Ağrının bədii ifadəsi
Frans Kafka və onun miniatürləri
haqqında bir neçə söz
Kafkanın
miniatürləri (pritçaları, məsəlləri) onun
roman və hekayələrindən az bədii-fəlsəfi-psixoloji
yük daşımır və yaradıcı bir fərd kimi
Kafkanın müəmmalı qeyri-konkretliyi - o, kimdir? realistdir, yoxsa absurdçudur? sürrealistdir? naturalistdir? ekzistensialistdir? idealistdir? fantastdır və
s., kimdir? - bu suallara birmənalı cavab
vermək mümkün olmadığı kimi, onun miniatürlərinə
də birmənalı yanaşmaq, daha dəqiq desəm,
hansısa müəyyən bir bədii-estetik və fəlsəfi
bucaq altından baxmaq, təhlil etmək, açmaq (!) və
qiymətləndirmək
mümkün deyil.
Onun əlçatmaz
hesab etdiyi yazıçılara fikir verin: Flober, Qrilparser, Dostoyevski,
Kleyst, Qoqol - tamamilə müxtəlif yazıçılar, elə
bil, miniatürlərindən birində dediyi həmin rəngbərəng
klaydeskopa baxırsan və fikirləşirsən ki, Qrilparserin
romantikası hara, insanın dünyaya gəlməsini belə,
bir anlaşılmazlıq, bəlkə də, günah (deyərdim
ki, hətta mənəvi cinayət!) hesab edən Kafka hara?
Kafka və romantika?!
Bir-birindən
bundan da uzaq olan bədii-estetik məsafə təsəvvür
etmək çətindir, ancaq təəccüb etmirsən - görünür,
nəzəriyyə baxımından bu
yazıçının yaradıcılığının
konkret təsnifatını vermək mümkün
olmadığı üçün, onun bədii
zövqündəki belə bir mürəkkəblik və
ziddiyyət də təbii xarakter daşıyır.
Mürəkkəblik,
qeyri-konkretlik, hətta xaos Kafka miniatürlərinin daxili
kütləsinə hopub, bu miniatürlər, xüsusən
"Qanun qapısı" ("Qanun darvazası") mənim
aləmimdə Da Vinçinin Cokondası kimidir, sənətşünaslar
da, tamaşaçılar da əsrlərdir ki, Cokondanın
sirli baxışlarını anlamaq və açmaq istədikləri
kimi, neçə onilliklərdir ki, ədəbiyyatşünaslar,
oxucular da bu miniatürlərin mənasını müxtəlif
cür yozur, cürbəcür mülahizələr
yürüdür, mübahisə edirlər.
Kafkanın
tək-tük miniatürü var ki, misal üçün,
"Əlbisələr" kimi açıq məzmunlu, hətta
sadədir, ancaq onun miniatürlərinin tam əksəriyyəti
səriştə ilə tərtib edilmiş krossvodlar kimi
mürəkkəbdir, düşünüb, axtarıb, mənasını
tapmaq lazımdır və onların arasında ən məşhuru,
mənası etibarilə ən çox mübahisələr
doğuran, cürbəcür versiyaları söylənilən
həmin "Qanun qapısı"dır.
Miniatür,
pritça, məsəl, hətta tapmaca - mənim aləmimdə
bu terminlər "Qanun qapısı"nın
bədii-fəlsəfi mündəricatını ehtiva etmir,
onun emosional təsir miqyası daha geniş, daha ətraflıdır.
Mənim üçün "Qanun qapısı" bədii
müəmmadır.
Bu
miniatürü "Proses" romanının sonunda kilsədə
Yozef K.-ya həbsxana keşişi danışır, ancaq həcm
etibarilə əsərin kiçicik bir parçası olan
"Qanun qapısı", elə bil, roman səhifələrinin
çərçivələrinə
sığışmayaraq, yüz ilə yaxındır ki,
müstəqil ədəbi bioqrafiyaya malikdir və o, dediyim
kimi, ayrılıqda çap
olunur, haqqında mülahizələr söylənir,
müzakirə edilir.
Bir sözlə, "Qanun qapısı" canlı bədii
orqanizm kimi müstəqil yaşamaqdadır.
