Ənəlhəq!!!
Bütün zamanların Nəsimisinə
Heyy!!! Can
dediyim bəy ərənlər! Dünya mənim deyənlər!
Əcəl almaz! Yer gizləməz!.. Yaşar dünya fani
olmaz! Səksənində səksənmədin! Doxsanında
duruxma! Addımların yüzünə sarı! Nə
sıtqa, nə zarı! Vaysınma! Bükülmə! Qatlanma!
Sınma! Nələrdən keçibsən?! Nifrət etdiyin
savaşlarda insan öldürübsən: almanlara
qarşı, ermənilərə qarşı vuruşubsan!
Yaşlı olsan da, Qarabağda oğullarınla
çiyin-çiyinə döyüşübsən!.. Vətəninə
güllə, ürəyinə dağ dəyib! Dağ kimi
nişanlı oğlunu şəhid veribsən! Qarabağı
almadan, Azərbaycanı birləşdirmədən ölmək...
ayıbdır axı!.. Kirpiyinlə od götürübsən
illər uzunu... Bilməyibsən
qışını-yazını... Oğullarını evləndiribsən...
Qızlarını köçürübsən... Toy-bayramda
oğul-uşaq, nəvə-nəticə bir yerə
yığışanda, həyət-bacan arı pətəyi
kimi qaynayır... Hürr bayrağımız tək
dalğalanır gur nəslin!.. Soyun qədimdən qədim!
Uluların Bilgə Kağanın daşyonanı, Uluğbəyin
memarı, Nəsiminin müridi, Xətainin silahdaşı,
atan Cümhuriyyətin əsgəri olmuş! Şəcərən
üzülə-üzülə gəlmiş, incəlib
doğanaqlardan keçmiş, ancaq qırılmamış!..
Sən də evin tək oğlu idin, Qoca! İndi bir Ordunun
başındasan! Atanın yetmiş yaşı olanda
doğulmuşdun. Anan da əllini ötmüşdü.
"Sonsuz" demirdilər, deyirdilər ki, "nəsil burda
qırılır...". Amma qırılmadı. Birdən!
Doğuldun - Sən! Cavan gəlinlər çevrəsində,
boyluluğunu qonşu-bacadan utana-utana gizlədən anan da bir
nur parçası - buz baltası doğduğuna inana bilmirdi,
heyrətindən donmuşdu, sevincindən, ya nədən
döşləri qurumuşdu. Qışın oğlan
çağı bibin səni adyala büküb ərk elədiyi
döşüsüdlü anaların yanına aparırdı
- "Ay qız, sən Allah, bu uşağı əmizdir,
ölür acından!.." - südəmər
yaşıdlarının payına şərik olurdun! Sən
yad süd əmmədin, hətta
südü ilə bir-birinə həyan olan anaların köynəyindən
keçdin, döşünü əmdin! Bir kəndin
balası tək!.. Böyüdün, ərsəyə
çatdın!.. Soyun ürüyüb-artdı!..
Açdığı yol - mərdin! Daha nə dərdin,
Qoca?! Bəs indi... arada kal-kal büzüşməyin, dəm-dəm
içinə çəkilməyin nədir?! Heç uca
boy-buxununa, şax yerişinə yaraşırmı bu,
oğlan?! Yaşın uyuğu uydurmasın səni! "El
gücü - sel gücü" - axı, sən dilinin bu
şah atalar sözünü əməlinlə təsdiq edən,
"El üçün ağlayan göz kor olar" - deyibən
yaxasını kənara çəkənlərin
ağzından vuran kişilərdən oldun! Şəriət
hörgüsündən bir barmaq arasınca dünyanı
görməyə göz qıymayan qaramollaları, qız
uşaqlarının taleyinə Orta əsrlərdəki kimi
hökm verən danabaşları yerində oturtdun! Bir-iki
yetimi də övladlarınla birlikdə oxutdun! Ali məktəbləri
fərqlənmə diplomu ilə qurtaran oğulların
seçkin mütəxəssis, qızların başına
and içilən müəllim, həkim oldular! El içində
başı uca, alnı açıq, sözü bütöv,
ən çətin işə iradəsi yetərli gəzdin!
