Mən gecəyə
layla çalıb,
Dərdi yuxuya verirəm...
Səhərim - dirigözlü...
Qələm ələm andırır
bu xəyal incələrə.
Əllərim şam yandırır
söndüyüm gecələrə...
Od bələnən
nəfəsim
titrədir yanan şamı,
Sanıram buz qəfəsim
yatdığım hər axşamı...
Göz yumub gördüklərim
eşqimin dağ-dərəsi.
Açılan ürəyimdir
ruhumun pəncərəsi.
Həyatı səsli, sözlü
gecə-gündüz bilirəm.
Səhəri dirigözlü
açmayanda ölürəm...
Bu, ölümdür, ya qalım? -
Çətindir seçə bilmək.
Min səhərdir
bir gecə
qəmini içə
bilmək!..
O tay-bu tay
Bir ürəyin bir tayı var,
O tay nədir,
bu tay nədir?!
Bir olanın bir sayı var,
O tay nədir,
bu tay nədir?!
Gün gün olsun, ay ay olsun,
Torpaq niyə
pay-pay olsun?!
Millət niyə tay-tay olsun?!
O tay nədir,
bu tay nədir?!
Düz olanlarım səhv dildə...
"Günahlarım" yox əff dildə...
Gözüm tikanlı məftildə...
O tay nədir,
bu tay nədir?!
Dərd
Savalan, qəm Qoşqardır,
Sinəsi
od, başı
qardır...
Tay tanımaz tən vüqardır!..
O tay nədir,
bu tay nədir?!
Vayı hanı bu hürrümün?!
Yayı hanı bu "sirr"imin?!
Tayı hanı bu şeirimin?!
O tay nədir,
bu tay nədir?!
Tay olsun tay
atan taya!
Sahil-sahil
utan taya!
Ey bizi tay
tutan taya
O tay nədir,
bu tay nədir?
Araz orda, oralıqda,
Həm də burda, buralıqda.
Su aydınlıq aralıqda...
O tay nədir,
bu tay nədir?
Bu ayrılıq əfsanədir!!!
Türküm, türk oğlunun
yuxusu gəlməz
Havası
çatmayan bu cahan bürkü...
Türküm, türk oğlunun yuxusu gəlməz.
Əlində "Divanü-lüğət-it-türk"ü,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Qorxutmaz
məqsədli qınaqlar
onu,
Mələklər saf ruha qonaqlar onu,
Elə ayıldıb ki, sınaqlar onu
Türküm, türk oğlunun yuxusu gəlməz.
Ər soyun başına dərd-səri gələr,
Xəncər tiyəsindən kəsəri
gələr,
Atatürk mehrinin əsəri
gələr,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Məğrur Ərzurumun yenə
sisi var...
Sellər
gədikləri yuyub-yayalar,
Ağrıdağ doğacaq aslan qayalar,
Türküm, türk oğlunun yuxusu gəlməz.
And içib o Qara, Ağdənizinə,
Mehmetçik bayrağı tutub
üzünə,
Qalxıb
türk əsgəri
"Topraq" sözünə,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Dolmaz Anadolu dolu gülməsə,
Bulmaz səhərləri dan sökülməsə...
Veysəlin gözünə işıq
gəlməsə,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Uzaqlıq - Kaşğari sözündən
uzaq,
Azər,
türkmən, özbək,
qırğızla qazax...
Madam ki, dostumuz,
yadımız ortaq,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Şumerdir, Albandır - türk
namusudur,
Əxlaqı-dastanı "Bilqamus"udur,
Oyanmaq sevinci, yatmaq yasıdır,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Ayıq
Nizamilər idraka səslər,
Rumi-Yasəvilər, Yunus Əmrələr...
Eşitsin bayanlar, paşalar,
bəylər,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Qələm
göy qətrədən tapırkən murad,
Bir
"Dədə Qorqud"
yaz, bir"Manas"yarat,
Koroğlu yatanda basıldı
Qırat...
Türküm, türk oğlunun yuxusu gəlməz.
Fəndgir
yağıların üzü döndüsə,
İsti
ocaqların közü
söndüsə,
Türküm Qarabağdan didərgindisə,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Diləkdən
nur doğmuş Nuru Paşam, gəl!..
Təklənmiş qalada sınıq
daşam, gəl!..
Ertə
qalx, sübh dolan, gündüz, axşam gəl!..
Türküm, türk oğlunun yuxusu gəlməz.
Düz-dünya
içində, ey Turan, döz ki,
Səni
düz göstərməz
bu dünya güzgün!..
Şəhid ruh narahat, qazi qəlb üzgün!..
Türküm, türk oğlunun yuxusu gəlməz.
Ana əlifbanın sərdabələri
-
Bu "Orxon-Yenisey abidələri",
Ayıq
düşündülər söz dədələri...
Türküm, türk oğlunun yuxusu gəlməz.