Sovet ideologiyası Kafkanı heç cürə qəbul
edə bilmirdi və "perestroykanın" xaosu başlayana
qədər də qəbul etmədi. Mən Kafkanı ilk dəfə
universitet tələbəsi ikən - 1960-cı illərin
birinci yarısında "İnostrannaya literatura"
jurnalında oxudum ("Çevrilmə", bir neçə
də miniatür) və əgər səhv etmirəmsə,
bu, onun yazılarının SSRİ-də ilk çapı idi,
ancaq elə Kafka mövzularına yaxın bir paradoks ondan ibarət
idi ki, Sovet sosrealizm tənqidçiləri Kafkanı
oxumaya-oxumaya ona rişxəndlə yanaşır, onu əsasən
sosioloji tənqid atəşinə tuturdular.
Və nəhayət,
1965-ci ildə Moskvada onun kitabı nəşr olundu
("Proses", hekayə və miniatürlər) və bu
tarixi ona görə dəqiq yazıram ki, o zaman rəhmətlik
İlyas Əfəndiyevin çətinliklə əldə
etdiyi o kitab indi də mənim kitabxanamdadır.
Görkəmli sosrealizm tənqidçilərindən
biri olan və nisbi liberallığı ilə seçilən
Boris Suçkov həmin kitaba ön söz yazmışdı. O ön sözdə deyilirdi
ki, Kafka "Proses"də "kapitalist cəmiyyətinin əsasını
təşkil edən burjua ədliyyə sistemini təsvir
edir" (Frans Kafka. Roman, novellı, pritçi,
Moskva, 1965, str. 43.) və aydın məsələdir,
belə bir vulqar sosioloji yanaşma, sinfi münasibət Kafka
yaradıcılığına, o cümlədən də
Kafka miniatürlərinə tamam ziddir, həmin
yaradıcılığın mahiyyətini kiçildir, onu
sinfi baxımdan lokallaşdırır.
Mən
illər arası hər dəfə Kafkanı vərəqlədikdə,
onun bədii-fəlsəfi düşüncələrindəki
insanın xislətinin mayasını təşkil edən əlacsızlığı,
çarəsizliyi, əvvəli və sonu görünməyən
mənəvi sıxıntını az qala cismani şəkildə
hiss edirəm (şübhəsiz ki, bu mənada mən tək
deyiləm) və belə bir əlacsızlıq, məncə,
"Qanun qapısı"nın hərflərinəcən
bütün mətninə hopub. Bu
miniatürün məna axtarışlarını yalnız
konkret Qanunla məhdudlaşdırmaq olmaz, söhbət daha
miqyaslı bir məna axtarışından gedir, hətta mən
hardasa oxumuşdum ki (və bu, illər uzunudur, fikrimdə
qalıb), "Qanun qapısı"nda söhbət Allahdan
gedir.
Kafka miniatürlərini danışmaq qat-qat asandır,
nəinki onları izah etmək və görünür, bu vaqiədə
konkret izah ümumiyyətlə, köməksizdir,
çünki indiki halda oxucu amili, yəni fərdi bədii-fəlsəfi
fantaziya amili çox güclüdür.
Xaosun
("Təzə vəkil"dəki kimi), yaxud absurdun
("Gecə vaxtı"nda olduğu kimi) izahını verməkdə,
onları mənalandırmaqda fikirlə bərabər,
hissiyyatın da rolu, əhəmiyyəti az
deyil və elə buna görə də mən fərdi
fantaziya amilini xüsusi qeyd etdim.
Bu
miniatürlərin mətni tərcüməyə çətin
gəlir, onların üslubunu, təhkiyə
çalarlarını saxlamaq həmin "izahda" xüsusi
rol oynayır və təəssüf ki, mən alman dilini bilmədiyim
üçün orijinaldan yox, rus, yəni ikinci dildən
çevirmişəm.
Düzdür,
bəzən şübhəli görünən yerlərlə
bağlı alman dilini bilən mütəxəssislərə
müraciət etmişəm, rus dilindəki müxtəlif tərcümələri
tutuşdurmuşam, ancaq bu miniatürlərin daxili mündəricatı
o qədər tutumludur, o qədər zəngin çalarlara
malikdir, akvarellə işlənmiş elə cümlələri,
özəllikləri var ki, tərcümənin tərcüməsində,
yəqin nələrsə itir.
Mən çalışdım elə nümunələri
seçim ki, onlar Kafka miniatürləri (və ümumiyyətlə,
Kafka yaradıcılığı) haqqında müəyyən
təsəvvür yaratsın.
Hər halda, elə bilirəm ki, bu miniatürlərlə
tanışlıq oxucular üçün maraqlı və
faydalı olacaq.
