Dərd məni aldı, neylim...
"İraq-türkman poeziya
antologiyası"na ön sözdən
Oxuculara təqdim olunan bu kitab uzun bir zaman kəsiyində
ayrı düşmüş İraq türkmanları ilə
Azərbaycan türklərinin ortaq mənəvi dəyərlərinin
poetik təsdiqi kimi dəyərli sərvətdir. Füzulini
yetirmiş bir diyarın ədəbi-tarixi prosesi haqqında
real təsəvvür yaradan bu antologiya İraq
türkmanlarının ədəbi-mədəni irsini Azərbaycan
oxucusuna çatdırmaq baxımından yeni addımdır.
"İraq-türkman
poeziya antologiyası" kərküklü alim Əta Tərzibaşının
onilliklər boyu ağır zəhmətə qatlaşaraq
1963-cü ildən çapına başladığı 13
cilddən ibarət "Kərkük şairləri" və
3 cildlik "Ərbil şairləri" adlı tədqiqat əsərləri
əsasında tərtib edilərək yayınlanmaq üzrədir.
Şairlərin tərcümeyi-halı və
yaradıcılıqları barədə tədqiqat və
şeirlərindən örnəklər də
bütövlükdə Əta Tərzibaşının
adıkeçən kitablarından
götürülmüşdür.
Əta Tərzibaşı bu möhtəşəm abidəni
yaradarkən Əhdi Bağdadi, Şəhrəbanlı
Əbdülqadir Hatib, Hicri Dədə və başqa təzkirəçilərin
əsərlərindən faydalanmışdır.
Tədqiqatçı
görəcəyi işin miqyasını və dəyərini
dərindən dərk edərək hələ 1963-cü ildə
çap etdirdiyi "Kərkük şairləri"
(Bağdad, I cild, 1963) kitabına yazdığı "Ön
söz"də xüsusi vurğulamışdır:
"Kitabımızda kərküklü şairlərin həyatlarını
əldən gəldiyi qədər bir yana sapmadan geniş bir
şəkildə anlatmağa, şeir və nəsr əsərlərindən
örnəklər verməyə çalışdım ki,
bununla da əsərə "Kərkükdə türkman ədəbiyyatı
antologiyası" vəsfini qazandırmaq amacını
güdmüş oldum".
Göründüyü
kimi, Əta Tərzibaşı 13 cildlik "Kərkük
şairləri" və 3 cildlik "Ərbil şairləri"
kitablarını yazmaqla İraq-türkman ədəbiyyatı
tarixini ortaya qoymuş və ümumtürk ədəbiyyatında
ustadın təbirincə desək, "sönük qalan"
bir boşluğu doldurmağa
çalışmışdır.
Əta Tərzibaşı
böyük tədqiqat işi aparıb və Hicri Dədə,
Növrəs Əbdürrəzaq, Şeyx Əbdürrəhman,
Rasih, Şeyxoğlu, Növrəs Salih, Əsəd Naib, Molla Məhəmməd
Sadıq, Osman Məzlum, Əli Marufoğlu, Nəsrin Ərbil
və bir çox başqalarının həyat və
yaradıcılığına 15-40 səhifə həsr
etmişdir.
Təəssüf
hissi ilə qeyd etməliyəm ki, Əta Tərzibaşı
günümüzdə yazıb-yaradan ərbilli şairlərdən
ətraflı söz açdığı halda, nədənsə,
Kərkük, Tuz Xurmatu, Təzəxurmatu, Kifri, Telafər,
Xanaqin, Bağdad və s. kimi şəhər və qəsəbələrdə
yaşayıb-yaradan şairlərdən bəhs etməmişdir.
Halbuki, onların çoxu adlı-sanlı qələm
sahibləridir. Bu isə İraq-türkman
poeziyasının ümumi mənzərəsi barədə
dolğun təsəvvür əldə etməkdə çətinlik
törədir.
Burada bir məsələdən də söz açmaq
istərdik.
