Bəxtiyar o şairdi ki...
Həmsöhbətimiz
professor Maarifə Hacıyevadır
- Maarifə
xanım, siz o xoşbəxtlərdənsiniz ki, uzun illər
boyu hələ sağlığında mifləşmiş,
Qorqudlaşmış xalq şairi, unudulmaz Bəxtiyar Vahabzadə
ilə ata-bala, müəllim-tələbə, yaxın dost
ünsiyyətinin bəxtiyarlığını
yaşamısınız. Bəxtiyar müəllim Füzulini
çox sevirdi. Deyirdi ki, şeirin-sənətin hansı
gizlininin, gözlənilməzliyinin qapısını
açmaq istədimsə, qarşımda Füzulini
gördüm. Füzulini sənətdə ölçü
meyarı hesab edirdi.
- Və onun dostluğa münasibəti də Füzuli əxlaqından gəlirdi. Böyük ustadının bu ölməz misraları dil əzbəriydi:
Dustum, aləm səninçün gər olur düşmən mana,
Qəm
degil, zira yetərsən dust ancaq mana...
Bəxtiyar müəllim həyatı həyat kimi
yaşamaq istəyən və bunu bacaran insanlardan idi. Onun bu yöndəki
Məcnunluq istedadının bir əsas tərəfi də
dostuna sədaqəti, ehtiram hissilə bağlıydı.
- Xaqanidən oxuduqlarımdı,
deyir: "İki itən dürdən sinəmdə dağ
var, itən cavanlığım və ölən dostlar…"
Bilirik ki, Bəxtiyar müəllimin
yaradıcılığının, fəaliyyətinin ən
qaynar, parlaq anları sizin ədəbiyyatşünaslıq
elminə gəldiyiniz illərlə eyni vaxta düşüb. Sizi uzun illərin dostluq telləri
bağlayırdı. Bəxtiyar müəllimin ən
pünhan sirləri, necə deyərlər, sizin ovcunuzda olub (ürəkdən
gülür). İtən cavanlığın və
bu dünyasını qeyb etmiş dostların xatirəsi sizdə
necə yaşayır?
- Dost itkisindən yaranan sinə
dağı barədə Xaqani hansı ağrıyla bəhs
edirdisə, bu, indinin özündə də
elədi. Ən ağrılısı bu dost itkisinin Bəxtiyar
Vahabzadə kimi bənzərsiz bir şəxsiyyətin
adıyla bağlı olmasıdı… Bəxtiyar müəllim
adi dostlardan deyildi ki, onun barəsində məhz Xaqani təəssüfü,
ağrısı ilə söz açmayasan… Həmişə
Füzuli haqqında fikirlərini soruşanda xeyli susar, dərindən
nəfəs alar, köks ötürərdi. Deyirdi, Füzuli elə bir zirvə, elə bir
dağdı ki, ona doğru addım atmamış gərək
dərindən nəfəs alasan, bütün
gücünü, var qüvvəni toparlayasan. İndi Bəxtiyar
müəllim haqqında danışırıq və mən
eyni durum, məsuliyyət qarşısındayam; gərək əvvəl-əvvəl
nəfəsimi dərim, özümü toparlayım…
- Nihad Sami Baharlıdan
oxuduqlarımdı: "İstanbulu könlümcə anladan
bir kitab oxumağı çox üzüntü ilə gözlədim.
İstəyirəm bu kitabın cümlələri yazıdan
çox şəkillənmiş olsun; rəngi səs,
işıq olsun. Duyğu, fikir, xatirə olsun, iman və
eşqdən yaranmış olsun…". Bəxtiyar
müəllim də duyğuların min rəngini,
çalarını, çiçəklərin çələngini
sevirdi. İstərdim ki, onun adıyla bağlı söhbətimiz
də məhz bu çalarlarla süslənmiş olsun.
- Gözəl
olan odur ki, Bəxtiyar Vahabzadənin poetik dünyası,
varlığı səsin, işığın, duyğunun, rəngin,
ən əsası, düşüncənin harmoniyasından,
sintezindən gəlirdi. Bu deyilənlər onun
şair-vətəndaş-alim obrazının hər zərrəsindən
təcəlli edirdi.