Sən o kişisən ki, ömrünün hər ilində kəndinə
xeyir əməlindən sovqatın oldu! Yadındamı: kəndin
başındakı göl, ona axan çay, ondan axan kəndiçi
bala arxlar quruyub gedirdi... Sən gedib rayon rəhbərliyini
bir-birinə vurdun, dağların arasındakı sututardan o
çaya ayrılan suyun həcmini artırdın, dedilər,
daşqın olacaq, dedin olmayacaq! - camaatı başına
yığıb bütün yayı qan-tər içində,
cadar-cadar olub qabarmış gölün də, çayın
da, arxların da yatağını qazıyıb
hamarladınız, çökəkliklərin
lilini-palçığını təmizlədiniz. Çay
boyu bölük-bölük kəndlərin ağsaqqalları
ilə də sözü bir yerə qoydunuz ki, daha heç kim
heç yandan bura natəmiz sularını axıtmasın,
çirkli nəsnələrini tullamasın.
Tullantıları daşıyan araba da işə
düşdü bundan sonra. Yol qırağına səliqə
ilə çinar ağacları əkildi, suvarıldı, bəsləndi.
İçindən, yan-yörəsindən axan bol su kəndi
durultdu, çörəkləndirdi, əkin-biçini
dirçəltdi... Sonra yol, körpü, bağ-bağat...
Daha neçə-neçə dua-alqış qazandıran
savab işlər... Yolunu azmış bir qancıq peyda olmuşdu o həndəvərdə.
Cavanların başını havalandırmağa
başlamışdı. Yan-yörəsini divara dirədin:
ilim-ilim itirdilər onu... Kimin hünəri çatardı sən
olduğun yerə çirkab axıtsın, gicitikan əksin!
Harada oldunsa, oranı lehmələnməyə,
vağamlaşmağa qoymadın, diriltdin! Ulu peyğəmbərlər
kimi! Hə, nə olub indi sənə, Qoca?! Qaldır əllərini,
damarlarına bax! Arteriyalarında gəziş! Hüceyrələrinlə
danış! Sızıltılarınla dostlaş,
zarafatlaş, barış!.. Görürsən, necə suludur
canın! Silkələnsən, varlığında şaha
qalxar qanın! Sənin nə nərd, nə domino vuran, nə
qeybətə varan vaxtındır! Yenə əvvəlki tək
saza da qulaq as, Bethovenə də, santuru da dinlə, Stravinskini də,
muğama da qərq ol, raqaya da! Götür baltanı,
bülövlə, kötüklərin ən
düyünlüsünü yar! Gücün bir
qışın odununu yarmağa çatar! Hanı
uşaqların arabaya bağladığı o od
parçası at! Aç onu, yəhərlə, yalmanına
yat! İtsin çal saqqalın yalın qarasında! Çap,
keç ormanlardan - doğma ağaclar arasından! Öt
gözləri bərəlmiş uşaqlar, qocalar
sırasından!.. Yaşıdlarının yasında
hönkür-hönkür ağla, boşalt ürəyini!
Onlara necə qardaş olmağından,
yaxşılıqlarından, gülməli, öyməli əhvalatlarından
danış - bilsinlər ki, əsl kişi necə olur!
Göz yaşların suvarsın toxum-insanların
torpağını! Torpaq göyərtsin onları!
Dostlarına yenə də dayaq ol! Düşmənlərini
yenə də sayqılarınla utandır!.. Hə, Qoca!
Qırışığın açılsın! El-oba
toylarında qol açıb oyna "Cəngi"ni cavanlarla,
yor onları - görsünlər ki, adamın içində
ruh oynayanda can yorulmur!.. Coşar heyindən-gücündən,
ərən cazibədarlığından, kəsilməz
işığından, soyunun paklığından, qol-budaq
atmağındandır ki, yeddi kəsək kənd səninlə
qohum olmağa can atır! Oğullarının,
qızlarının, gəlinlərinin oturuşundan-duruşundan
ibrət, ismət alırlar! Nəvələrin
dünyanın ən üstün universitetlərində
oxuyurlar! Bitirənləri yenilikçi hünərində!
Onların böyüyü ölkənin adlı-sanlı
alimidir, kəndə qayıdanda, "Canım Babam! Gülləni
düz onluğa vurmağı sən öyrətmisən mənə!"
- deyibən bağrına basır səni, sıxır,
sıxır, buraxmır, sən də kürəyinə vurub,
sözün dərinində burulub zarafatla deyirsən: "Hə...