Əski hərflərlə basılan 3 cilddən ibarət
"Ərbil şairləri" (Kərkük, 2004-2007)
kitabını Türkiyədə latın
əlifbasında çapa hazırlayan hörmətli Ali
İhsan Özbek "Hazırlayanın Ön sözü"
adlı giriş məqaləsində yazır: "Mətn,
ümumi olaraq, günümüz türkcəsinə uyarlanmaya
çalışılmışdır. Yerli ağız və
şivə özəllikləri, ancaq zorunlu hallarda
qorunmuşdur" (Bax: Ərbil şairləri, İstanbul,
2007, s.8).
Bu,
Əta Tərzibaşının 1963-2006-cı illər
arası ərəb hərfləri ilə əsasən Kərkükdə
və ancaq iki cildi Bağdadda çap olunan 13 cildlik "Kərkük
şairləri" əsərlərini latın qrafikasına
çevirib İstanbulda çap edəndə də
("Ötüken" nəşriyyatı, 2013) baş
vermişdir. Türkmaneli şairlərinin
poeziyası Türkiyə türkcəsinə
uyğunlaşdırılmışdır. Beləliklə,
Ali İhsan Özbekin göstərdiyi kimi "yerli
ağız və şivə özəllikləri ancaq zorunlu
hallarda qorunmuşdur".
Biz isə
Əta Tərzibaşının söz açdığı
"Kərkük şairlərinin bir qismi Osmanlı türkcəsini,
başqa bir qismi də - ən çox xalq şairləri Azəri
türkman türkcəsini qullanmış və bu şivələr
ədəbiyyatımızda bir-birinə
qarışmışdır" fikrinə arxalanaraq antologiyada
İraq-türkman ləhcəsini və onun səciyyəvi
xüsusiyyətlərini qorumağa
çalışmışıq...
...Oxucu və
tədqiqatçılar üçün faydalı
olacağını nəzərə alaraq kitabın sonunda
yerli və əcnəbi sözlərin lüğətini də
vermişik.
Biz
Əta Tərzibaşının həyat və
yaradıcılıqlarını hərtərəfli tədqiqat
süzgəcindən keçirdiyi, yalnız əruz vəznində
yazan çoxsaylı Türkmaneli şairlərinin az qismini antologiyaya daxil etdik. Antologiyanın
həcmini nəzərə alaraq kitaba XX əsrin lap əvvəlindən,
əsasən heca vəznində və sərbəst şeir
yazan şairlərin əksər hissəsini daxil etmişik.
Ədəbi mənzərəni daha aydın görmək
naminə tarixi xronologiyanı gözləmişik. Əta Tərzibaşının
XVI əsr ədəbi mühiti barədə tədqiqatlarını
xüsusi qeyd etmək istərdim. Doğrudur
13 cildlikdə araşdırıcı Füzuli
yaradıcılığından ayrıca söz
açmır. Müəllifin Füzuli
haqqında çoxsaylı məqalələri və
böyük həcmli "Füzuli haqqında yazılar"
(Kerkük Vakfı, İstanbul, 2016, 220 səh. Hazırlayan: Nicat Kövsəroğlu) adlı elmi tədqiqat
əsəri vardır. Burada XVI-XVII əsrlər
Bağdad ədəbi mühiti barədə zəngin material
vardır. Araşdırıcı Huşyar Dədədən
söz açır: "Huşyar Dədə qayət bilgili
bir şair olub. Füzuli ilə
çağdaş idi. Kərbəla şəhərinə
yapdığı ziyarətlərində, orada yerləşən
Füzuli ilə bir çox kəz müsahibədə
bulunmuşdur. Hətta Füzuli şeir ilhamını kəndisindən
aldığını söyləmişdir" (Bax: Əta Tərzibaşı.
Kərkük şairləri. VI cild, İstanbul, Ötüken, 2013, s.51).
Əta Tərzibaşı Hüşyar Dədənin
şair oğlu Didar Dədədən də söz
açır.
Tədqiqatçının
Füzulinin xələfləri Növrəs Əbdürrəzaq
(1705-1761) və Bədri Mustafa (1743-1821) kimi şairlərin hər
birinə 20-25 səhifə yer ayırması təqdirəlayiqdir...
