Minotavrın
ölümü
Labirint hekayə
Əslinə qalsa, bu işdə hekayəlik heç nə
yoxdu.
Ata-babalardan qalma köhnə cığal adətdi, - hər
gün baş verməsə də, göz-qulağımız
belə şeylərə çoxdan öyrəşib:
qızı zorla istəmədiyi oğlana verirlər, o da,
gözünə döndüyüm, toy ərəfəsi, ya
elə toy günü başqasına qoşulub qaçır.
Amma bir iş də var ki, hər belə hadisənin öz fərqli,
gözlənilməz, hətta maraqlı tərəfləri də
olur. Bu işin gülməlisi oydu ki, Kəkliyin
qaça biləcəyini əvvəlcədən hamı bilsə
də, - qəhrəmanın adı həyatda Mətanət
olub, Kəklik müəllifin uydurduğu addı, - onu
qorumalı olan adamlar özləri öz əllərilə
aparıb qızı maşına mindirib
qayıtmışdılar. "Aldatdılar
bizi, - yaxşıca çırpılandan sonra balaca əmioğlu
axır ki, boynuna almışdı, - dedilər, Vaqifə
qız gətirməyə gedirik, biz də inandıq. Rayona çatanda univermağın qabağında
düşürdülər ki, burda gözləyin,
qızı götürüb gəlirik. Maşın
yerindən dəbərəndə Mətiş arxa
şüşədən bizə əl elədi və nəsə
bir cürə gülümsündü. Onda bildik ki, -
getdilər!".
Bilərəkdən, ya bilməyərəkdən
iştirakçısına çevrildiyi bu hadisənin
töhmətini qüruruna sığışdırmayan o biri
əmioğlunu evin taxtapuşunda kəndiri boğazına
keçirdiyi yerdə tapmışdılar. Xoşbəxtlikdən
o, ayağının altındakı daşı itələməyə
macal tapmamışdı. "Yaxşı
eləmişəm! Qızı zorla verəndə,
bilmirdiz axırı belə olacaq?!" - boğuq,
xırıltılı səslə bağırıb
özünə haqq qazandırmağa çalışsa da,
sonradan sakitləşib hıçqırtıyla
ağlamağa başlamışdı. Buyur, bu da sənə
dramatizm! Hadisələrin şiddətini artırmaq
üçün müəllif istəsə bir az
da dərinə gedə bilərdi; personajın ayaqları
altından daş çəkmək yazıçı qələmində
tire çəkmək kimi suiçimlik bir işdi. Lakin o, niyəsə bütün bunları etmir,
özündən təzə Amerika açır, süjeti qəstən
qəlizləşdirməyə çalışır,
lüzumsuz, cəncəl üsullara əl atır. Guya
iyirmi neçə il sonra keçmiş tələbə
yoldaşı Əminənin yuxusuna girir Kəklik: "Yuxudan
qan-tər içində oyanıb yerinin içində lam
qalmışdı; elə ağır, süst ki,
tabutdaydı, sanki, gecə köynəyini kürəyinə
yapışdıran soyuq tər də - əcəl təri".
Buyur, bu da sənə hazır hekayə girişi; indi
onsuz da hansı ədəbiyyat jurnalını açsan belə
basmaqəlib cümlələrlə doludu.
Yaxud da
bu: "Hər belə olanda - divarlar dağ olub üstünə
gələndə anasının səsi çatır
dadına: "Əminə! Əminə! Qardaşını
da çağır, yığılın evə, gecdi daha.
Gəlin xörəyinizi yeyin, bir kitab
üzünə açın baxın..." - illərin o
tayından yel qanadında uçub gəlir".
Əlbəttə, gələcək. Hər təzə
personaj mətnə təzə yükdü, - təzə
süjetdi. Anası da gələcək, hələ
bəlkə, dözmədi, rəhmətlik atası da durub o
dünyadan təşrif buyurdu.
"İndi gözlərini aça bilmirdi, qorxurdu ki, o
səs itər..." - olsun.
Amma bir
şey maraqlıdı, bəlkə, iyirmi neçə ildi
görmürdü Kəkliyi, - axırıncı dəfə əri
öləndə yığılıb Kəklikgilə yasa
getmişdilər, - və bu iyirmi neçə ildə
başına elə olmazın oyunlar gəlmişdi ki, nəinki
Kəkliyin adı, surəti, öz adı belə yadından
çıxmışdı. Bəs eləysə,
gecəyarı Əminəni qan-tər içində
oyadıb yerinin içində süst qoyan nə səbəb
idi?
"Çox pis, qarışıq yuxu
görmüşdü. Gah uzun illərdən sonra, axır ki, atası gəlib
girmişdi yuxusuna, gah binalarının tinində
taksiçilik eləyən Əmirxan, - o hardan hara! - gah da Kəkliyi görmüşdü, hə,
elə pis görmüşdü ki, avqustun havasız,
bürkülü gecəsində üşütmə
düşmüşdü canına. Dizlərini
qarnına yığıb titrətməsini dəf etməyə
çalışsa da, olmurdu. Ruhunda,
canında daş soyuqluğu vardı. Əlhavasına
adyalı tapıb üstünə çəkmək istədi,
barmaqları qaranlıqda gecə lampasının düyməsini
tapdı. Başı üzərindəki
işığı ehtiyatla yandırdı, tez də
söndürdü; çilçırağın uzunsov
kölgəsi tavanda yallı gedirdi...".
Çilçırağın kölgəsi tavanda
yallı gedirdi, yox bir, xiyar tağı çiçək
tökürdü. Səbəb olmalıdı axı bu tərpənişə.
Lap tutaq ki, olub, - həmin aralar Bakıda, doğrudan da, bir-birinin
ardınca iki möhkəm zəlzələ olmuşdu, - bu tərpənişin
mətləbə bir aidiyyəti olmalıdı axı.