9 avqust
2018 Bodrum
Frans KAFKA
Qanun qapısı
Qanun qapısının qarşısında gözətçi
dayanmışdı. Bir kəndli gəlib gözətçidən
xahiş etdi ki, onu Qanunun yanına buraxsın. Amma gözətçi
dedi ki, indi onu içəri baraxa bilməyəcək. Kəndli
bir az fikirləşdi və soruşdu ki,
sonra içəri girə biləcək?
Gözətçi:
- Ola bilər,
- dedi. - İndi isə mümkün deyil.
Ancaq
Qanunun qapısı həmişəki kimi açıq idi,
gözətçi isə bir az kənarda
dayanmışdı və kəndli boylanıb qapıdan
Qanunun təkinə baxmağa çalışdı. Bunu
görən gözətçi güldü və dedi:
- Əgər sənin səbrin çatmırsa, mənim
qadağama baxma, çalış içəri girəsən. Bunu da bil ki, mənim
qüdrətim çox böyükdür. Ancaq mən o biri gözətçilərin ən
kiçiyi, ən gücsüzüyəm. Orada hər aramgahdan aramgaha bir-birindən qüdrətli
gözətçilər dayanıb. Onların
artıq üçüncüsü məni dəhşətli
bir qorxuya salır.
Kəndli
bu cür maneələr gözləmirdi: "Axı, Qanunun
qapısı istənilən vaxt hamının üzünə
açıq olmalıdır", - deyə fikirləşdi. Ancaq diqqətlə gözətçiyə, onun
ağır kürkünə, ucu iti donqar burnuna, uzun qara və
yağlı monqol saqqalına baxdı və belə qərara
gəldi ki, yaxşısı budur, içəri girmək
üçün icazə gözləsin.
Gözətçi
ona kiçik bir kətil verdi və icazə
də verdi ki, kənarda - qapı ağzının bir
küncündə otursun. Və kəndli
gündən-günə, ildən-ilə orda oturdu. Fasiləsiz xahişi ilə gözətçini
yora-yora, çalışırdı ki, onu içəri
baraxsınlar. Gözətçi də hərdən
soruşub, öyrənmək istəyirdi ki, o, haralardandı və
sairə, ancaq sualları mühüm bir ağa kimi çox
biganə, yuxarıdan aşağı verirdi, axırda da həmişə
təkrar edirdi ki, hələ onu içəri buraxa bilməz.
Kəndli özü ilə yola bir çox şeylər
götürmüşdü, hamısını, hətta ən
qiymətlilərini də gözətçiyə verirdi ki,
onu yola gətirsin. Gözətçi isə hər şeyi
götürürdü, hər dəfə də deyirdi:
-
Bunları bilirsən niyə götürürəm? Elə fikirləşməyəsən ki, əlindən
gələnin hamısını etməmisən.
İllər keçirdi, kəndlinin diqqəti daima
gözətçidə idi. O, yadından
çıxarmışdı ki, hələ başqa gözətçilər
də var və ona elə gəlirdi ki, Qanunun yolunu kəsən
ancaq bu birinci gözətçidir. İlk illər
o, özünün beləcə uğursuzluğunu bərkdən
lənətləyirdi, sonra isə qocalıq gəlib
çıxdı və o, ancaq öz-özünə deyinirdi.
Axırda isə o, uşaq kimiydu və bu illər ərzindi
gözətçiyə də yaxşı bələd
olmuşdu, hətta gözətçinin kürkünün xəz
boyunluğundakı bitləri də tanıdığı
üçün, həmin bitlərə də
yalvarırdı ki, gözətçini yola gətirməkdə
ona kömək etsinlər. Onun gözlərinə
qaranlıq çökmüşdü və o bilmirdi ki,
bütün ətraf da qaranlıqdır, yoxsa gözləri
onu aldadır. Yalnız indi, bu qaranlıq
içində gördü ki, Qanunun girişindən əbədi
bir işıq süzülüb gəlir.
Və budur, həyat da gəlib, sona çatdı. Kəndli bütün bu illər
boyu nə, hiss etmişdi,
görüb-götürmüşdü, hamısı onun
fikrində bir sualda cəm oldu - bu sualı hələ bir dəfə
də olsun gözətçiyə verməmişdi. O,
işarə ilə gözətçini
çağırdı - qurumuş bədəni daha
sözünə baxmadığı üçün
özü qalxa bilmirdi. Gözətçi əyilməyə
məcbur oldu - indi onunla müqayisədə təmənnaçı
kəndli tamam cıqqılı idi.