Burada onu da demək lazımdır ki, son iki əsrdə
İraq-ərəb poeziyasında üç poetik cərəyan
özünü göstərmişdir. Bunlar "Əş-şeir
əl-klassik əl-qədim (qədim klassik şeir),
"Əş-şeir əl-klassik əl-cədid"
(neoklassik şeir) və "Əş-şeir əl-hürr"
(sərbəst şeir) kimi təsrif olunur (Bax: Vilayət Cəfərov.
İraqda neoklassik poeziya. Bakı, Elm, 1998,
s.7).
Maraqlıdır ki, İraqda yaşayan
soydaşlarımızın - İraq türkmanlarının
poeziyasında da bu üç cərəyan özünü
göstərir. Tədqiqatçıların fikrincə,
bu üç cərəyanın son ikisi həm forma, həm də
məzmun axtarışları baxımından
üstünlük təşkil edir. Sərbəst
şeir keçən əsrin 50-ci illərindən mövcud
olmuşdur. İndi çağdaş
şairlərin əksəriyyəti sərbəst şeir
yazır.
"İraq-türkman poeziya antologiyası"ndan
çox maraqlı bir məsələni də hasil etmək
olur. Əruz vəznində yazan şairlərdən bir
çoxu heca vəznində və sərbəst şeir
yazmayıblar, heca vəznində yazan şairlərin çoxu
əruzda və sərbəst stildə şeir yazmayıblar,
eləcə də sərbəst şeir yazanların çoxu
nə əruz vəznində, nə də heca vəznində
şeir yazıblar. Lakin bütün
şairlər xoyrat yazırlar. Antologiyanı
vərəqlədikcə bunun şahidi olacaqsınız.
Son vaxtlara qədər bizdə aşıqlar
qıfılbənd bağlamalar deyib bir-birini
bağladığı kimi, Türkmanelində xoyrat
çağıran müğənnilər də müəyyən
qafiyələr tutub xoyrat deyər, bir-birini bağlamağa
çalışardılar.
Xoyratlaşma
zamanı məna bir yana, gərək
cinaslar da bir-birini tamamlasın. Məsələn:
Günahımı;
Bağışla günahımı.
Deyirlər
gün tutulub
Eşidib gün ahımı.
Günahımnan;
Xudam, keç günahımnan.
Cigərdən
bir ah çəksəm,
Tutular gün ahımnan.
Türkmanellərində bədahətən
xoyrat-bayatı demək adi haldır. Əta Tərzibaşının
ömrünün son günlərində bədahətən
bayatı deməsi çox mətləblərdən xəbər
verir:
Dərd məni
aldı, neylim,
Yatağa saldı, neylim.
Çox
niyyətlər tutmuşdum,
Könlümdə qaldı, neylim.
Xoyrat İraq-türkman poeziyasının zirvəsi hesab
olunur. Həqiqətən də, heyrətamiz poetik
gücü və zənginliyi ilə seçilən xoyratlar
İraq-türkman folklorunun və yazılı ədəbiyyatının
lirik növünün ən geniş yayılan və bədii
cəhətdən ən kamil janrıdır.
Xoyratların
ifadə tərzinə fikir verin: "Tərəzin əyiləndə,
hər gələn bir daş atar", "Yetim yanağı
bilir, göz yaşı necə dağlar", "Mən
miskin olduğumçün, üstümə qudurdu qəm",
"Üzündə göz izi var, sənə kim baxdı,
yarım", "Ovum yaralı getdi, boyandı qana
dağlar" və s.