"Balalarını da yanına salıb dilənirdi Kəklik. Üst-baş
dağınıq, kir-pas içində... Bu səhnəni
görəndə, inan, xəcalətindən ölüb yerə
girdi. Diri-diri pöştələndi.
Nəsə tanış bir parkdı, - tanış adamlar, -
gedən-gələnə əl açıb yalvarırdı!.. Sonra gördü, yox, park deyil,
çalı-çəpəri, səsi-nəfəsi tanış kənddi, - cəmi bircə dəfə
görmüşdü o kəndi və elə bircə dəfəsinə
də vurulmuşdu! - həyətin
yuxarı başında, o yerdə ki, bir vaxtlar kəndin
ağbirçəyi Minoş qarı yumşaq döşəkçələr
üstündə oturmuşdu, bax orda, ucaboy, nəhəng bir
kişi dayanıb, onun ayaqlarına döşənib
yalvarır: - Məni bağışla, ata,
bağışla!.. Keç günahımdan,
noolar, qurbanın olum. Məni zorla başqasına verdi qağam, ona görə qaçdım. Ona
görə qaçdım, ata, ona görə qaçdım!
O kor qalmış Minoşun cadusuna düşdü Əmirxan,
onun çaldığına oynadı. Qaçmaqdan
savay yolum qalmadı. Sənin təzə
ruhunu incidərdimmi, yoxsa heç. Başımın
tacı qağamı el içində rüsvay edərdimmi?!
Qarğışa düşmüşəm o
vaxtdan, yolsuzluğa düşmüşəm. Vaqif də öldü, xeyir-duamı verin heç
olmasa indi gedim rahat cəhənnəmimə. Uşaqlara
yazığınız gəlsin barı,
olar da yesir günündədilər. Belə yaşaya bilmirəm,
ata, bilmirəm! Ölə bilmirəm, ataaa!..
Amma heç tükü də tərpənmirdi
kişinin, necə dayanmışdısa, eləcə də
qalmışdı. Boydan-bədəndən onsuz da irihal idi, bir az da qəlbidə dayandığından sal
qayaya oxşayırdı. Amma onun ruhunu-qanını oynadan,
fikrini-hissini didən kişinin heybətli
görünüşü, dözülməz daş
susqunluğu deyildi, əsla, başqa səbəb idi; bir
anlığa ona elə gəlmişdi ki, öz doğma
atasını görür!.." - deyirdik axı, Əminənin atası da gələcək.
- "Nələr xiffətini çəkib bu
günün, ah, nələr! Bircə yol
atasını görsün, onun quruca səsin eşitsin.
Qoy lap illərin sağalmaz xəstəsi olsun, razıdı. Təki olsun. Bilər ki var,
sağdı. Allahın var günü
qulluğunda durar, keşiyin çəkər. Gecəbəgündüz...
İndi buyur, öz ayağıyla, sap-sağlam gəlib
çıxmışdı o. Xatirindəki xəstəhal adam ötən illər ərzində xeyli
yaxşılaşmışdı. Köhnə evlərinin
divarındakı şəklindən bir vaxtlar necə
baxırdısa, - bir az niskilli, incik, - eləcə
də baxırdı. Barı o dinəydi!
Çağıraydı yanına, köhnə vaxtlardakı
kimi, məlhəm əllərini kürəyinə,
çiyinlərinə qoyaydı, saçlarına
toxunduraydı: - Qorxma, qızım, hər şey yaxşı
olacaq, bax, qayıtdım. İnnən belə sənə
güldən ağır söz deyən olmaz...".
Amma yox, ola bilməzdi. Əvvəla ona
görə ki, Əminənin atası gör nə vaxtdı
ölüb. İkincisi də, atası ola,
yad kimi dayanıb kənardan baxa? Ömründə! Bir də axı ata yazıq harda gördü kənd
üzü. İş-gücdən, xəstəlikdən,
kasıbçılıqdan başı açıldı ki!
Ev - iş, iş - ev, ömrü
neftayırma zavodu ilə ikimərtəbə
"kamışovka"larının arasında keçdi. Axır vaxtlar heç işləmək də
olmazdı ona, ürəyinə görə. Amma neyləsin, işləməliydi. Ölən gününəcən də işlədi.
Son dəfə gecə növbəsindən
çıxıb yolüstü bazara dönübmüş,
balıq almağa, qayıdanda istiyə düşüb,
dayanacaqda ürəyi tutub, ordaca keçinmişdi.
"Balıq alsan pis olmaz. Qızardıb yeyərdik.
Soğannan, göyərtiynən, narnan."
- elə bilir anasının bu sözləri
olmasa ölməzdi atası.
"İştahan
pis deyil ha..." - fağırca qımışıb
razılaşmağı vardı.
"Əşi,
beşgünlük dünyadı da, kimə nə qalacaq
guya...".
O gün
məktəbdən tez buraxmışdılar onları -
qardaşıyla onu. Elə sevinirdilər ki! Məhləyə
çatanda ikimərtəbənin qabağını adamla dolu
gördülər, pəncərələri taybatay
açıq. Şiddətli ağlaşma
səsi gəlirdi pəncərələrindən. Pilləkənləri qalxdıqca o səs daha da
artdı. Evin giriş qapısı da taybatay idi, içəri
basırıq, tünlük... Dəhlizdə bir
küncə toxunma zənbil düşüb
qalmışdı, içindəki balığı görəndə
ixtiyarsız hönkürək tutdu onu. Ona
baxıb qardaşı da ağladı.
Ağız-ağıza verib bacı-qardaş
ağlaşdılar...