Gözətçi:
- Yenə
nə bilmək istəyirsən, hə? - soruşdu.
- Sən çox inadkar bir insansan!
Kəndli:
- Axı,
bütün insanlar Qanuna can atır, - dedi. - Bəs, necə
oldu ki, bu qədər illər ərzində, məndən
başqa heç kim bura gəlib tələb
etmədi ki, onu içəri buraxsınlar.
Gözətçi
gördü ki, kəndlinin son məqamıdır və var
gücü ilə qışqırdı ki, o, cavabı
eşitməyə macal tapsın:
- Bura
heç kim üçün yol yoxdur, bu
qapı ancaq sənin üçün nəzərdə tutulmuşdu!
İndi gedib o qapını bağlayacağam.
Prometey
Prometey haqqında dörd əfsanə var.
Birinci əfsanəyə görə, o, insanlar naminə
allahlara xəyanət etdi, buna görə də Qafqaz
dağlarında bir qayaya zəncirləndi və onun qara ciyəri
böyüyürdü, böyüdükcə də allahların
göndərdiyi qartallar bu ciyəri yeyib, qidalanırdı.
İkinci əfsanəyə görə, Prometey
qartallardan qorunmaq üçün özünü qayaya o qədər
sıxıb pərçim edirdi ki, nəhayət, qaya ilə
birləşdi, eyniləşdi.
Üçüncü əfsanəyə görə, min
illər keçdi, onun xəyanəti unuduldu - allahlar da bunu
unutdu, qartallar da bunu unutdu, o özü də bunu unutdu.
Dördüncü əfsanəyə görə,
hamı belə bir təməlsizlikdən,
köksüzlükdən bezdi. Allahlar da bezdi, qartallar
da bezdi, yara da bezib sağaldı.
İzzahsız
qalan isə qayalar oldu…
Əfsanə izaholunmazları izah etməyə
çalışır. Məğzi həqiqət olan əfsanə
istər-istəməz izaholunmaza qayıdır.
Qonşu kənd
Babam hərdən
deyirdi: "Ömür necə də qısadır!
Yaşanmış illəri xatırlayarkən hər şey
gözlərimin qabağından elə sürətlə
keçib gedir ki, mən başa düşmürəm, o cavan
oğlan qorxu bilmədən at belində lap qonşu kənd
olsun, ora getmyə necə cürət edirdi - mən yalnız
bədbəxt hadisələri demirəm, axı, adi, hətta
firavan bir ömür belə, bu gəzinti üçün ona
kifayət etməyəcək".
Yanından ötüb gedənlər
Əgər
gecə küçə ilə gedirsən və uzaqdan
görünən - axı, bu küçə dağa tərəf
uzanır və on dörd gecəlik Ay da səmadadır - bir
insan sənə doğru qaçırsa, hətta üzgün
bir səfil olsa belə, hətta kimsə
qışqıra-qışqıra onu qovursa da, sən o
insanı saxlamayacaqsan; yox, qoy hara qaçırsa, ora da
qaçsın.
Axı,
indi gecədir və bu, səndən asılı deyil ki, Ay
işıq saçır, küçə də dağa
doğru uzanır, bir də ki, bəlkə, onlar kef
üçün bir-birini qovur, bəlkə onların ikisi də
üçüncü bir nəfəri izləyir, bəlkə,
birincinin heç bir təqsiri yoxdur və onu nahaq yerə təqib
edirlər, bəlkə, ikinci onu öldürmək istəyir,
sən də qətlin iştirakçısı olacaqsan, bəlkə,
onlar bir-biri haqqında heç nə bilmir, hərəsi də
öz evinə tələsir, bəlkə, onlar yuxudan durub gəzən
adamlardır, bəlkə, birinci silahlıdı?
Nəhayət,
bəyəm ola bilməz ki, sən
yorulmusan, ya da həddən artıq şərab içmisən?
Və sən sevinirsən ki, artıq ikinci də gözdən
itdi.
Ağaclar
Zira biz qışda kəsilmiş ağaclar kimiyik. Elə bil,
onlar sadəcə, qarda dığırlanıblar, yavaşca
itələsən - onları yerindən tərpətmək
olar. Yox, onları tərpətmək
mümkün deyil - donub, torpağa yapışıblar.
