Tənqidi realizmin
estetikasına realist elmi baxış
Azərbaycan ədəbiyyatında "izm"lərin
taleyi və konkret ədəbi material əsasında inkişaf
dialektikası tam olaraq tədqiq edilib aydınlaşdırılmamışdır. Ən
yaxşı halda "izm"lərin ədəbi cərəyan
kimi formalaşmasından və əsas təmsilçilərinin
mövqeyindən bəhs edilməklə kifayətlənilmişdir.
Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun
"Azərbaycan tənqidi realizminin estetikası" monoqrafik
tədqiqatı ədəbiyyatımızın görkəmli
simaları olan Cəlil Məmmədquluzadə və Mirzə
Ələkbər Sabirin yaradıcılığı əsasında
bu ədəbi cərəyanın inkişafı məsələlərinə
müasir elmi baxışı əks etdirir. Müəllifin tənqidi
realizmi şərh edərkən konkret ədəbi
materialın daxili məntiqindən çıxış etməsi,
ədəbiyyatın gedişindən söz açarkən isə
problemə aid "izm"in mahiyyətini açan bədii
yaradıcılıq prosesini izləməsi hər iki
qütbün real mənzərəsinin
canlandırılmasına imkan yaradır. Bu,
yalnız o zaman uğurlu alına bilər ki, tədqiqatçının
ədəbi materiala bələdliyi ilə onun nəzəri
dünyagörüşü bir-birini tamamlaya bilsin.
Fikrimizcə, Təyyar Salamoğlunun simasında həmin proses
baş tutmuşdur.
Professor Təyyar Salamoğlu böyük demokrat
yazıçı Cəlil Məmmədquluzadənin və görkəmli
satirik şair Mirzə Ələkbər Sabirin simasında tənqidi
realizm estetikası və ədəbiyyat məsələlərini
yenidən tədqiq edib, ümumiləşdirilmiş şəkildə
təqdim etmişdir. Bu məqsədlə hər iki qüdrətli
sənətkarın yaradıcılığı yeni elmi təfəkkür
işığında təhlildən keçirilərək dəyərləndirilmişdir.
T.Salamoğlu,
ilk növbədə, tənqidi realizm anlayışına
sovet dövründə ideoloji cəhətdən
yanaşılmaqla keçən əsrin əvvəllərinin
ədəbiyyatına, xüsusən də haqqında söz
açılmış Cəlil Məmmədquluzadə və
Mirzə Ələkbər Sabirin yaradıcılığına
süni şəkildə inkarçılıq və
şişirtmə baxımından
yanaşıldığını elmi cəhətdən əsaslandırmışdır.
O, sovet hakimiyyəti illərində tənqidi realizmə
sosialist realizmi yaradıcılıq metodunun gözü ilə
baxılmasının ədəbiyyatşünaslıq elmində
yaratdığı anormal təhlillərin mahiyyətini
obyektiv şəkildə müəyyən etmişdir. Bütün bunları nəzərə almaqla
T.Salamoğlu XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının
yaradıcılarının yaradıcılığına
"müstəqillik dövrünün elmi düşüncəsi
ilə yanaşmağı" zəruri və aktual bir tələb
kimi irəli sürmüşdür. Çünki:
"Sovet rejiminin ideoloji prinsipləri ilə yüklənən
ədəbiyyatşünaslığın özündən əvvəlki
zamana - Azərbaycan xalqının keçib gəldiyi
inkişaf yoluna, o cümlədən XIX əsrin sonu, XX əsrin
əvvəllərinə münasibəti tendensiyalı
olmuşdur. Çox vaxt keçib gəldiyi
tarixi yolun uğurları yox, bu yolda müşahidə olunan
qüsurlu hallar xalqın tarixi xarakterinin və taleyinin əsas
cəhətləri kimi ümumiləşdirilmiş, həqiqətdə
olduğundan qat-qat artıq şişirdilmişdir. Xalq
kütləsinin savadsızlığı nadanlıq, cəhalət
və avamlıq, dinə inam fanatizm kimi qələmə
verilmiş, milli ictimai təfəkkürdə başlanan yeniləşmə
hərəkatına, ...milli tərəqqi uğrunda mübarizə
proseslərində əldə olunan uğurlu fəaliyyətə,
...son nəticədə Azərbaycan xalqının öz
müstəqil dövlətini
qurmağa nail olmasına bilərəkdən göz
yumulmuş, inkarçı tendensiya ilə xalqın tarixi
keçmişi aşağılanmışdır".