"Kəkliyə qoşulub o da ağlayırdı
yuxuda. Atasına oxşatdığı kişinin
hüzurunda. Niyə ağladığını
özü də bilmirdi, amma elə canı-dildən
ağlayırdı ki! Ağladıqca da
yüngülləşirdi. "Tüfəngimi
bura gətirin!" - hardansa taksist
Əmirxan peyda oldu o dəm, guya o, Kəkliyin
qardaşıydı, - "Rədd ol bu qapıdan, qancıq! Mənim sən adda bacım yoxdu!" - deyib üstlərinə yeridi. Onu
da Kəkliyə qatıb yol aşağı qovdu, qovdu, əli
tüfəngə çatmayanda isə yerdən bir daş
götürüb dallarınca atdı. Əmirxanın
daşı inanılmaz sürət alıb böyüdü,
böyüdü... və yer-göy bir-birinə dəydi,
dünya işığı hüceyrələrində
söndü. Daş-divarın dəhşətli tərpənişinə
yuxudan dəli kimi oyandı, amma durub harasa qaçmağa
özündə hey tapmadı, arxası üstə
düşüb özünü gecənin dibsiz
qaranlığına verdi".
Gop da
olsa maraqlıdı, eləmi? "Dünya
işığı hüceyrələrində
söndü" - nə deyirik, olsun. Çilçırağa
yallı getdirən də, sən demə, zəlzələ
yox, Əmirxanın qara daşıymış, bunu da bildik.
Bəs eləysə, Əmirxan özü kimdi və
nəyə görə Əminənin halal yuxusuna girib
dünyanı dağıdırdı?! Əgər
o, Mətanətin qardaşı Əmirxandısa, o başqa məsələ,
onda vəziyyət kökündən dəyişir. Çünki Mətanətin başına
açılan oyunların əsas baiskarı Əmirxan olub,
bunu hamı bilir. Niyəsini desəm, güləcəksiniz:
kişinin ağsaqqallıq damarı tutubmuş, heç nə.
İki ayağını bir başmağa dirəyib ki,
Minoş kəndin ağbirçəyidi, onun dediyi söz
qanundu, o kimə deyibsə, bacım ona gedəcək! Heç dəxli var, sən Allah. "Atası
sağ olsa, ömürbillah razı olmazdı bu işə!"
- camaat deyirdi. Çünki
sağlığında neçə yerdən elçi gəlibmişlər
Kəkliyə, atası heç birini yaxına buraxmayıb.
Bu birilər - minoşgillər gələndə isə, nə
qədər əldən-ayaqdan getsələr də, dəqiq
bir söz deməyib: "Məktəbini oxusun gəlsin, meyli,
razılığı olar, baxarıq..." - vəssalam. Sonra
kişi ölüb, sövdə qalıb
il çıxana.
"Ay
parçası kimi qızı apardı caladı suyumsuz
tayfasına...".
"Hamısı o kor bəyquşun işləridi. Qisas alır
bu kənddən zəlil olmuş, bir ayağı gordadı,
yenə ürəyi soyumur" - Guya nə vaxtsa Minoşu da bu
kəndə zor gücünə qaçırıb gətiriblər.
Bu azmış kimi, haya gələn qohumlarından birini - deyəsən,
cavan qardaşını! - yolda
atışmada öldürüblər. Kimin
gülləsinə tuş gəldiyi bilinməsə də, iki
tayfa arasında əməlli-başlı düşmənçilik,
qan davası düşüb. Bir
gözü ağlar, bir gözü gülər, Minoş ər
evində qalıb. Saçının birini ağ, birini qara hörüb... dözüb,
oturub... doğub-törəyib... ərinə, ailəsinə
üzü öyrəşib... və nağıllardakı
kimi, ay dönüb, il dolanıb, tay-tuşları qocalıb
ölüb, Minoş kənddə qalıb tək
ağbirçək, - dediyi söz olub qanun! İnsan
xislətindəki kin-küdurət isə...
görünür, itmir; nə qədər ört-basdır etməyə
çalışsan da, bir gün pırtlayıb
çıxır üzə.
Deyirlər, iş-işdən keçəndən sonra
Əmirxan it kimi peşman olub tərsliyinə. Bir müddət adam arasına çıxmayıb,
iş-gücün - mexanikliyin daşın atıb,
nişanlıymış, nişanı qaytarıb biryolluq
çıxıb gedib kənddən. O gedən, bu gedən!
"Bircə yol qapımı döymədi qağam,
Vaqif də öldü, gəlmədi..." - sonralar hey
vaysınıb sızlayırmış Mətanət. - "Heçcə nəyin
üstündə özünü də qaragün elədi, məni
də...".
İndi,
belə çıxırdı ki, Əminəgilin
binalarının tinində taksiçilik eləyən
Əmirxan o Əmirxandi: "Ağır təbiətli, sakit,
fağırın biridi. Maşını
köhnə olsa da, məhlədə yaxşı hörməti
var, kimin taksilik işi olsa onu çağırır. Hansısa qaçqın rayonundan gəlib, deyirdilər,
Bakıda kirədə qalır. Yaşı
əllini ötsə də, evlənməyib, - belə şeylərin
hesabatını arvad tayfası yaxşı aparır, - işləyib
bacısının uşaqlarına baxır. "Nə vaxt bir köməklik lazım olsa, utanma,
de müəllimə" - hər dəfə onu görəndə
pul kimi qızarır o yekəliyində kişi".
Xeyir ola, niyə qızarır?
Bütün bu təfərrüatları hələlik
qoyaq bir kənara, görək bizim həyatdan yaxşı
tanıdığımız Mətanəti müəllif necə
və nə səbəbdən Kəkliyə çevirir.
"Universitetdə bir qrupda oxuyurdular. Arıq, qarayanızın
biriydi, amma elə suyuşirin, yapışıqlıydı
ki, üzünə baxmağa adam
utanırdı; çıraq kimi
alışıb-yanırdı qız. Biçimli bədəni,
o vaxt üçün dəbdə olan qara, gur hörükləri
vardı, - dəblər necə də sürətlə dəyişdi!