Ancaq sən get də, get - bütün bunlar yalnız belə
görünəndir.
Sanço Pansa haqqında həqiqət
Axşam
və gecə saatları onu rıtsarlardan, quldurlardan bəhs
edən romanlarla əyləndirərək, heç vaxt da
bununla öyünməyən Sanço Pansa, gələcəkdə
Don Kixot adlandıracağı bu əcinnəsini illər boyu
o qədər özündən uzaqlaşdırdı ki, həmin
Don Kixot bir-birinin ardınca divanə hərəkətləri
törətməyə başladı və
sevilib-seçilmiş bir hədəfi olmadığı
üçün - həmin hədəf isə məhz
Sanço Pansa olmalı idi - bu hərəkətlərlə
heç kimə bir zərəri dəymədi. Azad
bir insan olan Sanço Pansa, görünür, hansısa bir məsuliyyət
hissinə görə Don Kixotun gəzib-dolaşmaqlarında
onu maraqlı və xeyirli bir qəziyyə kimi son günlərinəcən
müşayiət etdi.
Dəmir yolu sərnişinləri
Əgər
sadə şəkildə, adicə olaraq, özümüzə
nəzər salsaq, uzun dəmiryol tunelində qəzaya
uğramış sərnişinlərin vəziyyətindəyik,
həm də elə bir yerdə ki, girişin
işığı artıq görünmür,
çıxışın işığı isə o qədər
zəifdir ki, adamın nəzərləri elə hey onu
axtarır, tapıb, təzədən itirir və hətta əvvəl
ilə axırın mövcudluğuna əmin olmaq da
mümkün deyil. Ətrafımızda isə ya hisslərimizin
çaxnaşmasına görə, ya da onların gərginliyi
ucbatından biz yalnız əcinnələri -
ovqatımızdan və yaralarımızdan asılı olaraq,
kaleydoskopdakı kimi maraqlı, yaxud da üzüntülü
bir oyunu görürük
Bu yerlərdə:
"Mən nə edim?", yaxud da "Mən
nə üçün bunu edim?" - deyə
soruşmurlar.
Təzə vəkil
Bizim sıramızda təzə vəkil peyda oldu - d-r
Butsefal. O,
Makedoniyalı İsgəndərin döyüş atı idi,
xarici görünüşü isə həmin uzaq vaxtları
elə də büruzə vermir. Ancaq nələrsə
də səriştəli insanların gözündən
yayınmır. Bu yaxınlarda isə mən
hətta gördüm ki, məhkəmənin giriş
qapısı ağzında cıdır
yarışlarının daimi tamaşaçısı olan
sadə bir işçi hər şeyi görən gözləri
ilə yanlarını oynada-oynada, cingildəyən
addımlarla mərmər pilləkənləri pillə-pillə
qalxan o vəkilə hansı bir heyranlıqla baxır.
Bir sözlə, vəkillər kollegiyası Butsefalın
bizim zümrəyə daxil edilməsini dəstəkləyirdi. Nadir qavrama
hissinə malik adamlar öz-özünə deyir ki,
Butsefaldın dünya miqyaslı tarixi əhəmiyyətini nəzərə
almasaq belə, indiki qanun-qaydalar içində yaşamaq onun
üçün çətindir və o, elə buna görə
də şəfqətə layiqdir. Razılaşın
ki, bizim zəmanəmizdə İsgəndər kimi bir nəhəng
yoxdur. Düzdür, bizdə də
öldürməyi bacarırlar və Makedoniya da camaatın
çoxu üçün darısqal bir yerdir, onlar ata Filippi lənətləyirlər,
ancaq heç biri nə vaxtsa bizi Hindistana aparmaq iqtidarında deyil.
Elə o vaxt da Hindistanın qapıları əlçatmaz
idi, hər halda yolu çarın qılıncı göstərirdi.
İndi o qapıları başqa yerə keçiriblər -
daha uzaqlara və daha hündürlərə, - ancaq heç kim sizə o yolu göstərməyəcək;
qılıncı siz çoxunun əlində görəcəksiz,
ancaq onlar o qılıncı yalnız yelləyirlər və
qılınc ardınca getməyə hazır olan nəzərlər
itir, yox olur.
