Prezidentin Sərəncamı
ilə 2019-cu il
Azərbaycanda İmadəddin
Nəsimi ili elan olundu.
"Ədəbiyyat
qəzeti" bu barədə sorğu keçirib.
Nəsiminin Azərbaycan ədəbiyyatında
yeri nədir?
Onu dünyada tanıtmaq
üçün nələr etməliyik?
Nəsimi ili ilə
bağlı nə təklifləriniz var?
Kamran Nəzirli
Azərbaycan
Prezidenti bu ili ölkəmizdə "Nəsimi
ili" elan edib, böyük söz ustasıyla bağlı Sərəncam
da imzalayıb. Çox gözəl və qürurverici
işdir! Nəsimi bizim xalqımızın milli-mənəvi
dəyərlərindən biridir, o, həm də
dünyanındır, dünya ədəbiyyatında zəngin
irs və iz qoymuş mütəfəkkir
şairdir. Nəsimi Azərbaycan ədəbiyyatı tarixində
çox az sənətkarlardan biridir ki,
üç dildə - Azərbaycan, fars və ərəb dillərində
mükəmməl yazıb yaradıb. Çox təəssüf
ki, bu böyük şəxsiyyətin həyat və
yaradıcılığı, ümumiyyətlə, irsi hələ
də tam öyrənilməyib. Nəsimi
yalnız 70-ci illərdə sistemli şəkildə tədqiq
olunmağa başladı. Onun
yaradıcılığının sistemli öyrənilməsinə
səbəb də ötən əsrin yetmişinci illərində
ulu öndər Heydər Əliyevin sərəncam və
göstərişləri olub; yadımdadır ki, o dövrdə
onun 600 illik yubileyi YUNESKO səviyyəsində qeyd olundu, filmlər
çəkildi, əsərlər yazıldı, kitablar
çap edildi. Azərbaycan ədəbiyyatında
yeri? Düzü, mən bunu dəqiq bilmirəm.
Amma bilirəm ki, onun dünya ədəbiyyatı
xəzinəsində özünəməxsus yeri var; o, nəinki
Şərqin, həm də Qərbin elmi-fəlsəfi-ədəbi
məfkurəsinin formalaşmasında, bəşər
övladının mənəvi-əxlaqi kamilləşməsində
çox mühüm rol oynayıb. Nəsimi
yaradıcılığını qısaca ümumiləşdirməli
olsaq, onun əsas iki mövqedə istiqamətləndiyini
görə bilərik: sufizm və hürufilik ideyaları. Yaradıcılığının ilk dövrlərində
o, ustadları Mənsur Həllac və Nəiminin sufizm təlimindən
bəhrələnib, ikinci dövrdə isə əsasən
hürufi ideyalarını təbliğ edib. Bütün hallarda şair kamil insanı, onun
ülvi hisslərini, duyğularını tərənnüm
edib. Onu və onun kimi dəyərli klassiklərimizi
dünyada tanıtmaq üçün nələr etməliyik?
Düşünürəm ki, biz Nəsimini də
digər mədəni dəyərlərimiz kimi dünyaya
göstərməliyik. Bəli, göstərməliyik! Təsəvvür
edin, siz xarici qonaqlara deyirsiniz ki, mənim həyətimdə
ağac var, üstündə yarpaqları, dadlı-ləzzətli
meyvələri var, nə bilim, meyvələrin ətrindən,
tamından dünyanın heç bir yerində yoxdur... və
s. Amma o ağacı, o meyvəni, onun dadını qonaq
görmür, bilmir, tanımır. Bunu ona
göstərib təqdim eləmək lazımdır. Məncə, biz tərcüməçilər, tədqiqatçı-alimlər
bu işlə ciddi məşğul olmalıyıq. Bəli,
sən öz məhsulunu xaricə çıxarmaq
üçün onu layiqli təqdim eləməyi
bacarmalısan, ha danış ki, Nəsimi böyük
filosofdu, mütəfəkkirdi... Onun kitabları, ən
yaxşı halda, seçilmiş nümunələri ən
azı ingilis, fransız və Çin dillərinə tərcümə
olunmalıdır, dünyaya göstərilməlidir ki,
baxın, budur mənim sərvətim, oxuyun, tanış
olun. Yoxsa, ha danışsan, təsiri olmayacaq.