- cütləyib kürəyinə atanda
oğlanlar həsrətdən, qızlar həsəddən
odlanırdı. Öz gözəlliyindən xəbəri
yoxdu, amma dünya-aləm vecinə deyildi. Dağ
çayı kimi saf, şaqraq səsi vardı, harda gəldi
deyib-gülüb oxuyurdu. Son vaxtlar kəklik
quşu haqqında qəribə qədimi bir rəvayət
düşmüşdü dilinə, - Kəklik adı da elə
o rəvayətdən qaldı. - Guya qədimlərdə
ağıllı, gözəl-göyçək bir qız
olur. Bu qızı əmisi oğluna
adaxlayırlar. Ay keçir, il
dolanır, vədə çatır, qızın əl-əyağına
xına qoyub bəzəyirlər... Hamının başı həyət-bacada
toy işlərinə qarışmaqda... Qızın
dərdindən ölən başqa bir oğlan da
varmış, başının dəstəsilə oğrunca
gəlib gəlin otağına girir, əl-ağzını
bağlayıb dağlara qaçırır. Qız nə qədər yalvarır, ağlayır,
dartınır, qışqırır, xeyri olmur. Hər
yerdən əli üzülən qız axırda
üzünü göylərə tutur:
Tanrı,
məni quş elə,
Qənədi gümüş elə.
Eldə
rüsvay eləmə,
Daşlara
yoldaş elə!..
- deyir və bir göz qırpımında kəkliyə
çevrilir, pırıltı ilə uçub daşlara
qonur. "Bəxtəvərin bəxti varmış..." - hər
dəfə heyrətlənərdi Kəklik.
"Tanrı, məni quş eylə..." - elə
kefli-nəşəli oxuyardı ki! Sonra bu rəvayəti
öz aralarımda bir oyuna çevirdilər. Hər dəfə qrup qızlarından birini
qoyardılar o "bəxtəvərin" yerinə,
universitetdə zəhlələri gedən oğlanlardan biri də
guya gəlib o qızı qaçırır. Elə
eşqlənərdilər ki!
Çox
vaxt Vaqifi də qatardılar o rəvayətə, - Vaqifi ha! - guya o, başının dəstəsiylə -
başının dəstəsiylə öz də! - Kəkliyi
götürüb qaçırır öz dağ kəndlərinə.
Qrupda iyirmi iki qızın arasında tək
oğlandı Vaqif. Adamayovuşmaz
mızının biriydi. Beş il bir
yerdə oxudular, bir dəfə düz-əməlli səsini
eşidən olmadı onun. Nə bir işlərinə
qarışdı, nə bir tədbirlərinə gəldi.
Acığa qızlar da həmişə
sataşırdılar ona. Yanında nə
gəldi danışırdılar, nə zarafat var, eləyirdilər.
Amma heç cınqırını da
çıxarmazdı yazıq, qulaqlarının dibinəcən
qızarıb sakitcə aralanardı. Qızlar
öz aralarında Vağ deyərdilər ona. Həm, elə mızılığına görə,
həm də, vağ kimi yönsüz-yöndəmsiz, əyriş-müyrüş
fiqurası vardı; boy-buxunun əsas hissəsi ayaqla
boğazın payına düşdüyündən avaraqulu
bir təəssürat yaradırdı. "İlanın
zəhləsi yarpızdan gedər, o da gəlib onun
yuvasının ağzında bitər" - dedikcə,
uğunub gedərdi qızlar. - "Belə
fağırların əlinə xəlvətdə
düşmə ha, inan adamın
cıbırığını çıxardarlar, sağ
islahatını qulağının dibində qoyarlar" -
qarınlarını tutub qəşş edərdilər.
"Tanrı,
məni quş elə,
Qənədi gümüş elə.
Vağı
da bəyquş elə,
Başına
da yekə bir daş elə"
- deyib, məzələnərdilər.
Bir dəfə necə oldusa söhbətin bu yerində Kəkliyi
səbəbsiz ağlamaq tutdu. Nə illah elədilər,
qızı kiridə bilmədilər. Əllərini
üzünə tutub hönkürdükcə
hönkürürdü... Sonra heç vaxt o rəvayəti
eşidən olmadı".
Bu mif, mistika xəstəliyi yıxacaq indiki yazarların
evini, baxarsız. Müəllif kəklik quşu haqda rəvayəti
qəsdən ortalığa atır ki, sonradan onun guya Kəkliyin
taleyində necə həlledici rol oynayacağına indidən
"fal" qoysun. Halbuki, nəyin necə
baş verdiyini hamı yaxşı bilir. Mətanətin
qoşulub qaçdığı oğlanın adı Vaqif
olub, düzdü, amma o, qətiyyən Vağ Vaqif deyildi.
-
Qağamın əsgər yoldaşıydı Vaqif, - çox
illər sonra qaçqın şəhərciyində Mətanətin
bacısı Xatirəni tapanda o, sac üstündəydi,
xırda kündələri bir-bir urvalayıb yayır,
hazır sacın üstünə düzüb, o üz-bu
üz çevirirdi. - Boylu-buxunlu, yaraşıqlı, şəkil
kimi bir oğlanıydı. Hind kinolarında olur ha, bax elə...
Aralığa çıxanda qızlar
hayıl-mayıl olurdu. Həm də elə
abırrı, utancaq idi ki, başını qaldırıb bir
kəsə baxmazdı. Söz soruşanda
puçur-puçur tər tökürdü. Hammıza da "bacı" deyirdi, Mətişə
də, bizə də. Çox yaxın dost idilər
qağamla, qardaş kimi. Qağam özü
çağırmışdı onu toya. Bacımın
tələbə yoldaşları da
tökülüşüb gəlmişdilər Bakıdan.
Elə şənlikli keçdi ki toy! Xüləs...
qız toyu oldu qurtardı, qonaq-qara dağılışdı
getdi. Qağam Vaqifi buraxmadı, dedi, qal, oğlan toyu da
olsun, gedərsən. Yaman da getdi...
- Bəs
niyə qaçırırdı onu, bacı deyirdisə?