- Bəxtiyar müəllimin
xarakterini, mifləşmiş şəxsiyyətini ən
çox ifadə edən hansı əlamətlər idi?
- İlk
növbədə gözlənilməzlik, heyranlıq
doğuran cəsarət! O, illər uzunu fikrini məşğul
edən, gecəsini-gündüzünü, ümumən, həyatını
əlindən alan taleyüklü problem məsələləri
ictimailəşdirməyin fədaisi idi. Özü
də bunu heyrətamiz bir cəsarətlə ifadə etməyi,
önə çıxarmağı bacarırdı. Belə məsələlərdə Bəxtiyar
müəllimin qarşısına sədd çəkmək,
divar hörmək çətin idi.
- Maarifə xanım, maraqlıdır
ki, poeziyaya münasibətdə Füzuli sevdalısı,
aşiqi olan Bəxtiyar Vahabzadə daha çox Nəsimi
ömrü yaşadı… Sovetlər dönəminin
tüğyan etdiyi bir zamanda belə, "gözümün
önündə haqqı danırlar", "haqqı
öldürürlər" səslənişi etdi. "Vətən
quşa bənzər, qanadlarının biri bu taydırsa, biri
o taydır" - dedi. "Min ləkə vurdular
şərəfimizə, verdik, sahibimiz yenə "ver" -
dedi" misralarına imza atdı. "Gülüstan"ı
yazdı. O qorxunc illərdə "Bu işə qol qoyan
qollar sınaydı" etirazını sərgilədi. Hər
cür manqurtlaşmaya qarşı çıxdı…
- Görkəmli
rus yazıçısı Mixail Şoloxov özünün
Nobel nitqində bəyan edirdi ki, özünə bəşər
iztirablarının kənar müşahidəçisi kimi
baxan, özünü bəşəriyyətin zərrəsi
və öz xalqının oğlu hesab edən söz
adamının məqsəd və amalı düzünü
demək, insanlara həqiqəti, hətta acı da olsa, mərdanə
şəkildə həqiqəti demək, onların sabaha
inamını və gələcəyi quracaq fərdi
gücünü artırmaqdı; söz adamı öz
sözünün çatdığı hər yerdə
mübariz insanlar yetişdirməyə
çalışmalı, öz təbii və alicənab cəhdləri
ilə insanların tərəqqiyə inamını bir araya gətirməlidir…
Deyim ki, bir sənətkar və şəxsiyyət
kimi Bəxtiyar Vahabzadə ömürlüyü bu vacib
missiyaya hesablanmışdı. Bəxtiyar
Vahabzadə bir sənətkar və vətəndaş kimi bu
ideallar üzərində qundaqlanmışdı. O da sənətin
insan qəlbinə və ağlına təsir edəcək
çox böyük güc olduğuna fövqəladə
şəkildə inanırdı.
Bəxtiyar müəllim öz böyük ustadları
kimi, həmişə ədəbiyyata azadlığın
hansısa bir forması kimi baxırdı və ədəbiyyatın
dünyanı xilas etmək gücünə inanan böyük
dühaların sırasında idi. Bəxtiyar Vahabzadənin
xoşbəxtliyi onda idi ki, o, yaradıcılıqda
"qorxunun rəzil bir hiss" olduğunu lap gənclik illərində
dərk etmiş, o qorxu hissini yaşam tərzindən birdəfəlik
silib atmış, mücadilə, fədakarlıq duyğusuyla
silahlanmışdı. Belə etməyən
qələmdaşlarının yaratdıqları əsərlərin
başı üstündən haçansa mütləq bir lənət
asılacağını yaxşı bilirdi. Həmdərd
olmadan dərddən yazanlara asi idi. Bəxtiyar Vahabzadənin sənətkar, eləcə
də vətəndaş qayəsi bütün halı ilə
dünya şöhrətli yazıçı Uilyam Folknerin dotələb
baxışları ilə düz mütənasibdi. Paraleldi. Yəni Bəxtiyar müəllim
də bütün səmimiyyəti ilə hər cür
zorakılıq, zülm önündə insanın məğlub
və məhv olacağı fikrini qəbul etmirdi. O da
insanın nəinki dirəniş gətirəcəyinə, həm
də qalib olacağına inanırdı. O da inanırdı
ki, insan yalnız "səsi eşidiləcək deyə yox,
xarakterinə, qəlbinə, fədakarlığına, həmdəm
ola bilməyinə,
razılaşmadığına görə əbədidir. Yazıçının, şairin borcu bu haqda yazmaq,
insanın duruş gətirə bilməsi, qəlbləri
möhkəmlətməsi üçün yazmaqdı. Kişilik, şərəf, ümid, qürur, iztirab,
şəfqət, fədakarlıq hisslərini daim xatırlatmaq
üçün yazmıq lazımdır. Bəşəriyyətin
bəzəyi də məhz bu şeylərdədir. Şairin səsi adi əks-səda ola bilməz, o,
dayaq olmalı, qələbə üçün, duruş gətirə
bilmək üçün bünövrəyə çevrilməlidir".
