
ondan çox-çox uzaqlarda yaşayan keçmiş
arvadı Nelinin fotolarına baxır, bir vaxtlar sevdiyi
qadının indi xoşbəxt olub-olmadığını bu
fotolardan, qadının oturuşundan, duruşundan,
baxışlarından öyrənməyə can atır. İnstinktiv olaraq anlayır ki, xoşbəxtlik onun
evindən perik düşüb, indi onun evində dostu müvəqqəti
xoşbəxtliyin dadını çıxarır.
Şəhərin əsas obrazlarından olan Cənub fili
mənə fransız yazıçısı Viktor Hüqonun
"Səfillər"indəki Qavroşu xatırlatdı. Bastiliya
meydanındakı xalq əzəmətinin simvolik təsviri
olan nəhəng fili xatırladınız? "Bu, bütün qapılar üzlərinə
bağlanan adamlar üçün açılmış
zağa idi. Sanki bu, hər yerini çirk,
şiş, kif, yara basmış, başdan-başa qurd
yemiş, gözdən düşmüş, məhv olmağa
məhkum edilmiş, nəhəng dilənçiyə
oxşar miskin, qoca, yiyəsiz bir mastodont idi. Elə bir
dilənçi ki, yolayrıcında duraraq keçib gedən
adamlardan sədəqə kimi ona xoş nəzər salınmasını
yalvara-yalvara xahiş edir, lakin onun yalvarışlarına
heç kim əhəmiyyət vermir. Sanki bu dilənçinin başqa dilənçiyə
- ayaqyalın gəzən, əllərini nəfəsi ilə
qızdıran, cır-cındır geyən, çölə
atılan xörək artıqlarını yeyən,
evsiz-eşiksiz, miskin cırtdana yazığı gəlirdi.
Bax, Bastiliya fili bunun üçün lazımdı!".
A.Kikodzenin Cənub fili həmin o Bastiliya filinin xələfidir
ki, var. Nəhəng bir imperiyanın dağıntıları
altında qalmış şəhərlərdə
insanların da taleyi o dağıntıların altında
qalıb xıncım-xıncım olur. Cənub fili
qürurlu tənhalığı ilə yenilməzdir.
Tolstoyun fikirlərini xatırlayıram: "İnsanlardan xilas
yolu öz yaralarını onlardan gizlətməkdir". Kikodzenin qəhrəmanı qəlbindəki
yaraları tənhalığı ilə sarıyır.
Evdən qaçış tənhalığa
sığınmaq ehtirasından doğur. Marsel Prustun qəhrəmanını
isə ruhunun ələ-ovuca sığmayan axışı
"kədər məkanı"na gətirib
çıxarıb. Bu yaddaş qatları
Mezeqliz və Germant istiqamətindədir. Bu
yerlər onun təsəvvüründə yaşamaq istədiyi
bir ölkə ilə bağlı təəssürat
yaradır. Piter Pruks yazır ki, Balzakdan əvvəl
heç bir romançı şəhəri bu cür
özünü ifşa edən və yaşayan varlıq kimi
ifadə etməmişdi, hətta Balzak Dikkensin Londonu və
Dostoyevskinin Peterburqu üçün bir model
yaratmışdı. Labirint kimi, bütöv bir orqanizm
kimi şəhərlər...
Alexandro Zambranın romanı zəlzələ ilə
başlayır, dağılmış binanın sakinləri həyətdəki
çadırlara sığınıblar, əsərin qəhrəmanı
çadıra sığınmış insanların
timsalında ölkəsinin taleyini təsvir edir. Burda
keçmişlə bu gün iç-içədir,
qırılmaz tellərlə bir-birinə bağlıdır.