-
Aldatmışdı Vaqifi! - oxlovunu dirijor
çubuğu kimi göydə gəzdirdi Xatirə. - Vaxt
daraldıqca elə bil havalanmışdı. Qapıda
çalğıçıları görəndə lap dəli
oldu. Nə desən gözləmək
olardı ondan. Suda boğulan saman
çöpündən necə yapışar ha, bax elə.
Cecələr qapı-qapı gəzib kəndin
subay gədələrinə yalvarırdı ki, alın məni.
Gözümün qabağında əmioğlunu
elə hala saldı ki, diz çöküb
hönkür-hönkür ağladı yazıq. Dedi, sənin
qucağında böyümüşəm, a bajı, səni
nətəər alım?! Onda mən xırdaydım hələ,
yorğanın altından mısıb baxırdım, - bu yerdə
Xatirə başını qaldırdı, dodaqlarının
qırağında yorğun bir təbəssüm sezildi. -
Vaqifə də demişdi ki, məni kənddən
çıxart, sonrasıyla işin yoxdu. O yazıx da
aparıb qoymuşdu əmisi evinə... Sora da... atası deyib
ki, nahax gətirmisən, gərək gətirməyəydin,
amma gəlibsə, almalısan, adı çıxıb...
- Bəs
Mətanət?..
- Nə Mətanət?
Nə bilim əşşi, nə elədi,
özünə elədi Mətanət. O gözəlliyində
qız, apardı özünü zəlil elədi, qoydu ora. Ortalığa çıxanda bir baxan deyirdi bir də
baxım. Başına bəxtəvər oxuyurdu görən,
vurdu bədbəxtlikdə hamını keçdi...
Qaçannan sonra gedib tapmışdıq axı onu, hə...
Bibimnən yoldaşıydı, məni də yannarına
qoşub aparmışdılar... Adam bir həftənin
içində nətər dəyişərmiş! Heç elə bil bizi tanımırmış.
İçəriki otaqda paltar ütülüyürdü, -
oxlovla üç-dörd metr aralını göstərdi, -
arın-arxayın eeee... Denən, qız olan kəs
başını qaldırıb bircə yol bizə
baxdımı, yox! Ağzını açıb bircə kəlmə
xoşgəldin elədimi, ay tööbə! Heç olmasa,
bacısıydım, məni çağıraydı
yanına... Elə pərt olmuşduq ki... Çıxanda bibim
yandığından bilmədi nə desin,
qızıl-qırmızı üzünə qayıtdı
ki, görüm səni heç xeyir tapma bu evdə. Ürəyimin sapı qırıldı, elə
bildim hökm oxudu arvad. Heç üstünnən, nə
bilim, neçə il keçdi, getdi
çırpıldı traxtora Vaqif...
-
Öldüü?!
-
Özü də, atası da.
Bax belə, hal-qəziyyə belə olub. İndi
görək bu məlum-məşum hadisəni müəllif
necə qələmə alır.
"...təyinat
sapand daşı kimi hərəsini bir dərəyə
atmışdı. Kəkliyin toy xəbəri
neçə illik canbir rəfiqələrin nəhayət bir
yerə yığılması üçün göydəndüşmə
səbəb oldu. Yarımca günün
içində "cükküldəşib"
tapışdılar, danışıb ayrıca avtobus tutdular,
- səhər alaqaranlıqdan çıxmalıydılar ki,
toya vaxtında çatsınlar, - görüş yerini,
vaxtını təyin elədilər. Sevindiklərindən
bilmirdilər nə etsinlər. Bir-iki
xırda sual həmişə olmalıdı, o heç. Əvvəla, Kəklik niyə özü
çağırmamışdı öz toyuna, hardansa
eşidib bilmişdilər? Bu bir.
İkincisi də, - ən əsası! - kimə
gedirdi görən Kəklik! Heç kəsi bəyənməyən,
hərədə bir qüsur axtaran, hərəyə bir
mız qoyan Kəklik. Toy günü obaşdan avtobusda
rastlaşdıqları mənzərə bütün bu
sualları kəlləmayallaq etdi: Vaqif hamıdan qabaq qonquyub
oturmuşdu avtobusda! Vaqif ha! Heç bir işlərinə
qarışmayan, heç bir tədbirlərinə gəlməyən
Vaqif! "Xeyir ola?!" - üzə
vurmasalar da, yol boyu bu mübhəm narahatçılıq
xımır-xımır yedi içlərini. -
"Yoxsa altdan-altdan Kəkliyi sevirmiş bu başdanxarab?
Burda deyiblər e, suyun lal axanı... Denən,
niyə vaqqıldayıb öz tayını tapmırsan, a
vağbaş".
"Sizi kim çağırıb bura?! Toya
gəlmisiz?! Toy olmayacaq!" - Kəkliyin
toy evindəki o günkü isterik halı, ölərlər,
yadlarından çıxmaz. Xalça-palazla bəzədilmiş
işıqlı, geniş otaqda əyləşmişdi Kəklik.
Getdiklərinə də peşman elədi onları: min hala,
min sifətə düşdü, yaralı quş kimi
özünü ora-bura çaldı. Gah
acıq eləyib otaqdan çıxdı, gah dözmədi, yenə
qayıtdı, qucaqlayıb hamısını bir-bir
öpdü, göz yaşları içində,
bağrına basdı. - "Gərək
gəlməyəydiz bura, gəlməyəydiz! Sevinə
bilmirəm gəlişinizə, başa
düşürsüz, bilmirəm, özümnən
asılı döyül!.." - deyib, ağladı. Eşidəndə Vaqif də
gəlib, havalanmış kimi güldü, güldü, sonra
yenə halı dəyişdi: "Mənim axırım
noolacaq, ay Allah, noolacaq!..".
Belə dilxoredici vəziyyət pərt eləmişdi
onları, o qədər ki, dönüb qapıdan qayıtmaq
havasında idilər. Qayıdacaqdılar da, qollarına-qılıqlarına
girib bağa sarı dartan olmasaydı...