Bəxtiyar müəllim bu deyilənlərin vacibliyini sənətə
qədəm qoyduğu ilk günlərdən bilirdi. Bu təməl
üzərində qundaqlanmışdı. İlk sənət dərsini Füzulidən, Nəsimidən,
Sabirdən, xeyir-duasını Səməd Vurğundan
almışdı. Belə olmasaydı hələ 1969-cu
ildə, deməli sovet rejiminin qılıncının
dalının-qabağının kəsdiyi bir vaxtda Bəxtiyar
Vahabzadə qırmızı kommunizmin əsl sifətinə,
gerçək üzünə şapalaq kimi açılan bu
misraları qələmə almazdı:
Qırmızı-qırmızı
yalanlar deyən,
Gözlərin qaralar, al günə baxma.
Ey rəngə
inanan, bəs demədin sən
Turpun içinə bax, çölünə baxma.
"Rəngin dalındakı həqiqətə bax"
- deyə o, qırmızı sovet komissarlarına onu da
çatdırmağı gecikdirmirdi ki, "həqiqət
nazilər, amma üzülməz".
Yalan
çiçəkləyər, boy atar, ancaq,
Bəhər verə bilməz, bar verə bilməz.
Bax budur şairin öz xalqına, cəmiyyətə
dayaq olmaq, qələbə üçün, durum gətirə
bilməsi üçün onun yanında olması, faktı və
fədakarlığı. Bu fədakarlıq Bəxtiyar
Vahzabzadənin bir sənətkar olaraq xislətindən,
ruhundan gəlir. Bir sənətkar kimi onun
dəyişməyən, özünə sadiq qalan sifəti,
obrazı budur. Xalq Bəxtiyar Vahabzadəni
bu dəyişməyən obrazından, xarakterindən
tanıyıb sevir. Bu sifət onu mifləşdirir,
Qorqudlaşdırır. Xalq bilir ki, xeyiri də, şəri
də dönübən təkrar olan bu fani dünyamızda
ünvanını dəyişən dünənki
alqışlara ustadları Nəsimi, "Sabir kimi dirəniş
göstərən, ironiya edən Bəxtiyar Vahabzadə bu
misralarında nə qədər səmimi və müdrikdi:
Əbədini
dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuldum, mən atəşə
yanmadım.
- Yəni azadlıq,
özgürklük düşüncəsi Bəxtiyar Vahabzadə
yaşamına və poeziyasına ənənədən,
kökdən gəlirdi…
- Bir
oxucu, ədəbiyyatşünas alim kimi, mən həmişə
Bəxtiyar Vahabzadə yaradıcılığı ilə
bağlı olmuşam. Yadıma gəlir, mən
tələbə olanda fakültədə Bəxtiyar müəllimin
"Şəbi-hicran" poemasının müzakirəsini
keçirirdik. Görkəmli
yazıçı İsmayıl Şıxlı, ədəbiyyatşünas
alim Əhəd Hüseynov bu müzakirələrin təşkilində
fəal iştirak edirdilər. Birinci kursda
oxuyurdum. Mənə dedilər ki,
müzakirədə sən də çıxış edəcəksən.