Fikrimizcə, elmi-ədəbi mühitdə bəzən
Mirzə Cəlil Məmmədquluzadənin inkar
olunmasının, molla nəsrəddinçiliyin yanlış
yozulmasının əsas səbəblərindən biri də
milli tənqidi realizmin mahiyyətinin düzgün başa
düşülməməsi ilə əlaqədardır. Avropada və Rusiyada tənqidi
realizm hərəkatının görkəmli
simalarının mənsub olduqları xalqın vətəndaşlıq
simvolu kimi qəbul olunması ilə müqayisədə bəzi
müəlliflərin "onlar xalqımızı
aşağılamış və təhqir etmişlər"
- deyə ölkəmizdəki eyni cərəyanın nümayəndələrinə
qarşı ittihamlar irəli sürmələrinin mahiyyətində
həm də keçmiş sovet ədəbiyyatşünaslığının
təqdim etdiyi yanlış təqdimatlar və təhlillər
dayanır.
Təqdim
olunan tədqiqatda Cəlil Məmmədquluzadənin tərcümeyi-halının
və yaradıcılığının obyektiv dərk
olunması və elmi cəhətdən düzgün şərh
edilməsi üçün açar funksiyasını ifadə
edə biləcək "qaranlıq dünya"
anlayışının şərhinə müxtəlif
yönlərdən işıq salınması nəticə
etibarilə həm də Azərbaycan tənqidi realizminin
özünəməxsus iç dünyasının aydın
surətdə dərk olunmasına şərait yaradır.
Sovet ədəbiyyatşünaslığının
"patriarxal-feodal cəmiyyətinin cəhalət,
mövhumat, nadanlıq və əsarət dünyası",
yaxud "müqayisədə sovet cəmiyyətinin
üstünlüklərini, ... işıqlı bir
dünyanın qurulması haqqında həqiqətləri
ictimai şüura yeritmək üçün əlverişli
təbliğata imkan yaradan" mühüm bir vasitə kimi təqdim
etdiyi "qaranlıq dünya"nın - "zülmət səltənəti"
ideyasının fəlsəfi-ideoloji əsaslarının
"aşağı təbəqələrin qaranlıqda
qalmalarının səbəbkarı", yaxud da həmin
"qaranlıqdan işığa can atanlara hər cür, hər
növ mane olanların ümumiləşdirilmiş ifadəsi"
kimi izah edilməsi yazıçının
yaradıcılığını daha dərindən başa
düşməyə şərait yaradır. Eyni zamanda, Cəlil
Məmmədquluzadənin Məhəmmədhəsən əmi,
Novruzəli və usta Zeynal kimi obrazlarının cahil, avam,
zavallı, miskin surətlər - "qaranlıq
dünyanın sakinləri" kimi təqdim olunmasında da
qeyri-elmi münasibətin təzahürlərini görən Təyyar
Salamoğlu bunu bədii obrazların təhlil edilməsi
prosesində mədəni geriliklə mənəvi cəhətdən
sadəlövhlüyün eyniləşdirilməsi ilə
bağlı olduğunu da görmüşdür. Sovet ədəbiyyatşünaslığının
"kiçik adam" konsepsiyasının ideoloji reseptinin
mahiyyətini açan Təyyar Salamoğlu bunun əksinə
olaraq Novruzəlini "şərə müqavimət göstərmək
düşüncəsinə", Məhəmmədhəsən
əmini "saflığı, ...əliaçıqlığı,
gözütoxluğu, insanlara hər vaxt yaxşılıq etmək
istəyi"nə və "çarəsizliyi"nə
görə səciyyələnən obrazlar kimi təqdim etməsi
yeni ədəbiyyatşünaslıq
təfəkkürünün ifadəsidir. Təyyar
Salamoğlunun "Məhəmmədhəsən əmidə
sosial həyatda baş verənlərə münasibət
daxili etiraz şəklində, Zeynəbdə isə
açıq etiraz şəklində təzahür edir" -
mülahizəsi də bədii əsərin daxili məntiqindən
çıxış etməklə müşahidə olunan
obyektiv qənaətdir. Eyni zamanda, Təyyar müəllim
"ədəbiyyatşünaslığın mövcud usta
Zeynal məntiqi"ni qıraraq onların fanatik, sadəlövh,
tənbəl deyil, gerçək inama malik insanlar olduğunu nəzərə
çarpdırır.