Gərək göstərəsən. Güman edirəm ki, təkliflərimin əksəriyyəti
dövlət səviyyəsində tədbirlərdə nəzərdə
tutulub. Düşünürəm ki,
"Nəsimi ili"ndə Azərbaycanda Beynəlxalq Ədəbiyyat
Festivalı da keçirilsə, yaxşı olar. 2009-cu ildə Niderlandda keçirilən Beynəlxalq
Ədəbiyyat Festivalından qayıdandan sonra mən bu təkliflə
çıxış etmişdim. Hətta
təklifimi yazılı surətdə Yazıçılar
Birliyinə və Mədəniyyət Nazirliyinə də
göndərmişdim. İndi fürsətdir, elə bir
dünyəvi tədbir keçirmək olar, bura
dünyanın ən tanınmış yazıçı və
şairlərini, mədəniyyət xadimlərini dəvət
etmək, onları müxtəlif mədəni-kütləvi tədbirlərə
qatmaq, seminarlar, simpoziumlar, şeir, musiqi gecələri və
s. təşkil eləmək olar. Qoy ad olsun Nəsiminin,
amma bu, həm də bütövlükdə Azərbaycan mədəniyyətini,
ədəbiyyatını, incəsənətini
tanıtmaqdır. Tədbirlərdə Nəsiminin
müxtəlif dillərə tərcümə edilmiş
müxtəlif formatda kitablarını həm hədiyyə
kimi vermək, həm də onların satışını təşkil
eləmək olar...
Şərif Ağayar
Nəsiminin qəzəllərinin yüksək effektdə
tərcüməsi çətin olsa da, onlar haqqında
yaxşı bir araşdırma kitab nəşr eləmək
olar. İngilis dilində. Üstəlik
Nəsimi fəlsəfəsini layiqincə açmaq olar.
Nəsimi şeirlərində insan o qədər yüksək
tutulub ki, az qala Tanrı səviyyəsinə
qaldırılıb. Nəsiminin insana verdiyi dəyərin
bəlkə də dünyada analoqu yoxdur. Bu
mənada modern dünyanın diqqətini çəkəcəyinə
və seviləcəyinə əminəm. Çox iş görmək olar. Yubiley tədbirlərinin
YUNESKO çərçivəsində qeyd olunmasına
çalışmaq olar. Barəsində
sifarişlə bədii yazılar yazdırmaq. "Nəsimi" filmini dünyanın qabaqcıl
dillərində səsləndirmək, ya titrlərlə tərcümə
etmək olar və s. Bütün hallarda "Nəsimi ili"
təqdirəlayiq addımdır. Nəsimi
kimi şairin unudulmaması ədəbiyyata, sözə verilən
dəyərin göstəricisidir.
Azad Qaradərəli
Nəsimi zamanının o şairlərindən idi ki,
öz ədəbi fəaliyyəti ilə bir devrim yaratdı.
Nəsimi bugünkü türkcəmizdə yazan
şairlərin həsəd apara biləcəyi duru bir
türkcədə yazırdı.
Nəsimi
o zamanın tələbi olan Şərqin üç mühüm
dilində - türk (Azərbaycan türkcəsi), fars və ərəb dillərində kamil divan
yaratmışdı.
Nəsimi
böyük sufi idi - o, həm Şərqin
vəhdəti-vücud fəlsəfəsinə, həm Qərbin
panteist fəlsəfi düşüncə tərzinə
aşina idi və şeirlərində bunu çəkinmədən
göstərirdi. Nəsimi hər şeydən əvvəl bir
müdrik filosof, insanı Tanrıya tay
tutan humanist idi: "Dəryayi-mühit cuşə gəldi,
Kövnilə məkan xüruşə gəldi. Sirri-əzəl
oldu aşikara, Arif necə eyləsin müdara?".
Nəsimini dünya miqyasında tanıtmağa ehtiyac
yox, məncə. Dünya Nəsimini yaxşı
tanıyır. Sadəcə, biz dünyaya
və Şərqə sübut etməliyik ki, o, həqiqətən
bizim şairdir. Məncə, Sovet Nəsimişünaslığından
fərqli olaraq, özümüz deyib, özümüz
eşitməməliyik.
Hə, bir də İsa Hüseynovun "Məhşər"ini
ingilis dilinə çevirib dünyaya yaymaq yaxşı
olardı.
Əli Şirin Şükürlü
Haydegerin
belə bir fikri var: şairlər poetik düşünən
filosoflardı. Doğrudan da, fəlsəfi fikir
poeziyaya çevriləndə daha möhtəşəm olur.
Nəsiminin poeziyası dərin
düşüncə, mükəmməl fəlsəfi sistem
üzərində qurulub. Əslində, elə
bu cür bədii mətnlər - hər hansı bir mükəmməl
sistem, nəzəriyyə üzərində qurulan informativ mətnlər
daha çox bədii-estetik və fəlsəfi dəyərə
malik olur. Məncə, Nəsimi
yaradıcılığı daha çox elə bu məziyyətinə
görə ədəbiyyatda qalıb və qalacaq. Onu qüdrətli edən həm də insan toplumundan
- çoxluqdan azlığa - fərdiliyə keçid olmaq
bacarığı və qüdrətidir; fikri, sözü və
əqidəsi ilə. Fikir verin,
Nitsşenin "Zərdüştü" necə də Nəsimiyə
bənzəyir. Nəsimi idrak yolunu tutub kamilliyə can
atır. Zərdüşt idrakı ilə adi
insandan, daha doğrusu, toplumdan, çoxluqdan fövqəlinsana
körpü olmaq istəyir. Deməli, bir
çox mütəfəkkirləri, dahiləri dünyəvilik,
bəşərilik kontekstində daim birləşdirən
hansısa mütləq məqamlar, müəyyən dəyərlər
var. Nəsimi poeziyası da bəşəri düşüncəyə
təsir göstərə biləcək qüdrətə
malik unikal nümunədir.