Həmin o çıxış Bəxtiyar
müəllimlə şəxsi
tanışlığımıza vəsilə oldu. Sonra tale elə gətirdi ki, mən Bakı Dövlət
Universitetində müəllim kimi fəaliyyətə
başladım. Görkəmli yazıçı,
füzulişünas alim Mir Cəlalın rəhbərlik
etdiyi fakültədə… Bəxtiyar müəllim
də həmin kafedrada işləyirdi. Qiyabi
aspiranturaya daxil olmuşdum. Allah rəhmət
eləsin Mir Cəlal müəllimə, təklif etdi ki, elmi rəhbərin
Bəxtiyar müəllim olsun. Dedim sizin məsləhətiniz
mənə çox əzizdi. Sonra Bəxtiyar müəllimlə
ailəvi dost olduq. Evinin qapıları həmişə
üzümə açıq idi. Onun
unudulmaz qayğısını, çətinliklərimin dəf
edilməsindəki köməkliklərini heç vaxt
unutmuram. İndi avtoqrafla mənə
yazıb bağışladığı kitabları
açıb oxuyuram. "Ailəmizin yaxın dostu",
"Sirr yerim olan dəyərli dost" - deyə xoş
münasibətini qeyd edib. Mən ona həmişə
böyük şəxsiyyət, qüdrətli sənətkar
kimi dərin hörmət bəsləmişəm.
Bəxtiyar
Vahabzadə elə bir sənətkar idi ki, o, davamlı olaraq
hansı klassikin, ya elə çağdaş yazarın əsərlərində
milli şüur axınını müşahidə edirdisə,
mütləq xüsusi
coşqunluqla münasibətini bildirirdi. O, ana dilinə
olan münasibətdə, milli mücadilə məslələrinə
çox həssas idi. Bəxtiyar müəllim
ömrünün böyük bir dövrünü elə bir
mühitdə yaşamışdı ki, "Sözün
doğrusunu demək hünər işiydi. Bu illər yasaqlar, qadağalar dövrü kimi
xarakterizə olunur. Məhz həmin illərdə
Nəsimi poeziyasında ifadəsini tapan azad düşüncə,
hazır qəliblərə etiraz ideyasını Bəxtiyar
müəllim çox mükəmməl şəkildə mənimsəmişdi.
Onun 1981-ci ildə qələmə
aldığı "Fəryad" mənzum dramı bu mənimsəmənin
təsiriylə araya-ərsəyə gəlmişdi. Əsər 1984-cü ildə Azərbaycan Dövlət
Dram Teatrında tamaşaya qoyuldu. Həmin illərdən
başlayaraq "Fəryad"ı dönə-dönə
oxumuşam. Bəxtiyar müəllim o əsərdə
həyat, dünyanın gedişatı, sosial-siyasi hadisələrin
nədənliyi, Xeyir və Şər arası gedən əbədi
savaş, dəyişən sifətlər barədə olan
bütün düşüncə və mülahizələrini
bir araya gətirib. İnsanı
düşündürən nə varsa, "Fəryad"da
ona cavab var. Əsərin ən böyük əhəmiyyəti
bir də ondadır ki, Bəxtiyar müəllim o zamana qədər
sosrealizm prinsipindən xalqa təqdim edilən Nəsiminin
gerçək kimliyini oxuculara anlada bildi. "Fəryad"ın
ilk tamaşasına Bəxtiyar müəllim həyat
yoldaşımı və məni də dəvət
etmişdi. Lap ön sırada ulu öndər Heydər
Əliyev və Bəxtiyar müəllim yanaşı əyləşmişdilər.
Tamaşanın gedişi zamanı elə məqamlar
olurdu ki, Heydər Əliyev özünəməxsus təbəssümlə
şairə nəsə deyirdi. Sonralar
ümummilli liderin pıçıltıyla ona nə dediyini
maraqla Bəxtiyar müəllimdən soruşduq. Mənalı-mənalı gülümsəyirdi.