Buna görə də ən ağıllısı odur
ki, Butsefal kimi bütün varlığınla qanun
kitablarını oxumağa başlayasan. O, özü
özünün ağasıdır və hökmlü
atlının mahmızından azad olaraq, lampa
işığında, sakitcə, İsgəndər
vuruşlarının uğultusundan uzaqlarda bizim qədim
qalın kitabları, foliantları oxuyu-oxuya, səhifələri
bir-bir çevirir.
Gecə vaxtı
O gecələr
ki, hərdən başını aşağı salıb fikrə
qərq olursan, - bax, bütün varlığınla belə
bir gecəyə qərq olasan. Sənin ətrafında
insanlar yatıb. Kiçik bir komediya, məsum bir
özünüaldatmadır ki, guya onlar öz evlərində,
öz möhkəm çarpayılarında, möhkəm də
bir damın altında, arxası üstə, ya da böyrü
üstə dizlərini büküb döşəyin
üstündə uzanıb, mələfələrin,
adyalların altında yatıblar; ancaq əslində, onlar
haçansa bir yerdə olduqları kimi, indi də bir yerə
yığışıblar, sonra isə yenə kimsəsiz bir
yerdə açıq səma altında, düşərgədə
saysız-hesabsız insanlar, tam bir ordu, bütöv bir xalq -
üstlərində soyuq səma, altlarında soyuq torpaq,
üzüqoylu, başları dirsəkdə, sakitcə nəfəs
ala-ala bayaq ayaq üstə dayandıqları yerdə
yatıblar. Sən isə yatmamısan, sən
keşikçilərdən birisən və o biri
keşikçini görmək üçün
yanındakı bir topa şaxın arasından
götürdüyün kösövü yelləyirsən.
Bəs, sən nə üçün
yatmamısan? Axı, deyilib ki, kimsə
keşikdə dayanmalıdır. Kimsə
ayıq olmalıdır.
Dağlara doğru gəzinti
Bilmirəm, - deyə səssiz qışqırdım, -
axı, mən bilmirəm. Əgər heç kim
getmirsə, deməli, heç kim də getmir. Mən heç
kimə pislik etməmişəm, heç kim
mənə pislik etməyib, ancaq heç kim də mənə
kömək etmək istəmir. Heç kim,
heç kim. Neynək, olsun. Ancaq bax,
heç kim mənə kömək etməyəcək,
halbuki, bu Heçkim-Heçkimlər, hətta nəşəli
ola bilərdi. Mən çox həvəslə
- niyə də yox? - bu cür
Heçkim-Heçkimlərlə gəzintiyə çıxa
bilərdim. Aydın məsələdir ki, dağlara sarı -
başqa hara ola bilərdi? Onlar
neçə nəfərdi - hamısı da bir-birinə
qısılıb, neçə əldir - hamısı da
bir-birinə pərçim olub, birləşiblər, neçə
ayaqdır - hamısı da bir-birinə sıxılıb
addımlayırlar. Əlbəttə ki,
hamısı da frak geyib. Bax, biz beləcə
gedirik. Harda ki, bizim aramızda kiçicik
bir yarıq qalıb, ordan da külək hər tərəfə
əsir. Dağlarda elə azad nəfəs alırsan ki! Orası da qəribədir ki, biz oxumuruq.
Əlbisələr
Mən
gözəl qızların geydiyi qatları dolu, büzmələri
naxışlı gözəl donları görəndə,
tez-tez fikrimə gəlir ki, bu donlar öz gözəlliyini
çox saxlamayacaq; o büzmələr əziləcək və
onları daha ütüləmək olmayacaq, naxışlar
solacaq, çirklənəcək və onları da daha təmizləmək
olmayacaq və heç bir qadın istəməz ki, gündən-günə,
səhərdən axşamacan həmin gözəl donu geysin,
çünki qorxacaq ki, zavallı və gülünc
görünər.
Bir də
ki, mən zərif, incə qamətli, sifətləri can alan, dəriləri hamar, saçları gur olan
və təbiətin onlara bəxş etdiyi bu maskada elə həmin
sifətlərini elə həmin ovuclarına alıb, gündən-günə
ləzzətlə güzgüdəki əkslərinə baxan
gözəl qızları görürəm.
Ancaq hərdən gecə vaxtı baldan qayıdandan sonra
güzgüyə nəzər salanda bir də görəcəklər
ki, üzgün, şişkin, solmuş və artıq
hamının dəfələrlə gördüyü boyat
bir sifət onlara baxır.
ELÇİN
Ədəbiyyat qəzeti.- 2019.- 9
fevral.- S.2-3.