Həmid Piriyev - bakılı balası
Müasir Bakı ədəbiyyatından danışanda
ilk yadıma düşənlər şair Rövşən
Naziroğlu, Kənan Hacı, İlqar Fəhmi, Malik Atilay və
Həmid Piriyev olur. Onların yaradıcılığı hər
kəlməsi, hər sözü ilə Bakını
xatırladır. Neft qoxulu, xəzri, gilavar ovqatlı, əncirli,
üzümlü Bakını...
Həmid
Piriyev... Bakılı balası... Gənc yazıçı...
Yanvar ayını Həmid Piriyevin hekayələrini
oxumağa həsr etdim. Azərbaycanda belə bir
istedadlı gəncin yetişməsinə çox sevindim... Hekayələrdən aldığım zövq,
oxuyarkən yaşadığm hiss və həyəcan uzun
müddət məni tərk etmədi. Yəqin ki, etməyəcək
də...
İlk oxuduğum hekayə "Sərçələr
üçün poema"dır.
Sübh ayazı hələ üzü görünməyən
günəşin ilk şüaları ilə özünü
çatdırır. Yerinin içində dikələn Mirzə
əl atıb qoşa vərəği
qoparıldığıyçün on vərəqi qalan
birmil məktəbli dəftərini götürür. Arvadı Nabat onun çarpayısının
yanına stul, stulun üstünə də dəftər, qələm,
su qoyurdu. Şairliyi də olan Mirzə təbi
gələndə o dəftəri götürürdü.
Dəmiryolçu olan Mirzənin şeir yazmağını kənddə
heç kim bilmirdi. Üç il əvvəl təqaüdə çıxan
Mirzənin əl boyda bir kitabı da
çıxmışdı. İki armudu stəkan
çay içdikdən sonra Nabat ona duz almağı
tapşırır. Bu yerdə şair Rövşən
Naziroğlunun "Ssenari" şeiri yadıma
düşür:
"Bax
burda sən döyməlisən qapını
Mən
ucadan: - Buyurun, keçin, - deməliyəm.
Sən məndən bir çimdik duz istəməlisən.
Mən nədənsə
sevinə-sevinə deməliyəm ki, duz yoxdu
Üzbəüz
otaqdan televizorun səsi gəlməlidi bu ara.
Xəbərləri bəhanə gətirib keçməlisən
dəhlizdən otağa.
Oturmalıykən
uzanmalısan divana...".
Lirik qəhrəman
sonda deyir:
"Evdə
duzun olmamağı
nə qədər
ləzzətli və gözəldir".
Niyə xatırladım bu şeiri? Çünki
duz halallıq rəmzidir. Elə
Rövşən Naziroğlu da bu şeirdə onu deyir. Nabatın evdə duzun bitməsini deməsi və
Mirzəyə onu almağı tapşırması evdən
halallığın əskik olmamasını istəmək
idi.
Mirzə dükana gedir. Satıcı işləyən
qardaşı oğlu Rasimdən çörək və duz
istəyir. Rasim, ondan xörək, yoxsa süfrə
duzu istədiyini soruşur. Nabatın hansından almağı
tapşırdığı Mirzənin yadına
düşmür. Ona görə də ikisindən
də istəyir. Evinə halallığı daha
çox aparan Mirzə dükanda kəskin iy hiss edir və hisə
verilmiş çapaq balıqlarını görür. Balıqlardan ən böyüyünü alır ki,
evdə südlü aş bişirtdirsin. Evə
gəlib arvadından südlü aş bişirməyi istəyəndə
Nabat deyir ki, süd də almalıdır. Mirzə banka götürüb həmtayı və
qohumu Heybətgilə gəlir. Südü süzüb bankaya
tökən Heybət bir az
ağrılardan, dərman qəbul etməkdən gileylənir.
Mirzə südün pulunu vernək istəyəndə
götürmək istəməsə də, qohumu bir manatı
"siftədi" deyərək qoyub çıxır.Yolda
qardaşı Arifi görür. Arif
toyuqlarına dən almağa gedirdi. Mirzə
ondan toyuqlarının
yumurtlayıb-yumurtlamadığını soruşur. Arif pis olmadığını, özlərinə
çatdığını deyir.
Mirzə südü Nabata verib kluba gedir. Arif klubda
işləyirdi, Ancaq nə işlədiyini heç
özü də bilmirdi. Klub, kənd
adamlarının darıxmamaq, vaxt öldürmək
üçün yığışdığı məkan
idi. Arxada nərd oynamaq üçün
otaq vardı.Otaqda da həmişə isti olan samovar,
çaynik. Çayı da ora
toplaşanlar alırdı. Mirzə
dükana girir, piştaxtanın üstünə üç
manat qoyub papiros, kiçik qutuda qənd və atma çay
alıb kluba gəlir.