Tənqidi realizmin estetik prinsipləri Təyyar
Salamoğlu tərəfindən həm də Mirzə Ələkbər
Sabir yaradıcılığının ictimai idealları ilə
əlaqəli şəkildə açılıb
aydınlaşdırılır. Yaxşı cəhətdir
ki, Təyyar Salamoğlu tənqidi realizmin estetikasından
çıxış edərək Mirzə Ələkbər
Sabir sənətinə qiymət vermir. Əksinə,
onun tədqiqatında Cəlil Məmmədquluzadənin
timsalında olduğu kimi, Mirzə Ələkbər Sabirin də
yaradıcılıq dünyası əsasında tənqidi
realizmin meyarları formalaşdırılır. Təyyar Salamoğlu Sabir realizminin tənqidi realizmlə
maarifçi realizmin qovşağında olmasını satirik
şairin əsərlərindən gətirdiyi dəlillərlə
isbat edir. Həqiqətən də
"baltanı dibindən vuran" tənqidi realist
yazıçı Cəlil Məmmədquluzadədən fərqli
olaraq, Mirzə Ələkbər Sabir maarifçi realizm
ağırlıqlı tənqidi realistdir. Mirzə
Ələkbər Sabirin "gizli imza" kimi qəbul etdiyi
"Ağlar güləyən" ifadəsindəki
ağlamaq maarifçi, gülmək isə tənqidi
düşüncənin xüsusiyyətlərini özündə
cəmləşdirir. Təyyar Salamoğlunun
Sabir satirasına münasibətdə də bəzən
"sovet düşüncə tərzindən çətinlik
çəkməyimiz" haqqındakı tezislərini onun
özünün bu zəngin bədii irsə yenidən
dönüşü ifadə edən fərqli elmi
baxışları tamamlayır. "Sabir satirasında
yox, Sabir satirasına verilən təfsirdə XX əsr
mühiti büsbütün avamlıq, cahillik, istismar və dərəbəylik
mühiti kimi qələmə verilir, Sabir satirasında məhz
bu qaranlıq dünyanın inkar və ifşasının
önə çəkildiyi iddia olunurdu" - mülahizəsi
və bu tipli digər mülahizələrində ədəbiyyatşünaslıqdakı
bir çox fikirlərin real gerçəkliklə səsləşmədiyini
göstərən tədqiqatçı şairin
yaradıcılığının mahiyyətini ifadə edən
məntiqlə onun yaşadığı cəmiyyətə
baxışlarındakı həyatiliyi diqqət mərkəzinə
çəkərək yazmışdır: "Sabirin
açdığı dava bəyliyə, ağalığa,
mülkədarlığa, kapitalistliyə, şahlığa,
sultanlığa qarşı deyildi. Sabir hər
bir təbəqə nümayəndəsinə konkret
situasiyadakı konkret hərəkət və əməlinə
görə qiymət verirdi. Sabir ictimai və
milli şüur yoxsulluğuna qarşı mübarizə
aparırdı".
Təyyar
Salamoğlu "Sabir satirasında "ictimai
yuxarılar"ın yerini və mövqeyini obyektiv elmi
meyarlarla tədqiq edib dəyərləndirir. Sabirin
xalqın ictimai aşağılar və yuxarılara
bölünməsinin şairi olmayıb, bütövlükdə
və tam halda xalqın taleyinin vətəndaş müdafiəçisi
olduğu yeni elmi mövqedən şərh edilmişdir.
Milli şüuru oyatmaq, vətəndaş
birliyinə nail olmaq Sabirin sənət kredosu, sənət
konsepsiyası idi; - fikri də obyektiv elmi qənaətdir.
"Sabirin tərbiyə məktəbində sinif və yaxud təbəqə,
ayrı-seçkiliyi yox idi... Millətin taleyi ilə
bağlı düşünməyə mane olan hər cür əxlaqi
və mənəvi naqisliyə qarşı kəskin tənqidi
münasibət Sabir satirasının həqiqi milli məzmununu
yaradır" - kimi fikirlər də milli satirik şeirin nəhəng
nümayəndəsinin bütöv və möhtəşəm
obrazını yaradır.
Təyyar Salamoğlu Sabir satirasının inkar və təsdiq
pafosunun mahiyyətini dərindən
aydınlaşdırmışdır. Onun Sabirin
satirasında inkar pafosu ilə təsdiq pafosunun bir-birini
tamamlamasına dair baxışları elmi-nəzəri cəhətdən
əsaslandırılmış qənaətlər olduğu
üçün inandırıcı səslənir.
Əsərdə
Mirzə Ələkbər Sabirin
yaradıcılığına XX əsrin əvvəlləri
Azərbaycan ədəbi tənqidinin münasibəti də analitik
təhlil üsulu ilə araşdırılaraq dəyərləndirilmişdir.
Təyyar Salamoğlunun mühacirət ədəbiyyatşünaslığının
və çağdaş ədəbiyyatşünaslıq
elminin Mirzə Ələkbər Sabir haqqındakı
araşdırmalarına tənqidi realizminin problemləri
müstəvisində baxması və obyektiv elmi nəticələr
çıxarması nəticə etibarilə böyük
satirikin ölməz sənətinin yenidən dərk və
şərh olunmasına işıq salır.
Sabirşünaslığa dair mübahisələrində
də Təyyar Salamoğlu haqlı olub-olmamasından
asılı olmayaraq, öz mövqeyini əsaslandırmağa
səy göstərmiş, Sabir satirasının
bayrağını ucada saxlamağa
çalışmışdır.
Bütövlükdə Təyyar Salamoğlunun tədqiqatı
Azərbaycan tənqidi realizminə müasir realist
baxışları əks etdirir.
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.7.