Deyirdi ki, "Fəryad"ın alt qatında demək istədiklərimi
Heydər Əliyev qədər dərindən fəhm edən
bir kəs olmadı, o dərin fəhmi heç kəsdə
görmədim… İndi bilirsiniz ki, ölkəmizin
başçısı 2019-cu ili Nəsimi
ili elan edib. Böyük şairin yubileyinin təntənəli
şəkildə keçirilməsi üçün sərəncam
imzalayıb. Çox yaxşı olardı
ki, bu çərçivədə "Fəryad" yenidən
tamaşaya qoyulaydı. Çünki "Fəryad"da
gerçək, təsəvvüfdən gələn, əsl sufi Nəsimi var. Bu obraza sosrealizmin
basqısı yoxdu. Mənim Nəsimi
yaradıcılığına sevgimin bir əsas tərəfi
də Bəxtiyar Vahabzadədən gəlir. Mən bir müddət Türkiyədə
çalışdıqdan sonra Bakıya döndüm. Qafqaz Universitetində dekan işləyirdim. Tələbələr üçün "Təsəvvüf
ədəbiyyatı sözlüyü" yazıb çap
etdirdim. Bəxtiyar müəllim o nəşrə
ön söz yazmışdı. Maraqlanırdı
ki, sən bu əsəri necə ki, oldu yazdın?
Deyirdim: "Vallah, Bəxtiyar müəllim, sizin də təsiriniz
oldu, "Fəryad"ın da… Bəs necə oldu ki, siz
özünüz "Fəryad"ı qələmə
aldınız?". Xəyala
dalırdı. Handan-hana özünəməxsus
təmkinlə "Mən onu fəhmimlə yazdım" -
deyirdi. Deməli, "Fəryad"da təsvir edilən
təsəvvüf onun iç dünyasının fəhmindən
gəlirmiş. Eyni zamanda Bəxtiyar müəllim
xaraktercə də Nəsimiyə yaxın, doğma bir şəxsiyyət
idi. O da, necə deyərlər, öz qabığına
sığınıb qalan insan deyildi. Hər an
partlamağa, tarana getməyə hazır idi. Bu,
onun təbiətiydi. "Gülüstan"ı,
"Fəryad"ı, "Şəhidlər"i millətə
oyanış dərsi verən örnəklər olaraq
yaşayır. Bu düşüncələr,
ilk növbədə, Nəsimidən gəlir. Bu düşüncə öz ardınca Məmməd
Arazı, Xəlil Rzanı, Söhrab Tahiri, Nəriman Həsənzadəni
gətirdi. "Hamını hiss edən,
başa düşən mən Özümü bir dəfə
başa düşmədim" ağrısı var idi Bəxtiyar
müəllimin. "Haqlıykən nahaq
olmuşam" deyirdi. "Mənzil axtararkən
arzularıma Dönüb özgələrə mənzil
olmuşam" yazırdı. Bax belə məqamlarda
onun üz tutduğu məkan Füzuli, Nəsimi, Sabir
dünyasıydı. Özünü o aləmdə
tapırdı.
- Belə bir məşhur deyim var ki,
adətən tarixçilər keçmişdə, şair və
yazıçılar isə gələcəkdə baş verəcək
hadisələri yazır. "Millətimin dərdini
ünvanlayıb özgəyə, başqasının
yasında öz dərdimə ağladım" - yazan Bəxtiyar
Vahabzadə, sizcə, nə qədər gələcəkdə
yaşayır, gələcəkdə baş verənləri
yazırdı?
- O yerdən
başlayaq ki, Bəxtiyar müəllim düz əlli il əvvəl qələmə
aldığı aşağıdakı sətirlər
yazıldığı gündən iyirmi bir il sonra, yəni
1990-cı ilin 20 Yanvar günlərində baş verənləri
az qala riyazi dəqiqliklə ifadə edir:
Vətən
dara düşdü, o ağır günə
Qurbanlar verməyə darılmadıq biz.
Vətənin
ömrünə xalqın ömrünə
Ömrünü
caladı igidlərimiz...
- Xatırlayıram. Zamanında
dil əzbərimiz olan "Dörd yüz on altı"
poemasındandı, 1969-cu ildə yazılıb.
