Səhranın çiçəyi

 

Romandan parça

 

...Külək səngiyən kimi şah əsgərləri yenə səhraya axışdılar. Dəli fırtına bütün izlərin üstünə sığal çəkmişdi. Bir sağa baxdılar, bir sola. Dünyanın bitən yeriydi bura. Köks ötürdü dəstəbaşı Qaya. Dedi:

- Səpələnək səhraya, görək şahımızın üzünü ağarda bilirikmi?

At nalları altda əzilən qum dənəcikləri fəryad etdi. Qara-qara əqrəblər zəhərli quyruqlarını qaldırıb, özləri özlərini sancdı. Səhra isə böyük idi, sonsuz idi. Bir tərəfində ölüm vardı, o biri tərəfində həyat. Amma bu anlarda ölüm həyatdan, həyatsa ölümdən qaçırdı.

Aşiq gözlərini açanda elə bildi qəbirdədi. Külək qumu sovurub, dörd yanını hörmüşdü. Gözlərini açan kimi qumla doldu. Nəfəsi daraldı. " rahat qəbirdi", - düşündü. Qolunu tərpətmək istədi, olmadı. Ayaqları sözünə baxmadı. Başını tərpətdi, qumu üz-gözündən təmizlədi. İlk gördüyü günəş oldu. Bomboz günəş...

Qurbanolduğum öz dərgahında oturub səhraya baxırdı. Qət eləmişdi, ölümlərin ən gözəlini göndərəcək bu dəli oğlana. Çağırdı Əzrayılı hüzuruna. "Vədə tamamdır, - dedi, - get al canını".

Heç vaxt sözündən çıxmamışdı Qurbanolduğumun. Bu dəfə çıxası deyildi. Amma qulağına bir səs gəldi, eşitmədi yox, səsə baxdı, səsi gördü.

- Qurbanolduğum, - dedi, - məni o səsdən qoru.

- Get al canını, səs bitəcək, əzab da.

Əzrayıl bir səsə baxdı. Yox, bu, səhradan gəlmirdi. Bu, o dəli oğlanın səsi deyildi. Əzrayıl tanıdı bu səsi. Biri səhrada, biri sarayda can verən Aşiq Leyla. Biri sevdanın sınağından çıxmış dəli, biri eşqin qəfəsində can verən bülbül. Biri Adəmdən bu yana sevə bilənlərə aşiqlik dərsi keçən mürşid, biri Həvva kimi öz cənnətinə qovuşacağı günü gözləməkdən usanmayan mürid.

- Neyniyim, Qurbanolduğum?

- Hər zaman elədiyini.

- Bu dəfə, bircə dəfə...

- Vədə tamamdır... Get dərsini soruş...

Əzrayıl səhraya qədəm basan kimi qumlar dil açıb dil tökdü, səmum pıçıldadı, özünü sancmaq istəyən əqrəblər zəhərlərinə qıymadı. Şah əsgərləri yaxınlaşmaqda idi. Səhranın sinəsini döyən at nalları, ətrafı bürüyən tozanaq Aşiqə doğru gəlirdi.

"Görəsən, günəş nədən bozdur? - Aşiq fikirləşdi. Sonra haray çəkdi ruhunda. - Ey yeri, göyü yaradan Xaliq, əgər eşidirsənsə məni, duyursansa ürəyimin harayını, al mənim bu dəyərsiz canımı, amma ona qıyma, Leylama toxunma. Onsuz da qızıl qəfəsdə nalə çəkən bülbül kimi gecə-gündüz göz yaşlarında boğulur. Qıyma ona, Qurbanolduğum, qıyma!".

Əzrayıl başını qaldırıb Ona baxdı. Gözlərini saraydan gələn səsdən yayındırmaq istəyirdi, amma səs Qurbanolduğumun dərgahına qalxmışdı artıq.

"Bir can vermisən, bir can alacaqsan. Bu can bazarında mənim canım qurban olsun Aşiqimə! Mən eşqi onda gördüm, sevdanı onda yaşadım. Onun bir toxunuşuyla zülmətlərim işıq oldu, onun neyinin nəfəsilə susan ürəyimə qan doldu. Mənim canım fəda olsun Aşiqimin bir qara telinə. Qıyma ona, Qurbanolduğum, qıyma!".

At nalları lap yaxınlıqda idi. Sıyrılmış qılınclar qana doğru gəlirdi.

"Vədə tamamdır!" - göy guruldadı.

Əzrayıl bu dəfə çarəsiz qaldı. Çökdü Aşiqin sinəsinə.   

- Sən kimsən, dəli oğlan? - soruşdu.

- Özünü axtaran adam, - dedi Aşiq.

- Hardan gəlib, hara gedirsən?

- Bətndən gəlib, batinə gedirəm.

- Bələdçi lazımmı sənə?

- Ölüm yol göstərəcək, - dedi Aşiq.

- Bəs o dediyin ölüm hardadı?

- Mənim ölümüm məndə, sənin ölümün səndədir.

- Dönüş yoxmu bu yoldan?

- Var.

- Hardadır?

- Eşqdə!

- Bəs Eşq hardadır, Eşq?

- Məndə.

- Bəs sən hardasan, sən?

- Eşqdə!

- Onda, Eşqin mübarək!..

 

Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.6.