Əminə
həyatında ilk dəfəydi əsl kənd
görürdü!
Mayın
ortaları havalar xoş keçdiyindən toy masaları elə
açıq havadaca - ağacların altında, çəpərə
dırmanıb gülünü məxmirək kimi
tökmüş itburnu, qızılgül kolları
arasında, ilıq bahar nəfəsindən qudurub həyət-bacanı
ağzına almış rəngbərəng çiçəklərin
- o çiçəklərin ətri hələ də
burnundadı və elə o bahar da, deyəsən, həyatının
ən ətirli baharı oldu! - təmasında
qurulmuşdı. Kəklikgilin yurd yeri binədən
yal döşünə düşmüşdü və həyətin
landşaftı eləydi ki, masalar bağ aşağı,
amfiteatrdakı kimi, pillə-pillə
düzülmüşdü. Bağla həyəti
ayıran köhnə çitəmə çəpər
toyla əlaqədar müvəqqəti
söküldüyündən bir az
aşağıda çalğıçılar
üçün quraşdırılmış,
üç-dörd daş səviyyəsinə də dübarə
qaldırılmış "taxta səhnə" əl içi
kimi görünürdü. Köklənib
sazlandıqca çalğı alətlərindən qopan
şux dınqıltılar istər-istəməz adamın
sümüyünə düşür, ruhu, qanı
oynadır, bir azdan başlayacaq şıdırğı toy
havasının anonsunu verirdi. Qız toyu olduğundan həyət-bacada
sən deyən elə kişi qismi gözə
dəymirdi, - belə xırda təfərrüatlar ancaq şəhər
adamının marağına səbəb ola bilər. -
Çayçı, çalğıçı tayfası nəzərə
alınmazsa, uzaq yoldan gələn beş-üç kişi qonağıydı, Vaqif kimi, onlar
üçün də, görünür, ayrıca süfrə
açılmışdı. Bir də, toyu idarə edən
evin ən məhrəm adamlarıydı ki, onların
arasında qara qıvrımsaç, hündür bir oğlan
vardı... necə oldusa, baxışları
tapışdı, dartışdı, helləşdi, güləşdi...
axır ki bir od, qığılcım əmələ gətirdi...
qəlbinin başı titrədi... beyninə-bədəninə
istilik axdı... sonralar o odu, istini ömrü boyu gəzdi,
işığına bələndi, ilğım kimi, amma...
istisinə çata bilmədi..." - STOP. Bu
yerdə müdaxilə mütləq olmalıdı. Qara qızın dərdi varmış, sən demə,
xəbərimiz yoxmuş. İndi-indi
aydın olur ki, müəllif Əmirxanı niyə aparıb
Bakıda taksi şoferi elətdirir. Axı
şəhərə qaçqınçılıqdan xeyli
qabaq getmişdi o və iri zavodların birində işləyib
yüksək vəzifələrəcən
qalxmışdı. Düzdür, sovetin
dağılhadağılında fabrik-zavodlar da
bağlandı, işçiləri pərən-pərən
düşdü. Amma məgər
taksiçilik etmək üçün Əmirxana bu boyda
şəhərdə yer qəhət idi? Gərək
gəlib elə mütləq Əminəgilin binalarının
tinində dayanaydı? Nəisə... -
"Əldə-ayaqda hərlənən subay-salıq
qızlar sevincdən çırtma çalıb
oynaşır, bir-birlərinə göz-qaş edib məxsusi
eyhamla dümsükləşir, dingildəşir, toya gələnləri
qarşılayıb deyə-gülə yer-yurd edirdilər.
Kəndin ağbirçəyi Minoş qarı
yuxarı başda, yumşaq döşəkçələr
üstündə əyləşmişdi. Məclis aram-aram öz təbii axarına
düşməyindəydi, ərə gedənin halı
camaatın heç vecinə də deyildi. Bir azdan oğlan
evi də öz dingiş ədasıyla
tökülüşüb gələcək, əsas toy ərəfəsində
işi bir az da nağdlaşdırıb
kefi kök, damağı çağ geri dönəcəkdilər.
Amma... görürdün, beş-on ən yaxın, simsar adam var ki, bostan müqəvvası kimi
ortalıqda alaxay qalıb. Üzləri gülsə
də, ürəklərindən qara qanlar axır, gözlərində
aşkar çarəsizlik ifadəsi var. Nəydi o çarəsizlik,
bilən yox idi. Varsa da, demirdilər.
Bircə şey gün kimi aydın idi ki, istəmədiyinə
verirlər Kəkliyi; tale qələmiylə - xoşluqla
yazılmayıb bu icbari izdivac!
Günortaya
yaxın, oğlan evinin gələgəl vaxtı qəfildən
ara qarışdı, aləm bir-birinə
dəydi. Hay düşdü ki bəs, qoymayın, şəhərdən gələn
cüllütboğaz gədə dalkı pəncərədən
qızı götürüb qaçdı! Kişilər
başılovlu maşınlara doluşdular, arvadlar saç
yolub ortalıqda şivən saldılar...".
Görürsüz,
müəllif hadisəni elə düz-qoş edir ki, məsələnin
mahiyyətini bilə-bilə, az qala bizi də
inandırır öz yalanına: "Çaxnaşma,
qarışıqlıq, vaynəfsə... Bir
anın içində alt üstə çevrildi, toy yasa
döndü. Adamların nifrət dolu
baxışları Minoş qarıya dikildi; hamı
günahı onda görürdü. Amma
heç tükü də tərpənmirdi qarının.
Qımıldanmırdı da. Dim-dik dayanıb başını qırğı
kimi o üz-bu üzə çevirir, camaata, sanki heç məhəl
də qoymurdu. Baş verənlər onun planlarına daxil
olmasa da, hiss olunurdu ki, gedişat ürəyindəndi; sifətində
qəribə şeytani bir işıq gəzirdi...