Balasaqunludan
"Qudatku-bilik",
Dünən sorağında bugünüm
ləlik...
Susmaz
"Oğuznamə"m, çağlar
qan,ilik,
Türküm, türk oğlunun yuxusu gəlməz.
"Gültəkin", "Tonyukuq"-tək daş yazılar,
"Tenori" - "Tanrı"
sözü-ən baş yazılar.
"Qarındaş" doğulub,
"qardaş" yazılar,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Yalanın-vur!
- deyib, tutanı varkən,
Milçəyin arxada titanı varkən;
Soyuna soyqırım böhtanı
varkən,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Göyüzü
Göytürkün ününü süslər,
Qafqaz, tən Asiya - türksoy
uluslar -
Yuxunu gətirən cəhdə
əfsuslar!
Türküm, türk oğlunun yuxusu gəlməz.
Tutub önü, atıb tərk varlığını,
Qoruyub dünyaya ğörk varlığını,
Oyaqkən qazanıb türk
varlığını,
Türküm, türk oğlunun yuxusu gəlməz.
Oyun siyasətlər-zaman
laylası,
Qoymur göz açmağa anım laylası...
Yəqin,
bağışlayar anam
laylası:
Türküm, türk oğlunun
yuxusu gəlməz!..
Sənə məktub
Məktub
yazdım kədərinə,
Kədərəm özüm, gəlmirəm.
Səni
xatırladım yenə,
Hardasan,
dözüm bilmirəm!?.
Çox
axtardım ünvanını -
Neçə şəhər, küçə,
dalan...
Yerini de, dərdin
hanı?!
Dərdsiz, könlüm oldu
talan!..
Odum ağlayır kağızda;
Gör nəyi
nəyə bükmüşəm?!
Onunçün yanmır kağız
da
Üstə söz yaşı
tökmüşəm...
Vaxtsız
dəfn etdik bu eşqi...
Zaman - sevgi qəbiristanı...
Qara qələmli aşiqin
Kağız kəfəndir dastanı...
Məktub
əlimdə...
birdənəm,
Can yaxıb, külə döndərdim...
Külüm dindi:
- Ünvan mənəm,
Məktubu
Külə göndərdim.
Gecə yatmaq üçün
deyil
Yaman yerdə gecələdik -
Bəla ovutmaqçün deyil.
Neylədiksə, gec elədik...
Gecələr yatmaqçün deyil...
Günah
tutmaq üçün
deyil,
Gecələr yumaq üçündür...
Gecə
yatmaq üçün
deyil,
Bəlkə, göz yummaq üçündür...
Ruhun
göyə uçmayıbsa,
Doğrumusan, ya xətasan!?
Gündüzün nur saçmayıbsa,
Gecələr necə yatasan!?
Kömür
közdür qara gecə,
Səpələnib yaramıza.
Ara sözdür ara
gecə;
Girib sübhlə aramıza...
Ulduzlara
nəzər salıb,
Ayı mürgülü
görürəm.
Mən gecəyə layla çalıb,
Dərdi
yuxuya verirəm...
Yuxuludur
yalan düzlər,
Əlacımız heyranlıqdır!..
Yuxulardakı gündüzlər
Qaranlıqdan qaranlıqdır!..
Al məram
qürubuna, bil,
Çatmaq gecə içindədir.
Gecə
yatmaq üçün
deyil,
Yatmaq gecə içindədir...
Gecə
lal haray qoparıb,
Səs əkib, sükut bitirdim;
Dağı arana aparıb,
Aranı
dağa gətirdim:
Bu an xəyalım yapışır
Sualların yaxasından.
Fikir köhlənlər çapışır,
Yuxum qalxır yuxusundan -
- Nə
danışdım?
Düzmü etdim?
- Bəlkə, heç dinməməliydim?
- Niyə ötdüm? Hara getdim?
- Bəlkə, mən dönməməliydim!?.
Bu var-gəllər keçən
deyil:
Vicdan cövhəri,
mətidir.
Gecə
yatmaq üçün
deyil,
Oyaqlığın zülmətidir...
Ölüm keçsin...
Diksindirdi
bu səs, bu ün,
Xəyala dala bilmədik.
Əridi
qələm ömür-gün,
Bir vərəq
dola bilmədik.
Vücudumuzun bolu su,
Olduq bir qafa dolu su.
Döydü quraqlıq dolusu,
Sünbültək dola bilmədik.
Nədən
gen düşdük rəhmdən;
"Fələklər yandı ahimdən"?!
Ölüm keçsin günahımdan;
Söz üstdə "ölə"
bilmədik...
Əsrləri çağ elədik,
Təpə eşqi dağ elədik...
Füzun
yazıb ağ
elədik;
Füzuli
ola bilmədik!..
Yusif NƏĞMƏKAR
Ədəbiyyat qəzeti.- 2019.- 9
fevral.- S.14.