- Hə,
elədi. Bayaq da dedim, düz əlli il
qabaq. Bu sətirlər yazıldığı vaxtdan iyirmi bir il keçəcəkdi, qanlı Yanvar gecəsində
igidlərimiz Vətənin ömrünə, xalqın
ömrünə ömürlərini calayacaqdılar. Və Bəxtiyar müəllimin bu misraları yenidən
o ölümsüz qəhrəmanların dilindən səslənəcəkdi.
Bütövlükdə, böyük şair hələ
1969-cu ildə iyirmi bir il sonra Azərbaycan
insanının dilindən çıxacaq fikirləri sözbəsöz
qələmə alıb. Bədnam sovet imperiyasının
ünvanına "Quzu cildindəki o qoca qurdun Doğru,
düz şəklini çəkdi şəhidlər"
yazan Bəxtiyarın gələcəyi, gələcəkdə
baş verəcəkləri yazmaq qüdrəti burdan
qaynaqlanır…
- Milli faciələrimizin nədənliyindən
dərin vətəndaş-sənətkar ağrısı ilə
söz açırdı, həm də təsəlli, ümid
yolunu göstərirdi…
-
Özü də necə?! Peyğəmbəranə,
Qorqudcasına bir əminliklə:
Yüz-yüz
itən olsun,
Min-min də bitən var.
Şükr
eyliyəlim ki,
Bizlərdən
həm əvvəl,
Həm
sonra Vətən var...
- Söhbətimizin əvvəlində
Bəxtiyar müəllimin dostluğa sədaqəti, əbədi
ehtiram hissindən söz açmışdıq…
-
Bilirsiniz, Bəxtiyar müəllim dost sevgisindən, xalq məhəbbətindən
yetərincə barınan bir insan idi. Təbii
ki, küll halında hər bir Azərbaycan insanı Bəxtiyar
Vahabzadə heyranı idi. Eyni zamanda Təbrizdə Şəhriyar
"Bəxtiyar" deyirdi, Almaniyada Əhməd Şmide…
Qırğızıstanda Çingiz Aytmatov, Qazaxıstanda
Oljas Süleymenov, Rusiyada Yevgeni Yevtuşenko… Türkiyədə
Yavuz Bülend Bakulər "Məni duy, Bəxtiyar" -
söyləyirdi. Qardaş Türkiyənin Elazıq şəhərində
Bəxtiyar Vahabzadə cəddəsi var. "Azərbaycan"
parkıyla üzbəüz, "Almas
İldırım" küçəsilə paralel… Türkiyənin ən görkəmli elm, mədəniyyət,
təhsil xadimlərinin, bələdiyyə başqanlarının
dilində Bəxtiyar Vahabzadənin şeirlərini səslənən
gördüm. Türkiyənin dövlət
başçısı Rəcəb Tayyib Ərdoğanın
Bakıya səfəri zamanı Bəxtiyar Vahabzadənin
yaradıcılığından seçmə şeirləri
necə şövqlə səsləndirdiyinin şahidləriyik.
Bəxtiyar müəllim özü-özünü
yaradan sənətkar idi. Onun, bəlkə
də, hansı bir tədqiqatçıya, ədəbiyyat tənqidçisinə,
xüsusi təbliğə ehtiyacı yoxdu. O, hər
şeyi özü həll edib, yazıb, əbədiyyət
möhürü vurub. O, özünü xalqın mənəvi,
ruhi tələbatına hesablamışdı. Cismani
görünüşcə elə də ərdəmli olmayan Bəxtiyar
müəllim mənəvi, ruhi baxımdan hüdudsuz okean,
qranit qaya, şimşək kimiydi. O,
türkçülük düşüncəsiylə
bağlı hər kəslə iç-içə
yaşayırdı - zamanından, məkanından
asılı olmayaraq, milli düşüncə
bağlarıyla bağlanırdılar bir-birlərinə. Onun düşüncələri bütün Türk
dünyasını qapsayırdı. Bəxtiyar,
ilk növbədə, öz cəsarətinin şairiydi.