İndinin özündə də o bicərək,
şeytani işığı yada düşəndə təpəsindən
tüstü çıxır Əminənin. Kəkliyin zəlil
gününü görmüşdü, ona görə...
Sazaqlı bir gündə dörd-beş tələbə
yoldaşı tapılıb Vaqifin ilinə getmişdilər. Dünyanın
harasıydı, Allah, ora! Yol acı bağırsaq kimi
uzandıqca uzanır, qurtarmaq bilmirdi... Kəkliyin
gün-saatını da sazaqlı gördülər: cavan ərini,
qayınatasını bir gündə torpağa
tapşırıb iki uşaqla bir damın altında
qalmışdı. Dərd, ehtiyac sıxıb
balacalatmışdı onu. Yazıqlatmışdı;
əvvəlki şən-şaqraq adamdan əsər-əlamət
yox idi. Qısa müddət ərzində
sürətlə qocalıb tanınmaz hala
düşmüşdü. O qədər
arıqlamışdı ki, anqutu çıxmışdı,
gözləri işarırdı eləcə. Onların
gəlişinə uşaq kimi sevinirdi amma. Bilmirdi neyləsin,
nəyi hara qoysun...
- Allah
boynumu qırsın, yaxşı qulluq eləyə bilmədim
sizə, - ayrılanda da buraxmaq istəmirdi onları. -
Qapıda yaxşı qazım, quşum, toyuq-cücəm var,
bir yol arxayın vaxt yığılın gəlin...
- Əlin xınalıdı, Kəklik... - kimsə
zarafatca söz atmışdı.
- Nə
xına, başıma xeyir, qoz qarasıdı, -
gülmüşdü. - Yaş qozdu, bağdan, meşədən
yığırıq, ləpələyib satıb pul eliyirik,
neyniyək, kənd yeridi...
Sonra araya
ağır, uzun sükut çökmüşdü...
- Amma
indiki ağlım olsa, yenə qaçardım, - handan-hana dillənib
özünü sındırmamağa çalışsa da,
gözlərindəki kədər amansızcasına ələ
vermişdi Kəkliyi.
Onu
qaranlıq, dərin quyunun dibində ipsiz qoyub getməliydilər...".
Əşşi,
rədd olsun süjet də, təhkiyə də, o biri də,
bu biri də!.. Yazan da, yazılan da, hələ
desən oxuyan da!.. Bizim nəyi necə
yazmağımız nəyi dəyişir guya! Niyə
insan öz halalca ömrünü - cavanlığını,
gözəlliyini, arzularını bada verib, arxasınca
itbaxandan baxmalıdı?! Allahın verdiyi
ömür payını niyə istədiyi kimi yaşaya bilməməlidi?!
Kəklik də tək deyil axı, neçə-neçə
kəkliklər var. Çoxları uşaqların
varlığına dözüb qalır. Gecə
sevişəndə də başqasını nəzərində
tutub sevişir. Gözlərini yumub fikrində
canlandırdığı kişiylə, bəli! Azdı belələri? Nə qədər desən!
Əri döyəndə qonşu Qızbəsin
çığırtısı həyət-bacanı
başına götürürdü. "Beli
bütün ziyildi, yaradı, yanına girə bilmirəm, iyrənirəm..."
- deyib, üsyan eləsə də, sabahısı yenə quzu
kimi qayıdıb gəlirdi evinə. "A
bala, belə qayıdacaqdınsa, niyə özünü
biabır edirdin, - deyirdi qonşular, - gül kimi balaların
var, oları fikirləş, qaxıl otu evində...".
Guya Əminənin öz həyatı alındı? Alınmadı.
Olmadı, olmadı, olanda da gec oldu. "Qardaşını tək qoyma, qızım, sən
böyüksən..." - atasının bu sözləri
ömür boyu rahatlıq vermədi ona. Yaşamağa
qoymadı. Fikri-zikri, pulu-qazancı qardaşında oldu:
oxusun, işə düzəlsin, ev-eşik sahibi,
oğul-uşaq yiyəsi olsun... Hamısı da
oldu. Bir də baxdı ki, özü yaddan
çıxıb, - cavanlıq quş olub uçub əldən,
ikiotaqlı mənzilində qalıb tək, quqqulu. Bu azmış kimi, Arif məsələsində
qardaşı əməlli-başlı küsdü ondan.
Bu da onun yaxşılığı! Qarnının
dərdi nədi, bilinmədi. O gün də dayanacaqda
gördü, maşını saxlamadı. Əlbəttə,
gördü, döngəni dönüb yuxarı qalxanda az qala üz-üzə qalsınlar. Bir an maşını yavaşıtdı, sonra yenə
sürüb getdi. Bu yaşda da tərsliyindən
əl çəkmir zalım oğlu. "Niyə,
qardaş, niyə! Nə pislik eləmişəm
sənə. Elə bir səbəb yoxdu
axı. Arifə getmə, dedin. Neynəmişdi
sənə Arif? Mədəni, sakit adam
idi. Nə olsun ki, bir az yaşı
çox idi. Guya mənimki az idi? Mən də insanam axı. Qadınam! İstəyirdim
mənim də bir isti yuvam olsun, həyanım olsun,
başım qarışsın... Nədi, buna
haqqım yox idi?! Yox idi?! Bəs niyə imkan vermədiz yaşamağa?
Yeddi ay xeyirsiz, fərəhsiz... Qoy lap on yeddi ay
olsun, axır ki öldü də. Arvadlı-ərli
biriniz bir yol ağzınızı açıb demədiniz
ki, xoşbəxt ol. Bircə yol
çağırıb dindirmədin yazığı,
saymadın. İndi bu yaşda məni də
dindirmirsən. Heç dindirmə innən
belə... amma... səndən başqa kimsəm yoxdu axı mənim.
Guya sənin kimin var ki? Arvad da, uşaq da
öz yerində, mən də sənin bacınam axı!..".