Sən Amerikanın Harvardını qurtarıbsan, mən də
kənd Harvardını!..". Təqaüd parasına
heç zaman göz dikməyibsən, Qoca! Öz halal zəhmətinlə
dolanıbsan! Aynabəndli, eyvanlı ev tikməyi kənddə
sən dəb saldın! Evinin kərpicini də öz əlinlə
kəsibsən, taxtasını öz əlinlə yonubsan,
şüşəsini öz əlinlə salıbsan, tirini
öz əlinlə ucaldıbsan! İndi də... qoy
"cızz!" eləsin tər damcıların dəryazının
ağzında! Xırmanını qızdıranda Günəş,
sümüyü bərkimiş nəvələrinlə bir
güləş! Qayıtsın meydan sulayan pəhləvanlığın!..
Gülüşlərindən,
qışqırtılarından tutulsun qulağın!
Yığ başına dəkkəlləşmiş nəticələrini
- dərsliklərini vərəqlə, suallaş-cavablaş,
sına onları da, özünü də. Yadına sal -
gör Cəbəllütariq boğazı hansı qitələri
ayırır, hansı suları birləşdirir!..
Görüb-götürdüyün dünyada nə qədər
yarğan, uçurum var, Qoca, nə qədər çat!
Cavanlara onları anlat! Yerindən qartımış Şəri
oynat! Onlarla birlikdə bir çiçəyin ləçəyini
tapdamamaqla ədalətsizliyi tapdalayıb yox etməyin eyni əxlaqi
ucalıq, eyni mənəviyyat dəyəri olduğunun çətin
yolundan yenə keç! Hərcayılığı,
azğınlığı, qudurğanlığı
biç! İtilən, kəsərlən bir daha
haqsızlıqlarla savaşda!.. Sancılmasa Həqiqətə
insan, getməyəcək irəli bir qarış da!.. Bu
dünyada heç kimə möhtac olmasan da, oğulların pul verəndə, xətirlərinə
dəymə, al! Xərclə gəlinlərinə, nəvələrinə...
Aman Allah! Axı, sənin bir Qarın da var gözəl-göyçək
- Oğuz elindən qopmuş Banu Çiçək! Ailənin
altun tacı! Qardaşdan artıq - altmış ilin can
sirdaşı! Altmış ildir barmağına
taxdığın üzüyü hər gün, hər
gün öpüb qoyur gözünün üstünə,
Beyrəyin yovşanı kimi... Rəhmətliyin oğlu,
iş-güc başını qatıb!.. Çoxdandır hay
vermirsən səsinə! Nəfəsin dəymir nəfəsinə!
Bağından evinə qayıdanda bax Qarının Ay-tabaq
çöhrəsinə! Yazın allandırdığı
yanağına! Xalını gizləmiş buxağına!
Görürsən, ay insafsız, yanağının
yanğısı necə vurur səni - təndir kimi!.. Baxma uşaqların səs-küyünə!..
Baxma günorta çağına!.. Xəlvətcə
şığıyan alıcı quş tək həyətdən
vur onu caynağına, qaldır otağına, sal
yatağına!.. Nazlana-nazlana "Başına dönüm, a
kişi, nə qayırırsan?!! - deməyinə baxma, ürəyincədir!
Əldən gedir sinəndən sarı! Çək
özünə sarı! Sığalla ağarmış
başının xınalı ipək saçlarını,
barmaqlarınla dara tellərinin qırışlarını!..
Üzünün Ay haləsində, boynunda-gərdənində
dolandır öpüşlərini! Qulağına
pıçılda: "Sevgilim!.." - lap cavanlıqdakı
tək! Al bir ömrə bərabər, güclə eşidiləcək,
ehtiraslı doğma qadın səsinin mehrini dalğa-dalğa:
"Doyulmazım!.." - lap cavanlıqdakı tək! ...Sonra donsun sözlər!
Danışsın eşqin alov dilimlərində bir-birinə
sapmasan bədənlər! Qarının çoxdan əlin dəyməyən
məmələri arasında gəril, qıvrıl,
açıl, titrə! Titrət!.. Çatın indiyədək
çatmadıqlarınıza! Yetin indiyədək yetmədiklərinizə!