Yadınızdadırmı, doxsanıncı illərdə
Milli Məclisin tribunasından Heydər Əliyevin
haqqını dananların cavabını necə cəsarətlə
verdi? 20 Yanvar faciəsinin ertəsi günü
rus generalının üstünə hansı cəsarətlə
yeridi, "Sənin əlin mənim xalqımın qanına
batıb", - dedi. Bunu ancaq Bəxtiyar Vahabzadə
kimi bir millət fədaisi deyə bilərdi. Həmin cəsarətilə o, həm də Nəsimi
cəsarətini günümüzə
daşıyırdı. Qan
yaddaşımızı oyadırdı. "Leninlə
söhbəti" yazırdı, eyni zamanda elə həmin əsərdə
leninizmin iç üzünü, riyakar dünyasını
açıb-ağardırdı. "Sizin
qulağınız həqiqəti dinləməyə
çağırdı" deyirdi. Leninə həsr
etdiyi poemada leninizm yalanlarına meydan oxuyurdu:
Yalanlar
al-əlvan, yalanlar min-min,
Deyir gecəyə bax, zülməti görmə.
Yalanlar...
Ağ yalan qara köynəyin
Üzünə
rəng çəkir, gözünə sürmə...
Bu cür ciddi ittihamları yalnız Bəxtiyar Vahabzadə
qüdrətində, xislətində olan bir sənətkar edə
bilərdi. Bəxtiyar müəllim ilk növbədə kökə,
tarixi ənənəyə bağlı bir insan idi.
Xatırlayıram, Türkiyənin sabiq prezidenti, rəhmətlik
Süleyman Dəmirəl Bəxtiyar müəllimlə
görüşü zamanı dedi ki, mən sizin
"Kök" adlı şeirinizi əzbər bilirəm və
çox qiymətləndirirəm. Çünki o şeirdə
Bəxtiyar Vahabzadə yazır: "Kökü var
torpağın da, daşın da, İnsansa öz
kökünü gəzdirir öz başında". Süleyman Dəmirəl o şeiri əzbər
söylədi. Dedi ki, sən bu fikri nə gözəl
ifadə edibsən!
Bəxtiyar Vahabzadə bizim milli iftixarımız olan sənətkarlarımızdandır. O, bütün Türk dünyasının
sevimlisidi. Heç unutmuram. Türkiyədə
çalışdığım illərdə təbii ki, mənə
bir alim, pedaqoq kimi böyük hörmətlə
yanaşırdılar. Amma mənim
üçün çox önəmli, unuda bilmədiyim,
qürurverici bir məsələ də var idi ki, onu qeyd etməyə
bilmərəm. Orada mənə məhz Bəxtiyar
Vahabzadənin tələbəsi, yetirməsi olduğuma
görə ayrıca bir hörmət göstərir,
heyranlıqlarını bildirirdilər. Necə
də məhəbbətlə, sayğıyla məni bir-birinə
təqdim edirdilər ki, "bilirsinizmi, xocamız, öyrətmənimiz
Bəxtiyar Vahabzadənin tələbəsi olub". Bu heyranlığı özüm üçün
dünyanın ən böyük mükafatı bilmişəm.
Bəxtiyar müəllim dünyasını dəyişəndə
mənə qardaş ölkələrdən nə qədər
başsağlığı, təskinlik teleqramları gəlirdi.
Bunları xatırlayıram və
görürsünüz, göz yaşlarımı tuta bilmirəm.
Bu diqqət ona görə idi ki, mən də
qardaş ölkədə Bəxtiyar müəllimin
yaradıcılığını sevə-sevə tədris
edirdim. Bu münasibət onun
yaradıcılığı barədə Türkiyədə
dissertasiya yazılmasına vəsilə oldu. Bütün bunlar haqqında danışmaq mənim
üçün çox xoşdu.
Nəsimi "Dərvişin pirini sormaq adət deyil"
- yazırdı. Arifanə bir nəzər bəs edər ki, kimliyini biləsən…
Bəxtiyar müəllim xislətindən, kisvətindən
bəlli olan, pərəstişə layiq bir sənətkar,
böyük şəxsiyyət idi. Qəbri nurla dolsun!
Söhbətləşdi: Sərvaz
Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.20-21.