"Gedək
Krakova" - hamı dağılışandan sonra kafedrada
Arifin dediyi bu iki kəlmə o vaxtkı kimi qəlbinin
başını titrətdi, lam su üzərinə
düşən çiçək kimi, hə... "Bu nədi, professor, təklifdi? Təklifdisə bu nə əndrabadi təklifdi?!"
- ürəyində sevinmişdi. - "Otuz ildi gözləyirəm bu təklifi, evin
tikilsin". Həmişə qaradinməz, ciddi
görünən kişiyə nə olmuşdu birdən-birə...
Yuxuyla
oyaqlığın dumanlı vadisində təzəcə
körpü keçirdi Əminə...
...yerin təkindən
təhlükə gətirən uğultu kimi Kəkliyin
yanıqlı səsi - yalvartısı eşidilməyə
başladı: "Nə yaxşı səni tapdım, əmioğlu,
nə yaxşı tapdım... Bilirsən niyə
gəlmişəm? Al məni! Eşidirsən, al! İstəyirsən
indi al! Bu gecə, burda! Təki o dəhrəburun
gədədən qurtarsın canım. Məni
zorla ona verirlər, əmioğlu. Getmək istəmirəm
ona, istəmirəm! İyrənirəm! Ölərəm
ona getsəm. Qutar məni bu zulumnan, noolar,
qurbanın olum. Xoşun gəlir axı mənnən,
bilirəm. Hiss eləmişəm. Yekə
kişisən ta, Allaha şükür, büyün-sabah əsgər
gedirsən. İstəsən şəhərə
qaçarıq. Ev tutarıq, iş
taparıq! Sənnənəm axı, it oğlu it, niyə
dinmirsən!".
"Aç qapını! Aç qapını, qancıq!.." - yenə
Əmirxanın səsiydi, qapını elə möhkəm
döyürdü ki, çərçivəsindən
qoparacaqdı az qala.
"Aç,
sənə deyirəm!.." - hədəqəsindən çıxmış
gözləri qaranlıq pəncərədə peyda oldu sonra.
Pəncərənin dəmir
barmaqlığından yapışıb elə bərk silkələyirdi,
aşırıb böyrü üstə qoyacaqdı, sanki evi.
Yuxuda hiddətini
dəf edə bilmirdi Əminə, elə bilirdi bu saat tutub Kəkliyi
tikə-tikə edəcəklər... Otağın ortasında
dim-dik dayanmış qaraörtüklü adamı - Minoş
qarını görəndə isə təlaşı birə-beş
artdı; axı o, çoxdan ölmüşdü, hardan gəlib
girib onun evinə ölmüş adam!
Qapı çırpıldıqca əsim-əsim əsirdi
Minoş... qıvrılıb-qısılıb harasa yox oldu
birdən... Bir cüt soyuq-sirayətedici göz
qaldı ondan. Yuxunun aydın qaranlığında qurd
gözü kimi donub ətrafa vahimə saçırdı...
Bel-baltayla silahlanmış adamlar gecəyarı hiddət
içində bir cüt işığa səmt
qaçırdılar. Qara bir ilandı, neçə vaxtdı kəndin
girəcəyindəki daşın altına girib, deyirdilər.
Nə illah eləsələr də, o
daşı yerindən tərpədə bilmirdilər, ilan da
çıxmaq bilmirdi. Uşaq-böyük
qorxu içindəydi, hiddətləri üsyan həddinə
çatmışdı. "Tüfəngimi mənə
verin!.." - hardansa
heybətli bir kişi peyda oldu. Səsindəki qətiyyət
ətrafa toxtaqlıq səpdi, yanar odun üstünə su
çilədi. Camaat elə bil bir az
sakitləşdi. Əminə o kişini görən kimi
tanımışdı; yuxusunda atasına
oxşatdığı kişiydi! "Cana-boğaza
yığdın bu milləti, it qızı it!" - deyib tüfəngini sinəsinə
sıxdı. Birinci atəşə tullanıb
gülləni ağzıyla tutmaq istəyən ilanı yerə
sərdi. İkinci güllə yarıyacan torpağa
oturmuş qara daşı param-parça elədi,
külünü göyə sovurdu...
Daş-divarın dəhşətli tərpənişinə
yuxudan dik atıldı, əlinə keçəni əyninə
taxıb özünü qapıdan bloka atdı. Adam adam
belindəydi, başını götürən küçəyə
qaçırdı. Blokdan çıxıb
birbaşa binalarının tininə qaçdı. Qardaşıgilə getməliydi. Başqa kimi vardı ki, kimə də gedə.
Yəqin, indi qardaşı da ayaq üstəydi, narahatdı...
Əmirxanın maşınını tində görəndə
ürəyi yerinə gəldi, sevindi, arxa qapını
açıb sakitcə maşına oturdu... heç nə demədi...
Ona elə gəlirdi ki, taksi şoferi hər şeyi bilir,
tanıyır: onu da, qardaşını da,
qardaşının evini də... Bir azdan
görüşəcəkdilər onunla. Neçə
illik həsrətdən, ayrılıqdan sonra.
Barışacaqdılar, qol-boyun olacaqdılar, baş-başa
verib hönkürüşəcəkdilər...
"Mən sizi tanıyıram, müəllimə..."
- yol boyu nəsə qəribə şeylər
danışırdı taksist. - "Rəhmətlik bacımın
toyuna gəlmişdiniz, kəndə... Güllü don
geymişdiz hələ..." - Demək, bu, o oymuş!..
Oymuş!.. Kəklik də ölüb, deməli. Hə,
ölüb! Mənim xınalı Kəkliyim!.. - "Onu mən
öldürdüm! Mənim günahımdan getdi bacım!
Allah mənim belimi qırsın!.. Getdim balalarını
yanıma gətirdim, saxladım... İndi oğlu əsgərdi...
Qız da ərə getdi... İstədiyinə getdi... İstədiyinə...".
Mübariz ÖRƏN
Ədəbiyyat qəzeti.- 2019.- 9
fevral.- S.4-6.