"Baba ilə nənə lolulub yatıb... Səs eləməyin,
quqqulular...", - deyə dolanmayacaqlar balacalar sizin
odanızın yanında... Qarın qırıq səslə
"Azarlamışam, ay bala..." - deyərək
üç gün yumağa dönüb yatacaq,
cınqırı da çıxmayacaq... Üç ay da
utandığından sənin üzünə baxmayacaq...
Qapı-bacada səninlə rastlaşanda, kəlağayısı
qırçınlana-qırçınlana burulub o yandan
keçəcək!.. Sənsə şaqqanaq çəkib
güləcək, "Ay qız, qorxma!" - deyəcəksən
dalınca... Hə, Qoca! Görürsən, necə təpərlisən!
Ömrün uzunu bir həb də atmayıbsan!
Ağrı-acıya yenilməyibsən! Axı, ürəyini
körpə ürəyi tək saf saxlayıbsan!
Bulandırmayıbsan içini! Bütün yavalıqlardan
uzaq dayanıbsan! Ərdəmliyin örnəyi olubsan! Ona
görə yenə də çəkinmə haqq
ocağını sönməyə qoymayanları qorumaqdan!
Yalnız saf adamların səlahiyyətidir bu şərəf!..
Bilirsən axı, nə qədər sağlam olsan da,
ölüm həyat pilləkəninin lap dibində
marığa yatıb gözləyir, gözləyir ki, onun
hansı pilləsindən yıxılacaqsan!.. Sən isə
pilləkənlə qalxmaq istərkən, gəlininin yuxarıdan
düşmək istədiyini görüb dayanırsan.
"Qızım, gəl!" - deyirsən. O isə ədəb-ərkanla sənə yol verir. Ölüm,
ürəyi çırpına-çırpına sənin
mütləq büdrəyib-yıxılacağına əminliklə
addımlarını izləyir - bir, iki, üç... Sən
isə heç pilləkənin sürahisindən də tutmadan
gənclik şövqü ilə yuxarı mərtəbəyə
qalxırsan. Ölüm səssizcə qısılıb
gedir... Sən gülüzlü gəlininə
yaxınlaşıb, alnından öpürsən. O da sənin
əlindən öpür. Nisgil qarışıq fərəh
bürüyür içini: "Şükür Allaha! On
dörd il övlad gözləyən oğlumun oğlu olacaq,
deyəsən...". Gəlinin uzaqlaşa-uzaqlaşa
gülümsünür: "Balam babasının üzünə
tərpəndi, özü də necə bərk... Diksindirdin məni,
canım... Deyəsən, doğulmağına az
qalıb...". Zaman ötür... Nəhayət,
ömrünün mübarək günü açılır
üzünə. Səhər tezdən oyanıb, qapı-pəncərəni
taybatay açırsan. Yazdan yaya adlayan sübh Günəşi
səni görməyinə, gözlərini
qamaşdırmağına sevinir. Həyətə
düşüb əkdiyin ərgən ağaclar altında ciyərlərini
təmiz hava ilə doldurursan - "Oxayyy!..".
Boşalmış çəpər yerlərini bərkidirsən.
Toyuq-cücəyə dən atırsan. Şitillikləri,
pöhrəlikləri, gülləri sulayırsan. Evinin
çoxdan vurulmuş suvağında əllərini gəzdirirsən...
Hə... Görürsən ki, həyatında ilk dəfə əllərin
sezilməzcə titrəyir: "Bu gün bazardır. Hələ
oyanmayıb uşaqlar... Yaxşı ki, axşam arvada vəsiyyətimi
elədim. Güldü. İnanmadı, bəxtəvərin
qızı. Vəsiyyət yüngüllükdür... Elə
mən də yüngülləşirəm... Heç yerim də
ağrımır... Quş kimiyəm! Uçmağım gəlir,
İlahi!..". Doyunca, lap doyunca evinə, həyətinə,
həyətdən uzanan yola, yolun qırağındakı
qonşu evlərinə, kəndin çevrəsindəki
dağların yaşıllığı kükrəyən
sıx meşəliyinə baxırsan... O meşəlikdəki
uşaqlıqdan sevdiyin, ürəyini açdığın
palıd ağacı çəkir səni. Yola
çıxırsan. Bir daha dönüb yurduna baxırsan.