Mirzə klubda Arifdən niyə ora gəliş-gedişin
belə zəiflədiyini soruşur. Akif soyuq olduğunu,
adamların xəşil yeyib, yatdığını bildirir.
Söz sözü çəkir. Qar yağmadığından, təbiətin, sanki dəyişdiyindən,
əvvəlki otların daha çıxmadığından,
sığırçınların yerini qaratoyuqların
tutmasından, kələkovdarının (taclı sərçənin)
nəslinin kəsilməyindən danışırlar. Mirzə klubdan ayrılıb evə gedir. Südlü aş yeməyə dəvət etsə
də, Arif getmir. Çünki tək
deyildi. Tahirlə Əli də
yanındaydı.
Yaxşı şeir yazmalı hava idi. Bu şeir
düzlükdən, dostluqdan, sədaqətdən olmalı
idi. Qar yağırdı. O, qara xeyli
baxır. Ovuciçi boyda sərçə gəlib
qonur çılpaq albalı ağacının
budağına. Bu sərçə Mirzənin
ilham pərisi olur. Bənd-bənd, misra-misra içini
tökdüyü yaşılüzlü dəftərin
içəri tərəfinə yazır: "Sərçə
poeması" Sonra onun yerini salmağa hazırlaşan
arvadına stulu içəri aparmağı, yanına dəftər
qoymamağı tapşırır. Daha şeir
yazmayacaqdı...
İkinci oxuduğum hekayə "Qanadlarım
ağrıyır"dı. Həmid Piriyevin zəhmətkeş
Bakı kəndlilərinə həsr etdiyi bu hekayə də
insanı bir anlıq o kəndlərə aparır. Halal zəhmətlə dolanmaq, çətinliyə
sinə gərərək yaşamaq bu insanların alın
yazısıdı. Yazıya pozu
olmadığını gördüyümüz növbəti
tale Püstəxanıma aiddir. Püstəxanım
yaşlı qadındır. O, hərdən quş
olduğunu zənn edir. Uçmaq istəsə də,
uça bilmir. Talvarın altında oturan
Püstəxanımın yanına gələn Süriyə
idi. O, əlində gətirdiyi bir salxım
üzümü göstərib abqora çəkmək
vaxtı olub-olmadığını soruşur. Püstəxanım
üzümə baxıb yetişdiyini və abqoranın tam
zamanı olduğunu deyir.
Alaqapıları köhnə idi. Üst-üstə
rəngləndiyindən köhnəlib
ağırlaşmışdı. Qapının
içəri tərəfində poçt yeşiyi vardı.
90-cı illərdə qəzet, jurnallara abunə
yazılışının
yığışdırılması poçtalyonların da
ayağını qapılardan kəsmişdi. Püstəxanımın kiçik oğlu poçt
yeşiyini çıxartdı, amma qəzet, jurnalların
qutuya salındığı deşiyi qaynaq etdirmədi. İndi Püstəxanım hər gün o
deşiyin qarşısında dayanıb kəndə gələnə,
gedənə baxırdı. O, qapıdan
aralanmamış Nərgiz gəlir. Nərgizin kənddə
pal-paltar dükanı var idi. Nərgiz
dükanda əlinə keçən hər şeyi satır.
Püstəxanımın yanına tez-tez gələn
Nərgiz onunla doğmalaşmışdı. Arvad azarlayanda iynələrini vururdu, çiməndə
kürəyini kisələyirdi. Nərgiz
Püstəxanımla hal-əhval tutduqdam sonra ona nə
lazım olduğunu soruşur. Püstəxanım,
adətən Nərgizdən uzunboğaz qəhvəyi corab
alırdı. Nərgiz də onu çox
vaxt aldadırdı. Nəsə alanda ya
deyirdi, neçə dəfə çox pul vermisən, ya da
deyirdi, sonra verərsən.
Püstəxanımın
iki oğlu, nəvələri olsa da o, öz evindən
heç yana getmir. Həmişə
deyir ki, bu həyətə gəlin gəlmişəm, bu həyətdə
də öləcəm. O, gecə-gündüz təkdi.
Arvadın yaddaşında problem əmələ
gəlmişdi. Uşaqlıqda nə
olmuşdusa, hamısı yadındaydı, sonra baş verənləri
qarışdırırdı. Çöl
göyərçinləri həyətdəki meynə
çubuqlarının arasında yuva qurmuşdu. Ölənlər gözlərinin
qarşısına gəlir. Sonra talvarda
yuva quran poçt göyərçinini görür. "Mən də sizdənəm. Amma uça bilmirəm. Qanadlarım
ağrıyır", - deyir, Püstəxanım. Sonra əri Rəhim gəlir onu aparmağa. O da
təzə donunu geyir, yaylığını başına
atıb gedir... Onun meyitini Fatmayı şorundan
tapırlar...