A. Zambra Pinoçet diktaturasından əziyyət
çəkən insanların dağınıq həyatını
kiçik bir romana sığışdıra bilib. Təhkiyəçi uşaqlığından bəri
macəralı, təhlükəli, valideynlərsiz həyat
yaşamağı arzulayıb. Məncə,
əksər oğlan uşaqlarının içində bu hiss
var. Öz yeniyetməliyimi xatırlayıram, hələ on
altı yaşındaykən valideynlərimdən xəbərsiz
ölkədən kənara çıxmışdım.
Sovetlərin dağılması xəbərini
1991-ci ilin dekabrında Kiyevdə televizora baxarkən
eşitdim. O məqamlarda mən artıq evə
qayıtmağın yolları haqqında
düşünürdüm. Bu yaşımda
olmuşları xatırlayanda dəhşətə gəlirəm.
Yeniyetmə bir uşaqda bu boyda cəsarət
hardan qaynaqlanırdı? Zambranın
romanında bu suala qismən də olsa, cavab tapdım. O
yazır ki, 90-cı illər sualların vaxtı idi, biz
öyrənmək üçün deyil, boşluğu
doldurmaq üçün suallar verirdik. Hamımız
bir dünyanın içində yaşayırıq, evdən
qaçıb yenə evə dönməkdən başqa
çarəmiz yoxdur. Kənddən
dünyanı, böyük şəhərləri görmək,
gəzib-dolaşmaq eşqiylə çıxan insanlar illər
sonra yenidən doğulduqları məkana dönmək həsrətiylə
çırpınırlar, qürbət insanın içindəki
alovu külə döndərir. "Mən hələ də
yaddaşımla, ruhumla və qəlbimlə birlikdə o yasəmən
ətri verən Mezeqliz yolundayam..." (M.Prust,
"İtirilmiş zamanın axtarışında").
Hardansa yadıma nəsrin "balaca sərçəsi"
sayılan hekayə janrının unudulmaz nümunələrindən
biri düşdü. Mərhum yazıçımız Eyvaz
Əlləzoğlunun "Gecikmiş qar" hekayəsi.
Həmişə qış qapını kəsdirəndə
o hekayəni xatırlayıram və içimə qəribə
bir nisgil dolur. Hekayənin şəhərdə
yaşayan qəhrəmanı bütün qışı həsrətlə
qar yağmasını gözləyir, istəyir ki, qar
yağanda gedib kəndlərindən görünən təpələrə
baxsın. İş otağının pəncərəsindən
baxa-baxa qar haqqında, o təpələr haqqında
düşünür, uşaqlığını
xatırlayır, qışda o təpələrdən
üzüaşağı sürüşdüyü bəxtəvər
günlər üçün darıxır. Mən bu hekayə ilə yuxarıda haqqında
danışdığım üç əsər arasında
sıx bağlılıq görürəm. "Biz böyüyəndə xatirə oluruq"
deyən Zambra da, yaddaş və təəssüratlar
qalereyası yaradan Prust da, xoşbəxtliyini keçmişində
axtaran Cənub filinin obrazını yaradan Arçil Kikodze də
retrospektiv yazıçıdırlar. Eyvaz
Əlləzoğlu hörgünü keçmişin,
keçmişdəki o qarlı təpələrin üzərində
qurur. Hekayənin şəhərdə
yaşayan qəhrəmanı üçün o təpələr
uzaq bir xəyal kimidir. "Mezeqliz mənim
üçün az qala, üfüq xətti qədər əlçatmaz
idi".
Bu canatma fantastik təhkiyə dünyasının sərhədsizliyi
ilə dərinləşir və sehrini, cazibəsini qoruyub
saxlayır. Necə deyərlər, bütün xəyallar
gerçəyin övladıdır.
İnsanın
keçmişə, doğulduğu evə, kəndə
qayıtmaq istəyi qədər təbii heç nə ola bilməz. Çünki insan
kürəyini həmişə keçmişə söykəyir
və gələcəyə baxır. Gələcəkdə
artıq o təpələr yoxdur, amma biz mütləq evə
dönməliyik, evdə yolumuzu gözləyənlər var.
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.30.