"Nəsimi ili" bu dahi Azərbaycan
filosof-şairinin və böyük əqidə sahibinin həyatının,
yaradıcılığının geniş təbliği
istiqamətində həyata keçirilən dəyərli bir
layihədir. Hesab edirəm, bu istiqamətdə dövlət səviyyəsində
aparılan işlərin miqyası genişləndikcə,
dünya xalqımızın mədəni-mənəvi, ədəbi
və intellektual simalarından biri olan İmadəddin Nəsimini
daha çox tanımaq və onun fikir xəzinəsindən
daha çox faydalanmaq şansı qazanacaq.
Narıngül Nadir
"Nəsimi
ili"nin elan olunmasıyla əlaqədar
olaraq, yəqin ki, respublikamızda il ərzində müxtəlif
beynəlxalq tədbirlər keçiriləcək,
dünyanın müxtəlif yerlərindən qonaqlar dəvət
olunacaq. Bu, həm də milli sözün, Azərbaycan
ədəbiyyatının dünya miqyasında təbliğatı
deməkdir. Yəqin ki, bu tədbirlərdən
ən möhtəşəmi onun doğulduğu Şamaxı
şəhərində keçiriləcək. Düşünürəm ki, bunun mədəni tərəfindən
başqa, həm də Nəsiminin doğum yerinin bir daha təsdiqlənməsi
cəhətdən böyük əhəmiyyəti olar.
Təklif edərdim ki, şəhərin küçələrində
Nəsiminin qəzəllərindən beytlər
yazılmış lövhələr asılsın, xüsusi,
münasib yerlərdə səsgücləndirici cihazlar vasitəsilə
qəzəlləri səsləndirilib xalqa
çatdırılsın.
Bildiyimiz kimi, Nəsiminin qəbri Suriyanın Hələb
şəhərindədir. Məlum hadisələrə
görə qəbri ziyarət etmək, yəqin ki, elədə
asan olmur. Arzu edərdim ki, nə vaxtsa
şairin qəbrinin öz vətəninə gətirilməsi
fürsəti də yaransın.
Sahilə Yaya (İbrahimova)
Ağlıma gələn ən effektiv şey Netflixlə
əməkdaşlıq edib film çəkməkdi.
Biz dünya deyəndə adətən qərbi nəzərdə
tuturuq. Adətən Şərq özünü Qərbə
tanıtmaqda maraqlı olur. Qərb
insanı maraqlı dini, fəlsəfi cərəyanları
sevir. Bir də görürsən
Amerikanın göbəyində biri sufizmi dəstəkləyir,
digəri özünü zərdüşt sayır. Əminəm ki, Qərb tanısa hürufizmi də
sevər, Allah Insan tandemində "ənəlhəqq"
konsepsiyasını da bəyənər. Nəsimi
olduqca maraqlı obrazdı. Dünyanın
hər insanı onu tanımalıdı. Nəsimi
Hələbdə soyulub, indi Hələb özü də
dağıdılıb. Bu mövzuları
da qatıb ortaya tarixi/modern ssenari qoymaq olar. Təəssüf ki, indi başqa roman üzərində
işləyirəm, bu mövzuya vaxt ayıra bilmirəm.
Həm də məhz Nəsimi ilinə görə
küyə getmək istəmirəm. Düşünürəm
ki, uduzaram, mövzunu qaldıra bilmərəm. Bəlkə, bir neçə ildən sonra bu
mövzunu işləyə bilərəm.
Könül Arif
Mənim fikrimə görə, müəllifləri
tanıtmaqla onları sevdirmək doğru deyil. Yaradıcılıq
təsadüfən, hansısa misralarla kəşf olunanda
gözəldi. Və bu, gözlənilməyən
anda olmalıdır - əsl sevgi kimi. Gündəlik
bomboz həyatın anilik zaman parçasında onlara rastlamaq -
səhrada qəfildən oazisi sezmək kimidir. Otən əsrin bir çox tanınmayan müəlliflərini
mən bir neçə misradan, sətirdən kəşf
etmişəm. Bu sətirlər, misralardan kələf
ucu kimi tutub o ipək yumağı - onların bütöv
yaradıcılıqları ilə tanış
olmuşam.
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.31.