Mirzənin
sərçə poeması yazdığı dəftərin vərəqləri
Püstəxanımın ağrıyan qanadlarına bənzəyir
və bu mənzərə Rey Bredberinin "Fahrenheit 451"
romanında yerə atılmış kitabların təsvirini
xatırladır: "Evin önündə
yaşıllığa atılmış kitablar qanadları
qırılmış ölü göyərçinlərə
bənzəyirdi".
Həmid Piriyevin şipşirin Bakı ləhcəsi ilə
danışdırdığı qəhrəmanlarının
insani keyfiyyətləri və zəhmətsevərliyi
onları oxuculara sevdirir. Bir də onun göyərçinləri,
sığırçınları, sərçələri,
şanapipikləri hekayələrdə bu cür qabartması,
onlardam bəhs etməsi yazıçını oxuculara sevdirən
amillərdəndir. Həmid onları o qədər
gözəl təsvir edir, sanki oxuduqca o quşları ətrafında
görürsən. Dövrə vururlar başın
üstündə, yuva qurmaq üçün çöp
daşıyırlar dimdiklərində...
"Şanapipik
haqqında mahnı" miniatür romanını oxuyanda da
oxucuya elə gəlir ki, onu şanapipiklərin
müşayiəti ilə oxuyur...
Bakılı
balasının Bakı sevgisi bir an oxucunu tərk etmir:
"Şanapipik haqqında mahnı" da paytaxt
bağlarının təsviri ilə oxucunu özünə cəlb
edir. Sonra yazıçı bağların, dəniz kənarının hasara
alınmasından haqlı olaraq giley edir. Bağların
alındığı hündür hasarlar onların
üstünə vurulmuş şüşə
parçaları oğrulardan mühafizə olunmaq
üçündür. İllər
öncə də bunlar var idimi? İnsanlar
niyə belə dəyişdi axı? Nə
oldu onlara? Saraya oxşayan hündür
villaların ucbatından küləyin işləmədiyini,
bağların necə məhv olub getdiyini anladır
"Şanapipik haqqında mahnı". Palmaların,
şamların ölən bağlara başdaşı
olduğunu deyir yazıçı. Sonra onun çöl
və ev quşlarına sevgisini oxuyuruq. Həmid Piriyev təsərrüfata, zəhmətə
aşiq yazıçılardandır. Bu
sevgini çox yazıçılarda görmüşük.
Lev Tolstoyun empati qurmaq üçün kənd həyatına
üz tutması, Knut Hamsunun "Torpağın bərəkəti"
romanında İsaakla İngerin torpaq sevgisi, Şoloxovun
"Sakit Don"unda insanın təsərrüfata, zəhmətə
məhəbbəti oxucuda da əməyə məhəbbət
aşılayır. "Şanapipik haqqında mahnı"
miniatür romanında ərköyün dana
Kolya, toyuq-cücələrin, sərçələrin səs-küyü
oxucunu maşınların səs-küyündən
ayırıb Abşeron bağlarına tərəf aparır.
Zəkinin
Rəfiqəyə, Həcinin Rəfiqəgilin kirayənişinin
qızı Həcərə sevgisi saf yeniyetməlik illərini
xatırladır oxucuya. Sadə kəndlilərdən Max-Max,
Mirzə, Əbdül, bibisi qızını istəyən,
amma qızın "üstündən ət iyi gəldiyi
üçün" getmədiyi Cek Hüseynbala, Mehrab, bədbəxt
Tolik... Və Zərənin adını çəkmək
olar... Yazıçı deyir ki, Zərə
başqa Zərəydi. Bütün kənd
"Ərkey Zərə" deyirdi ona. Zərənin
düşmürdü. Həyətində
iki yekə tut ağacı vardı. Araq
çəkirdi o tutlardan. Cavanlıqda tanış
olduğu bacılığıyla bir həyətdə
yaşayırdı. Cavanlıqda mehriban olsalar
da, qocalandan sonra ara-sıra davaları düşürdü.
Dostlarının "Həci" dediyi qəhrəman
evdə paltarını soyunduğunu pəncərədən
gördüyü qızgil tərəfə gəlir yenə.
İşıq sönmüşdü. Ev qaranlıq idi. Həyətdə
oturub pivə içir. Zəkinin tez-tez verdiyi sualı xatırlayır:
"Doğrudan, nolacey bizim axırımız?".
Xəzri əsməyə başlayır. "Əs, ay
külək, bəlkə, sən apardın
günahlarımızı, təmizləndik" - deyir qəhrəman.
Bir tərəfdən baş verən, yaşanan hadisələr,
digər tərəfdən də gözəl şanapipiklərin
səsi...
Xuraman
Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2019.- 9
fevral.- S.13.