Yoldan həmin palıd ağacının səmtinə
ayrılan doğma cığırla ağır-ağır
addımlarını atırsan... Cığır səni
sağ-solunun qalın gül-çiçəyi bir-birinə
uzanmış xiyabana çıxarır. Sən
addımlarını yeyinlədirsən... Bu dünyada dilinə
gələn son sözlərini güclə bir-birinə
çatdırırsan: "Sənə... doğru...
uçuram.., İlahi!..". Yolun dumana bürünmüş
sonuna doğru, sən getdikcə sıxlaşan qızıl
gül kollarının arasından irəli
şığıdıqca, tikanları əvvəl
narın-narın, sonra dərin-dərin
sıyırıb-deşir, qanadır səni, qanın
axdıqca xoşallanırsan, qanın qan-qırmızı
güllərin rənginə-ətrinə bələşir,
canın ləçəklənib uçuşur... Sən, beləcə,
"cənnət və cəhənnəm"
ilğımlarından yan keçib, həyatını əbədiyyətlə
bağlayan xiyabanda güllərə qarışıb
Tanrıya çatırsan!.. Qabağında diz
çökürsən. Yetmiş il dilindən düşməyən
duanın ordan-burdan işaran sözləri güclə
özünü bir yerə toplayır: "...Sənin
önündə diz çökmək - Səndən başqa
heç kimin qabağında əyilməmək deməkdi... Əvvəlimiz
- Sən, Sonumuz - Sən! Əvvəlimizlə Sonumuz
arasında Varlığımız - Sən!..". Tanrı
qolundan tutub qaldırır səni: "İtaət - sənin
gəldiyin dünyanın uydurulmuş adətidir, İnsan! Nə
sən, nə mən ona möhtacıq, İnsan!". Sonra səni
Kainatın ana bətnində bağrına basır: "Nə
gözəl yaşadın sən, İnsan! Ey kamil İnsan!
Ürəyim səni istər, İnsan! Ey Kainatın məqsədi!
Biz hər zaman Vəhdətdəyik! Gəl birlikdə deyək:
"Ənəlhəqq!!!". Ürəklərinizin birgə
döyüntüsündə, varlığının indiyədək
olmadığı halında sən, nəhayət, dərk
edirsən: "İlahi! Mən ki yerüzündə bu Həqiqətə
bircə addım qalmışdım: Doğuluş - Əbədiyyətdən
insan həyatına adlamaq, Həyat - Əbədiyyətdə ən
yüksək məqama çatmaq, Ölüm - yenidən əbədiyyətə
qayıtmaq, yaranışın başlanğıcına
qovuşmaqmış!.. Yaranışın
başlanğıcı, hər zaman var olması və
sonaçatmazlığı imiş - Tanrı-İlahi
Qüdrət!". Sonra Tanrının və Özünün
Vəhdətindən qopan sözləri milyon-milyon işıq
ili məsafəsindən Kainatın çən giləsinə
- Yer planetinə varlığın əbədi harmoniyası
dilində aram-aram pıçıldayırsan: "Gəl
birlikdə deyək: "Ənəlhəqq!.. Cümlə
cahan təndir mənə!.. Mən Həqqə məkan, məkan
mənəm mən!.. Mən dəhrü zəman, zəman mənəm
mən!.. Lövhi-məhfuz mənəm!.. Mənşəyimdir
Kainat!.. Mən cümlə-cahanü Kainatəm!..". Sonra... sükunət... sonra...
sıçrayışlar... sonra... dayanışlar... sonra...
xaos... sonra... zülmətdən qurtuluş... sonra...
Kainatın böyük günəşlərinin çevrəsindəki
planetlərdə fırlanmalar... varlıqdan yoxluğa,
yoxluqdan varlığa varmalar, körpə ulduz
dumanlıqlarından sıyrılaraq aydınlanmalar... sonra...
ritmik hərəkətlər.., milyon-milyon illərin
çevrilmələrindən sonra... nəhayət... maddə
ilə ruhun nikah rəqsində... doğuluşun lacivərd qəsrində
bir şeh giləsindən Kainatın Toxumuna dönürsən!..
...Amma o zaman... Qocanın dünyadan getməsi hayından qabaq onun üzünə tərpənən nəvəsinin dünyaya gəlməsinin hayı oyandırır ailəni: Səhərin mübarək, Körpə Pəhləvan!
Yanvar, 2019
Rahid Ulusel
Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.8-9.