Bu gün İraq türkmanlarında əruz vəznli
şeirlər də, heca vəznli şeirlər də, sərbəst
şeirlər də dəbdədir. Lakin hər birinin səciyyəvi
xüsusiyyətləri vardır. Əruz vəznində
yazılan, şeirlərdə daha çox hikmətdən, fəlsəfədən,
məntiqdən, fani dünyadan, güldən, bülbüldən,
sevgi-məhəbbətdən və s. söz
açılır. Heca vəznində də
gülə, bülbülə, sevgi-məhəbbətə həsr
olunan şeirlər çoxdur. Lakin heca vəznində
yazılan şeirlərdə daha çox Türkmanelinin
tarixindən, şəhərlərindən, görkəmli
şəxsiyyətlərindən, adət-ənənələrindən,
etnoqrafiyasından, ictimai həyatından, təbiətindən,
fauna və florasından, bəhs edilir.
"İraq-türkman
poeziya antologiyası"nı vərəqlədikcə
açıqca görmək olur ki, bir çox şairlər
ali, hətta orta təhsil almamışlar. Ədəbiyyat
aləmində yer tutsalar da, televiziya, radio verilişləri
aparsalar da, poeziya yaradıcılıqları qənaətbəxş
deyildir. Dünya ədəbiyyatından, ədəbi
prosesdən bixəbərdilər. Bəzən
vəzn, qafiyə və cinası qarışdırırlar.
Yəqin,
buna görədir ki, Fuad Həmdi istedadsız, ürəklərə
yol tapa bilməyən şairləri amansızcasına tənqid
edirdi:
Hər dərədə
şair oldu bir qoduq,
Biz daha şairliyi əldən qoyduq.
İstər savadlı, istərsə də savadsız
hamı bəxtini poeziya meydanında sınayır. Qəzet və
dərgilərdə çap olunan müxtəlif səviyyəli,
hətta səviyyəsiz şeirlər bunu bariz şəkildə
göstərir.
...Təqdim
edilən "İraq-türkman poeziya antologiyası"nın qayəsi, hər şeydən əvvəl
Türkmaneli soydaşlarımızın ədəbiyyatı
ilə tanışlıq və ədəbi əlaqələrə
xidmətdir.
Antologiyada
yer alan müəlliflərdən rəhmətliklər:
Sinan Səid, Əhməd Otraqçı, Mövlud Taha
Qayaçı, Məhəmməd Bayatla dost münasibətində
olmuşam. Nəsrin Ərbillə
qardaş-bacı münasibətim var. Dəvətimlə Bakıda
qonağım olub. Azərbaycana, Bakıya
bir neçə şeir həsr edib. Antologiyada onlarla tanış olacaqsınız. Bir
çox iraqlı soydaşımız - qələm sahibləri
Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv
seçiliblər. Əta Tərzibaşı, Nəsrin
Ərbil, Əbdüllətif Bəndəroğlu, Məhəmməd
Bayat, Mustafa Ziya, Şəmsəddin Küzəçi,
Fövzü Əkrəm, Mövlud Taha Qayaçı, Nicat
Kövsəroğlu, Aydın Kərkük, Fuad
Köprülü, Əsəd Ərbil, Riza Çolakoğlu.
Günümüzdə yaşayanlar tez-tez Azərbaycana gəlir,
ali məktəblərdə, Axundov adına Milli
Kitabxanamızda, Yazıçılar Birliyində, Milli Elmlər
Akademiyamızın Ədəbiyyat İnstitutunda, Atatürk Mərkəzində,
məktəblərdə görüşlər keçirir,
Türkmaneli ədəbiyyatından, mədəniyyətindən
danışır, kitabların təqdimatını
keçirirlər.
Ədəbi əlaqələrimizin inkişafında
onların, eləcə də görkəmli alimlər
Sübhi Saatçı və Mahir Naqibin xidmətləri
inkarolunmazdır.
Yazıçılar Birliyinin sədri Anarın təklifi
ilə 2017-ci ildə mən İraq-Türkman ədəbiyyatı
üzrə müşavir təyin edildikdən sonra ədəbi-mədəni-elmi
əlaqələrimiz daha da genişlənib.
İnanırıq
ki, Milli Elmlər Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda iki ilə yaxın
üzərində işlədiyim "İraq-türkman
poeziya antologiyası" ədəbi-elmi əlaqələrimizin
daha da genişlənməsinə xidmət edəcəkdir.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2019.- 9
fevral.- S.19.